Məhkəmə qərarları › İş №e-2(001)-5829/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5829/2023

25.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5829/2023 25.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti) “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, bir müddət əvvəl rəsmi qaydada işə düzəlmək istəyərkən ona bildirilmişdir ki, mərkəzləşdirilmiş elektron informasiya sistemində artıq işçi kimi qeydiyyatdan keçmişdir. Belə ki, həmin mərkəzləşdirilmiş informasiya sistemində aparılmış qeydiyyata əsasən adını belə əvvəllər bilmədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 02 iyul 2020-ci il tarixdən baş direktor vəzifəsində, Cavabdeh adlanan digər hüquqi şəxsdə isə xx.xx.2021-ci il tarixdən yardımçı fəhlə işində işlədiyi kimi göstərilmiş və bu barədə müvafiq bildirişlər elektron informasiya sisteminə daxil edilmişdir. Halbuki, o, ”Günəş-Ultra” Məhdud Məsuliyyətli Cəmiyyətinə nə işə qəbul edilməklə bağlı müraciət etmiş, nə hər hansı əmək müqaviləsinə imza atmış, nə də bu təşkilatdan bugünədək hər hansı əmək haqqı alımışdır. O, elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsini həmin hüquqi şəxslə bağlamamış və belə bir iş yerini heç tanımır. O, cavabdehin vergi orqanının portalında göstərilmiş hüquqi ünvanında olsa da, nə ”Günəş- Ultra” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələrini tapa bilmiş, nə də belə bir hüquqi şəxsi tanıyan olmuşdur. Müxtəlif dövlət qurumlarına müraciətlər etsə də, o, bu hüquqi şəxsin harada yerləşməsini müəyyən edə bilməmişdir. Nəticədə, cavabdeh tərəfindən saxta sənədlər əsasında mərkəzləşdirilmiş elektron informasiya sisteminə onu yardımçı fəhlə olaraq daxil edilmiş əmək müqaviləsi bildirişi səbəbindən o, başqa işəgötürənlə əmək müqaviləsi bağlamaqla işə girib əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bununla bağlı o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə ərizə ilə müraciət edərək onun barəsində elektron informasiya sisteminə əsassız olaraq daxil edilmiş bildirişin ləğv edilməsini xahiş etmişdir. Lakin adı çəkilən qurum tərəfindən onun müraciətinə verilmiş xx.xx.2022-ci il tarixli, **********3 saylı cavab məktubunda bildirilmişdir ki, həmin qurum tərəfindən cavabdehin həm faktiki, həm də hüquqi ünvanına müvafiq məktublar ünvanlanmış, lakin həmin məktublar cavabdehin orada yerləşməməsi səbəbindən geri qayıtmışdır. Bu səbəbdən sözügedən məsələnin araşdırılmasının mümkün olmadığı bildirilərək yaranan mübahisənin həlli üçün məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Eyni zamanda həmin orqanda olanda da ona sözügedən bildirişin ləğv edilməsi üçün işəgötürənə müraciət edilməli olduğu, işəğötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada aidiyyəti üzrə məhkəməyə müraciət edilməli, məsələnin başqa yolla həlli yolunun olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X2 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının çıxarılmalı olduğu bildirilmişdir. Göründüyü kimi, cavabdehin rəsmi şəxsləri tərəfindən özbaşınalığa və saxtakarlığa yol verilməklə vəzifə səlahiyyətlərini aşaraq onun əmək hüquqlarını pozmaqla aşkar qanunsuzluğa yol verilmişdir. Bu səbəbdən məhkəməyə müvafiq iddia ərizəsi ilə müraciət edərək pozulmuş hüququnun müdafiə olunmasını zəruri sayır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3335/2021 saylı qətnaməsinin surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1987-ci il təvəllüdlü İddiaçı məcburi narkoloji-tibb müəssisəsinə yerləşdirilməsi qət edilmişdir. My.gov.az saytından çıxarış edilən vətandaşın iş yeri haqqında arayışdan görünür ki. İddiaçı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə Cavabdehndə köməkçi fəhlə işində işləyir və 300 manat əmək haqqı alır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhəri idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh MMC və "xxxx" MMC-də əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” alt sistemində qeyd olunmuş Cavabdeh MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül S/zonası, 507-ci küçə, ev məhəllə 2096-da yerləşən hüquqi, ünvan 3 ünvanlarına, "xxxx" MMC-nin isə Bakı şəhəri, ünvan 5 ünvanına **********9 nömrəli xx.xx.2022-ci il tarixli, **********6 nömrəli xx.xx.2022-ci il tarixli, **********9 nömrəli xx.xx.2022-ci il tarixli məktublar ünvanlanmış, lakin poçt qəbzlərində “ünvan tam deyil” və “bu ünvanda yerləşmir” qeydləri ilə məktublar geri qaytarılmışdır. Bu səbəbdən də müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Nəzərə çatdırılmışdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırıması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2023cü il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün deyildir. Qeyd olunanlarla əlaqədar işəgötürənlə arasında mübahisəli hal yarandığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, həmin MMC-də yardımçı fəhlə kimi işə götürülməsi barədə onunla bağlanıldığı iddia edilən əmək müqaviləsinin və bununla bağlı mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş bildirişin ləğv edilməsi ilə əlaqədar müvafiq tədbirlərin görülməsi sonuncuya təklif edilmişdir. Əks təqdirdə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət olunacağı barədə xəbardar edilmişdir. Bakı 3 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Cavabdehnə qarşı əmək mübahisəsi üzrə ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi iştirak etməmişdir. 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Azəbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəmənin sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, hüquqi şəxs Cavabdeh (VÖEN **********) sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları aktiv vəziyyətindədir. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış əmək müqaviləsi bildirişinə əsasən əmək müqaviləsinin qüvvəyə minmə tarixinin xx.xx.2021-ci il olduğu müəyyən edilmişdir. Həmçinin bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən Cavabdeh tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən vergi, məcburi dövlət sosial sığorta, işsizlik sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ-İV hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 3.5-1-ci maddəsinə görə əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir; 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 49.1-ci maddəsinə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “M.Məmmədovanın şikayəti üzrə məhkəkə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Cavabdehin sahibkarlıq və digər vergi tutulan əməliyyatları hazırda aktiv vəziyyətində olmasına baxmayaraq, uçot-baza məlumatlarına əsasən Cavabdeh tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən vergi, məcburi dövlət sosial sığorta, işsizlik sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə məlumat aşkar edilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddiaçı cavabdeh şirkətə pretenziya ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən pretenziyaya münasibət bildirilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını nəinki məhkəməyə təqdim etməmiş, eyni zamanda təyin edilmiş məhkəmə iclaslarının heç birində nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə iddiaçının hüqunu müdafiə etmək məqsədi ilə iddia təmin edilməli, iddiaçının pozulmuş əmək hüquqları bərpa edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1 və 9.1.1 maddələrinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Cavabdehndən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar