Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-575/2022 31.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 27 saylı Notariat Kontoru tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli vərəsəlik hüququ haqqında (X1 ölümündən sonra Cavabdeh Bakı şəhəri Nərimanov rayonu Nazim Hacıyev küçəsi 6 a saylı evin 69 saylı mənzilinə dair) və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının qismən etibarsız hesab edilməsi və iddiaçının həmin ünvanının ½ hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 28 yanvar 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı hal-hazırki iddia tələbi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyini və həmin məhkəmənin 21.01.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilmədiyini bildirərək, mülki işin Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 259.0.4-ci maddəsinə əsasən baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh ərizəsini müdafiə edərək, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə isə ərizəyə etiraz edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək, mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli e-2(005)-358/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin qismən etibarsız hesab edilməsi və miras əmlaka hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 27 saylı Notariat Kontoru tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli vərəsəlik hüququ haqqında (X1 ölümündən sonra Cavabdeh Bakı şəhəri Nərimanov rayonu Nazim Hacıyev küçəsi 6 a saylı evin 69 saylı mənzilinə dair) və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının qismən etibarsız hesab edilməsi və iddiaçının həmin ünvanının ½ hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin qətnamə ilə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndində dəyişikliklər edilmiş və 2-ci bənd aşağıdakı redaksiyada verilmişdir “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göründüyü hal hazırda Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair mübahisə üzrə iş eyni zamanda Nərimanov Rayon Məhkəməsinin icraatındadır və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli e-2(005)- 358/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə hal-hazırda qanuni qüvvəyə minmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-575/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-575/2022
31.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver