Məhkəmə qərarları › İş №e-2(001)-6149/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6149/2022

18.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6149/2022 18.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və mediasiya xərcinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və mediasiya xərcinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2001-ci ilin iyun ayından avtomobil nəqliyyatı sahəsində işləmişdir. İşlədiyi müəssisə əvvəl Bakı şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamentinin tərkibində olmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 1572 №-li Sərəncamı ilə BŞİH Nəqliyyat Departamenti ləğv edildikdən sonra Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyinə verilmişdir. 2006-cı ilin avqust ayından 2011-ci ilin dekabr ayınadək iddiaçı həmin nazirliyin iki ayrı-ayrı şöbəsində müfəttiş vəzifəsində işləmişdir. Müəssisə ləğv edildiyindən xx.xx.2011-ci ildə tutuduğu vəzifədən azad edilmişdir. 2012-ci ilin sentyabr ayında yenidən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin "xxxx" MMC-nin Yük daşımaları üzrə iş şöbəsinin mütəxəssisi vəzifəsinə qəbul edilmiş, həmin müəssisə ləğv edildiyindən xx.xx.2014-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. 2015-ci ilin aprel ayında iddiaçı X2 və X1 Şöbəsinə (YMLFNCŞ) nəzarətçi vəzifəsinə qəbul edilmiş, 2015-ci ilin dekabr ayında Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən işdən azad edilmişdir. 2016-cı ilin mart ayından dekabr ayının 7-dək iddiaçı "xxxx" ASC-də işləmişdir. 07 mart 2017-ci ildə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyinə olan "xxxx"xxxx"xxxx" MMC-də sürücü işinə qəbul edilmiş, xx.xx.2018-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. 12 noyabr 2018-ci ildən "xxxx"xxxx"xxxx" MMC-də müddətsiz müqavilə ilə texnik-mexanik vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə 38 №-li əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) işdən azad edilmişdir. İddiaçının xx.xx.2019-cu il tarixdə işdən azad edilməyi onun təşəbbüsü ilə olmamış, müdiriyyətlə belə razılığa gəlmişlər ki, iddiaçını axırıncı tutduğu vəzifəyə müddətsiz müqavilə əsasında keçirəcəklər. Lakin "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli əmri ilə iddiaçı Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsi əsasında “Yük daşımalarının tənzimlənməsi” şöbəsinin “Yük daşımaları üzrə X1 bölməsi”nə mütəxəssis vəzifəsinə təyin edilmişdir. Əmr iddiaçıya təqdim edilməmiş, onunla bağlanmış müddətsiz əmək müqaviləsi heç bir əsas olmadan ləğv edilmiş, 2 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə 1078/h saylı əmr verilməklə yenidən işə qəbul edilmişdir. Cavabdeh, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktorunun 03 avqust 2022-ci il tarixli 115-ş/h №-li əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Cəmiyyətin “Yük daşımalarının tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə X1 bölməsi”nin mütəxəssisi vəzifəsindən azad edilmişdir. Əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə iddiaçının işdən azad edilməyinə dair əmr qanunsuz və əsassızdır. Əvvəla, o, uzun müddət avtomobil nəqliyyatı sahəsində qüsursuz fəaliyyət göstərmiş, işlədiyi müddətdə heç bir intizam tənbehi almamış, plan və tapşırıqları həmişə artıqlaması ilə yerinə yetirmiş, hazırda 51 yaşı var və gördüyü iş daimi xarakterə malik olduğundan, onunla bağlanmış əmək müqaviləsinin uzadılmamasına heç bir əsas yox idi. İkinci, 12 noyabr 2018-ci il 44 №-li əmrlə iddiaçı "xxxx"xxxx"xxxx" MMC-də müddətsiz müqavilə ilə texnik-mexanik vəzifəsinə qəbul edildiyi halda, işəgötürənin təşəbbüsü ilə xx.xx.2019-cu il tarixli 38 №-li əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) işdən azad edilməyi və 2 gündən sonra yəni, xx.xx.2019-cu il tarixdə onun razılığı olmadan müddətli əmək müqaviləsi əsasında işə qəbul edilməyi barəsində verilmiş 1078/h saylı əmr qanunsuz olmuşdur. Üçüncü, iddiaçı 2022-ci ilin 01 iyun tarixdən əmək məzuniyyətinə buraxılmış, sonra xəstəliyi ilə əlaqədar müalicə almış və 30 iyul 2022ci il tarixdə işə qayıdarkən xəbərdarlıq məktubuna imza etdirib, ona bildirdilər ki, onunla bağlanmış 22 may 2019-cu il tarixli əmək müqaviləsinin müddəti 22 iyul 2022-ci ildə bitdiyindən 22 may 2019-cu il tarixli müqaviləyə xitam veriləcəkdir. Halbuki, iddiaçı ilə bağlanmış və işəgötürənin müddətli hesab etdiyi 22 may 2019-cu il tarixli müqavilənin müddəti 22 iyul 2022-ci ildə deyil, 22 may 2022-ci il tarixdə bitmişdir. Həmin müddətdən sonra iddiaçı işini davam etdirmiş, cavabdeh onunla bağlanmış müqaviləyə xitam verilməsini tələb etməmiş və iddiaçı 01 iyun 2022-ci il tarixdən növbəti əmək məzuniyyətinə buraxılmışdır. Qeyd olunanlara əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktorunun 03 avqust 2022-ci il tarixli 115-ş/h №-li əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və mediasiyaya ödədiyi 50 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia ərizəsinə etirazı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində xx.xx.2019-cu il tarixdə "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin Yük daşımalarının tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə X1 bölməsinin mütəxəssisi vəzifəsinə təyin edildiyini, həmin vəzifədə işlədiyi müddətdə xx.xx.2022-ci il tarixdə onunla bağlanmış müddətli müqavilənin ləğv edildiyini bildirərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-3 bəndlərini, 75-ci maddəsinin 1-ci hissəsini, 79-cu maddəsini, 287, 288 və 300-cü maddələri əsas gətirməklə, işəgötürənin əmək müqaviləsini bir tərəfli qaydada ləğv edilməsinin qanunsuz olmasını qeyd etmişdir. İddiaçının qeyd edilən iddiası əsassız və qanunsuzdur. Belə ki, iddiaçının şəxsi işindən göründüyü kimi o, xx.xx.2018-ci il tarixdə ərizəsi əsasında əmək müqaviləsi ilə 1 il müddətinə "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin "1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-nin texnik-mexanik vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2019-cu il tarixdə 38 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Bundan sonra İddiaçı xx.xx.2022-ci il tarixdə 107-Ş/H nömrəli "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin əmri ilə Cəmiyyətin Yük daşımaları üzrə X1 bölməsinin mütəxəssisi vəzifəsinə qarşılıqlı razılıq əsasında əmək müqaviləsi ilə 3 ay müddətinə işə qəbul edilmiş və əmək müqaviləsi sonuncu dəfə xx.xx.2022-ci il tarixədək uzadılaraq xx.xx.2022-ci il tarixində Cəmiyyətin 115-Ş/H nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) və 73-cü maddəsinin 2-ci hissəsinə əsasən onunla bağlanmış müqaviləyə əsaslı olaraq xitam verilmişdir. Bununla yanaşı, İddiaçıla Cəmiyyət arasında bağlanmış sonuncu əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitməsi nəzərdə tutulsa da o, xx.xx.2022-ci il tarixində məzuniyyətə çıxmasını, eləcə də sağlamlığı ilə bağlı müalicə olunduğuna görə onunla bağlanmış müqaviləyə xx.xx.2022-ci il tarixində xitam verilmiş və bu barədə də iddiaçıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçının ərizəsindən və şəxsi işindən göründüyü kimi o, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək və xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Cəmiyyətdə çalışmışdır. Göründüyü kimi İddiaçı "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-də işlədiyi müddət 5 il tamam olmadığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin ona qarşı tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Beləliklə, iş materiallarından göründüyü kimi, İddiaçıla bağlanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə edilən xx.xx.2022-ci il tarixli 1 №-li əlavəyə əsasən bir aylıq uzadılaraq, sonuncu iş günü kimi xx.xx.2022-ci il tarixi qeyd edilmiş nəhayət, İddiaçı məzuniyyətdə olması və müalicə alması müddətləri nəzərə alınmaqla əmək müqaviləsi müddətinin qurtarması səbəbi ilə 03 avqust 2022-ci il tarixli əmrlə həmin tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 13 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində olan bir sıra qurumların, o cümlədən "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmışdır. Bu səbəbdən hazırda Cəmiyyət ləğv olma mərhələsindədir. Qeyd olunanlara əsasən, cavabdeh iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, cavabdehin sözlərinə görə idarənin güya ləğv olma mərhələsində olması iddia ərizəsinin təmin edilməsinə maneə yaratmır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2021-ci il tarixli Fərmanından göründüyü kimi, həmin Fərman əsasında bir sıra qurumlar, o cümlədən "xxxx" MMC əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinın nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş və ona görə də, işəgötürən tərəfindən bütün hərəkətlər qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 107-ş/h saylı əmrdən görünür ki, həmin əmr ilə İddiaçı xx.xx.2019-cu il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun olaraq birinci ayı sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə Yük daşımalarının tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə X1 bölməsinə mütəxəssis vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 116 nömrəli Əmək müqaviləsində göstərilmişdir ki, işçi xx.xx.2019-cu il tarixdən işə başlayır və əmək müqaviləsi müddətli olaraq 3 ay müddətinə bağlanır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə İddiaçı idarənin rəhbərinə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdən növbəti əmək məzuniyyətinə çıxmağına icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 102-m saylı əmrdən görünür ki, həmin əmr ilə Yük daşımalarının tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə X1 bölməsinin mütəxəssisi İddiaçı xx.xx.2021-xx.xx.2022-ci iş ili üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək əsas məzuniyyət hesabından 30 təqvim günü, əmək stajına görə əlavə məzuniyyət hesabından 6 təqvim günü olmaqla, cəmi 36 təqvim günü müddətinə əmək məzuniyyəti verilmişdir. İş materiallarında olan Əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyəti olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda aşağıdakılar göstərilmişdir: “Sizinlə bağlanmış 22 may 2019-cu il tarixli 116 nömrəli əmək müqaviləsinin müddəti 22 iyul 2022-ci il tarixdə bitdiyindən, əmək qabiliyyətiniz bərpa olunaraq işə başladıqdan sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sözügedən müqaviləyə xitam veriləcəkdir”. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 115-ş/h saylı əmrdən görünür ki, həmin əmrlə İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) və 73cü maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük daşımaları üzrə X1 bölməsinin mütəxəssisi vəzifəsindən azad edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 116 nömrəli Əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmiş və bildiriş xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2018-ci il tarixli Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə 1 il müddətində qüvvədə olan müddətli əmək müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə texnik-mexanik vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan ərizələrdən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə işdən azad edilməsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə işə qəbul edilməsi barədə ərizələrlə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2021-ci il tarixli Fərmanından görünür ki, həmin Fərmanla Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, "xxxx" ... Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "xxxx" və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək Məcəlləsinin 47-ci maddəsinə görə, aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübəsınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmış və xx.xx.2022-ci il tarixdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə həmin müqaviləyə xitam verilmişdir. Cavabdehin əsas arqumenti ondan ibarətdir ki, işçi ilə ilkin olaraq 3 aylıq əmək müqaviləsi bağlansa da, sonradan həmin müddət 1 ay olaraq müəyyən edilmiş və bu əsasla da müvafiq xəbərdarlıq məktubu iddiaçıya xx.xx.2022-xx.xx.2022-ci il müddət aralığında deyil, xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Məhkəmə cavabdehin bu arqumenti ilə razılaşmır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının şəxsi işindən görünür ki, şəxsi işdə “22 fevral 2022ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavə; 22 mart 2022-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavə; 22 aprel 2022-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavə; 22 may 2022-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavə” olsa da, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli əmək müqavilələri iş materiallarında mövcud deyil və belə olan halda məhkəməyə təqdim edilmiş əlavələrin hüquqi əsası və mahiyyəti şəxsi işə əlavə edilmiş sənədlərdən aydın deyil. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 116 nömrəli Əmək müqaviləsinin 8-ci bəndi “Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar” adlanır və 8.2-ci bənddən göründüyü kimi, müqaviləyə edilmiş dəyişikliklər və əlavələrin orada sadalanması nəzərdə tutulsa da, 8.2-ci bənddən sonra sadalanmış yarımbəndlər boşdur – yəni, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 116 nömrəli Əmək müqaviləsindən ona dəyişikliklər və əlavələrin edilməsi görünmür. Məhz həmin müqaviləyə bağlanma müddətinin dəyişməsinə dair əlavənin edilməsini təsdiq edə biləcək hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi 3 aylıq müddətli müqavilə kimi sistemə xx.xx.2019-cu il tarixdə daxil edilmiş, həmin tarixdən sonra müqaviləyə hər hansı əlavə və ya dəyişikliklərin sistemə daxil edilməsi iş materiallarından görünmür. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 116 nömrəli Əmək müqaviləsində göstərilən müddət (növbəti dəfə) qurtardıqda əmək münasibətləri faktiki olaraq davam etdirilmiş, xx.xx.2022-ci il tarixdən bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməmiş, xx.xx.2022-ci il tarixdə işçi növbəti əmək münasibətinə buraxılmışdır. Belə olan halda işçiyə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsi əsası ilə xəbərdarlıq məktubunun göndərilməsinin qanuni əsası iş materiallarından aydın deyil. İşəgötürən ya xx.xx.2022-ci il tarixdən 1 həftə ərzində müqaviləyə xitam verilməsini tələb etməli idi, ya da ki, növbəti 3 ayın bitməsini gözləyib – xx.xx.2022-ci il tarixdə müddətli əmək müqaviləsinə xitam verilməsini tələb etməli idi. Mövcud olmayan müqavilələrə imzalanmış əlavələr xx.xx.2019cu il tarixli, 116 nömrəli Əmək müqaviləsi ilə müəyyən edilmiş üç aylıq müddətin bir ayadək azaldılması üçün əsas kimi qəbul edilə bilməz. Bundan əlavə məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı ilə xx.xx.2019-cu il tarixdə bağlanmış və müddəti 12 dəfə 3 ay müddətinə (cavabdehin sözlərinə görə isə, 11 dəfə 3 ay müddətinə, 4 dəfə də 1 ay müddətinə) uzadılmış əmək müqaviləsinin müddətli bağlanması məsələsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, əmək müqaviləsinin qüvvədə olma vaxtını məhdudlaşdıran halların olmadığı halda, görüləcək işin xarakteri, onun yerinə yetirilməsi şərtləri nəzərə alınmadan müddətli əmək müqaviləsinin bağlanması qanunsuzdur və nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hüquq və təminatların səviyyəsini azaldır. İşəgötürən tərəfindən işçinin müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsinə əməl olunmaması isə belə hərəkətlərin qanunsuz olmasına səbəb olur. Müddətli əmək müqaviləsi bağlanan zaman işçi öz işinin keyfiyyətindən asılı olmayaraq daima işdən çıxarılmaq qorxusu altında olur və bu zaman Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən olunmuş prinsiplərə zidd vəziyyət yaranır. Həmin maddənin tələblərinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. ... Əmək müqavilələri sərbəst bağlanılır. ... Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. ... Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı işlədiyi idarələrin adı/təşkilati-hüquqi forması dəfələrlə dəyişsə də, o, faktiki olaraq eyni qurumda fəaliyyətinə davam etmişdir. Belə olan halda, müddətli əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında bağlanması şübhə doğurur. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının işdən azad edildikdən sonra işsiz qalmaq təhlükəsi ilə üzləşməsini əsas götürərək belə nəticəyə gəlir ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanılarkən hüquq bərabərliyi prinsipinə riayət olunmamışdır. İşçinin əmək funksiyasının daimi xaraktera malik olması qabaqcadan bəlli olmuş və iddiaçının əmək müqaviləsini müddətli bağlamasının iradə ifadəsinə uyğun olması inanılmaz və məntiqsizdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1-ci hissəsinin 2-ci bəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin “qeyd” hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş "dəymiş zərərin məbləği" dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. İş materiallarında olan qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən hazırkı iş üzrə mediasiya prosesində Bakı 12 saylı Mediasiya Təşkilatının hesabına 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük daşımalarının tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə X1 bölməsinin mütəxəssisi İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsinə dair 03 avqust 2022-ci il tarixli, 115-ş/h saylı əmr ləğv edilməli; İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük daşımalarının tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə X1 bölməsinə mütəxəssis vəzifəsinə bərpa edilməli; 03 avqust 2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilməli və 50 manat məbləğində mediasiya xərci cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük daşımalarının tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə X1 bölməsinin mütəxəssisi İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsinə dair 03 avqust 2022-ci il tarixli, 115-ş/h saylı əmri ləğv edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük daşımalarının tənzimlənməsi şöbəsinin Yük daşımaları üzrə X1 bölməsinə mütəxəssis vəzifəsinə bərpa edilsin. 03 avqust 2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. 50 (əlli) manat məbləğində mediasiya xərci cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar