Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5684/2025 23.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi, Hüseynzadə Nərmin Yaşar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: Tələb və etiraz İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən o cavabdehə marketinq xidmətləri göstərməli idi. Əvəzində isə onlar bununla bağlı iddiaçıya 5 ay müddət üçün 15000 manat ödəniş etməli idilər. İddiaçı daha əvvəlki müddətdə işə başlasa da, müqavilə 01 sentyabr tarixdən bağlanıb. O qeyd edilən işləri görmüş və bununla bağlı dəfələrlə ödəniş edilməsini istəsə də, cavabdeh ona heç bir ödəniş etməmişdir. Bundan əlavə müqaviləyə əlavə edilməli olan sənədlər (protokol və hesab faktura) cavabdeh tərəfindən tərtib edilməmişdir. Buna baxmayaraq, iddiaçı bütün işləri vaxtında etmişdir. İddiaçının 12 mart 2025-ci il tarixində göndərdiyi pretenziya məktubuna cavabdeh tərəfindən heç bir məlumat verilməmiş və nəticədə, ona ödənilməli olan 15000 manat ödəniş həyata keçirilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişəm. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqavilə əsasında iddiaçıya ödəməli olduğu 15000 manat məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 135 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim edilən etirazda qeyd olunmuşdur ki, İddiaçı tərəfindən verilən iddia ərizəsi tamamı ilə əsassızdır. Həqiqətən İddiaçılə "xxxx" MMC arasında 01 sentyabr 2024-cü il tarixində Marketing və satış strategiyası xidmətlərinin göstərilməsinə dair xidməti (mülki-hüquq) müqavilə bağlanmışdır. Lakin bu müqavilə üzrə iddiaçı tərəfindən heç bir iş görülməmişdir və MMC-yə təqdim edilməmişdir. İddiaçı heç bir iş təhvil verməmişdir. Yuxarıda qeyd edilən müqavilənin 2.4-cü bəndinə əsasən iddiaçının yerinə yetirdiyi işlər icra olunma aktları əsasında təhvil verilməliydi. İcra olunmuş işin olmadığı üçün belə bir aktlarda yoxdur. Bundan başqa, əgər iddiaçı, həqiqətən, iş görmüşdürsə, nə üçün öz xidmət haqqını 1 ay, 2 ay sonra tələb etmirdi. İddia ərizəsində iddiaçı qeyd edir ki, bununla bağlı dəfələrlə ödəniş istəyib. Bu düzgün məlumat deyil. Əgər həqiqətən elə olsaydı ortada hansısa bir email, sms və yaxud vatsap üzərindən yazışmalar olardı. Bu isə mövcud deyil. İddiaçı heç bir iş görmədən, hüquqi və mənəvi heç bir əsası olmadan 15 000 manat tələb edir və bunu təsdiq edə bilən heç bir sübut, sənəd, yazışma, şahid ifadəsi təqdim etmir. Belə olan halda iddia təmin edilməməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilərək təmin edilməməsini xahiş edirlər. Cavabdehin nümayəndəsi Vəkil2 Yusif oğlu məhkəməyə təkrar ərizə ilə müraciət edərək İddiaçı tərəfindən verilmiş iddianı qəbul etmədiklərini bildirmiş və rədd edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, iddiaçı xidməti müqavilə əsasında işə cəlb edilmişdir və ancaq işi görərək təhvil verdiyi halda ona ödəniş edilə bilərdi. O isə üzərinə düşən işi görməmiş və təhvil verməmişdir. İddia ərizəsində göstərdiyi hallar tamamilə əsassızdır və heç bir sənəd, dəlil və hər hansı digər bir vasitə ilə öz təsdiqini tapmır. İddiaçı tərəfindən təqdim olunan vatsap yazışmalarında cavabdehin guya ki ona verməli olduğu pul barədə və yaxud iddiaçının üzərinə düşən işi təhvil verdiyi barədə heç nə yoxdur. Əlavə olaraq bildirmişlər ki, məhkəməyə çağırılmış Şahid bildirmişdir ki, məhkəmə prosesində iştirak etməyəcək və ümumiyyətlə, cavabdehlə artıq işləmir, həmçinin onun bu proseslə bağlı heç bir əlaqəsi və deyəcəyi yoxdur. İddia tələbinin rədd etməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib təmin olunmasını xahiş etdilər. İddiaçı cavabdehlə aralarındakı razılaşma zamanı əmək haqqının əvvəlcədən alacağı ilə razılaşdığını, lakin buna əməl olunmadığını qeyd etdi. Məhkəmənin suallarına cavab olaraq iddiaçı bildirdi ki, görmüş olduğu işini cavabdeh tərəfə nümayiş etdirmiş, onlar bəyənmiş işi onlara təhvil verilməsini tələb edərkən pulunu vermədəyiklərindən imtina etmişdir. Cavabdeh tərəf hazırda maddi sıxıntı yaşadıqlarını, ona görə də pulunu verə bilməyəcəklərini bildirmişdir. Bu səbəbdən də işini onlara təhvil verməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Bildirmişdir ki, cavabdeh və iddiaçı arasında bağlanmış müqavilənin şərtlərinə görə iddiaçı gördüyü işi müqavilədə nəzərdə tutulmuş qaydada təhvil verməli və bundan sonra aralarında olacaq razılaşmaya əsasən xidmət haqqını almalı idi. Halbuki, nə müqavilədə, nə də ki, hər hansı rəsmi bir sənəddə görülən işlərin dəyəri ilə əlaqədar konkret bir məbləğ müəyyən edilməmişdir. İddiaçı hansı əsasla 15 min pul tələb edir bu müəyyən deyil. İddianın heç bir hüquqi əsası yoxdur və sübuta yetirilməməsi əsası ilə rədd edilməlidir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixində İddiaçı ilə Cavabdeh MMC arasında Marketinq və satış strategiyası xidmətlərinin göstərilməsi haqqında JVD/HV-001 saylı müqavilə bağlanmışdır. Müqavilənin 3.1.2 və 3.1.3 bəndinə əsasən işi icrasından sonra təhvil almaq və göstərilmiş xidmətin dəyərini ödəmək sifarişçinin vəzifəsidir. Müqavilənin 3.2.1 və 3.2.4 bəndinə əsasən müqavilədə nəzərdə tutulan qaydada sifarişçinin müəyyən etdiyi marketinq işlərinin görülməsi, PR,reklam strategiyalarını həyata keçirmək,məhsul şəkillərinin sosial şəbəkələrdə yerləşdirmək, hazırlamaq, bazar araşdırması, satış strategiyasının yazılması və izlənməsi, sayt, sosial media və digər marketinqə aid olan xidmətləri həyata keçirmək, həmçinin xidməti vicdanla yerinə yetirib sifarişçiyə təhvil vermək icraçının vəzifəsidir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək e-2(001)-5684/2025 saylı işlə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, lakin baxış mərhələsində verildiyindən cavabdeh ərizəyə etiraz edərək işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmənin mövqeyi: Sadalanan maddi və prosessual qanun normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə öz növbəsində yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında marketinq xidmətlərinin göstərilməsi ilə əlaqədar qarşılıqlı müqavilə bağlanılmış, iddiaçı tərəfindən sözügedən xidmətlərin göstərilməsi və işlərin cavabdeh cəmiyyətə təhvil verilməsi nəzərdə tutulmuşdur. Hazırda iddiaçı işləri tam şəkildə gördüyünü və hətta cavabdehə bu işləri nümayiş etdirəndən sonra bəyənildiyini də iddia edir. Lakin aralarında razılaşdırılmış muzdu ona ödəməkdən imtina etdiklərindən iddiaçı görmüş olduğu işi təhvil verməkdən imtina edir. Tərəflər arasında xidmətlərin göstərilməsinə dair müqavilə mövcud olsa da iddiaçıya 15000 manat məbləğində xidmət haqqının ödənilməsi ilə əlaqədar cavabdeh tərəfin öhdəlik götürməsinə dair heç bir əsaslı sübut müəyyən edilməmişdir. Həmçinin sözügedən müqaviləyə istinadən iddiaçı görmüş olduğu işlərini təhvil verməli olduğu halda bunu həyata keçirməmiş və hazırda da təhvil vermədiyi bir işin heç bir rəsmi sənədlərdə müəyyən edilməmiş bir məbləğlə qarşılanmasını tələb edir. Halbuki, müqavilənin əsas şərtlərinə əməl etməklə iddiaçı ilk öncə görmüş olduğu işi cavabdehə təhvil verməli, sonuncu həmin işi təhvil almalı, artıq bundan sonra iddiaçının xidmət haqqını ödəmədiyi halda sonuncuya qarşı bu tələblə müraciət etməli idi. Qeyd olunanlara əsasən hazırki məzmunlu iddia tələbi rədd edillməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı 15000 manat məbləğin və 135 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-5684/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5684/2025
23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver