Məhkəmə qərarları › İş №e-2(001)-5752/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5752/2024

05.11.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5752/2024 05.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi zərərin tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəqiqləşdirərək məhkəmədən, İddiaçı işdən öz xahişi ilə azad edilməsi barədə Cavabdeh Şirkətinin baş direktoru Sergey Naymışevin qəbul etdiyi HRR-171/22 saylı xx.xx.2022-ci il və HRR 37/2 saylı, xx.xx.2023-cü il tarixli əmrlərinin ləğv edilməsi, İddiaçı işə bərpa olunması, xx.xx.2023-cü ildən işə bərpa olunduğu anadək məcburi işburaxma dövrü üçün hər ay 500 manat əmək haqqının ödənilməsi, bir il beş ay müddətində keçirtdiyi mənəvi və psixoloji streslər nəticəsində 10000 manat mənəvi zərərin Cavabdeh Şirkətindən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi dəqiqləşdirildikdən sonra onunla əsaslandırılmışdır ki, xx.xx.1988-ci il tarixli, 107/K saylı əmri ilə "Binagadi" neft qaz çıxarma idarəsində quyuların təmiri sexinə 4-cü dərəcəli quyuların yeraltı və əsaslı təmirlərə hazırlanması üzrə operator vəzifəsinə qəbul edilmiş, həmin tarixdən, xx.xx.2022-ci il tarixli ƏMR OHRR 174 saylı, xx.xx.2022-ci il tarixli, HRQ-201/22 saylı və xx.xx.2023-cü il tarixli № HRR-3/72 saylı Əmrlərlə, guya, öz xahişimlə işdən azad edildiyim tarixlərədək "X9" şirkətində qüsursuz, şirkətin daxili nizam-intizamlarına əməl etməklə işləmişdir. 35 il ərzində bir dəfə də olsun hər hansı təqsirli hərəkətə, xətaya yol vermədiyi səbəbindən intizam məsuliyyətinə cəlb edilmişdir. Bu faktın təsdiqi olaraq, nəticədə, həmin şirkətdə 29 il qüsursuz xidmətlərini nəzərə alıb, həmin şirkətin Baş direktoru cənab Sergey Neymışevin xx.xx.2017-ci il tarixində 128 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Prezidenti mərhum Heydər Əliyev xx.xx.2001-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş peşə bayramı Neftçilər günü münasibəti ilə Azərbaycan Neft sənayesinin inkişafında böyük xidmətlərinə işinə olan layiqli münasibətinə görə Fəxri Fərmanla təltif edilmişdir. Baş direktor cənab Sergey Neymışevin mənə göstərdiyi bu etimadından güc-qüvvət alıb, sonrakı illərdə də yüksək həvəslə işini qüsursuz davam etdirmişdir. Bu faktlara rəğmən 2023-cü ilin yanvar ayının 31-dək həmin şirkətdə vicdanla, iş rejiminə əməl etməklə işləmişdir. 2023-cü ilin yanvar ayının 31-də soyadını bilmədiyi Qahir adlı sex rəisi onu yanına çağırıb, “icazəsiz olaraq şirkətdə yük maşınına mil turbalar yükləyərkən nəzarət kameralarına düşdüyünü” dedi. Həmin gün Qahir onu ofisə çağıraraq 19 ədəd mili icazəsiz yük maşınına (avtokrana) yüklədiyi barədə ondan izahat tələb etdi, halbuki, milləri və digər şirkətə məxsus materialları maşına yükləmək onun gündəlik işi idi. Millərin oğurlanıb-oğulanmamasına nəzarət etmək isə onun işi, vəzifə borcu deyildir! Qahir adlı sex rəisinin şirkət işçisini vəzifədən çıxartmaq səlahiyyətinə malik olub-olmaması barədə məlumatı yox idi. Yuxarıda qeyd etdiyi şirkətə məxsus millərin tərəfindən maşına yüklənilməsi faktının oğurluq hadisəsi olduğunu təsdiqləyən Qahir bəy, həmin faktdan təzyiq vasitəsi kimi istifadə edib, yaranmış vəziyyətdən çıxış yolu kimi ona öz xahişi ilə ərizə yazıb, işdən çıxmağı təklif etdi. O, isə onun bu təklifinin nəticələrini qısa zaman kəsiyində təhlil etmədən, hansı hüquqi nəticələrə gətirib çıxaracağının fərqinə varmadan onun təklifi ilə razılaşmaq məcburiyyətində qalıb, işdən çıxmağı barədə ərizə yazıb, ona təqdim etmişdir. Bu ərizəsi əsas kimi qəbul edib, pensiyaya çıxmağına 2-3 il qalmış 35 il şirkətdə qüsursuz işlədiyi halda hansı sağlam məntiqlə, illərlə qüsursuz gördüyüm işlərə görə yük maşınına şirkətə məxsus milləri yüklədiyi faktını Qahir bəyin oğurluq hadisəsi kimi qiymətləndirdiyi səbəbindən işdən öz xahişi ilə çıxmağı barədə ərizə yazmağının tam əsassız və yalnış olduğu qənaətinə gəlmişdir. Hesab edirəm ki, məhz bu səbəbdən də işdən çıxmağı barədə şirkətin rəhbərliyi tərəfindən iki ay müddətində- xx.xx.2022-ci ildən və xx.xx.2023-cü ilədək iki dəfə ƏMR vermişdir!!! Bu fakt o, anlama gətirir ki, o iki dəfə-2022-ci ilin noyabr və 2023cü ilin yanvar aylarında işdən azad edilməyi barədə şirkətin baş direktoru cənab Sergey Neyimşevdən iki dəfə xahiş etmişdir!!! Yuxarıda qeyd etdiyi faktlar-onun- İddiaçı xx.xx.2022-ci ildə işdən öz xahişi ilə işdən azad edilməyi, həmin günün səhəri, yəni, xx.xx.2022-ci ildə isə şirkətin "Quyuların yeraltı və əsaslı təmir sexinə quyuların təmirə hazırlanması sahəsinə 4-cü dərəcəli quyuların təmirə hazırlanması üzrə operator vəzifəsinə" qəbul edilməyi barədə ƏMRİN verilməsi və bu əmrin verildiyi tarixdən iki ay sonra, şirkətin Baş direktoru cənab Sergev Neymışevə ikinci dəfə 2023-cü ilin yanvar ayının 31-də işdən azad olunmağı barədə ərizə ilə müraciət etməyi faktları, işdən azad edilməyi barədə iki ay müddətində tərtib etdiyi-xx.xx.2023-cü il tarixli, HRR-37/2 saylı əmrini Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndinin, 39.1, 69.4, 75.2 "a" bəndini və 75.2-ci maddələrinin tələblərini qəsdən pozmaqla qəbul edilmişdir! Hesab edir ki, məhz, bu səbəbdən də şirkətin Baş direktoru cənab Sergey Neymışev "Korrupsiya və Qanun" qəzetinin növbəti sorğusuna göndərdiyi xx.xx.2023-cü il tarixli cavabında İddiaçı tutduğu vəzifəsindən öz xahişi ilə, yalnız, xx.xx.2022-ci il tarixli ərizəsi əsasında xx.xx.2022-ci il tarixli, HRR 171/22 saylı ƏMRİ ilə şirkətdə tutduğu vəzifəsindən azad edildiyini qeyd etdiyi halda, həmin günün səhərisi, yəni, xx.xx.2022-ci ildə İddiaçı adına verilən əmək kitabçasında "Quyuların yeraltı və əsaslı təmir sexinə quyuların təmirə hazırlanması sahəsinə 4-cü dərəcəli quyuların təmirə hazırlanması üzrə operator vəzifəsinə təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli, HRRQ 204/22 saylı ƏMRİNİ, daha sonra, yəni, Fərzəliyev Əlatun İsi oğlunun növbəti dəfə öz xahişi ilə yazdığı ərizə əsasında iki ay keçdikdən sonra ikinci dəfə xx.xx.2023-cü il tarixli işdən azad edilməsi barədə verdiyi ƏMRİ qeyd etmir, gizlədir!!! Əgər sex rəisi Qahirin barəsində dediyini-yəni, tərəfimdən iş vaxtı şirkətə məxsus millər oğurlanmışdırsa və ya oğurlamağa cəhd göstərilmişdirsə, belə, olan halda, onun bu oğurluq hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat vermək onun həm vəzifə, həm də vətəndaş borcu idi! Nə üçün o, bu faktla bağlı hüquqmühafizə orqanlarına müraciət etməmişdir?! Belə olan halda, mən işdən Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndi ilə deyil, 72-ci maddənin "f" bəndi ilə işdən azad edilməli idi. Bundan başqa, İddiaçı edilməyim barədə şirkətin rəhbərliyinə ərizə ilə müraciət etdiyi halda, Əmək Məcəlləsinin 69-cu maddəsinin İ bəndinin tələbinə uyğun bir ay müddətinə ona vaxt verilməli, həmin Məcəllənin 69-cu maddəsinin 4-cü bəndinin tələbinə uyğun olaraq bir ay müddətində istənilən vaxt onun ərizəsini geri götürmək hüququ olduğu halda, bu hüququ da Şirkətin rəhbərliyinin "öz xahişimlə" işdən azad edilməyi barədə iki ay ərzində, yuxarıda qeyd etdiyi tarixlərdə qəbul etdiyi ƏMRLƏRLƏ kobud şəkildə pozulmuşdur!!! Bundan savayı, Azərbaycan Respublikasının Əmək Məcəlləsində vətəndaşın xahişi ilə işdən azad edilməsi barədə iki ay müddətində iki dəfə ƏMR verilməsi kimi hüquq norması nəzərdə tutulmayıb!!! Onun şirkətin Qahir adlı vəzifəli şəxsi tərəfindən şirkətə məxsus mil turbaları oğurlamağı faktı ilə bağlı şərlənərək, təhdid edilərək, işdən azad edilməyi barədə xahişimlə bağlı şirkətin rəhbərliyi Sergey Neyimşevə ünvanladığı ərizəsi əsasında qəbul edilən əmrlərlə əlaqədar "Korrupsiya və Qanun qəzeti tərəfindən üç dəfə xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində həmin qəzetin xx.xx.2023-cü il tarixli, 05(97) saylı tarixinin 14-cü səhifəsində "Binəqədi neft şirkəti 35 ilin qüüsursuz işçisini necə şərləyir" və xx.xx.2023-cü il tarixli, 06(98)-ci nəşrinin 11-ci səhifəsində isə "Baş prokurorluq Binəqədi neft şirkətindəki qanunsuzluqlara niyə göz yumur?!" başlıqlı materiallar əlavə edilməklə, sorğular göndərilsə də,həmin jurnalist sorğularına, yalnız, bir dəfə 02.1196 saylı, xx.xx.2023-cü il tarixli "X9" şirkətinin baş direktoru cənab Sergey Neymışevin imzası ilə redaksiyaya cavab məktubu ünvanlanmışdır. Lakin, həmin cavab məktubunda isə şirkətin sex rəisi Qahir adlı vəzifəli şəxs tərəfindən şirkətə məxsus mil turbalarının şirkətin işçisi İddiaçı tərəfindən oğurlanması və ya bu cinayət faktının baş verməsinə cəhd göstərilməsi barədə heç nə yazılmayıb! Həmin cavab məktubunu iddia ərizəsinə əlavə edir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin və yazılı mülahizəsinin dəlillərinə uyğun izahat verdi. Bundan əlavə bildirdi ki, yaranmış mübahisənin əsl səbəbi onun da başqaları kimi əmək haqqının artırılması tələbi olmuşdur. Bunun davamında onu oğurluqda ittiham edib öz ərizəsi ilə işdən çıxarılmasına vadar ediblər. Hansı ki, o, savadsızlıqdan nəyə imza atdığını bilməmişdir. Daha sonra ona artıq işdən çıxarıldığını bildirərək, Şirkətə buraxmamışlar. İşdən çıxarıldıqdan sonra ona əmək kitabçası verilsə də, işdən azad edilmə barədə əmr ona verilməmişdir. Bunda sonra o, Prokurorluğa, Polisə şirkət barədə şikayətlər etmiş və daha sonra qəzetin redaksiyasına bu məsələni araşdırmaları barədə müraciət etmişdir. Həmin redaksiyadan şirkətə dəfələrlə məktub yazılmış, işdən çıxarılma barədə əmrin təqdim edilməsi tələb edilmiş, lakin şirkət tərəfindən qəzetin müraciətlərinə cavab verilməmişdir. Daha sonra inzibati məhkəməyə iddia vermiş və iddiası mümkün sayılmadıqdan sonra mediasiyadan keçərək hazırki iddianı vermişdir. Onun işdən çıxarıldıqdan sonra məhkəməyə müraciət etməməyinin səbəbi həm əmrin ona verilməməsi, həm də mübahisəni məhkəmədən kənar həll etmək niyyəti olmuşdur.

4. İddiaçı cavabdehin etirazına münasibətdə yazılı mülahizəsində qeyd etmişdir: İş üzrə cavabdehin nümayəndəsi X4 etibardan sui- istifadə edərək, məhkəməyə təqdim etdiyim iddia ərizəmə, yuxarıda qeyd etdiyim tarixlərdə yazdığı etirazlazlarında bilərəkdən aşağıdakı saxtakarlığa yol vermişdir:-1. X4 iddia ərizəmə münasibətdə nə xx.xx.2024-cü il tarixli Bakı İnzibati Məhkəməsinə, nə də hakim İlkin Əliyevə ünvanladığı xx.xx.2024-cü il tarixli yazdığı etirazlarında İddiaçı öz xahişi əsasında nə xx.xx.2022-ci il tarixli, HRR 171/22 saylı işdən azad olunması barədə, nə də həmin əmrin verildiyi günün səhəri, yəni, xx.xx.2022-ci il tarixli, HRA 201(?)/22 saylı, başqa işə qəbul edilməyi barədə şirkətin Baş direktoru Sergey Neyimşev tərəfindən verilən əmrlərə münasibət bildirməkdən qəsdən yayınmışdır! Bu fakt onunla əlaqədardır ki, "hüquqşünas" cənab Vüqar İsgəndərov dəqiq bilir ki, iki ay müddətində işçinin iki dəfə öz xahişi əsasında işindən azad edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmayıb! 2. "Hüquqşünas" X4 iddia ərizəmlə əlaqədar məhkəməyə ünvanladığı etirazlarında bilərəkdən yol verdiyi növbəti saxtakarlıq ondan ibarətdir ki,o,Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndini tətbiq edərək, təsdiqləyir:-Bu maddənin birinci bəndində göstərilən haldan başqa,qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün fiziki şəxs hüququnun pozulduğunu aşkar edildiyi gündən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Daha sonra, X4 təsdiqləyir:-şirkətin kadrlar şöbəsinin qeydiyyat kitabında çıxarışdan göründüyü kimi, İddiaçı HRR 37/23 saylı, xx.xx.2023-cü il tarixli əmrin sürətini və əmək kitabçasının əslini, elə, həmin tarixdə, yəni, xx.xx.2023-cü il tarixdə sözügedən kitaba imza etməklə almışdır.Bu fakt da həqiqəti əks etdirmir, yalandır! Belə ki, əmək kitabçam mənə xx.xx.2023-cü il tarixində təqdim edilsə də, həmin tarixi, HRR 37/23 saylı əmrin sürəti isə iş üzrə bu ilin oktyabr ayının 9-da Binəqədi Rayon Məhkəməsində hazırlıq iclasının keçirildiyi vaxtadək mənə təqdim edilməmişdir! Yalnız,hakim cənab İlkin Əliyevin tələbi əsasında məhkəmə qaydasında mübahisələndirdiyim,lakin məzmunu ilə tanış olmadığım əmrlərin sürətləri mənə şirkət tərəfindən təqdim edildi.Bu səbəbdən də cənab X4 barəmdə şirkətin Baş direktoru Sergey Neymışevin qəbul etdiyi öz xahişimlə işdən azad edilməyim barədə xx.xx.2022-ci il tarixli, HRR 171/2022 saylı əmrin sürətinin mənə təqdim edilibedilməməsi barədə isə susur! Cavabdeh tərəf "X10" şirkətinin səlahiyyətli nümayəndəsi X1 və hazırki iş üzrə keçirilən məhkəmə baxışında şirkəti təmsil edən nümayəndəsindən aşağıdakı sualları cavablandırılması tələb edilsin:- 1.Mən-iş üzrə İddiaçı,əgər,doğrudan da öz istək arzumla xx.xx.2022-ci il tarixində öz xahişimlə işdən azad olunmağım barədə "X10" şirkətinin Baş direktoruna həqiqətən ərizə ilə müraciət etmişdimsə,həmin günün səhəırisi, yəni, xx.xx.2022-ci il tarixdə həmin şirkətdə başqa işlə təmin olunmağım barədə şirkətin rəhbərliyinə ərizə ilə müraciət etmədiyim halda, hansı əsasla X5 barəsində şirkətin direktoru Sergey Neymışev xx.xx.2022-ci il tarixində HRQ 204/22 saylı saylı əmr qəbul etmişdir? 2. "X10" şirkətinin Baş direktoru cənab X2 Əflatun İsi oğlu barəsində onun öz xahişi ilə vəzifəsindən azad edilməsi barədə qəbul etdiyi xx.xx.2022 və xx.xx.2023-cü il tarixli əmrlərin sürətlərini Əmək Məcəlləsinin 296-cı amddəsinin 3-cü bəndinin tələbihüququn pozulmasının aşkar edildiyi gün-işçiyə müvafiq əmrin (sərəncamın,qərarın), əmək kitabçasının verildiyi.... gündür-tələbi qəsdən pozulmaqla nə məqsədlə 1 il 6 ay müddətində İddiaçı verilməyib, ondan gizlədilib?! Nə məqsədlə?. Nəticə-İnsanlıq ləyaqətini itirən insan,şərəfsiz hüquqşünas olmalısan ki,cavabdeh şirkətin rəhbərliyi tərəfindən qəbul edilən əmrin əmrlərin qanunvericiliyin-Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "a", "D", və 69-cu maddəsinin 1-ci və 5-ci bəndlərinin, eləcə də, 269-cu maddəsinin 3-cü bəndinin tələblərinin qəsdən və kobud şəkildə pozularaq bir il,bir il altı ay müddətində işçiyə həmin sənədlərin verilmədiyini dəqiq bildiyi halda, məhkəməyə ünvanladığı etirazında işçi tərəfindən Əmək Məcəlləsinin 296-cu maddəsinin tələbinə uyğun olaraq pozulan əmək hüququnun məhkəmə qaydasında mübahisələndirmək üçün nəzərdə tutulan bir ay müddətinin ötürüldüyünü əsas kimi qiymətləndirib, bu əsasla iddiaçının iddia ərizəsindən imtina edilməsini məhkəmədən xahiş edəsən!

5. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi yazılı qaydada təqdim edilən iddiaya etirazın dəlillərinə uyğun izahat vermiş və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir. Bundan əlavə bildirmişdir ki, iddiaçının istinad etdiyi oğurluqla bağlı onda hər hansı məlumat yoxdur və onun dedikləri formal mülahizələrdən ibarətdir. Bundan əlavə iddiaçının istinad etdiyi kimi qəzet redaksiyasından onlara daxil olmuş müraciətə zərurət görmədiklərindən cavab verilməmişdir. İddiaçı ona əmək kitabçası təqdim edilən zaman hansı əsasla əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı olmuşdur, çünki əmək kitabçasında bu barədə qeydiyyat aparılmışdır. 2022-ci ildəki əmr isə başqa işə keçirilməsi ilə bağlı olmuşdur.

6. Cavabdeh tərəf yazılı etirazında göstərmişlər ki, İddiaçı cavabdeh "X8" şirkətinin Azərbaycan Respublikasındakı filialına (bundan sonra "Cavabdeh" və ya "xxxx") qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Şirkətin İddiaçı öz xahişi ilə işdən azad olması barədə HRR 171/22 saylı, xx.xx.2022- ci il tarixli, № HRR 37/2 saylı, xx.xx.2023-cü il tarixli və İddiaçı HRA 201/22 saylı, xx.xx.2022-ci il tarixli əmrlərinə qanunsuz hüquqi qiymət verilməsini, Şirkətin üzərinə İddiaçı işinə bərpa olunması öhdəliyi qoyulmasını, İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək həmin müddət ərzində hər ay 500 manat olmaqla Şirkət tərəfindən ödənilməyən 8.500 manat məbləğində maddi ziyanın ödənilməsi və həmin şirkətin rəhbərliyinin İddiaçı barəsində verilən, yuxarıda qeyd edilən əmrlərin nəticəsində bir il beş ay müddətində keçirtdiyi mənəvi və psixoloji stresslər nəticəsində 10.000 manat məbləğində mənəvi ziyan, ümumilikdə, İddiaçı vurulan 18.500 manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi barədə Şirkətin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. İddia tələbini nəzərdən keçirərək hesab edirik ki, iddia ərizəsi həm Mülki Prosessual Qanunvericiliyin, həm də Əmək Qanunvericiliyinin tələblərinin pozulması ilə məhkəməyə verilmişdir. Bu səbəbdən də iddia təmin edilə bilməz. 1. İlk öncə Məhkəmənin diqqətinə çatdırırıq ki, iddia ərizəsi iddiaçı tərəfindən iddia müddəti ötürülməklə verimişdir. Belə ki, məlum olduğu kimi həm Əmək Məcəlləsinin tələbinə, həm də illərlə formalaşmış məhkəmə təcrübəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Lakin, həm iddia ərizəsindən, həm də tərəfimizdən təqdim edilmiş sənədlərdən göründüyü kimi, İddiaçı Şirkətin 2022 və 2023-cü illərinin əmrlərini mübahisələndirərək onların ləğvini və həmin əmrlərin ləğvindən irəli gələ biləcək öhdəliklərin Şirkətin üzərinə qoyulmasını məhkəmədən tələb edir. Yəni, iddiaçı Şirkətin xx.xx.2022-ci il və xx.xx.2023cü il tarixli Omrlərini hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 ay müddətində mübahisələndirməli olduğu halda, bu Əmrlərin qəbul olunmasından 1 il 6 aydan artıq vaxt keçdikdən sonra onların qanunsuzluğu ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinin tələbinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-ci bəndinə görə isə, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin - (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Şirkət tərəfindən təqdim olunan "xxxx" ASC-nin əmək haqqı üzrə çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı AZ83PAHA41010AZNFK********** nömrəli hesabına Şirkət tərəfindən 69.51 AZN məbləğində vəsait (son haqq hesab) köçürülmüşdür (Əmək haqqı üzrə çıxarışın surəti əlavə olunur). Bundan başqa, Şirkətin Kadrlar şöbəsinin qeydiyyat kitabından çıxarışdan göründüyü kimi, İddiaçı HRR 37/23 saylı, xx.xx.2023-cü il tarixli əmrin surətini və əmək kitabçasının əslini elə həmin tarixdə, yəni xx.xx.2023-cü ildə sözügedən kitaba imza etməklə almışdır (Qeydiyyat kitabından çıxarışın surəti əlavə olunur). Beləliklə, Əmək Qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarına əsaslanaraq hesab edirik ki, Ə.İ. Fərzəliyevin hüququnun pozulduğunu aşkar etdiyi gün Şirkətdən əmək kitabçasını aldığı və son haqq hesabının onun hesabına köçürüldüyü gün xx.xx.2023-cü il tarixi olduğundan, o, həmin vaxtdan 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda, göstərilən müddəti ötürməklə 1 il 6 aydan artıq müddətdən sonra Şirkətin sözügedən əmrlərini məhkəmədə mübahisələndirmişdir. Qeyd olunan səbəbdən də iddiaçı Ə.İ. Fərzəliyev iddia müddətini ötürmüşdür. Bundan başqa, Məhkəmənin nəzərinə çatdırırıq ki, İddiaçı xx.xx.2023-cü il tarixdən öz xahişi ilə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin "a" əsasən QYƏTS-nin quyuların təmirə hazırlanması üzrə operatoru vəzifəsindən azad edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

7. İddiaçı xx.xx.2005-ci il tarixdə Cavabdeh Şirkətinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə öz xahişi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən “mexaniki sexin quyuların təmirə hazırlanması üzrə operatoru” vəzifəsindən azad edilmiş və bu barədə işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixli, HRR 171/22 saylı əmr verilmişdir.

8. xx.xx.2022-ci il tarixdə Cavabdeh Şirkəti ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış və İddiaçı xx.xx.2022-ci il tarixdən QYƏTS-nə quyuların təmirə hazırlanması sahəsinə 4-cü dərəcəli quyuların təmirə hazırlanması üzrə operator vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi 3 ayı sınaq müddəti olmaqla 1 il müddətinə bağlanmışdır. Onun növbəli iş rejimində əmək haqqı saat başı 3.69 manat təşkil etmişdir.

9. xx.xx.2023-cü il tarixdə öz xahişi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Bu barədə işəgötürən tərəfindən xx.xx.2023-cü il tarixli, HRR 37/23 saylı əmr verilmişdir. Əmək kitabçası işçiyə işdən çıxarıldığı gün təqdim edilmişdir.

10. İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh Şirkətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və onun iddiası məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6729/2024 saylı qərardadı ilə mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-2268/2024 saylı qərardadı ilə təmin edilməmişdir.

11. Bundan sonra İddiaçı xx.xx.2024-cü il tarixdə mediasiya tətbiqi barədə Cavabdeh Şirkətinə təklif göndərmiş və xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən arayış verilmişdir.

12. İddiaçı onun aldadılaraq “öz xahişi ilə işdən azad edilmə barədə” ərizələrə imza etdiyini iddia edir, uzun müddət işlədiyi yerdən xx.xx.2022-ci ildə işdən çıxaraq 1 gün sonra yenidən işə qəbul edilməsinin və 2 ay sonra yenidən işdən öz ərizəsi ilə işdən çıxmasının məntiqi əsası olmadığını bildirir və bunu işəgötürənin ona qarşı qərəzli mövqeyi ilə əlaqələndirir. Hansı ki, o, əmək haqqının artırılması barədə iş yerində mübahisə açmış və bundan narazı qalan işəgötürənin səlahiyyətli şəxsləri onu oğurluqda ittiham edərək, işdən çıxmasına vadar etmişdir. Əmrlərin qanuniliyini işdən azad edildiyi gündən 1 il 9 ay sonra mübahisələndirməsini isə belə əsaslandırmışdır ki, əvvəla ona əmr verilməmişdir, ikincisi polis, prokurorluq orqanlarına müraciətlərinin nəticəsini gözləmiş, üçüncüsü mübahisəni mətbuat qurumunun vasitəsi ilə çözməyə çalışmış, dördüncüsü hüquqi savadsızlıqdan məhkəmə aidiyyətini səhv seçmişdir.

13. İşəgötürən uzun müddət mexaniki sexin quyuların təmirə hazırlanması üzrə operator vəzifəsində müddətsiz müqavilə əsasında çalışan işçinin xx.xx.2022-ci il tarixdə öz xahişi ilə işdən azad edilməsi və 1 gün sonra həmin yerdə başqa vəzifəyə müddətli əmək müqaviləsi üzrə işə qəbul edilməsi ilə bağlı qəbul edilən əmrlər barədə hər hansı məntiqi açıqlama verə bilməmiş, bunu başqa işə keçirmə proseduru kimi izah etməyə çalışmışdır. Bunun davamı olaraq işçinin 2 ay sonra yenə öz ərizəsi ilə işdən azad edilməsi ilə bağlı iradə ifadəsinə hər hansı təsir, təzyiq edilmədiyini bildirərək, həmin halları sübutetmə yükünün iddiaçıya aid olduğuna işarə etmişdir. Bununla belə, işəgötürən hər bir halda iddia müddətinin ötürüldüyünə istinad edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Əmrin rəsmi qaydada təqdim edilməsi ilə bağlı hər hansı sübut təqdim edə bilməsə də, əmək kitabçasının xx.xx.2023-cü il tarixdə işçiyə təqdim edilmiş olması işin mübahisəsiz halı hesab edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

15. 68.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

16. 68.2-ci maddəsinin “a” bəndinə əsasən “tərəflərdən birinin təşəbbüsü” əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

17. 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

18. 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

19. 69.3-cü maddəsinə əsasən şçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

20. 75.2-ci maddəsinə əsasən Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı və.s

21. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

22. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

23. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

24. 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.

25. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.

26. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

27. 296.3-cü maddəsinə əsaəsn hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

28. 296.6-cı maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

29. 296.7-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

30. İşin halları ilə müəyyən edilir ki, tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinə xitam verilmişdir. İşçi həmin əmrlərin qanuniliyini mübahisələndirir. Lakin işçi fərdi əmək mübahisəsinin həllində iddia müddətini ötürmüş, işəgötürən isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilir ki, həqiqətən də iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. Belə ki, işçinin hüquqlarının pozulduğu gün, ona həmçinin əmək kitabçasının təqdim edildiyi gün hesab edilir. Hansı ki, işçiyə əmək kitabçası işdən çıxarıldığı gün, yəni xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir və işdən çıxarılma barədə əmr ona təqdim edilməsə də, əmək kitabçasında bu barədə ətraflı qeydiyyat aparılmışdır. Yəni işçiyə ona əmək kitabçasının təqdim edildiyi vaxtdan işdən azad edilmənin səbəbləri aydın olmuş və həmin vatxdan da işçi hüquqlarının pozulduğunu aşkar etmişdir. Bununla belə, işçi hüquqlarının pozulduğunu aşkar etdiyi vaxtdan 1 il 7 ay sonra mediasiyaya, daha sonra isə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının fərdi əmək mübahisəsinin həlli ilə bağlı polis, prokurorluq orqanlarına müraciət etməsi, hər hansı mətbuat orqanından yardım gözləməsi, səhv məhkəmə aidiyyəti üzrə iddia verməsi 1 aylıq iddia müddətinin ötürülməsi üçün üzrlü səbəb hesab edilə bilməz.

31. Odur ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin xx.xx.2022ci il tarixli, HRR 171/22 saylı və xx.xx.2023-cü il tarixli, HRR 37/23 saylı əmrlərinin ləğv edilməsi və bundan irəli gələn hüquqi nəticələrin təmin edilməsi və.s barədə iddiaçının tələbi iddia müddəti ötürüldüyündən əsassız hesab edilməlidir.

32. Bununla yanaşı məhkəmə hesab edir ki, işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması ilə bağlı işəgötürən tərəfindən hər hansı hərəkət edilməsi tədqiq edilmiş sübutlarla müəyyən edilmədiyindən iddia mənəvi zərərin ödənilməsi hissəsində də əsassızdır.

33. Bundan əlavə əmək hüquqlarının pozulması nəticəsində vurulmuş mənəvi zərərə görə tələb bu hüquqların pozulması ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ müddətində irəli sürülə bilərdi. Tətbiq edilən prosessual normalar:

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

35. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

36. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

37. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

38. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi zərərin tutulması" tələbinə dair iddiası rədd edilməlidir.

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi zərərin tutulması" tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar