Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-610/2023 22.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilin açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaitinin paylara mütənasib bölünməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilin açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaitinin paylara mütənasib bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaitinin paylara mütənasib bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsi ev 17 ünvanında yerləşən 10 saylı mənzilin 29/120 hissəsi ona, İddiaçı, 17/120 hissəsi cavabdeh X7, 40/120 hissəsi digər Cavabdeh2 paylı mülkiyyət hüququ əsasında məxsusdur. Mənzilin 34/120 hissəsi isə cavabdehlər İbrahimova (Hüseynova) Natella Mübariz qızı və Məmmədova (Hüseynova) Afət Mübariz qızına çatası pay mərhum X2 adında açıq saxlanılmışdır. Həmin mənzildə hal-hazırda cavabdehlərdən X11 öz ailəsi ilə yaşayır, o, isə öz mənzilinə dair mülkiyyət hüquqlarını həyata keçirə bilmir, ailəsi ilə, körpə övladları ilə ya ərinin yaxınlarının evində, ya kirayələrdə yaşayır. Cavabdehlərə dəfələrlə müraciət edərək, öz payının onlara satılmasını, buna razı olmadıqları təqdirdə isə, onlara məxsus payın ona satılmasını təklif etsə də, etdiyi təkliflər cavabsız qalmışdır və o, “paylı mülkiyyətdə olan əmlakın paylara uyğun naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2(001)-2793/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2255 saylı rəyinə əsasən, mənzilin naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı səbəbi ilə iddiası təmin edilməmişdir. Qeyd edir ki, hazırki iddia tələbi ilə Binəqədi rayon Məhkəməsinə daha əvvəl müraciət etmişdir. Həmin məhkəmənin 2(001)- 2308/2021 saylı qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması qərara alınmışdır. Səbəb isə sözügedən mülki iş üzrə cavabdeh olan X4, iş üzrə tərəflərin yaxın qohum olduqlarını, mübahisənin öz aralarında həll etmək niyyətinin olduğunu göstərməsi, onun isə bu hala inanaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizə ilə müraciət etməsinə səbəb olmuşdur. Bundan başqa mərhum nənəsi X2 adında açıq saxlanılmış paya münasibətdə qeyd edir ki, tərəfindən “Miras payının tamamlanması” tələbi ilə Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, həmin məhkəmənin e2(001)- 5178/2022 saylı qərardadına əsasən iş üzrə icraata xitam verilmişdir. Məhkəmə bu nəticəyə gələrkən X1 miras qalmış əmlakın artıq vərəsələr arasında bölünməsinə dair Binəqədi Rayon Məhkəməsinin 2(001)-1094/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsini əsas kimi göstərmiş, açıq saxlanılmış paya münasibətdə isə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından (Mülki Məcəllənin 1225-ci maddəsi), miras əmlakın 34/120 hissəsi cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mülkiyyəti hesab olunduğunu göstərmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2009-cu il tarixli 2(001)- 1094/2009 saylı qətnaməsinin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Ə.Məmmədov küçəsi 17 saylı evin 10 saylı mənzilinin 17/30 hissəsi onun birinci növbə vərəsələri-oğlu X11, qızları İbrahimova (Hüseynova) Natella Mübariz qızı və Məmmədova (Hüseynova) Afət Mübariz qızı, həmçinin onun mərhum oğlunun qızı X14 arasında payları bərabər olmaqla bölünməsi, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Ə.Məmmədov küçəsi 17 saylı evin 10 saylı mənzilinin 17/120 hissəsinə X10, 17/120 hissəsinə X4 vərəsəlik hüququ tanınmış,miras mənzilin İbrahimova (Hüseynova) Natella Mübariz qızı və Məmmədova (Hüseynova) Afət Mübariz qızına çatası payın, yəni 34/120 hissəsinin mərhum X2 adında açıq saxlanılması, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Ə.Məmmədov küçəsi 17 saylı evin 10 saylı mənzilinin (17/120 hissəsi miras payı+3/30 hissəsi öz payı olmaqla) 29/120 hissəsinə dair X10, 17/120 hissəsinə dair X4 adına, 40/120 hissəsinə dair X8 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmaqla, yeni çıxarış verilməsinin Azərbaycan Respbublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tapşırılması və iddiaçı X14 və X13 paylı mülkiyyətlərində olan Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Ə.Məmmədov küçəsi 17 saylı evin 10 saylı mənzilinə köçürülmələri qət edilmişdir. Azərbaycan Respbublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* №-li Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31,25 kv.m olan 10 saylı mənzilin 29/120 hissəsi X10, 17/120 hissəsi X4, 40/120 hissəsi X9 adına xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmış, 34/120 hissəsi isə X2 adına açıq saxlanılmışdır. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1087 nömrəli reyestr kitabının 98248 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli e-2(001)- 5178/2022 saylı qərardadından görünür ki, iddiaçı X12 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 10 saylı mənzilin X2 adında açıq saxlanılmış 34/120 hissəsinə vərəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə), mülki iş üzrə icraata xitam verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1094/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən X1 miras qalmış əmlak artıq vərəsələr arasında bölünmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2(001)- 2793/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdehlər X7 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan əmlakın paylara uyğun naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2255 saylı. xx.xx.2020-ci il tarixli rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi, ev 17, 10 saylı mənzilin tərəflərin paylarına müvafiq olaraq naturada bölünməsi X22 Qaydalarının 2.08.01.89-nun 2.2, 2.4, 2.9 bəndlərinin və Məhkəmə Tikinti-Texniki ekspertizasının həlli metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Hazırki işdə iddiaçıların başlıca tələbi mübahisə mövzusu mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin paylarına münasib surətdə bölüşdürülməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Mülki Məcəllənin 220-ci maddəsinə görə isə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Mülki işin materiallarından göründüyü kimi, tərəflər arasındakı daha əvvəlki mübahisə üzrə qəbul edilməklə qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2(001)-2793/2020 saylı qətnaməsi ilə mübahisəli mənzilin tərəflər arasında paylarına uyğun olaraq təcrid hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, mübahisəsi gedən mənzilə sahiblik və ondan istifadədə tərəflər arasında razılaşma olmadığı, mübahisəli əmlakdan iddiaçının istifadə etməsinə maneələr yaradıldığı, tərəflərin ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilmədikləri, habelə mübahisəli mənzilin naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir; tərəflər arasında kompensasiyanın ödənilməsi və onun məbləği ilə bağlı da razılıq əldə edilməsi mümkün olmamışdır. Şərh edilənlərə əsasən iddiaçının mübahisəsi gedən mənzilin hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin ona payına mütənasib verilməsini istəməkdə haqlı olduğu qənaətinə gələn məhkəmə, mübahisəli mənzilin keçiriləcək hərracdakı ilkin satış qiyməti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "xxxx" MMC-nin iş materiallarına əlavə edilmiş daşınmaz əəmlakın(mənzilin) qiymətləndirilməsi barədə 28 avqust 2021-ci il tarixli Hesabatı ilə ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin bazar qiymətinin 30.000 (otuz min) manat olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırılması zamanı keçirilmiş qiymətləndirmə ekspertizasına əsasən "xxxx" MMC tərəfindən verilmiş daşınmaz əmlakın(mənzilin) qiymətləndirilməsi barədə 16 yanvar 2023-cü il tarixli Hesabatında mübahisəli mənzilin bazar qiymətinin 33.500 (otuz üç min beş yüz) manat məbləğində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Beləliklə məhkəmə, "xxxx" MMC ilə "xxxx" MMC-nin vermiş olduqları hesabatdakı məbləğlərin fərqli olduğunu və verilmiş hesabatlar arasında təxminən 2 il vaxtın olmasını və 2 il ərzində mənzil bazarında qiymətlərlə bağlı dəyişiklərin olmasını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin vermiş olduğu rəy əsas götürülərək, ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin ilkin satış qiyməti 33.500 (otuz üç min beş yüz) manat olaraq müəyyən olunmalıdır. Şərh edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən 14 saylı evin 17 nömrəli mənzilin ilkin satış qiyməti 33.500 (otuz üç min beş yüz) manat olmaqla açıq hərracdan satılmalı və satışdan əldə edilən pul vəsaiti paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Buna əsasən məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 10 saylı mənzil ilkin satış qiyməti 33.500 (otuz üç min beş yüz) manat olmaqla açıq hərracda satılsın və satışdan əldə edilmiş pul vəsaiti paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə - Mustafazadə (Hüseynova) Nubar Natiq qızına 29/120 hissə, X6 17/120 hissə, Mehdiyeva (Hüseynova) Dilbər Yaqub qızına 40/120 hissə, İbrahimova (Hüseynova) Natella Mübariz qızına və Məmmədova (Hüseynova) Afət Mübariz qızına 34/120 hissə olmaqla bölünsün. Cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-610/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-610/2023
22.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver