Məhkəmə qərarları › İş №e-2(001)-6169/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6169/2024

25.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6169/2024 25.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Koorperativinə qarşı “qeyri-yaşayış sahəsinə dair eskiz layihəsinin, maliyyə arayışının və s. sənədlərin əsillərinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 1 “A” saylı yaşayış binasının altında yerləşən, 1-ci giriş zirzəmisinin 111,0 (yüz on bir) kvadrat metr ümumi sahəsi olan qeyriyaşayış sahəsinin: 1. Eskiz layihəsinin; 2. Maliyyə arayışının; 3. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 144 saylı xx.xx.2005-ci il tarixli sərəncamının və Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında mənzilməsələləri üzrə ictimai komissiyanın iclasının 713 saylı xx.xx.2005-ci il tarixli Protokolunun; 4. "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının xx.xx.2004-cü il (protokol 39) tarixli qərarının əsillərini cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən alınaraq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 144 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyanın iclasının 713 saylı xx.xx.2005-ci il tarixli Protokoluna əsasən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu Cəfər Xəndan küçəsi, 1 “A” saylı yaşayış binasının altında yerləşən, 1-ci giriş zirzəmisinin 111,0 (yüz on bir) kvadrat metr qeyri-yaşayış sahəsi ona məxsusdur. Həmin qeyri-yaşayış sahəsinin pay dəyəri tərəfindən tam ödənilmişdir. 111,0 kvadrat metr qeyri yaşayış sahəsinin pay dəyərinin tam ödənilməsi ilə əlaqədar mənə Bakı Şəhər İcra Hakimiyyəti və "xxxx" Mənzil Tikinti Kooperativinin sədri A.B Fətəliyev tərəfindən birgə imzalanmış maliyyə arayışı verilmişdir. Mənə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 1 “A” saylı yaşayış binasının altında yerləşən, 1-ci giriş zirzəmisinin 111,0 (yüz on bir) kvadrat metr qeyri-yaşayış sahəsinin daşınmaz əmlak üzərində hüquqlarım dövlət qeydiyyatına alınması (özəlləşdirilməsi) məqsədi ilə 214/385 saylı 27 mart 2024-cü il tarixli məktubla "xxxx" Mənzil Tikinti Kooperativinin sədricənab Nümayəndə2 müraciət edərək "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu Cəfər Xəndan küçəsi, 1 “A” saylı yaşayış binasının altında yerləşən, 1-ci giriş zirzəmisinin 111,0 (yüz on bir) kvadrat metr qeyri-yaşayış sahəsinin eskiz layihəsinin, maliyyə arayışının, sərəncamın və protokolun təsdiq olunmuş kserosurətlərinin verilməsini tələb etsəm də, bu günədək həmin sənədlərin təsdiq olunmuş kserosurətləri ona (göndərilməmişdir) verilməmişdir. Nümayəndə2lə ***-***-**-** mobil telefon vasitəsi ilə əlaqə saxlayan zaman bildirmişdir ki, həmin sənədlər Bakı şəhər İcra Hakimiyyətində də saxlanılır. Bildirir ki, qanunun tələblərinə uyğun olaraq həmin sənədlər "xxxx" Mənzil Tikinti Kooperativində saxlanılmalıdır. Hesab edir ki, həmin sənədləri Nümayəndə2 ona münasibətdə qərəzli olduğuna görə vermir. Göstərilənlərlə əlaqədar 311/385 saylı 14 may 2024-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Başçısı cənab Eldar Əzizova sorğu ilə müraciət edərək "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu Cəfər Xəndan küçəsi, 1 “A” saylı yaşayış binasının altında yerləşən, 1-ci giriş zirzəmisinin 111,0 (yüz on bir) kvadrat metr qeyri-yaşayış sahəsinin eskiz layihəsinin, maliyyə arayışının, sərəncamın və protokolun təsdiq olunmuş kserosurətlərinin verilməsini xahiş etsə də, həmin sənədlər bu günədək ona verilməmişdir. Hətta bu məsələ ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti aparatının əməkdaşı Məmmədhüseyn(soyadını unutmuşdur) və həmin iş üzrə icraçı Fuad Pənahovun(050-320- 87-88) qəbulunda olmuşdur. Qeyd edilən vəzifəli şəxslər yaxın vaxtlarda sorğuya cavab veriləcəyini bildirsələr də, Bakı şəhər İcra Hakimiyyətindən bu günədək sorğuya cavab verilməmişdir. Beləliklə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ona məxsus olan daşınmaz əmlaka hüququ pozulmuşdur. Belə ki: “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikasının 713-İİQ saylı 29 iyun 2004-cü il tarixli Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və qanunvericilikdə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə (maddə 8.0.6) yaranır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tələb edilən sənədlərin əsilləri iddiaçıda yoxdur. Əmlakın özəlləşdirilməsi üçün qanunvericilikdə tələb edilən sənədlərin təsdiq olunmuş surətlərinin alınması da, onlar üçün qəbulolunan haldır. BŞİH-nə ünvanladığı sorğular cavabsız qalsa da, sonda ona tələb etdiyi sənədlərin təsdiqlənmiş surətlərinin göndərildiyi göstərilsə də, təqdim edilən sənədlər sadəcə surətdir. MTK-nın ümumi yığıncağının qərarının və maliyyə arayışının qüvvədə olmasını onların əsilləri və ya təsdiq olunmuş surətləri ilə sübut edə bilərlər. Hansı ki, əmlakın özəlləşdirilməsi üçün bunlar önəmlidir. MTK sənədlərin Bakı şəhər İcra Hakimiyyətinə göndərildiyini bildirsə də, nəzərə alınmalıdır ki, həmin sənədlərin əsli əslində MTK-nın özündə saxlanılır.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, cavabdehdən tələb edilən sənədlər mənzilin özəlləşdirilməsi üçün lazımdır. Özəlləşdirmə ilə bağlı onlardan tələb olunacağını ehtimal etdikləri üçün binanın eskiz lahiyəsini də cavabdehdən tələb edirlər. Bakı şəhər İcra Hakimiyyətinə etdiyim müraciətinə hələ də, cavab verilməmişdir. Sənədlərin əsli iddiaçıda yoxdur.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar:

6. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 144 saylı, xx.xx.2005-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında mənzil məsələlər üzrə ictimai komissiyasının iclasının 7B saylı, xx.xx.2005-ci il tarixli protokolunun surətinə görə "xxxx" MTK məxsus Binəqədi rayonu, C.Xəndan küçəsi, 1 A saylı yaşayış binasının 1-ci girişin zirzəmisində 111,0 kv.m qeyri-yaşayış sahəsini "xxxx" MTK üzvlərinin ümumi iclasının 20.11.04-cü il tarixli 39 saylı protokolu ilə İddiaçı verilməsi barədə qərar qəbul edilmiş, qərarı baxılması üçün komissiyaya çıxarılmışdır.

7. "xxxx" MTK-nın ümumi iclasının xx.xx.2004-cü il tarixli 39 saylı protokolunun surətindən görünür ki, "xxxx" MTK-nın 1 a saylı binasının altındakı zirzəmidə 111,0 kv.m-li sahənin MTK-nın üzvü İddiaçı verilməsi qərara alınmışdır.

8. "xxxx" MTK-nın sədri Nümayəndə2 tərəfindən təsdiq edilən maliyyə arayışının surətindən görünür ki, "xxxx" MTK-nın üzvü İddiaçı ayrılmış zirzəmidən 111,0 kv.m qeyri-yaşayış sahəsinin pay dəyəri tam ödənilmişdir. MTK-ya borcu yoxdur. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları

9. İddiaçı "xxxx" MTK məxsus Binəqədi rayonu, C.Xəndan küçəsi, 1 A saylı yaşayış binasının 1-ci girişin zirzəmisində 111,0 kv.m qeyri-yaşayış sahəsini pay dəyərini tam şəkildə ödəməklə almışdır. Hazırda həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün aidiyyəti qurumlara müraciət etmək niyyətindədir. Odur ki, özəlləşdirilmə üçün tələb edilməsi ehtimal olunan sənədlərin MTK tərəfindən oa verilməsindən qərəzli olaraq imtina edildiyi qənaətinə gəlmişdir. Belə ki, tələb etdiyi sənədlərin məhkəmədənkənar əldə etməsi mümkün olmamışdır. Hətta bu barədə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ilə müraciət edilsə də, ona müvafiq sənədlərin bəzilərinin sadəcə ksero surəti təqdim edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun:

11. 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

12. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

13. 8.0.-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsas hesab olunur.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

16. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsas hesab olunur.

17. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir

18. Məhkəmənin qənaətinə görə iddiaçının tələbi qismən təmin edilməlidir. İlk olaraq qeyd edilməlidir ki, iddia tələbinin mahiyyətindən də aydın olduğu kimi, iddiaçı "xxxx" MTK-ya məxsus binada pay dəyərini tam ödədiyi qeyri-yaşayış sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq niyyətindədir və hesab edir ki, tələb edilən sənədlərin ona təqdim edilməsinə zərurət vardır. Hansı ki, yuxarıda sadalanan qanunvericiliyin tələbindən də görünür ki, yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Eyni zamanda tərəflər arasında olan Lakin məhkəmənin yuxarıda sadaladığı normaların tələbləri nəzərə alındıqda qeyd edilməlidir ki, qeyri-yaşayış sahəsi mənzil-tikinti kooperativi binasından alınmışdır və hüquq sahibinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) kifayətdir. Odur ki, "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 1 “A” saylı yaşayış binasının altında yerləşən, 1-ci giriş zirzəmisinin 111,0 (yüz on bir) kvadrat metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi dair MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2004-cü il tarixli qərarının və qeyri-yaşayış sahəsi üzrə pay haqqının tam ödənilməsinə dair maliyyə arayışının təsdiq olunmuş surəti cavabdeh tərəfindən iddiaçıya verilməlidir. Digər sənədlərin tələb edilməsi isə iddiaçının arzuladığı hüquqi nəticəyə uyğun olmamaqla əsassızdır.

19. Bundan əlavə Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.

20. Digər tərəfdən məhkəmə iclası zamanı iddiaçı tərəfin nümayəndəsi də, sadalanan sənədlərdən əmlakın özəlləşdirilməsi üçün zəruri olan sənədlərin əsillərinin cavabdeh tərəfdə saxlanmalı olması fikri ilə razılaşmaqla, həmin sənədlərin təsdiq olunmuş surətlərinin verilməsinin də onlar üçün qənaətbəxş olduğunu bildirmişdir. Tətbiq edilən prosessual normalar:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

22. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

26. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia qismən edilməli, "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 1 “A” saylı yaşayış binasının altında, 1-ci giriş zirzəmisində 111,0 (yüz on bir) kvadrat metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı verilməsinə dair MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2004-cü il tarixli(39 saylı protokol) qərarının və həmin qeyri-yaşayış sahəsi üzrə pay haqqının tam ödənilməsinə dair maliyyə arayışının təsdiq olunmuş surətinin İddiaçı verilməsi vəzifəsi cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

27. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 1 “A” saylı yaşayış binasının altında, 1-ci giriş zirzəmisində 111,0 (yüz on bir) kvadrat metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı verilməsinə dair MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2004-cü il tarixli(39 saylı protokol) qərarının və həmin qeyri-yaşayış sahəsi üzrə pay haqqının tam ödənilməsinə dair maliyyə arayışının təsdiq olunmuş surətinin İddiaçı verilməsi vəzifəsi cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar