Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-616/2023 09.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və sair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “işə bərpa və sair” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 sentyabr 2022-ci il tarixli, **********8 nömrəli əmrin ləğv olunması, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 02 aprel 2003-cü il tarixdə X14 Mərkəzinin Gəncə filialında massaj üzrə tibb bacısı vəzifəsinə təyin edilmişdir. Həmin idarədə 30 noyabr 2020-ci il tarixədək işləmişdir. 25 dekabr 2020-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək X7 Orta və kiçik tibb heyətinin baş tibb bacısı vəzifəsində işləmişdir. Əmək fəaliyyətini icra etdiyi dövrdə işini peşəkar səviyyədə icra etmiş və ona hər hansı intizam tədbiri verilməmişdir. 28 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən çıxarılmışdır. İşdən çıxarılmağı qanunsuz və əsassızdır. Ona görə də, məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən 25 dekabr 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və X5 Orta və Kiçik tibb heyətində baş tibb bacısı vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsinin müddətinin qurtardığı tarix 25 mart 2021-ci il tarix müəyyən edilmişdir. Daha sonra Məcəllənin 73.1-ci maddəsinə əsasən sözügedən müqavilə 25 sentyabr 2022-ci il tarixinə qədər uzadılmış və 28 sentyabr 2022-ci il tarixdə Məcəllənin 68.2-ci maddəsinin “b” bəndinə əsasən müqavilə müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. Bununla bağlı Agentlik tərəfindən iddiaçının ünvanına əmək müqaviləsinə xitam verilməsi barədə 28 sentyabr 2022-ci il tarixli, xxxxxxx0002XO nömrəli bildiriş göndərilmişdir. Həmçinin qeyd edilir ki, iddiaçının əmək müqaviləsinə 28 sentyabr 2022-ci il tarixində xitam verilsə də o, məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 1 noyabr 2022-ci il tarixli, 2(006)-5121/2022 saylı qərardad ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra iddiaçı yenidən məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Agentlik tərəfindən aparılmış hərəkətlərin tam qanunvericiliyə uyğun olduğu bildirilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Daha sonra iddiaçı cavabdehin etirazına yazılı məlumatla müraciət edərək bildirmişdir ki, cavabdeh tərəfin iddia tələbinin rədd edilməsi üçün etiraz ərizəsində göstərdiyi hallar əsassızdır. Birincisi, cavabdeh tərəfindən Əmək müqaviləsinin 9.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, əmək müqaviləsi ləğv edilərkən o, xəbərdar edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xəbərdarlıq məktubu da, birmənalı şəkildə təsdiq edir ki, həmin məktubda onun imzası olmamaqla yanaşı, məktubun tarix və nömrəsi də yoxdur. İkincisi, işdən çıxarılma haqqında 28 sentyabr 2022-ci il tarixli, **********8 saylı əmr verilərkən “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 4.11.9-cu maddəsinin tələbləri pozulmuşdur. Belə ki, o, işdən çıxarılmamışdan öncə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin razılığı alınmamışdır. Əgər hazırlıq iclası zamanı razılıq ərizəsi təqdim edilərsə, bununla bağlı ərizələrin qeydiyyatı jurnalından çıxarışın da, məhkəməyə təqdim edilərək araşdırılmasını istəyir. Üçüncüsü, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı əsaslandırmasının nə məntiqi, nə dəki hüquqi əsası vardır. O, qanunvericiliyin tələbinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən öncə məcburi ilkin mediasiya sessiyasından keçmiş və ona 24 oktyabr 2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İlkin mediasiya sessiyası ilə bağlı arayışı aldıqdan sonra dərhal Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(006)-5121/2022 saylı qərardadı ilə aidiyyət qaydasına əməl olunmadığına görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər elektron qaydada Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olarkən qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürülməmişdir. Dördüncüsü, cavabdeh orqan tərəfindən Əmək Məcəlləsinin 45-ci və 47-ci maddəsinin f) bəndinin tələbləri pozulmuşdur. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, o, X14 Mərkəzinin Gəncə filialının Mürəkkəb protezləşdirmə stasionarında 02 aprel 2003-cü il tarixdən 01 dekabr 2014-cü il tarixədək tibb bacısı, 01 dekabr 2014-cü il tarixdən 30 noyabr 2020-ci il tarixədək böyük tibb bacısı vəzifəsində işləmişdir. Həmin filialının stasionar şöbəsinin əsaslı təmirə ehtiyacı olduğu nəzərə alınaraq fəaliyyəti dayandırılmışdır. Bundan sonra həmin şöbənin işçiləri, o da daxil olmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3 Reabilitasiya Mərkəzində müvafiq vəzifələrə təyin edildi. Uzun illər ərzində işləyən şəxslə sınaq müddəti ilə 3 ay müddətində əmək müqaviləsinin bağlanılması və həmin müqavilənin 2 ilə yaxın müddətdə eyni cür qalması işə götürənin səlahiyyətlərindən sui-istifadə etməsinin nəticəsidir. Burada tərəflər arasında bağlanılmış müqavilənin hüquq bərabərliyindən söhbət gedə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili yuxarıda qeyd olunan məzmunlarda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Cavabdeh ilə İddiaçı arasında bağlanmış 25 dekabr 2020-ci il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, sonuncu X5 orta və kiçik tibb heyətində baş tibb bacısı vəzifəsinə müvəqqəti təyin edilir. Müqavilənin 2.1-ci bəndinə görə bu əmək müqaviləsi 1 ay sınaq müddəti olmaqla 3 ay müddətinə bağanmışdır. Müqavilənin 9.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 25 dekabr 2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin təsdiq edilmiş surətindən görünür ki, bu müqavilə əmlakın qorunması, pozuntu hallarında məsuliyyət və bununla bağlı digər məsələlərdə tərəflərin razılaşmasını əks etdirir. Çap tarixi 28 dekabr 2020-ci il olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X5 orta və kiçik tibb heyətində baş tibb bacısı vəzifəsində müddətli əmək müqaviləsi əsasında çalışmaqla, 700 manat məbləğində əmək haqqı alır. Müqavilə müddətinin qurtardığı tarix 25 mart 2021-ci ildir. Çap tarixi 15 mart 2021-ci il olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X5 orta və kiçik tibb heyətində baş tibb bacısı vəzifəsində müddətli əmək müqaviləsi əsasında çalışmaqla, 700 manat məbləğində əmək haqqı alır. Müqavilə müddətinin qurtardığı tarix 28 iyun 2021-ci ildir. Çap tarixi 12 sentyabr 2022-ci il olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X5 orta və kiçik tibb heyətində baş tibb bacısı vəzifəsində müddətli əmək müqaviləsi əsasında çalışmaqla, 800 manat məbləğində əmək haqqı alır. Müqavilə müddətinin qurtardığı tarix 28 sentyabr 2022-ci ildir. Cavabdehn İddiaçı ünvanladığı xəbərdarlıq məktubunun təsdiq edilmiş surətindən görünür ki, sonuncu onunla bağlanmış əmək müqaviləsinə 28 sentyabr 2022-ci il tarixdə xitam verilməsi barədə xəbərdar edilmiş və əmək müqaviləsinə xitam verildiyi gün əmək kitabçasının agentlikdən təhvil alması xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş 28 sentyabr 2022-ci il tarixli, **********8 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Reabilitasiya Mərkəzinin orta və kiçik tibb heyətində baş tibb bacısı vəzifəsində müddətli müqavilə əsasında çalışan İddiaçı əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi və onunla 2020-ci il 25 dekabr tarixində bağlanmış əmək müqaviləsinə 2022-ci il 28 sentyabr tarixində xitam verilməsi, İddiaçı son haqq-hesabı və istifadə edilməmiş 10 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. Əsas: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2022-ci il 28 sentyabr tarixli **********8 nömrəli razılığı. Çap tarixi 28 sentyabr 2022-ci il olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 28 sentyabr 2022-ci il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə (AR ƏM maddə 68.2.b) xitam verilmişdir. 28 sentyabr 2022-ci il tarixdə X5 heyətinin əməkdaşları X2, X8 və X4 iştirakları ilə tərtib edilmiş aktın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə 28 sentyabr 2022-ci il tarixdə xitam verilməsi və əmək müqaviləsinə xitam verildiyi gün əmək kitabçasının agentlikdən təhvil alması barədə xəbərdarlıqla aktda iştirak edən şəxslərin yanında tanış olması barədə imza etməsi üçün təqdim olundu, lakin o, bu xəbərdarlığı imzalamaqdan imtina etdi. 0122982 nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı 02 aprel 2003cü il tarixdən 30 noyabr 2020-ci il tarixədək X11 tibb bacısı vəzifəsində, 25 dekabr 2020-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək isə X6 tibb bacısı vəzifəsində çalışmışdır. Əmək kitabçalarının qeydiyyat kitabının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ********** nömrəli əmri və əmək kitabçasını 28 sentyabr 2022-ci il tarixdə agentlikdən təhvil almışdır. Cavabdehn məhkəməyə ünvanladığı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 avqust tarixli 1056 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər Dövlət Proqramı” (Elektron Azərbaycanın) 7.2.4.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və idarələrarası elektron sənəd dövriyyəsi sisteminin yaradılması, idarə olunması və bu sistemdən istifadə qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.3.2-ci bəndinə əsasən dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan puublik hüquqi şəxslər elektron sənəd dövriyyəsi sisteminin iştirakçısıdır. İddia tələbində mübahisə predmeti olan 28 sentyabr 2022-ci il tarixli, **********8 saylı əmrin verilməsinə əsas olmuş həmin tarixli **********8 saylı razılıq “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında” Əsasnamənin tələblərinə uyğun şəkildə tərtib edilmişdir. Elektron Sistemdən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, 28 sentyabr 2022-ci il tarixli, **********8 nömrəli sənəd daxili xidməti məruzə edilmiş və birbaşa imza növü ilə tam icra edilmişdir. Gəncə 1 saylı Mediasiya Təşkilatının 25 oktyabr 2022-ci il tarixli arayışının surətindən görünür ki, iddiaçı işə bərpa mübahisəsi üzrə 04 oktyabr 2022-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş, mediasiya təşkilatı cavabdehə ilkin mediasiya prosesində iştirak etməsi ilə bağlı təklif göndərsə də, cavabdeh ilkin mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir, 83.1-ci maddəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, hazırki iş üzrə tərəflər arasında 25 dekabr 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun uzadılmış və müqavilənin müddəti 28 sentyabr 2022-ci il tarixdə bitmişdir. Cavabdeh 28 sentyabr 2022-ci il tarixli, ********** nömrəli əmr ilə X5 orta və kiçik tibb heyətində baş tibb bacısı vəzifəsində çalışan iddiaçı ilə bağlanan əmək müqaviləsinə 28 sentyabr 2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (müqavilənin vaxtının bitməsi ilə bağlı) xitam vermişdir. Əmək qanunvericiliyinin qeyd olunan normalarının məzmunundan göründüyü kimi, əmək müqaviləsi sərbəst bağlanır və müqavilənin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsi müddətsiz və ya tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanıla bilər. Məhkəmə aparılmış araşdırmanın nəticələrini əsas götürüb, bu sahəni tənzimləyən müddəaları rəhbər tutub, hesab edir ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmaqla əmək qanunvericiliyin tələbləri pozulmamışdır. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin “əmrin ləğv edilməsi və işə bərpa” hissəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə iddia tələbinin “məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının cavabdehdən tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddia tələblərinin bu hissələri törəmə tələblərdir və əmək qanunvericiliyin istinad edilən normasına əsasən bu tələblərin təmin olunub-olunmaması bilavasitə iddia tələbinin “əmrin ləğv edilməsi və işə bərpa” hissəsinin təmin olunub-olunmamasından asılıdır. Bunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissələrdə də təmin edilməməlidir. Məhkəmə, cavabdehin nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 379.1 və 379.1.6-ci maddələrinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır; 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir; Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddəsinin üçüncü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4 və 32.4.2-ci maddələrinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni ona müvafiq əmrin və əmək kitabçasının verildiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmçinin, mülki qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin axımı müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə kəsilir. İş materiallarında olan qeydiyyat kitabçasına əsasən iddiaçı işdən azad edilmə barədə əmri və əmək kitabçasını 28 sentyabr 2022-ci il tarixdə cavabdehdən əldə etmişdir. İddiaçı mediasiya təşkilatına 2022-ci ilin oktyabr ayının 4ündə müraciət etmiş və müvafiq arayışı 2022-ci ilin oktyabr 25-ində əldə etmiş, qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə iddia ərizəsi ilə isə 10 noyabr 2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olduğundan, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti buraxılmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və sair” tələbinə dair iddiası təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı “işə bərpa və sair” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-616/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-616/2023
09.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver