Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-599/2025 10.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Koorperativinə qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb edilməklə) “tikintiyə və istismara icazə alınması vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK üzərinə ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın tikintiyə və istismarına icazələrin alınmasının təmin olunması vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra “İddiaçı” adlandırılacaq) ilə Cavabdeh MTK (bundan sonra “Cavabdeh” adlandırılacaq) arasında 14 iyul 2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən binanın 1-ci girişin 2-ci mərtəbəsində ümumi sahəsi 107.6 kv.m olan 2 otaqlı 6 saylı mənzil iddiaçıya satılmışdır. İddiaçı tərəfindən mənzilin dəyəri, yəni 110.000 (bir yüz on min) manat məbləği tam şəkildə ödənilmişdir. Buna dair cavabdeh tərəfindən 14 iyul 2020-ci il tarixli Maliyyə arayışı verilmişdir. Həmin mənzildə iddiaçı öz ailəsi ilə birlikdə yaşayır. Müqavilənin 2.1.1-ci bəndinə əsasən, Satıcı tikinti-quraşdırma işlərini layihə sənədlərinə müvafiq olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə yerinə yetirilmiş vəziyyətdə Alıcıya təhvil verməyi öz öhdəsinə götürmüşdür. İddiaçı sözügedən mənzilin dövlət reyestrindən Çıxarışın və Texniki pasportunun alınması ilə bağlı ƏMDX-nin DƏDKR –nın 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********71 nömrəli cavab məktubunda göstərilmişdir ki, sözügedən ünvanda yerləşən yaşayış binasının istismara icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Buna görə də mənzilə dair çıxarışın verilməsi mümkün deyil. Onu da qeyd etmək istəyirik ki, iddiaçının digər qonşusu da vaxtılə çıxarışın alınması ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, eyni cavabı da almışdır. İddiaçı pretenziya məktubu ilə cavabdehə müraciət edərək, sözügedən çoxmərtəbəli binaya istismara dair icazənin alınmasının təmin etməyini xahiş etmişdir. Lakin iddiaçının müraciəti nəticəsiz qalmışdır. Nəticə etibarı ilə iddiaçı yaşadığı mənzilə dair çıxarışıala bilmir, öz mülkiyyəti üzərində tam şəkildə sərəncam verə bilmir. Bu da öz növbəsində iddiaçının mülkiyyət hüquqularının məhdudlaşdırılmasına gətirib çıxarır. Yuxarıda göstərilən normalardan göründüyü kimi, cavabdeh tikinti obyektinin sifarişçisi kimi istismara icazənin alınması üçün müvafiq orqana, yəni AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etməli idi. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2024-cü il tarixli 3-35-1/2-Q-554- 36-1647/2024 saylı məktubla bildirmişdir ki, sözügedən ünvandakı yaşayış binasının üzərində inşa edilmiş əlavə 15-ci yaşayış mərtəbəsinin tikintiquraşdırma işləri şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla, yəni müvafiq qaydada tikintiyə icazə sənədi alınmadan aparılmışdır. Bu səbəbdən yaşayış binasının istismarına icazə verilməsi qanunauyğun hesab edilməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh təşkilati hüquqi formasına görə MTK sayılır. Ola bilsin ki, müqavilə şablonunda şirkətin adı əvvəldə olduğu kimi MMC olaraq, göstərilmişdir. Nəzərə alınmalıdır ki, möhürdə təşkilati forma MTK kimi qeyd edilib. Cavabdeh keçən məhkəmə iclasında cavabdehin nümayəndəsi özü də etiraf etdi ki, aidiyyəti orqana müraciət etmək vəzifələri var, müvafiq olaraq müraciət edilib və ediləcək. Halbuki, həmin iclasdan sonra cavabdeh tərəfindən aiddiyyəti quruma müraciət edilmiş olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, cavabdehin nümayəndəsinin etiraf məzmunlu izahatı nəzərə alınmaqla, iddianın təmin edilməsini xahiş edir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Tikintiyə və istismara icazənin alınması “Kristal-F" Mənzil-Tikinti Koorperativindən asılı deyildir. Belə ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Yaşayış binasının istismara verilməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Lakin məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri məsələ ilə bağlı rəhbərlikləri bir daha danışacaqlarını bildirmişlər. Bundan başqa bildirir ki, "tikintiyə və istismara icazənin alınmasında “Kristal-F" Mənzil-Tikinti Koorperativi özü də maraqlıdır. Lakin müxtəlif dövlət qurumlarının məsələ ilə bağlı qoyduqları şərt o biri qurumun şərti ilə üst-üstə düşmür. “Kristal-F" Mənzil-Tikinti Koorperativi tərəfindən istismara hazırlıq aktı xx.xx.2020-ci il tarixdə alınmışdır. Bina tam hazır olsa da, binada hazırda çıxarış alan sakin yoxdur. Bununla bağlı məhkəməyə müraciət edənlər barədə isə məlumatı yoxdur. Tərəflərindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və digər qurumlara müraciətlər edilmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar:
7. Cavabdeh MMC ilə (möhür Cavabdeh MTK) İddiaçı arasında bağlanmış 14 iyul 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC (satıcı) ünvan 1 saylı yaşayış binasının Şimal hissəsində inşa etdiyi yüksəkmərtəbəli 1 girişli yaşayış binasından mənzili Alıcının mülkiyyətinə verir, alıcı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən qaydada Satıcıya ödəyir. Satıcı müqavilənin 2.1.1-ci maddəsində sadalanan tikinti-quraşdırma işlərini layihə sənədlərinə müvafiq olaraq, qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə yerinə yetirilmiş vəziyyətdə alıcıya verməyi öhdəsinə götürür. Müqavilənin 2.2.1-ci maddəsinə əsasən Alıcı yuxarıda göstərilən yaşayış binasının 1-ci girişinin, 2-ci mərtəbəsində yerləşən, 6 saylı, ümumi sahəsi 107,6 kv.m-dən ibarət olan 2 otaqlı, mənzilin ümumi dəyərini 110000 manat tam ödəmişdir.
8. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh MTK-nın ünvan 1 saylı binanın Şimal hissəsində inşa etdiyi 1-girişli binanın 2-ci mərtəbəsində yerləşən 107.6 kv.m, 2 otaqlı, 6 saylı mənzil ona məxsusdur və mənzilin ümumi dəyərini tam ödəmişdir. MTK-ya borcu yoxdur.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir: ünvan 4 ünvanda inşa edilmiş yaşayış binasında yerləşən 6 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2024-cü il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır.
10. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir: ünvan 5 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş yaşayış binasının istismarına icazə verilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətinizə baxılmışdır. Məlumat üçün bildiririk ki, tikintisinə icazə tələb olunan inşası başa çatmış tikinti obyektlərinin istismarına icazə verilməsi üzrə icraat Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli "Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı"nın təsdiq edilməsi haqqında Qərarının tələblərinə uyğun olaraq zəruri sənədlər tam tərkibdə təqdim edildikdən sonra həyata keçirilir və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102.2-ci maddəsinə əsasən tikinti obyekti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda, tikinti obyekti müayinə edildikdən və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra istismarına icazə verilir. Bildiririk ki, sözügedən ünvandakı yaşayış binasının üzərində inşa edilmiş əlavə 15-ci yaşayış mərtəbəsinin tikinti-quraşdırma işləri şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla, yəni müvafiq qaydada tikintiyə icazə sənədi alınmadan aparılmışdır. Bu səbəbdən yaşayış binanın istismarına icazə verilməsi qanunauyğun hesab edilməmiş və bu barədə bina sakinlərinin öncə daxil olmuş eyniməzmunlu müraciətinə Baş İdarənin xx.xx.2023-cü il tarixli 3-35/2-Kol-52-36-163/2023 nömrəli məktubu ilə cavab verilmiş, həmçinin Cavabdehnə məlumat verilmişdir. “Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki hallar
11. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanan 14 iyul 2020-ci il tarixlı alğısatqı müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən binanın 1-ci girişin 2-ci mərtəbəsində ümumi sahəsi 107.6 kv.m olan 2 otaqlı 6 saylı mənzili almış, dəyərini, yəni 110.000 manat məbləği tam şəkildə ödəmişdir. İddiaçı sözügedən mənzilin dövlət reyestrindən çıxarışın və texniki pasportunun alınması ilə bağlı ƏMDX-nin DƏDKR –nın 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdikdə, məlum olmuşdur ki, yaşayış binasının istismarına icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir.
12. Hazırda iddiaçı Cavabdeh MTK üzərinə ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın tikintiyə və istismarına icazələrin alınmasının təmin olunması vəzifəsinin qoyulması xahiş edir.
13. Cavabdehin nümayəndəsi isə iddia tələbini qəbul etməyərək, istismar üçün tələb edilən icazəyə görə əslində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və digər qurumlara müraciətlər edildiyini bildirmiş, lakin etirazını əsaslandıra biləcək sübutları məhkəməyə təqdim etməmişdir.
14. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna görə müəyyən edildi ki, əslində ünvan 5 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş yaşayış binasının üzərində əlavə 15-ci yaşayış mərtəbəsi tikinti-quraşdırma işləri şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla, yəni müvafiq qaydada tikintiyə icazə sənədi alınmadan aparıldığından, yaşayış binanın istismarına icazə verilməsi qanunauyğun hesab edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
16. 178.8-ci maddəsinə əsasən( xx.xx.2018-ci il tarixdə olan yeni redaksiyada) tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissəhissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.[
17. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
18. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
19. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;
20. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər;
21. 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
22. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
23. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz;
24. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır;
25. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür;
26. 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
27. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
28. Məhkəmənin qənaətinə görə tərəflər arasında bağlanmış müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir və tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Hansı ki, belə münasibətlərdə podratçı müqavilədə göstərilən öhdəliklərlə yanaşı tikintinin istismarına icazə almaq vəzifəsi də daşıyır. İşin müəyyən edilmiş hallarından görünür ki, sifarişçi müqavilə ilə nəzərdə tutulan muzdu ödəsə də, podratçı tikintinin istismarına icazə ala bilməmiş və nəticədə bina istismara qəbul edilməmişdir. Bu hal sifarişçinin yaşayış sahəsinin tərkib hissəsinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmasına imkan vermir. Cavabdeh həmin halın onlardan asılı olmayan səbəbə görə baş verdiyini iddia etsə də, etirazının dəlillərini sübut edə bilməmişdir. Əksinə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, podratçı yaşayış binasının üzərində inşa edilmiş əlavə 15-ci yaşayış mərtəbəsini şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla, yəni müvafiq qaydada tikintiyə icazə sənədi alınmadan apardığına görə tikintinin istismarına icazə verilməmişdir.
29. Odur ki, "xxxx" Mənzil-Tikinti Koorperativinin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan onun üzərinə ünvan 1 ünvanında yerləşən tikilinin (çoxmənzilli binanın) istismarına icazənin alınması vəzifəsi qoyulmalıdır. Tətbiq edilən prosessual normalar:
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
31. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
35. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Mənzil-Tikinti Koorperativinin üzərinə ünvan 1 ünvanında yerləşən tikilinin (çoxmənzilli binanın) istismarına icazənin alınması vəzifəsi qoyulmalıdır.
36. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin edilsin. Cavabdeh "xxxx" Mənzil-Tikinti Koorperativinin üzərinə ünvan 1 ünvanında yerləşən tikilinin (çoxmənzilli binanın) istismarına icazənin alınması vəzifəsi qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev