Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5871/2025 02.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi cəlb edilməklə) “yaşayış mənzilindən məcburi çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi cəlb edilməklə) “yaşayış mənzilindən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Özəlləşdirmə və Bələdiyyə Əmlakı İdarəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən onun adına verilmiş qeydiyyat şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış mənzili onun şəxsi mülkiyyətindədir. Bu mülkiyyət hüququ rəsmi dövlət orqanı tərəfindən tanınmış, xx.xx.1992-ci il tarixində qeydiyyat kitabında 154-cü sıra, 25826 qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. Yəni, o, sözügedən mənzilin yeganə qanuni mülkiyyətçisi olmuş və hal-hazıradək də mülkiyyət hüququ qüvvədə qalmaqdadır. Lakin qeyd edir ki, 1993-cü ildən etibarən Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasəti nəticəsində Ağdam rayonunun Seyidli kəndindən məcburi köçkün düşmüş bir ailə - cavabdehlərdən Cavabdeh1 və onun övladları X2 və X3 heç bir hüquqi əsas olmadan onun şəxsi mülkiyyətində olan mənzilə daxil olmuş və bu günədək orada yaşayırlar. Cavabdehlərin mənzilində məskunlaşmaları qanunsuzdur və heç bir hüquqi sənədlə əsaslandırılmamışdır. Hətta əldə etdiyi məlumata görə cavabdehlərdən Cavabdeh1 həyat yoldaşı ümumiyyətlə məcburi köçkün statusuna malik olmamışdır ki, bu da cavabdehlərin onun mənzilində məskunlaşmalarının əsassızlığını bir daha sübut edir. Qeyd edir ki, o, illər ərzində dəfələrlə cavabdehlərə müraciət edərək, mənzilindən çıxmalarını, qanunsuz işğala son qoymalarını tələb etmişdir. Lakin bütün müraciətləri nəticəsiz qalmış, cavabdehlər onun konstitusion mülkiyyət hüququnu pozaraq şəxsi mülkiyyətindən qanunsuz istifadə etməyə daam etmişlər. Hazırda ölkənin ərazi bütövlüyü bərpa olunmuş, işğal altında olan torpaqlar azad edilmişdir. Dövlət məcburi köçkünlərin geri qayıdışı üçün genişmiqyaslı proqramlar həyata keçirir, köçkünlərə yaşayış evləri, mənzillər, yeni qəsəbələr tikilərək təqdim olunur. Bu halda cavabdehlərin hələ də onun mülkiyyətində olan mənzildə qalması nə hüquqa, nə ədalətə, nə də vicdana sığmır. O, öz mülkiyyətindən qanuni qaydada istifadə edə bilmir, ailəsinin ciddi mənzilə ehtiyacı var, lakin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənzilsiz vəziyyətə düşmüşdür. Nəzərə alınmalıdır ki, onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, qanuni sənədlərlə təsdiqlənmişdir. Cavabdehlərin isə mənzildə yaşamasına dair heç bir hüquqi əsası yoxdur. Bu baxımdan cavabdehlərin mənzildə qalması yalnız və yalnız qanunsuz işğal hesab oluna bilər. Onun uzun illərdir ki, ailəsinin mənzilə ehtiyacı vardır. Öz qanuni mənzilində yaşamaq hüququ pozulmuş, o və ailəsi kənarda qalmışlar. Ədalət və hüquq prinsipləri tələb edir ki, mənzilin qanuni mülkiyyətçisinə qaytarılması təmin edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, o, Ağdam rayonu, Seyidli kəndinin məcburi köçkünüdür və hazırda 9-cu mikrorayon, Mir Cəlal küçəsi ünvanında yaşayır. İddiaçı tərəfindən onun həmin ünvandan çıxarılması üçün məhkəməyə müraciət edilmişdir. O, ikinci qrup əlildir və tək ana olaraq iki uşağı ilə yaşayır. Böyük övladı 22 yaşında olub, 18 yaşına qədər dövlət tərəfindən xəstəlik müavinəti almışdır. Kiçik övladı 15 yaşındadır, 12 yaşına qədər dövlət tərəfindən xəstəlik müavinəti almışdır. Halhazırda məktəbdə psixoloji təsir altında olduğuna görə tibbi komissiyadan keçmədiyi üçün müavinəti dayandırılmışdır. Oğlunda eşitmə zəifliyi və epilepsiya xəstəliyi var, qızında isə yenə də epilepsiya xəstəliyi mövcuddur. Hal-hazırda onun heç bir yerdə yaşayış yeri yoxdur. Buna görə də o, mənzillə təmin edilənə qədər çıxarma qərarının dayandırılmasını xahiş etdi. Belə ki, əgər onu mənzil ilə təmin etsələr, iddianın təmin edilməsinə etiraz etmir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: X1 ilə İddiaçı arasında bağlanmış xx.xx.1993-cü il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, 9-cu mikrorayon, ev 45 ünvanında yerləşən 15 saylı mənzil sonuncuya satılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Özəlləşdirmə və Bələdiyyə Əmlakı İdarəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, 9-cu mikrorayon, ev 45 ünvanında yerləşən 15 saylı mənzil İddiaçı adına xx.xx.1993-cü il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Cavabdeh1 Ağdam rayonu, Seyidli Ə/D, Seyidli kəndində qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Ağdam rayonundan məcburi köçkün olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus Bakı şəhəri, 9-cu mikrorayon, ev 45 ünvanında yerləşən 15 saylı mənzilində heç bir hüquqi əsasları olmadan məskunlaşmışlar. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X5 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Bakı şəhəri, 9-cu mikrorayon, ev 45 ünvanında yerləşən 15 saylı mənzilinə hər hansı bir hüququ mövcud olmayan cavabdehlərin bu mənzildə yaşamaları iddiaçının mənzilə olan istifadə hüquqlarını məhdudlaşdıran haldır. Göründüyü kimi, hazırda cavabdehlər iddiaçının iradəsinə zidd olaraq sonuncuya qanuni əsaslarla məxsus olan mənzili zəbt etməklə iddiaçının həmin mənzildən istifadə etməsinə maneə yaradırlar. Belə olan halda, iddiaçı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, 9-cu mikrorayon, ev 45 ünvanında yerləşən 15 saylı mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, 9-cu mikrorayon, ev 45 ünvanında yerləşən 15 saylı mənzildən çıxarılsınlar. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-5871/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5871/2025
02.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver