Məhkəmə qərarları › İş №e-2(001)-5827/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5827/2021

07.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5827/2021 07.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Xətai-5 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı kommunal xidmət haqqı borcuna görə 3856,63 manat, dövlət rüsumuna görə 30 manat tələbinə dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh Cavabdeh Xətai-5 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı kommunal xidmət haqqına görə ödədiyi 1136 manat və dövlət rüsumuna görə 30 manat tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Xətai-5 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Cavabdeh qarşı kommunal xidmət haqqı borcuna görə 3856,63 manat, dövlət rüsumuna görə 30 manat tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh Xətai-5 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı kommunal xidmət haqqına görə ödədiyi 1136 manat və dövlət rüsumuna görə 30 manat tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Хətai-5 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi Nümayəndə ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Хətai-5 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 28.03.2016-cı il tarixdə sahə mülkiyyətçilərinin qərarı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 28.03.2016-cı il tarixdə 1116-MM3-0022 nömrə ilə qeydiyyata alınmış Хətai 5 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Nizamnaməsinə əsasən Cəmiyyətin fəaliyyət ərazisi Bakı şəhəri Xətai rayonu məhəllə 2934, Sadıqcan küçəsi ev 2A, fəaliyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. Хətai-5 MMMC-nin Nizamnaməsinə əsasən Cəmiyyət qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq, illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək, cəmiyyətin qəbul olunmuş illik gəlir və xərcləri smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək və sair hüquqlara malikdir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 216,6 m2 olan 10 saylı mənzil Cavabdeh mülkiyyətindədir. Cavabdeh yuxarıda qeyd edilən mənzilin mülkiyyətçisi olaraq ümumi əmlakın saxlanılması üçün kommunal haqları ödəmək öhdəliyi yaranmışdır. Lakin, cavabdeh öhdəliklərini yerinə yetirməkdən boyun qaçıraraq, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış borcları ödəməkdən yayınır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Təbii qazın ölkədaxili tariflərin tənzimlənməsi barədə 28.11.2016-cı il tarixli 18 №-li və 22.12.2016-cı il tarixli 19 №-li qərarlarına müvafiq olaraq, Хətai-5 MMMC-nin aylıq kommunal tariflərin dəyişdirilməsinə dair Хətai-5 MMMC-nin İdarə Heyətinin 28.12.2016-cı il tarixli 5 saylı iclas Protokoluna əsasən aylıq kommunal xidmət tariflərinin dəyişdirilməsi qərara alınmışdır. Belə ki, sahə mülkiyyətçisinə qış mövsümündə (15.11-15.04 ərəfəsində) istilik, daimi olaraq isti su verildikdə mənzilin ümumi sahəsinin hər m2 üçün 0,90 manat, sahə mülkiyyətçisi qış mövsümündə istiliklə təchiz edilmədikdə və mənzilə isti su verilmədikdə mənzilin ümumi sahəsinin hər m2 üçün 0,50 manat və sahə mülkiyyətçisi mənzildə yaşamadığı təqdirdə, təmirə başlayan günədək mənzilin ümumi sahəsinin hər m2 üçün 0,35 manat müəyyən olunmuşdur. Хətai-5 MMMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 216,6 m2 olan 10 saylı mənzilə görə kommunal xərclər üzrə borcu 2016-cı ilin fevral ayından 2021-ci ilin iyun ayına qədər 3856,63 manat təşkil edir. Həmin borc mənzilin ümumi sahəsinin hər m2 üçün 0,35 manat olmaqla hesablanmışdır. Cavabdeh dəfələrlə kommunal xidmətlərə görə müqavilə bağlanması təklif olunsa da, cavabdeh müqavilə bağlamaqdan imtina etmiş, bir müddət ödənişlər etsə də, sonradan ödənişləri tamami ilə dayandırmışdır. Ona görə də kommunal xidmətlərə görə yaranmış brca görə 3856,63 manatın, dövlət rüsumuna görə 30 manatın Cavabdeh Xətai-5 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinini xeyrinə tutulmasına, qarşılıqlı iddia ərizəsinin əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Xətai-5 MMMC-nin iddia tələbləri əsassızdır. Belə ki, qanunvericiliyə görə Xətai-5 MMMC üzvü olmayan sahə mülkiyyətçisi olaraq o, yalnız ümumi əmlakın saxlanması yükünü daşıyır. Cəmiyyətin qəbul olunmuş illik gəlir və xərcləri smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin deyil, cəmiyyətin yığıncağının hüququdur. Cəmiyyətin üzvü olmayan çoxmənzilli binanın sahə mülkiyyətçisi olaraq onunla çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifəsidir. Cəmiyyətin üzvü olmayan sahə mülkiyyətçisi olaraq o, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları Xətai-5 MMMC ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəməlidir. Bu müqavilədə yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq ayrı-ayrılıqda göstərilməlidir. Yaşayış sahəsindən istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir, başqa sözlə yaşayış sahəsindən istifadə edilməməsi faktiki istehlak edilməmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsasdır. Kommunal haqqın miqdarı faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. Onunla Xətai-5 MMMC arasında yaşayış sahəsinə və kommunal xidmətlərə görə hər hansı müqavilə bağlanmamış, ümumiyyətlə belə müqavilənin bağlanması üçün iddiaçı tərəfindən hər hansı bir təşəbbüs irəli sürülməmiş, müqavilə layihəsi müzakirə üçün təqdim edilməmişdir. Buna rəğmən Xətai-5 MMMC tərəfindən məhkəmədə əsassız iddia qaldırılaraq kommunal haqlar üzrə borc ödənilməsi və gələcəkdə bu haqların ödənilməsi vəzifəsinin onun üzərinə qoyulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Ondan kommunal haqlar üzrə borc tələb edilən mənzildə o, bir gün belə olsun yaşamamış, orada göstərilən hər hansı kommunal xidmətlərdən faktiki olaraq istifadə etməmişdir. Həmin mənzildə yaşayan, orada göstərilən kommunal xidmətləri faktiki istehlak edən sahə mülkiyyətçisinə müəyyən edilən kommunal haqqı ilə ondan tələb edilən kommunal haqların bərabər olmasını əsaslı, məntiqli və ağlabatan hesab etmir. Xətai-5 MMMC-nin rəhbərliyi razılaşacağı halda o, borc yaranmış hər ay üçün 10 manat olmaqla ödəniş edə bilər. Xətai-5 MMMC tərəfindən onunla heç bir müqavilə bağlamadan 2016-cı ildən 2019cu il tarixədək ondan xidmət haqqı adı ilə 1136 manat vəsait alınmışdır. Kommunal xidmətlərə görə haqq ödəmək öhdəliyi daşımadığı halda Xətai-5 MMMC tərəfindən ondan 2016-cı ildən 2019-cu il tarixədək xidmət haqqı adı altında 1136 manat alınaraq əsassız varlanmaya yol verilmişdir. Həmin məbləği Xətai-5 MMMC-yə onun dostu ödəmiş, sonradan 1136 manatı o, dostuna qaytarmışdır. Ona görə də ilk iddia ərizəsinin təmin edilməməsinə, qarşılıqlı iddia ərizəsini təmin edərək Xətai-5 MMMC-dən 1136 manatın, dövlət rüsumuna görə 30 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, ilk iddia ərizəsi təmin edilməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 45.5.-ci maddəsinə əsasən coxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Həmin Məcəllənin 122.1.-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; Həmin Məcəllənin 122.3.-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 122.4.-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 135.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2.-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Həmin Məcəllənin 137.1.-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Həmin Məcəllənin 137.4.-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.8.-ci maddəsinə əsasən yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. Həmin Məcəllənin 137.9.-cu maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Həmin Məcəllənin 137.10.-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22.10.2014-cü il tarixli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1, ümumi sahəsi 216,6 m2 olan 10 saylı mənzil Cavabdeh oğlunun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Хətai-5 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nizamnaməsinin 2.1-ci bəndindən müəyyən olunur ki, cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdəbarəsində sərəncam verilməsini tələbetməkdən, bu nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Nizamnamənin 3.1-ci bəndindən müəyyən olunur ki, cəmiyyət Azərbaycan Respublikası mövcud qanunvericilik aktları və bu nizamnamə ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınaraq hüquqi şəxs statusunu əldə etdiyi andan aşağıdakı hüquqlara malikdir: 3.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 3.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 3.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərcləri smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; Хətai-5 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti iştirakçılarının ümumi yığıncağının 26.12.2016-cı il tarixli qərarından müəyyən olunur ki, yığıncaq Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə 28.11.2016-cı il tarixli 18 №-li və 22.12.2016-cı il tarixli 19 №-li qərarlarına müvafiq olaraq, Хətai-5 MMMC-nin aylıq kommunal tarifləri dəyişdirilərək sahə mülkiyyətçisinə qış mövsümündə (15.11-15.04 ərəfəsində) istilik, daimi olaraq isti su verildikdə mənzilin ümumi sahəsinin hər m2 üçün 0,90 manat, sahə mülkiyyətçisi qış mövsümündə istiliklə təchiz edilmədikdə və mənzilə isti su verilmədikdə mənzilin ümumi sahəsinin hər m2 üçün 0,50 manat, sahə mülkiyyətçisi mənzildə yaşamadığı təqdirdə, təmirə başlayan günədək mənzilin ümumi sahəsinin hər m2 üçün 0,35 manat müəyyən olunması barədə qərar qəbul edilmişdir. Хətai-5 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarə heyəti iclasının 5 saylı 28.12.2016-cı il tarixli protokolundan müəyyən olunur ki, iclasda Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə 28.11.2016-cı il tarixli 18 №-li və 22.12.2016-cı il tarixli 19 №-li qərarlarına müvafiq olaraq, Хətai-5 MMMC-nin aylıq kommunal tarifləri dəyişdirilərək sahə mülkiyyətçisinə qış mövsümündə (15.11-15.04 ərəfəsində) istilik, daimi olaraq isti su verildikdə mənzilin ümumi sahəsinin hər m2 üçün 0,90 manat, sahə mülkiyyətçisi qış mövsümündə istiliklə təchiz edilmədikdə və mənzilə isti su verilmədikdə mənzilin ümumi sahəsinin hər m2 üçün 0,50 manat, sahə mülkiyyətçisi mənzildə yaşamadığı təqdirdə, təmirə başlayan günədək mənzilin ümumi sahəsinin hər m2 üçün 0,35 manat müəyyən olunması barədə qərar qəbul edilmişdir. Şifarişçi Хətai-5 MMMC ilə icraçı Qaraşoğlu MMC arasında bağlanmış 13 saylı 05.01.2017-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, icraçı şifarişçinin Bakı şəhəri Xətai rayonu 2934-cü məhəllə Sadıqcan küçəsi 2934-cü məhəllədə yerləşən binasındakı 6 ədəd 6 mərtəbəli 800 kq. Şərnişin liftlərinin texniki xidmətini öhdəsinə götürmüşdür. Şifarişçi Хətai-5 MMMC ilə icraçı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Təsərrüfatı Departamentinin Kommunal Xidmətlər Müəssisəsi MMC arasında bağlanmış 023898 saylı 05.01.2017-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, icraçı şifarişçiyə məxsus ərazidə yerləşən konteynerlərdə yığılmış bərk məişət tullantılarının daşınmasını və zəzərsizləşdirilməsini, sifarişçi isə daşınma ilə əlaqədar lazım olan şəraiti və xidmət haqqının vaxtında ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Хətai-5 MMMC-nin 2021-ci il üçün vəsaitin xərclənməsi arayışından müəyyən olunur ki, kommunal xidmətlərə görə Хətai-5 MMMC 2021 ildə cəmi 49474,85 manat sərf etmişdir. Хətai-5 MMMC-nin maliyyə arayışından müəyyən olunur ki, ünvan 1, ümumi sahəsi 216,6 m2 olan 10 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh Хətai-5 MMMC-yə olan kommunal borcu 3856,63 manat təşkil edir. Belə ki, 2016-cı ilin fevral ayından ilin sonuna kimi həmin mənzilin 898,89 manat olan kommunal borcundan 461 manat ödənilmiş, 2017ci ilin 909,72 manat olan kommunal borcundan 375 manat ödənilmiş, 2018-ci ilin 909,72 manat olan kommunal borcundan ödəniş edilməmiş, 2019-cu ilin 909,72 manat olan kommunal borcundan 300 manat ödənilmiş, 2020-ci ilin 909,72 manat olan kommunal borcundan ödəniş edilməmiş, 2021-ci ilin yanvar-iyun ayları üçün ödəniş edilməmişdir. Хətai-5 MMMC-nin mədaxil qəbzlərindən müəyyən olunur ki, ünvan 1, ümumi sahəsi 216,6 m2 olan 10 saylı mənzili ünvanı üzrə 09.06.2016-cı il tarixdə 154 manat, 15.07.2016-cı il tarixdə 77 manat, 19.08.2016-cı il tarixdə 100 manat, 08.09.2016-cı il tarixdə 50 manat, 18.04.2017-ci il tarixdə 150 manat, 14.11.2017-ci il tarixdə 225 manat, 10.01.2019-cu il tarixdə 300 manat, 19.10.2020-ci il tarixdə 80 manat ödəniş edilmişdir. Хətai-5 MMMC-nin ünvan 1, ümumi sahəsi 216,6 m2 olan 10 saylı mənzilinin sahibinə ünvanladığı xəbərdarlıqdan müəyyən olunur ki, mənzil sahibinə 01.09.2020-ci il tarixinə kommunal xidmətlərə görə 3174,30 manat borcunun olması bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 1, ümumi sahəsi 216,6 m2 olan 10 saylı mənzilin mülkiyyətçisi Cavabdeh bir müddət mülkiyyətində olan mənzilə görə Хətai-5 MMMC-yə göstərilən kommumal xidmətlərə görə ödəniş etsə də, sonradan bu ödənişləri aparmaqdan imtina etdiyi üçün 3856,63 manat borcu yaranmışdır. İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh kommunal xidmətlərin göstərilməsi üçün Хətai-5 MMMC ilə onun arasında müqavilə bağlanmadığını, mülkiyyətində olan mənzildə yaşamadığından kommunal xidmətlərdən istifadə etmədiyini, ilk əvvəl kommunal xidmətləri onun əvəzindən dostunun ödənişlər etməsini bildirb ona qarşı olan tələbin əsassız olmasını, ödənilmiş kommunal xidmətlərə görə 1136 manatın geri qaytarılmasını bildirsə də, məhkəmə cavabdehin qarşılıqlı iddia tələbində istinad etdiyi hallarla razılaşmr. Belə ki, yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinə mülkiyyət hüququnun əmələ gəldiyi andan yaranır. Mülkiyyətçilər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Tərəflər arasında kommunal xidmətlərin göstərilməsinə dair müqavilənin bağlanmaması ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh Хətai-5 MMMC ilə müqavilə bağlamaqdan imtina etsə də, faktiki olaraq göstərilən xidmətlərə görə ayrı-ayrı vaxtlarda 1136 manat məbləğində ödənişlər etmiş, aylıq ödənişlərin 10 manat olacağı halda ödənişləri davam etdirməyə etiraz etmədiyini məhkəmə iclasında bildirmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, Хətai-5 MMMC tərəfindən məhkəməyə təqdim edilən müqavilələr, çəkilən xərclərlə bağlı maliyyə sənədləri ilə Bakı şəhəri Xətai rayonu 2934-cü məhəllə Sadıqcan küçəsi ev 2A saylı binanın eləcə də, Cavabdeh mülkiyyətində olan mənzilin yerləşdiyi həmin binanın 5-ci korpusunun saxlanması üçün kommunal xərcləri ödəməsi öz təsdiqini tapdığından, Cavabdeh mülkiyyətində olan mənzildən istifadə etməməsi halı onu kommunal xidmət haqqlarını ödəmək vəzifəsindən azad etmədiyindən ilk iddia ərizəsi təmin, qarşılıqlı iddia ərizəsi isə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumları Cavabdeh aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlk iddia ərizəsi təmin edilsin. Cavabdeh kommunal xidmət haqqı borcuna görə 3856,63 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 3886,63 manat Xətai-5 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh Xətai-5 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı kommunal xidmət haqqına görə ödədiyi 1136 manat və dövlət rüsumuna görə 30 manat tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar