Məhkəmə qərarları › İş №e-2(001)-574/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-574/2025

13.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-574/2025 13.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlak üzərində servituta-istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: mənzilə istifadə hüququ, yaşayış sahəsinə ehtiyac) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi “De Fendo” Vəkil Bürosunun vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlak üzərində servituta-yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlak üzərində servituta – yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 5 saylı bağ evə dair cavabdeh tərəfindən tutulan servituta xitam verilməsi, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 5 saylı bağ evdən Cavabdeh istifadə hüququ itirilmiş hesab olunması, qəbul ediləcək qətnamənin cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 5 saylı bağ evdən qeydiyyatdan çıxarılması üçün əsas olması qətnamədə göstərilməsi, vəkilə xidmət haqqı kimi ödənilmiş 1200 manat pul məbləğinin, həmçinin 100 manat ödənilmiş məhkəmə rüsumunun, ümumilikdə 1300 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu-X2 Cavabdeh ilə 02 dekabr 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların bu nikahlarından 24 fevral 2010-cu ildə Tahir adlı uşaqları doğulmuşdur. Lakin iddiaçının oğlu və gəlini bir-birini başa düşmədiklərindən Abşeron rayon Məhkəməsinin 17 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə onların arasında olan nikah pozulmuş və 24 fevral 2010-cu il təvəllüdlü Tahirin cavabdehin tərbiyə və himayəsində saxlanması, eləcə də sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 27 mart 2013-cü il tarixli qətnaməsi ilə cavabdehin mübahisəli evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası təmin edilməsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 oktyabr 2013-cü il qətnaməsi ilə cavabdehin 24 fevral 2010-cu il təvəllüdlü oğlu Tahirlə birlikdə ünvan 1 ünvanında yerləşən mübahisəli evə köçürülməsi və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmışdır. Bundan sonra cavabdeh özünə məxsus əşyalarını mübahisəli evin otaqlarından birində yerləşdirmiş və həmin otağın qapısını bağlayaraq açarını özündə saxlamışdır. Lakin 2013-cü ildən hal-hazıradək cavabdeh iddiaçının evində yaşamamış və iddiaçıda olan məlumata əsasən yeni ailə quraraq Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində yaşayır. Mənzilin əvvəlki mülkiyyətçisi, iddiaçının əri Tahir Əzizov xx.xx.2020-ci il tarixdə vəfat etmiş və ondan miras qalan mübahisəli ev iddiaçıya qanun üzrə vərəsəlik və daha sonra miras payının bağışlanması müqavilənin bağlanması yolu ilə keçmiş, ona daşınmaz əmlakın Dövlət reyestrindən 13 fevral 2024-cu il tarixli çıxarış verilmişdir. Cavabdeh 2013-cü ildən evə gəlmir və məhkəmə ilə ona verilmiş istifadə hüququnu reallaşdırmır. Cavabdehin evdə qeydiyyatda qalması iddiaçının hüquqlarını pozur. İddiaçı evdən istədiyi kimi istifadə edə bilmir: mənzil ilə bağlı hər-hansı notariat əməliyyatlar aparılarkən, cavabdehin razılığı tələb olunur, cavabdehin razılığını isə əldə etmək mümkün deyil, onunla ünsiyyət yoxdur. Digər tərəfdən, cavabdehə aid bütün bildirişlər, məktublar həmin ünvana gəlir. Cavabdehin 2013-cü ildən mübahisəli evdə yaşamamasına baxmayaraq, iddiaçının mülkiyyətində olan evin bir otağı onun tərəfindən bağlanılmaqla, mülkiyyətçinin sərbəst istifadəsinə mane olur, həmçinin otaq illərdir ki, bağlı qaldığından ümumi evdə ciddi antisanitar vəziyyət yaranıb. Bundan əlavə, cavabdehin iddiaçının mülkiyyətində olan evə formal qeydiyyatda qalması onun mülkiyyət hüququnun məhdudlaşdırılması ilə yanaşı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1 və 5-ci maddələrinin tələblərinin pozulmasına səbəb olur. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, bundan əlavə bildirdi ki, cavabdeh tərəfindən boşanmadan sonra əşyaları ona məxsus evin bir otağına yığılmış, otağın qapısını açarla bağlamış, dəfələrlə əlaqə saxlanmasına baxmayaraq, gəlib əşyalarını həmin evdən çıxarmamışdır. Həyat yoldaşı sağ olan zaman cavabdehə əşyalarının çıxarılması üçün müraciət etmiş, cavabdeh bu təklifin əvəzində 15000 manat məbləğində pul tələb etmişdir. Cavabdeh hazırda ikinci dəfə ailə həyatı qurmaqla yaşayış yeri vardır və bu səbəbdən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümyəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, məhkəmə qətnaməsi icra edilmiş və əşyalar mənzilə yığılsa da, cavabdeh heç bir əsas olmadan və onun mənzildən istifadəsinə məhdudiyyət olmadığı halda hüququndan istifadə etməmişdir. Cavabdeh ikinci dəfə nikaha daxil olmuş, yeni ailə üzvləri ilə başqa yaşayış yeri vardır. Məhkəmə tərəfindən verilmiş sorğu nəticəsində müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində əmlak vardır. Belə olan halda məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəməyə verdiyi izahatında bildirdi ki, iddiaçının tələbi əsassızdır, hazırda daimi yaşayış yeri yoxdur, rəsmi ailə qurmamışdlır, faktiki nikaha daxil olsa da, həmin şəxs hazırda ölkə xaricindədir və birlikdə yaşamırlar. Özü övladı ilə birlikdə kirayə mənzildə yaşamaq məcburiyyətindədir. Həmin evə dəfələrlə köçmək istəsə də, lakin iddiaçı tərəf imkan verməmişdir. Keçmiş həyat yoldaşı ruhi xəstəlikdən əziyyət çəkdiyindən və nəticəsində həyatı üçün təhlükə olduğundan məhkəmə qətnaməsi əsasında tanınmış yaşayış sahəsinə istifadə hüququndan istifadə edə bilməmişdir. Yaşamaq üçün mübahisəli evə gedən zaman iddiaçı oğlunun xəstəliyini bildiyindən onu evdən uzaqlaşdırmış, nəticədə keçmiş həyat yoldaşı evdə olmamışdır. Dəfələrlə bu barədə polis orqanlarına şikayət etmiş, şikayətləri nəticəsiz qalmışdır. Sonuncu dəfə əşyalarının çıxarılması ilə bağlı ona qaynatası tərəfindən müraciət edilmiş və pul təklif edilsə də, uşağın adına mənzil almaq üçün təklif edilən məbləğin artırılmasını istəmişdir. Elektron sistem vasitəsi ilə mülkiyyətində olan ev təmirsiz olmaqla qardfaşı tərəfindən alınmış, onun adına rəsmiləşdirilmişdir. Özünün və himayəsində olan uşağının yaşayış yerinə ehtiyacı aradan qalxmadığını və evə köçürülməsinə baxmayaraq keçmiş həyat yoldaşının xəstəliyi ilə əlaqədar həmin evdə yaşaya bilməməsinin nəzərə alınmaqla iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 5 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən bağ evi xx.xx.2024-cü il tarixdən İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan alınmışdır. - AZ-İ seriyalı, 258973 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X3 arasında bağlanmış nikah xx.xx.2013-cü il tarixdə pozulmuşdur. - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışlarından görünür ki, X3 ünvan 3 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli 2(102)-860/2014 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh apellyasiya şikayətinin təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinin ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılaraq X1 azyaşlı uşağı xx.xx.2010-cu il təvəllüdlü X4 ilə Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 5 saylı bağ evinə köçürülməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-1030/2013 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. - xx.xx.2014-cü il tarixli Aktın surətindən görünür ki, Binəqədi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən X3 və azyaşlı uşağı xx.xx.2010-cu il təvəllüdlü X4 ünvan 1nə istifadə hüququ tanınmaqla köçürülmüşlər. Mənzilin giriş qapılarının açarları tələbkara təhvil verilmişdir. -AZEMİS sistem vasitəsi ilə cavabdehin mülkiyyətində əmlakın olub-olmaması ilə bağlı edilmiş sorğunun çıxarışından görünür ki, Cavabdeh mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu X8 küçəsi giriş 11 M8 və Mənzil 6 ünvanda sahəsi 83.80 kv.m olmaqla 2 otaqlı daşınmaz əmlak mövcuddur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 iddiaçının mülkiyyətindədir, Cavabdeh iddiaçının keçmiş gəlinidir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-1030/2013 nömrəli qətnaməsi ilə X1 azyaşlı uşağı xx.xx.2010-cu il təvəllüdlü X4 ilə Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 5 saylı bağ evinə köçürülməsi qət edilmiş, qətnamə xx.xx.2014-cü il tarixdə icra məmuru tərəfindən tərtib edilmiş akt əsasında icra edilmiş, cavabdehin əmlakları mübahisəli bağ evinin yaşayış otağına yığılmaqla yaşayış sahəsinin açarı həmin qətnamə üzrə tələbkar Cavabdeh təhvil verilmişdir. Hazırda cavabdeh həmin fərdi yaşayış evində pasport qeydiyyatındadırlar. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi icra edilməsinə baxmayaraq cavabdeh həmin yaşayış sahəsindən istifadə etməmiş, hazırda cavabdehin əşyaları həmin otaqda saxlanılmaqdadır. Həmçinin Cavabdeh mülkiyyətində 2 otaqdan ibarət daşınmaz əmlakın da olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında cavabdeh yaşayış sahəsindən istifadəyə ehtiyacı olmasını, lakin keçmiş həyat yoldaşının ruhi xəstəlikdən əziyyət çəkdiyindən və nəticədə onun həyatı üçün təhlükə yaratdığından istifadə edə bilməməsini və aidiyyatı orqanlara şikayət etdiyini, həmçinin mülkiyyətində olan daşınmaz əmlakın qardaşına məxsus olduğunu bildirsə də, izahatında qeyd etdiyi hallarla bağlı müvafiq sübutları təqdim etməmiş, təqdim etməməsinin səbəbini həmin sübutları əldə ediə bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olubolmaması məsələsi araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh sözügedən yaşayış sahəsində istifadə hüququnun mövcud olub-olmaması məsələsinin ayrıca araşdırılmasına zərurət yoxdur. Belə ki, cavabdehin mübahisəli yaşayış sahəsində istifadə hüququnun yaranmış olduğu mübahisə mövzusu deyildir. Çünki buna dair qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Cavabdeh istifadə hüququnun itirilmiş hesab olunmasına dair iddia tələbi ilə bağlı isə aşağıdakılar qeyd edilməlidir: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmiş, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququ olduğunu vurğulamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında isə həmin məhkəmə, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə toxunmuş və hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar”. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, Cavabdeh mülkiyyətində mənzil vardır, faktiki nikaha daxil olmaqla ikinci övladı dünyaya gəlmişdir. Eyni zamanda iddiaçı ilə onun arasında etibarlı ailə əlaqələri yoxdur. Cavabdeh yaşayış sahəsinə olan ehtiyacını iddiaçının mülkiyyətindəki yaşayış sahəsindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması da sübuta yetirilmir. Əksinə, onun Bakı şəhəri, Yasamal rayonu X8 küçəsi giriş 11 M8 və Mənzil 6 ünvanda sahəsi 83.80 kv.m olmaqla 2 otaqlı mənzilin mülkiyyətçisi olduğu, özünün etiraf etdiyi kimi faktiki nikaha daxil olmaqla ikinci övladı olduğu və hazırda həmin şəxslə faktiki nikahda olduğu müəyyən edilmişdir. Bu hal özüözlüyündə cavabdehin sözügedən yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığına dəlalət edir. Bu baxımdan məhkəmənin qənaətinə görə, cavabdehin mübahisəsi gedən yaşayış sahəsindən Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsi ona kompensasiya ödənilmədən mümkündür. Məhkəmə o nüansı da diqqətdə saxlayır ki, cavabdeh bu günə qədər iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə köçürülmə ilə bağlı hərəkətsizlik nümayiş etdirmişdir. Belə ki, onun məhkəmə qətnaməsi ilə istifadə hüququn tanınmasına və qətnamənin icra edilməsinə baxmayaraq, həmin yaşayış sahəsinə köçüb yaşamaq üçün İcra Şöbəsinə müraciət etməmiş, məhkəmə iclasında yaşamamasının səbəbləri ilə bağlı izahatında qeyd edilənlərlə bağlı sübutlar təqdim etməmişdir. Ona görə də məhkəmə cavabdeh tərəfin etirazının “iddiaçının maneə yaratması” kimi dəlillərini inandırıcı və ağlaban hesab etmir. Məhkəmə onu da qeyd edir ki, cavabdehin mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalması da onun həmin ünvana istifadə hüququnun olması mənasına gəlmir; Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Beləliklə məhkəmə yuxarıda sadalanan hallara və qanunuvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 5 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən bağ evindən istifadə hüququna xitam verilmiş hesab edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Eyni zamanda məhkəmə iddia tələbini vəkilin göstərdiyi hüquqi yardıma görə 1200 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslı hesab etmir. Belə ki, iddiaçi tərəfindən iddia ərizəsinə vəkilə xidmət haqqı kimi 1200 manat məbləğində pulun ödənilməsini təsdiq edən kassa mədaxil orderi əlavə edilməmiş, bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 5 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən bağ evindən istifadə hüquqlarına xitam verilmiş hesab edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunsun. Qətnamə Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 5 (Yeni qaydalarla: ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar