Məhkəmə qərarları › İş №e-2(001)-607/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-607/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-607/2025 19.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X4 Hüseynağa qızının sədrliyi Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndələri X2, Nümayəndə3 Cavadeh Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 2375.33 manat borcunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi”nə dair 19 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2021-ci il tarixlərində xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür. Qarşı bank bu əməliyyat üçün chargeback sorğusu yaratmış və udmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh bankın hesabına 2375.33 manat məbləğində əsassız varlanmışdır. 21 sentyabr 2023-cü il tarixində tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə razılaşma əldə edilsə də, borc məbləği tam olaraq ödənilməmişdir. İddiaçının nümayəndələri məhkəmədə iştiak edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia ərizəsi əsassızdır, 2021-ci ildə onun kartına xaricdən vəsait daxil olub və həmin pul xərçəng xəstəsi üçün toplanıb və məbləğin hamısı bacısının yoldaşı Yaşara verilib. Həmçinin xx.xx.2024-cü il tarixdə yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, 2021-ci ilin oktyabr ayında xaricdən onun "xxxx" ASC (ATB) kartına pul gəldi (bacısının həyat yoldaşı Yaşar Bəylərovun xahişi ilə xərçəng xəstəsi üçün yardım toplanıb və yığılan vəsaitin 100%-i Yaşara verilib). 6-7 ay sonra ATB bankdan sms aldı ki, debet kartı mənfidir. Bankdan soruşdu ki, debet kartı necə mənfi ola bilər?! Dedilər ki, narahat olmayın, bank anlaşılmazlığı həll edəcək. 2023-cü ilin sentyabrında (iki il sonra) ona məhkəməyə çağırış sms-i gəldi (ATB iddia tələbinə dair). Bankdan səbəbini soruşdu, dedilər ki, ona xaricdən gələn vəsaitlərin bir qisminə görə banka ziyan dəyib. Bank məhkəmə iddiasını təzyiq kimi istifadə edərək formal olaraq ona "overdraft" borc müqaviləsi imzalatdırdı. Yaşar onun banka olan borc öhdiliyini öz üzərinə götürdü (bu şərtlə ki, bank uğradığı ziyanı subut edəcək). ATB bank kartını bacısının həyat yoldaşı Yaşarın xahişi ilə almışdı (onun xəstə dostuna gələcək vəsait üçün. Kartlarda limit olduğuna görə çox sayda karta ehtiyac olduğunu bildirmişdi). Təxminən bir ay əvvəl ATB bankdan ona məktub gəldi ki, ödəniş etməsə məhkəməyə müraciət edəcəklər. O da həmin məktubu Yaşara göstərdi ki, yoluna qoysun. Yaşar da bildirdi ki, dəfələrlə ATB banka müraciət etmişdir ki, dəymiş ziyanın subutlarını əldə edsin, lakin əfsuslar olsun ki, ATB bank subutları təqdim etmir. Bu səbəbdən də ödəməni dayandırıb. Nəhayət xx.xx.2024-cü il tarixində Yaşarın vəkili Kərimxan Əsədov bu mövzuda (bank tərəfindən, ziyana uğramağa aid subutların təqdim olunması üçün) Azər-Türk Bank" ASC-nin rəhbərliyinə rəsmi sorğu məktubu göndərdi. Bu günədək sorğuya cavab almamışlar. Hesab edir ki, iddia ərizəsi tam əsassızdır, belə ki, iddianın əsasını təşkil edəcək əsas subut sənədi "Refund"-vəsaitlərin geri qaytarılması haqda hesabdan çıxarış mövcud deyildir və iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. xx.xx.2023 tarixli razılaşmanın bağlanması prosesində o aldadılmışdır, hədə təsiri altında əqdi bağlamağa məcbur edilmişdir. Odur ki, etibarsız əqd əsasında ondan hansısa bir məbləğin tələb edilməsi əsassızdır. Bu səbəbdən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. xx.xx.2024-cü il tarixdə Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, bank məhrum olduğunu subut edə bilmir. Bu subut kartına mədaxil edən xarici banka 3007,23 manat məbləğin (xx.xx.2023 tarixli overdraft razılaşmasında göstərilən) geri qaytarılmasını təsdiq edən hesabdan çıxarışdır. Bu sənədin adı «REFUND»-dur - yəni, vəsaitin geri qaytarılması. İddiaçı məhrum olmayıbsa, cavabdeh də onun hesabına varlanmamışdır. xx.xx.2024 tarixində e-mehkeme portalına iddiaçı tərəfindən yerləşdirilən dispute sənədi mübahisə sənədidir. Bu sənədi bankın məhrum olma sənədi kimi təqdim etmək, məhkəməni aldatmaq məqsədi daşıyır. Hətta bu sənədin özündə belə göstərilir ki, «REFUND» sıfırdır, yəni vəsait geri qaytarılmayıb. Bu sənəddə kartına gələn pulun əməliyyat təfərrüatları əks olunub: əməliyyat 3D güvənlik sistemini keçərək, uğurlu olmuş, fraud yükü sıfır. Təccüblüdür ki, İddiaçı ASC bu mübahisəni necə uduzub?! (təqdim olunan sənəddə əksini tapmayıb) Bəs mənə gələn pulun geri qaytarılması «REFUND» ilə bağlı əməliyyat təfərrüatları haradadır?! İddianın əsasını təşkil edən sübut «REFUND» (vəsaitlərin geri qaytarılması haqqında hesabdan çıxarış) mövcud deyildir və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. xx.xx.2025-ci il tarixdə Cavabdeh ərizə məhkəməyə müraciət edərək bildirmişdir ki, həm Azərbaycanda, həm də xaricdə tanıdığı bank mütəxəssisləri ilə məslətləşərək bilgilər əldə etmişdir. Belə ki, Visa və MasterCard beynəlxalq ödəniş sistemlərində chargeback prosesi ciddi qaydalar çərçivəsində həyata keçirilir və bankın razılığı olmadan sistemin bankın hesabından vəsaiti silməsi mümkün deyil. İddiaçıASC iddia edir ki, onun hesabından Visa və MasterCard etiraz olunan məbləği silib. 1. Chargeback(geri ödəmə) prosesində pulun bankdan silinməsi necə baş verir? Müştəri (kart sahibi) ödənişi mübahisələndirir və issuer bankına (kartı buraxan banka) şikayət edir. İssuer bank acquirer banka (İddiaçıASC) müraciət edir. Acquirer bank müştərisindən sübut tələb edir. Ondan kimsə tələb etməyib. Ödəniş İddiaçıASC-nin linki vasitəsi ilə həyata keçirilib və qəbzi var idi. Əgər acquirer sübut təqdim edə bilməsə və ya təqdim olunan sübutlar Visa/MasterCard qaydalarına uyğun gəlməsə, Visa/MasterCard mübahisəni kart sahibinin xeyrinə həll edə bilər. Bu halda, acquirer bankın hesabından mübahisəli məbləğ silinir və issuer banka qaytarılır. 2. Visa/MasterCard bankın hesabından pulu hansı sənədlərə əsasən silir? Əgər İddiaçıASC iddia edirsə ki, onun hesabından vəsait Visa/MasterCard tərəfindən silinib, bunu təsdiq edən aşağıdakı sənədləri təqdim etməlidir: Chargeback Notification (Chargeback Bildirişi) – Visa/MasterCard tərəfindən İddiaçıASC-in aldığı rəsmi bildiriş. Arbitration Ruling (Arbitraj Qərarı) – Əgər İddiaçıASC mübahisəni uduzubsa, Visa/MasterCard tərəfindən çıxarılan son qərar sənədi. Clearing & Settlement Report (Təmizləmə və Hesablaşma Hesabatı) – İddiaçıASC-nin hesabından məbləğin silindiyini göstərən Visa/MasterCard sistemindən çıxarış. Case File (Mübahisə Dosyesi) –İddiaçıASC mübahisə prosesində təqdim etdiyi və Visa/MasterCard tərəfindən cavab verilən sənədlər. X3 (İddiaçıASC Hesab çıxarışı, əməliyyatların təfərrüatı ilə) – İddiaçıASC -nin Visa/MasterCard sistemindən aldığı ödəniş hesabatı. Əgər İddiaçı ASC Visa/MasterCard sisteminə qarşı mübahisəni uduzubsa, bu bankın öz riski və məsuliyyətidir, çünki chargeback prosesi banklararası bir məsələdir, müştəriyə birbaşa təsir etməməlidir. İddiaçıASC məndən pul tələb edirsə, yuxarıda göstərilən sənədləri ona təqdim etməlidir. Sənədlər azərbaycan dilində, hər kəsən anlaya biləyəcəyi, hüquqi qüvvəyə malik,yəni möhürlü,imzalı olmalıdır. Bu sənədlər əməliyyatın həqiqiliyini və tam şəffaflığını təmin edir. Bir il o, İddiaçıASC-dan bu sənədləri tələb etdi, 6-ci aydır məhkəmə prosessi gedir, məhkəməyə təqdim olunmadı. Demək olar ki, müştəriyə bir saat ərzində təqdim oluna bilən sənədlər, bir il altı aydır ki, cavabdehə və məhkəməyə təqdim olunmursa, deməli yoxdur bankın ziyanını təsdiq edən sənədlər mövcud deyildir. Yəni bank ona görə ziyana uğramamışdir. Əksinə onun hesabına 631,90 manat əsassız olaraq varlanmışdır. Bu səbəbdən, İddiaçı ASC-nin təqdim etdiyi heç bir sənəd banka maddi ziyan dəydiyini təsdiq edən sənəd deyildir və bankın iddiasının təmin olunmasında subut kimi istifadə edilə bilməz kimi qeyd etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Əsaslandırıcı hissə: İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №******************** saylı fiziki şəxslərə ödəniş kartının verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinin surətindən görünür ki, Cavabdeh 3 il müddətinə MC World ATB Card Debit PayPass tipli kart hesabı açılmışdır. Müqavilənin 2.4-cü bəndindən görünür ki, müştəri Xidmət Müqaviləsini imzalamaqla razılaşır ki, bank tərəfindən özünün rəsmi internet səhifəsi üzərindən yaxud bunun üçün xüsusi yaradılmış digər elektron vasitələrlə bankın tətbiq etdiyi yazılı formada tərtib edilmiş sənədin mübadiləsi vasitəsilə ona kredit verilməsi (kredit xətti ayrılması) təklifi təqdim edilə bilər. Belə bir təklif göndərildiyi zaman müştəri Banka təqdim etdiyi mobil telefon nömrəsi vasitəsilə ona göndərilmiş avtomatik birdəfəlik kodu (OTP) daxil etməklə "Standart Şərtlər’in və bu xidmət müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılan müvafiq kreditinin (kredit xəttinin) şərtlərini özündə əks etdirən əlavə(lər)in şərtləri ilə razı olduğunu bildirir və kredit (kredit xətti) müqaviləsi bağlanmış hesab edilir. Bununla yanaşı kreditin verilməsi (kredit xəttinin ayrılması) ayrıca müqavilə üzrə də rəsmiləşdirilə bilər. Müqavilənin 2.7-ci bəndindən görünür ki, müştəri Xidmət Müqaviləsini imzalamaqla razılaşır ki, bank tərəfindən özünün rəsmi internet səhifəsi üzərindən yaxud bunun üçün xüsusi yaradılmış digər elektron vasitələrlə bankın tətbiq etdiyi yazılı formada tərtib edilmiş sənədin mübadiləsi vasitəsilə ona kredit verilməsi (kredit xətti ayrılması) təklifi təqdim edilə bilər. Belə bir təklif göndərildiyi zaman müştəri Banka təqdim etdiyi mobil telefon nömrəsi vasitəsilə ona göndərilmiş avtomatik birdəfəlik kodu (OTP) daxil etməklə "Standart Şərtlər’in və bu xidmət müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılan müvafiq kreditinin (kredit xəttinin) şərtlərini özündə əks etdirən əlavə(lər)in şərtləri ilə razı olduğunu bildirir və kredit (kredit xətti) müqaviləsi bağlanmış hesab edilir. Bununla yanaşı kreditin verilməsi (kredit xəttinin ayrılması) ayrıca müqavilə üzrə də rəsmiləşdirilə bilər. "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılıq ərizəsinin surətindən müəyən olunur ki, Cavabdeh əlaqə vasitələrinə və bu əlaqə vasitələri ilə ona təqdim edilmiş internet səhifələrə keçidi, kod və parolları (şifrələri) öz sahibliyində saxlayacağını və digər şəxslərdən qoruyacağağını, qeyd edilən əlaqə vasitələri ilə və qeyd edilən əlaqə vasitələrinə daxil olan məlumatlardan istifadə etməklə aparılan əməliyyatlara görə tam məsuliyyəti öz üzərimə götürdüyünü və bununla bağlı banka qarşı hər hansı iddia və ya tələb irəli sürməyəcəyini qəbul və bəyan etmişdir. "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli borcun hissə-hissə ödənilməsi barədə razılaşmanın surətindən müəyən olunur ki, borclu tərəflər arasında bağlanmış 19 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqaviləyə əsasən ona verilmiş kartın istifadəsi nəticəsində bank qarşısında yaranmış borcunu hissə-hissə ödəməyi öz öhdəsinə götürür. Tərəflər razılaşırlar ki, “Borclu” nun “Bank” qarşısında olan borcunun məbləği 3,007.23 AZN (üç min yeddi manat 23 qəpik) təşkil edir. Borclu 3,007.23 AZN (üç min yeddi manat 23 qəpik) borc məbləğini təşkil edən pul vəsaitini 24 ay müddətinə, aylıq 125.30 manat məbləğindən az olmayaraq ödəməyi öz öhdəsinə götürür. Razılaşmanın 6-cı bəndindən görünür ki, borclu bu razılaşmanın 4-cü bəndinə uyğun olaraq ödənişləri vaxtında aparmadıqda, hər gecikdirilən gün üçün borcun ödənilməmiş hissəsinə görə illik 5% dəbbə pulu ödəməlidir. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişin surətindən müəyyən olunur ki, 5 (beş) iş günü ərzində gecikdirilmiş 172.80 manat məbləğini təşkil edən vəsaitin ödənişi təmin edilmədiyi təqdirdə bank hüquqi tədbirlərin görülməsi üçün müvafiq orqanlara müraciət etmək məcburiyyətində qalacaq. Bildiriş xx.xx.2024-cü il tarixdə Cavabdeh çatdırılmışdır. "xxxx" ASC-nin xx.xx.2021-xx.xx.2024-cü il tarixləri əhatə edən Cavabdeh aid olan hesabdan çıxarışından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə banka qarşı açılan etiraz üzrə 3012,40 manat pul vəsaiti (ekvivalenti 1772 ABŞ dolları) chargback acquiring ("uduzulmuş chargeback") kimi qeyd olunmaqla qarşı banka geri göndərilmişdir. Cavabdeh məxsus ******************** saylı bank hesabı üzrə çıxarışdan müəyyən olunur ki, onun hesabına xx.xx.2021-ci il tarixində 3000 manat məbləğində pul vəsaiti gəlmişdir. Həmin köçürmənin təyinat hissəsində "pay.atb.az" saytından aparılmış ödəniş olduğu qeyd olunmuşdur. Daha sonra həmin məbləğin Cavabdeh məxsus hesabdan digər kart hesabına "card to card" əməliyyatı aparılmaqla köçürülməsi müəyyən olunmuşdur. Daha sonra həmin çıxarış məlumatlarından görünür ki, Cavabdeh Nasir diz tərəfindən ayrı-ayrı tarixlərdə ümumilikdə 631,90 manat olmaqla ödənişlər aparılmış, bank hesabında 2375,33 manat qalıq qalmışdır. Hər iki tərəfin dəlillərini yoxlamaq məqsədi ilə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1037 saylı ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh məxsus ******************** saylı bank hesabına xx.xx.2021-ci il tarixində köçürülmüş 2.375.33 manat məbləğin köçürülmə qaydasının "pay.atb.az” saytından aparılmış ödəniş olduğu müəyyən olundu, lakin həmin hesabdan çıxarışın təyinat hissəsində konkret olaraq hansı məqsədlər üçün köçürüldüyü öz əksini tapmadığından həmin məbləğin təyinatını müəyyən etmək mümkün olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 418.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmənin mövqeyi Məhkəmə ilk öncə işin faktiki hallarını və tərəflər arasında bağlanmış müqavilələri diqqətə almağı zəruri bilir. "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №******************** saylı fiziki şəxslərə ödəniş kartının verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsində xx.xx.2019-cu il tarixli Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərin müqavilənin tərkib hissəsi kimi tərəflərin şərtlərlə razı olmalarını təsdiq etmişlər. xx.xx.2019-cu il tarixli Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərin: 3.1.8-ci bəndinə əsasən kart hesabına səhvən mədaxil olmuş vəsaitdən istifadə etməmək, geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etməmək 3.1.9-cu bəndinə əsasən kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə bu vəsaiti qeyd-şərtsiz geri qaytarmaq müştərinin vəzifələri kimi göstərilmişdir. Cavabdeh müqaviləni imzalamaqla Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtləri oxuduğunu, sənədin bütün müddəaları və tələbləri ilə razı olduğunu, gələcəkdə onunla bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmədiyini təsdiq etmişdir. Yəni müştəri - hazırki halda cavabdeh bütün kart əməliyyatları zamanı hesabı ilə bağlı kartın üzərindəki qeyd ilə əlaqədar gələcəkdə yaranacaq nəticələri bilir və məsuliyyəti müştəri öz üzərinə götürür. Bundan əlavə cavabdeh baş vermiş pul köçürməsi ilə əlaqədar bank tərəfindən xəbərdar edilmiş, xx.xx.2023-cü il tarixdə isə borclu tərəflər arasında bağlanmış 19 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqaviləyə əsasən ona verilmiş kartın istifadəsi nəticəsində bank qarşısında yaranmış borcunu hissə-hissə ödəməyi öz öhdəsinə götürür. Sonradan isə razılaşmaya əsasən cavabdeh banka 631,90 manat pul ödəmiş, qalan pulu ödəməkdən imtina etmişdir. Hazırda cavabdeh kartdan ümumilikdə 3000 manat pulu kartından çıxarmasını etiraf edir, lakin pulun xəstə bir şəxs üçün hesaba mədaxil olan pul bilib çıxardığını və bacısının ərinə verdiyini bildirir. Həmçinin bankla əvvəlcə həmin borcla bağlı razılığa gəldiyini və banka ödənişlər etdiyini də bildirir, lakin indi hesab edir ki, bu ödənişləri düzgün etməyib, bank onun yerinə əsassız varlanıb. Göründüyü kimi, cavabdeh kart hesabı müqaviləsi bağlamaqla artıq müqavilə və onun tərkib hissəsi olan standart şərtlərlə razı olmasını və müqavilədən irəli gələn bütün öhdəliklərə görə məsuliyyəti üzərinə götürmüş olmuşdur. Həmçinin hesabına “səhvən” daxil olmuş olan məbləğ barədə bankı xəbərdar etməklə yanaşı, həmin məbləğin geri qaytarılmasını da təmin etməli olduğu halda, məbləği şəxsi ehtiyaclarına sərf etmiş, sonradan isə etirafedici razılaşma ilə müəyyən hissəvi ödənişləri etsə də, hazırda öhdəliyindən boyun qaçırır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2375,33 manat məbləğində pul və ödənilmiş 43,76 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 43,76 manat məbləğində pul ödənilmiş, həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3cü maddələrini rəhbər tutaraq, Nəticə hissəsi Qət etdi: İddia təmin edilsin. Cavabdeh 2375,33 manat borc və dövlət rüsumu üçün ödənilmiş 43,76 manat pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının 50 (əlli) manat dəyəri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar