Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6032/2025 28.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nın 30 nömrəli şəhər poliklinikasına (“Bakı Baş Səhiyyə Mərkəzi” X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nın 30 nömrəli şəhər poliklinikasına (“Bakı Baş Səhiyyə Mərkəzi” X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdeh "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nın 30 nömrəli şəhər poliklinikasına (“Bakı Baş Səhiyyə Mərkəzi” X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmrin ləğv edilməsi, işə bərpa və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, 183 saylı əmrin ləvğ edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, onunla müddətsiz əmək müqaviləsinin bağlanmasına və məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 2 saylı Bakı Dəmiryol Poliklinikasında tibb bacısı vəzifəsində işləmişdir. xx.xx.2025-ci il tarixdə 98 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmiş, beş ildən artıq həmin müəssisədə fasiləsiz işləməsinə baxmayaraq 14 may 2025-ci il tarixdə, xxxxxxx000200 saylı əmrlə onunla 3 aylıq əmək müqaviləsi bağlanılaraq Azərbaycan Respublikası Cavabdeh X3 “Bakı Baş Səhiyyə Mərkəzi” X3 30 nömrəli şəhər poliklinikasında “Şüa” diaqnostika şöbəsində tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 avqust 2024-cü il tarixli, 378 saylı qərarına əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin 2 saylı Bakı Dəmir Yolu Poliklinikası” MMC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilmişdir. Bundan sonra həmin müəssisə Azərbaycan Respublikası Cavabdehn tabeliyində “Bakı Baş Səhiyyə Mərkəzi” X1 30 nömrəli şəhər poliklinikası olaraq fəaliyyətini davam etdirmişdir və onun hüquqi varisidir. İddiaçı işlədiyi müddətdə daim öz əmək funksiyalarını vicdanla yerinə yetirmiş, kollektivdə nümunəvi işçi kimi fərqlənmiş və müsbət xarakterizə edilmişdir. xx.xx.2025-ci il tarixli, 183 nömrəli əmrlə AR Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə müddətinin qurtarması ilə əlaqədar olaraq xitam verilmişdir. İddiaçı beş ildən artıq həmin müəssisədə fasiləsiz işləməsinə baxmayaraq onunla müddətli müqavilə bağlanmışdır. Halbuki iddiaçı yenidən eyni vəzifədə - yəni, tibb bacısı vəzifəsində işləməyə davam etmişdir. İddiaçı 12 avqust 2025-ci il tarixdə həmişə olduğu kimi işlədiyi “Bakı Baş Səhiyyə Mərkəzi” X1 30 nömrəli şəhər poliklinikasına iş gedib insan resursları şöbəsinə daxil olaraq həmin gün işə gəlməsinin təsdiqi üçün tərtib edilmiş işçilərin işə davamiyyət kitabçasına imza atarkən insan resursları şöbəsinin əməkdaşı onunla bağlanılmış əmək müqaviləsinin müddətinin bitməsini bildirərək növbəti gündən işə gəlməməsini bildirmiş, İddiaçı isə növbəti gün gedib özünə məxsus əmək kitabçasını və işdən azad edilməsinə dair əmrin surətini götürmüşdür. Həmin günədək iddiaçıya nə şifahi qaydada işdən azad ediləcəyi bildirilmiş, nə də bununla bağlı yazılı xəbərdarlıq məktubu verilmişdir. Həmçinin iddiaçının ƏMAS-da olan şəxsi kabinetinə baxış keçirdikdə cavabdeh tərəfindən onun işdən azad ediləcəyi ilə bağlı xəbərdarlıq bildirişinin sistemə yerləşdirilmədiyini müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı verilmiş əmrin tamamilə qeyri-qanuni və əsassız olduğunu hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İddia ərizəsinə qarşı yazılı etiraz
3. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ iddia tələbinə dair yazılı etiraz təqdim edərək iddia tələbini qəbul etmədiklərini bildirmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd ediləndən fərqli olaraq iddiaçıya işdən azad olunacağı barədə ƏMAS vasitəsi ilə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq bildirişi göndərilmiş və buna dair təsdiqedici sənədlər mövcuddur. Həmçinin iddia tələbinin əmək müqaviləsinin müddətsiz bağlanması hissəsinə münasibətdə qeyd edilmişdir ki, iddiaçının tibb bacısı olaraq praktik tibbi fəaliyyətinə buraxılması üçün sertifikasiyadan keçməsini təsdiqləyən sertifikasiya şəhadətnaməsi olmadığından və buna görə işəgötürənə təqdim edilmədiyindən iddiaçı ilə eyni şərtlə, yəni müddətsiz əmək müqaviləsinin bağlanması mümkünsüz olmuşdur. İddiaçı əvvəlki iş yerində 20 ildən çox sertifikatsız işləmiş, sonradan həmin müəssisə 2 saylı Bakı Dəmir Yolu Poliklinikası Mərkəzinə qoşulmuş və Mərkəz yenidən təşkil olunmuşdur. İşçilər yenidən işə götürülərkən bir qrup işçidə sertifikatların olmaması məlum olmuş və onlarla qarşılıqlı razılıq əsasında 3 aylıq müddətə müqavilə bağlanılmışdır. Müqavilə bağlanılarkən eyni zamanda 3 aylıq müddətdə iddiaçıya dəfələrlə sertifikasiyadan keçməli olduğu, keçmədiyi təqdirdə müqaviləyə 3 ayın tamamında xitam veriləcəyi bildirilmişdir. Lakin iddiaçı müəyyən olunan 3 ay ərzində sertifikasiyadan keçməmişdir. Bu səbəbdən də sertifikasiya olmayan işçi ilə müddətsiz əmək müqaviləsinin bağlanması mümkünsüzdür. Çünki praktik tibb fəaliyyəti ilə məşğul olmaq üçün işçinin qüvvədə olan sertifikasiya şəhadətnaməsi olmalıdır. Üçüncü şəxs həmçinin etirazda qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2025-ci il tarixli əmək müqaviləsinin ləğvi ilə bağlı cavabdeh qismində 30 nömrəli şəhər poliklinikasını cəlb edilmişdir. Lakin tərəflər arasında əmək müqaviləsi olmadığından və ümumiyyətlə poliklinika ayrıca hüquqi şəxs olmadığından məhkəmədə tərəf qismində çıxış edə bilməz və bu səbəbdən iddia tam əsassızdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndsi-vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş edərək bildirdi ki, iddiaçı 1998-ci ilin dekabr ayından 2025-ci ilin mayının 13-nə qədər 2 saylı Bakı Dəmiryol Poliklinkasında tibb bacısı kimi işləmişdir. 2024-cü ildə isə Nazirlər Kabinetinin 21 avqust 2024-cü il tarixli, 378 saylı qərarına əsasən 02 saylı Bakı Dəmiryol Poliklinkası TƏBİB-in tabeçiliyinə keçəndə 30 saylı Bakı Dəmiryol Poliklinkası adlandırılmışdır. 2025ci ilin 13 mayında iddiaçı ilə əmək müqaviləsinə xitam verilir, daha sonra isə 14 may tarixində 30 saylı şəhər Poliklinkası yenidən iddiaçı ilə tibb bacısı kimi 03 aylıq müddətinə əmək müqaviləsi bağlayır. 12 avqust 2025-ci il tarixində isə iddiaçının əmək müqaviləsinin müddətinin bitməsinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilir. Qanunvericiliyə əsasən müddətli əmək müqaviləsinə 1 həftə qabaqcadan xəbərdarlıq edilməklə xitam verilməli olduğu halda iddiaçıya qabaqcadan hər hansı bir məlumat verilmədən onun əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçı ilə müddətli müqavilənin bağlanması yolverilməzdir. Belə ki, tərəf müəssisədə fasiləsiz olaraq 5 ildən artıq müddətə işləməsinə baxmayaraq, onunla müddətli əmək müqaviləsi bağlanmışdır.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 iddia ərizəsinə qarşı təqdim edilmiş yazılı etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini qəbul etmədiklərini bildirdi. Əlavə olaraq isə qeyd etdi ki, iddiaçı uzun müddət ayrı bir müəssisədə fəaliyyət göstərmişdir. Daha sonrada müəssisə “TƏBİB”in tabeliyinə verilmişdir. Lakin iddiaçı həmin müəssisədə deyil, tamamailə ayrı müəssiədə fəaliyyət göstərməyə başlamışdır. Eyni zamanda iddiaçı tibb fəaliyəti ilə bağlı sertifkasiyadan keçmədiyi üçün onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Belə ki, 3 ay müddətinə iddiaçı sertifkasiyadan keçsə idi, onunla müqavilə yenilənəcəkdi. İddiaçının ona xəbərdarlıq edilməməsi ilə bağlı əsasına münasibətdə isə qeyd etdi ki, Mərkəz tərəfindən iddiaçıya əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Mərkəz iddiaçını “Əmək və Məşğulluq” altsistemi olan ƏMAS sistemində mövcud hesabı vasitəsilə xəbərdar etmişdir. xx.xx.2025-ci il tarixində göndərilmiş bildiriş də təsdiqləyir ki, Mərkəz işçini əmək müqaviləsinin müddətinin bitməsinə bir həftə qalmış elektron informasıya sistemi olan ƏMAS vasitəsilə xəbərdar etmişdir. İddiaçının şəxsi kabinetinə baxış keçirdikdə cavabdeh tərəfindən onun işdən azad ediləcəyi ilə bağlı xəbərdarlıq bildirişinin sistemə yerləşdirilməməsi barədə mülahizəsi həqiqətə əks etdirmir. Həmin bildiriş iddiaçının əmək qanunvericiliyinin tələbinə uyğun şəkildə və müddətdə Mərkəz tərəfindən məlumatlandırıldığını təsdiq etməkdədir. İddia ərizəsində əmrin ləğv edilməsi üçün digər bir əsas olaraq müqavilənin müddətli bağlanması qeyd olunmuşdur. Həmin hissədə bildirdi ki, işəgötürənlə iddiaçı arasında bağlanmış 14 may 2025-ci il tarixdə əmək müqaviləsinə əsasən müqavilədə nəzərdə tutulmuş xidmətin əvvəlcədən daimi xarakterli olmasının bəlli olmasına və iddiaçı 5 ildən artıq müddətə həmin müəssisədə fasiləsiz işləməsinə baxmayaraq, eləcə də əvvəlki eyni vəzifə üzrə - yəni tibbi bacısı vəzifəsi üzrə müddətli əmək müqaviləsi bağlanmışdır.
Mülki işin materialları:
6. Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, iddiaçı tərəf mediasiya prosesində iştirak etsə də cavabdeh tərəf iştirak etməmişdir, bununla da tərəflər arasında barışıq əldə edilməmişdir.
7. Əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1998-ci il tarixdə 2 saylı Bakı Dəmiryol Poliknikasında işə başlamış, xx.xx.2017-ci il tarixdə Poliklinikanın adı dəyişdirilərək, 2 saylı Bakı Dəmiryol Poliklinikası MMC adlandırılmışdır. xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (öz təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2025-ci il tarixdə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 30 nömrəli şəhər poliklinikasında tibbi bacısı vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsi müddətinin bitməsi) əsasən əmək müqaviləsinə xitam verilmişdir.
8. xx.xx.2025-ci il tarixli Əmək müqaviləsindən görünür ki, İddiaçı ilə 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır.
9. xx.xx.2025-ci il tarixli, 183 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin müddətinin qurtarması” səbəbi ilə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir.
10. Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdən görünür ki, “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-i tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixdə məlumat göndərilərək xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə məlumat göndərilmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
11. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin 8-ci bəndində göstərilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
12. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
13. 45-ci maddəsinin 3-cü bəndinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
14. 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
15. 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
16. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanıla bilər.
17. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
18. 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.
19. 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
20. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
21. Məhkəmə qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.
22. 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir.
23. 12-ci maddəsinə əsasən Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri və məsuliyyətindən biri də əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaqdır.
24. Məcəllənin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
25. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
26. Məhkəmə həmçinin iddianın əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab edilməsi hissəni araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə əsasladır. Buna görə də təmin edilməlidir.
27. Əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İşin müəyyən edilmiş halına görə iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətli olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur.
28. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olan halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, 47-ci maddədə müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İşəgötürən “f” bəndinə istinad edərək hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradənin ifadə olunması üçün əvvəlcə iradə olmalı, daha sonra o, ifadə olunmalıdır. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün müddətə münasibətdə iradənin olub-olmadığı aydınlaşdırılmalıdır. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradənin olub-olmaması motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. İşəgötürənin müddətə münasibətdə iradəsi var, çünki motiv müəyyən olunur. Lakin işçinin motivi müəyyən olunmur: işçinin izahatından görünür ki, müddətə münasibətdə onun motivi (dərk olunmuş marağı) yoxdur, işəgötürənin nümayəndəsi isə bunun əksini təsdiq edən sübut təqdim edə bilmir. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Müqavilədə işçinin imzasının olması isə müddətə münasibətdə iradə ifadəsi sayıla bilməz.
29. Müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmadığına görə hesab olunur ki, “f” bəndində göstərilən qarşılıqlı razılıq yoxdur. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər 2 tərəfin razılığı nəzərdə tutulur. İşçinin razılığı olmadığına görə qalır 1 razılıq işəgötürənin razılığı. İşəgötürənin razılığı isə “f” bəndinə uyğun hüquqi nəticə yaratmağa yönəlməyib. Əmək Məcəlləsinin 51-ci maddəsində əmək müqaviləsini 3 aylıq sınaq müddəti ilə bağlamaq imkanı müəyyən edilib, “f” bəndindən bu məqsədlə istifadə oluna bilməz. Əgər işəgötürən müqavilənin müddətli bağlanmasına işçinin həqiqi razılığını almaq istəyirdisə, əvvəlcə müddətlə bağlı öz məqsədini ona bildirməli idi. Çünki “f” bəndindən görünür ki, istənilən razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prisipinə əməl edilməklə əldə olunmuş razılıq müqavilənin müddətli bağlanmasına əsas verir.
30. Göründüyü kimi iddiaçı ilə bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə iddiaçının iradə ifadəsi olmadan, çalışdığı müəssisənin çevrilməsi nəticəsində xx.xx.2025-ci il tarixdə işdən azad edilərək xx.xx.2025-ci il tarixdə yenidən işə qəbul edilmişdir.
31. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə iddiaçının işdən öz ərizəsi ilə çıxması onun iradə ifadəsindən asılı olmayan səbəblərdən olmuşdur. Belə ki, həmin dövrdə işçilər, o cümlədən iddiaçı baş vermiş struktur dəyişikliyi ilə əlaqədar işdən azad edilmiş və yenidən (bir gün sonra) işə qəbul edilmişlər.
32. Məhkəmə hesab edir ki, iddiaçının fasiləsiz olaraq 5 ildən artıq müddətdə eyni müəssisədə (struktur dəyişikliyi nəzərə alınmaqla) işlədiyindən onunla bağlanmış əmək müqaviləsi müddətsiz bağlanmış əmək müqaviləsi hesab edilməlidir.
33. Belə olan halda məhkəmə qeyd edir ki, “Bakı Baş Səhiyyə Mərkəzi” X2 ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə müddətin başa çatması ilə xx.xx.2025-ci il tarixdən xitam verilməsinə dair əmri qanunsuz hesab edilməli, iddiaçı əvvəlki işinə bərpa edilməlidir.
34. Həmçinin məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçıya işə bərpa olunduqdan sonra məcburi işburaxmaya görə ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq ödənilməlidir.
35. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsi müddətsiz hesab edilməli, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nın 30 nömrəli şəhər poliklinikasının 183 nömrəli, xx.xx.2025ci il tarixli xitam əmri ləğv edilməli, İddiaçı "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nın 30 nömrəli şəhər poliklinikasında əvvəlki vəzifəsinə - Şua diaqnostika şöbəsinin tibb bacısı vəzifəsinə bərpa edilməli, cavabdeh "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nın 30 nömrəli şəhər poliklinikası tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2025-ci il tarixdən işə bərpa edilən günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
36. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
37. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
38. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 119.2 və "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.2, 9.1.1-ci maddələrinə əsasən 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ :
İddiaçı cavabdeh "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nın 30 nömrəli şəhər poliklinikasına (“Bakı Baş Səhiyyə Mərkəzi” X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair iddiası təmin edilsin. İddiaçı ilə cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi PHŞ arasında bağlanmış xx.xx.2025ci il tarixli əmək müqaviləsi müddətsiz hesab edilsin. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nın 30 nömrəli şəhər poliklinikasının 183 nömrəli, xx.xx.2025-ci il tarixli xitam əmri ləğv edilsin. İddiaçı "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nın 30 nömrəli şəhər poliklinikasında əvvəlki vəzifəsinə - Şua diaqnostika şöbəsinin tibb bacısı vəzifəsinə bərpa edilsin. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nın 30 nömrəli şəhər poliklinikası tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2025-ci il tarixdən işə bərpa edilən günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Cavabdeh "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nın 30 nömrəli şəhər poliklinikasından 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova