Məhkəmə qərarları › İş №e-2(001)-5841/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5841/2023

15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5841/2023 15.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı Cavabdeh qarşı 11157,48 manat məbləğində pul tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı 11157,48 manat məbləğində pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 3 şərik: "xxxx" MMC-nin (VÖEN: **********) direktoru X1, həmin şirkətin təsisçisi kimi özünü təqdim edən X2 və "X5" MMCnin (VÖEN: **********) Cavabdeh birgə layihə barədə razılığa gəlmişlər. Layihə Bakı Şəhəri Nəsimi Rayonu Nizami küçəsində yerləşən “Red Cup” restoranında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yeni il şənliyi tədbirinin təşkili ilə bağlı idi. Həmin tədbirin dekorasiya işlərini görməyi İddiaçı təklif etdilər. Danışığa əsasən iddiaçı tapşırığa uyğun olaraq pulsuz dizayn verəcəkdi, öz əşyalarını əvəzsiz istifadəyə verəcəkdi, habelə onların tapşırığına uyğun olaraq verdiyi dizayna görə texniki işləri görəcəkdi (dekorun qurulması, əşyaların alınması, yaxud müəyyən əşyaların istifadəyə götürülməsi). Danışığa uyğun olaraq iddiaçı öz əşyalarını xx.xx.2022-ci il tarixədək istifadəyə verdi, müəyyən əşyaları istifadəyə götürüb onların icarəyə götürdüyü obyektə yerləşdirdi, dizayna uyğun əşyalar aldı, müvafiq ustaları cəlb etdi. Tapşırığın icrası ilə bağlı 41256 manat xərcləndi, ilkin smeta üzrə danışıq 41000 manat olduğundan ilkin smeta üzrə xərclənmiş əlavə 256 manatı Birgə Tapşıranlardan istəməd. İlkin smetaya yolkalar, vitrinlərin doldurulması üçün dekor alınması,habelə yolka oyuncaqlarının alınması daxil deyildi, həmin xərcləri Birgə Tapşıranların dediyinə görə cəlb edəcəkləri sponsorlar verməli idi. Lakin sonradan onlar sponsor cəlb edə bilmədiyini deyərək həmin işlərin də təşkilini İddiaçıya tapşırdılar. Əlavə xərclər 10690 manat təşkil etdi. Beləliklə, ümumilikdə Layihə xərci 51946 manat (7700+33556+10690=51946 manat) oldu. Təşkilati işlərlə bağlı Birgə Tapşıranlar iddiaçıya 41000 manat ödəsələr də, əlavə ödənişlərin pulunu – 10690 manatı ödəmədilər. Cavabdeh söz verdi ki, həmin pulu 2021-ci ilin dekabr ayının sonuna kimi ödəyəcək, lakin bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 24.3-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Hazırkı işin mahiyyətindən mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması aşkardır. Bundan əlavə, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan müəyyən olunur ki, hər iki tərəf fərdi sahibkar kimi qeydiyyata alınmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalı, iddiaçıya ərizənin qaytarılmasının nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyə mane olmaması izah edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152.1.3, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı 11157,48 manat məbləğində pul tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 123 (yüz iyirmi üç) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah edilir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar