Məhkəmə qərarları › İş №e-2(001)-5921/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5921/2024

04.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5921/2024 04.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 və onların nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh iştirakları ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı2, İddiaçı1 və azyaşlı övladı X1 ilə bərabər ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmə və cavabdeh tərəfindən mənzildə yaşamaqlarına yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 Cavabdeh ilə 2000-ci ilin fevral ayında rəsmi nigaha girərək ailə qurmuşlar. Ailə qurarkən cehiz əşyaları ilə bərabər ünvan 2 ünvanına köçmüşdür. Cavabdeh ilə birgə nigahlarından İddiaçı1 Elədəniz qızı və X5 anandan olmuşlar. Övladları və o, həmin ünvanda pasport qeydiyyatındadırlar. Ərazi üzrə poliklinikada qeydiyyata alınmışlar. Mübahisəli mənzil bir ailə olaraq birlikdə əlavə otaqlar tikmişlər, təmir etdirmişlər, hətta həyətlərində 90 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi inşa etdirmişlər və hazırda avtomobil servisi olaraq fəaliyyət göstərir. Cavadehlərlə tez-tez mübahisələri yaranır və haqqı olan mənzildə dinc yaşamağa imkan vermirlər. Bir neçə ay bundan öncə yenə də cavabdehlərlə aralarında ciddi mübahisə, dava-dalaş olmuş, ona xəsarət yetirmiş və hazırda Binəqədi rayon Məhkəməsində barəsində Azərbaycan Respublikası CM-nin 127-ci maddəsi ilə məhkəmə araşdırılması gedir. Cavabdeh tərəfindən tez-tez mənzildən qovulur və hətta bir neçə aylar kirayədə yaşamışlar. Tez-tez yaşadıqları evin açarları dəyişdirilir, müxtəlif bəhanələrlə onları öz evlərinə yaşamaqlarına manelər yaradır. O, uşaqları lap körpə olandan həmişə zəhmətlə pul qazanaraq evinə dəstək olmuşdur. Neçə illər cavabdehin ona qarşı etdiyi zülmlərə ailəni qoruyub saxlamaq üçün dözmüşdür. Övladlarının və onun haqqı olan evdə qorxa-qorxa daxil olur və onun etdiyi təzyiqlərə görə dəfələrlə ərazi üzrə Binəqədi RPİ-nin 43-cü PB-nə şikayət etmişlər. Belə olan halda hesab edirlər ki, yaşamağa yerləri olmadığı və mənzilə ehtiyacları olduğu üçün iki uşağı ilə bərabər haqqı olan mənzilə köçürülməlidirlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər arasında olan nikah artıq pozulub, lakin qətnamə hələ qanuni qüvvəsini almayıb. Mübahisəli mənzil ilk olaraq iki otaq olub, sonra birgə nikah dövründə evi genişləndiriblər. Uşaqları orada anadan olub və həmin mənzildə qeydiyyatdadırlar. İddiaçıların hazırda kirayədə yaşamağa maddi imkanları yoxdur. Cavabdeh mütəmadi spirtli içki qəbul edib evə gəlir, gah evin açarlarını dəyişir. Bir sözlə iddiaçılara yaşamağa imkan vermir. Hətta cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə barəsində ittiham edici hökm çıxarılmışdır. Göstədiklərini nəzrə alaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini, eləcə də nümayəndəsinin söylədikləri ilə razı olaraq göstərmişdir ki, cavabdeh onların yaşamaqlarını çətinləşdirib. Belə ki, o, 1999-cu ildə cavabdehlə ailə həyatı qurmuş və həmin mənzilə köçmüşlər. Həmin vaxt mənzildə şərait olmayıb, həyət isə ümumi olub. Sonradan birgə nikahda olarkən mətbəx, 4 otaq, evin həyətində sex və iki obyekt bir yerdə tikmişlər. Sonra ayrılmışlar və nikahın ppozulması barədə qətnamə qəbul edilib. Evdən qovularkən isə cavabdeh onu saçından tutub atıb bayıra. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, atası tərəfindən onların həmin mənzildə yaşamalarına maneələr yaradılır, yaşaya bilmirlər. 2 ildən çoxdur ki, evə gələ bilmirlər, gah gedib dayısı gildə qalır, tətildə isə rayonda 2 otaqlı mənzillərində yaşamışlar. Evi anası atası ilə birlikdə təmir ediblər, anası da maddi dəstək olubdur. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o, İddiaçı2 ilə 1999-cu ildə ailə qurub həmin evdə yaşamışlar. Uşaqları da doğulandan sonra həmin mənzildə yaşamışlar. İddiaçı2 evdə şirniyyat bişirib satırdı. Sonra dedi ki, başqa yerdə yeni yer açmaq istəyir. Elə həmin vaxtdan da, münasibətləri pisləşmişdir. Uşaqlarına o, heçnə deməmişdir. Sadəcə gecə evə gec gəldikləri üçün onlara gec gəlmələrini irad tutmuşdur. O, həmçinin evlə bağlı bildirdi ki, evə 1 mətbəx və 2 otaq əlavə tikilib, lakin özü tikmişdir. O, İddiaçı2 qazancını görməmişdir. Evə o, özü baxıb, ola bilsin ki, uşaqlarına xərcləyib. Həmçinin qeyd etdi ki, evdə söz-söhbət olmuşdur və o, ilk olaraq məhkəmənin qərarı ilə 2 ay müddətinə inzibati həbs olunub, sonra isə məhkəmə hökmü ilə 2 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Ona görə də o, iddiaçılarla prinsipə düşmüşdür. Bundan əlavə qeyd etmişdir ki, evin açarını dəyişib onu evdən qovdular, o, 7 ay küçələrdə yaşamışdır. 5 sentyabrda o, evinə buraxılmışdır. Mübahisəli evin giriş-çıxışı ayrıdır. O, son olaraq iddia tələbi ilə bağlı qeyd etdi ki, iddiaçı onu həbs etdirdiyi üçün, o, prinsipə düşmüşdür. Hazırda o, iddianı qəbul edir və iddiaçıların yaşamaq hüquqları varsa yaşamalarına etiraz etmir, çünki öz ailəsi və uşaqlarıdır. Mülki iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, 45-ci korpus, ev 45a yerləşən ümumi sahəsi 131.5 kv/metr olan mənzil 4/10 hissədə X6, 3/10 hissədə Cavabdeh və 3/10 hissə X4 adlarına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2000-ci il təvəllüdlü İddiaçı1 doğulmuş və o, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X1 doğulmuş, şəxsiyyət vəsiqəsinin ata qrafasında - Cavabdeh, ana qrafasında – İddiaçı2 qeyd edilmiş və o, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzilə digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Konstitusia Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İlk növbədə qeyd olunmalıdır ki, mənzilə köçürülmə tələbi üzrə mübahisələrin həlli ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrıayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Bundan başqa qeyd olunmalıdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X22rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Hazırki iş üzrə müəyyən edilir ki, İddiaçı2 ilə Cavabdeh ilə 1999-cu ildə rəsmi nikaha girərək ailə qurmuşlar. Həmin nikahlarından xx.xx.2000-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2010-cu il təvəllüdlü X1 anadan olmuş və onlar, hazırda ünvan 3 ünvanında qeydiyyatdadırlar. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı2 gəlin köçərkən ünvan 2 ünvanına gəlin köçmüş və tərəflərin münasibəti pisləşənədək həmin mənzildə yaşayaraq cavabdehlə birgə təsərrüfat aparmışlar. Bu hal məhkəmə iclasında iştirak edən Cavabdeh izahatı ilə də öz təsdiqini tapmışdır. Göründüyü kimi hazırki iş üzrə tərəflər arasında nikah bağlandığı vaxtdan tərəflər arasında münasibət pisləşənədək (bir neçə ay öncəyədək) bir yerdə ünvan 2 ünvanında yaşamaları işin mübahisəsiz halıdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən edilmişir ki, Cavabdeh məhkəmə iclasında qeyd etmişdir ki, iddiaçı onu həbs etdirdiyi üçün, onun, iddiaçı ilə münasibətləri pisləşdiyindən onunla birgə yaşaması mümkün deyil. Lakin hazırda o, iddiaçıların mənzildə yaşamaq hüquqları mövcuddursa onların yaşamalarına etiraz etmir, çünki öz ailəsi və uşaqlarıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə hər üç halın mövcudluğu iş üzrə mübahisəsiz qaydada təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı2, İddiaçı1 və azyaşlı övladı X1 ilə bərabər ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməli və cavabdeh tərəfindən mənzildə yaşamaqlarına yaradılmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respubliikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı2, İddiaçı1 və azyaşlı övladı X1 ilə bərabər ünvan 1 ünvanında yerləşən mənzilə köçürülsünlər və cavabdeh tərəfindən mənzildə yaşamaqlarına yaradılmış maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar