Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6170/2024 16.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X12 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi İddiaçı və nümayəndəsi X1 Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə (Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə kompensasiyanın və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən xitam verilməsinə dair Cavabdeh MMC-nin 08 iyun 2020-ci il tarixli əmrinin ləğv edilməsi, onun həmin işə bərpa edilməsi; 16 yanvar 2020-ci il tarixdən 0 sentyabr 2024-cü il tarixədək məcburi işburaxma dövrü üzrə aylıq 2500 manat əmək haqqı və digər ödənclər üçün ümumi olaraq 140000 manat pulun, həmçinin hər gecikdirilmiş gün üçün 1 faiz ödəncin cavabdehdən tutularaq ona ödənilməsi; mənəvi zərərə görə 160000 manat pul vəsaitinin, mediasiya xərci kimi ödənilmiş pulun əvəzi kimi 60 manat, dövlət rüsumunun əvəzi kimi 590 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ildən etibarən 16 yanvar 2020-ci il tarixədək Cavabdeh MMC-də işləmişdir. Sonuncu vəzifəsi «Xorika energetik» şöbəsində bölgə müdiri olmuşdur. İddiaçı “Xorika energetik” şöbəsində bölgə müdiri işləyən zaman işçisi Mehman Müseyibovun hesabında maliyyə çatışmamazlıqlarının olması səbəbindən həmin MMC-də ondan daha üst vəzifədə işləyən MMC-nin əməkdaşları Fərmayıl Kalova və Emin Səfərova məsələ ilə bağlı iki dəfə xəbərdarlıq etmişdir ki, X2 borcu ilə bağlı müəyyən mübahisə var, bu məsələ araşdırılsın və nəticələnənə kimi də X3 mal verilməsinə blok qoyulsun. Lakin şirkətin rəhbərliyi tərəfindən X3 qoyulmuş blok aradan qaldırılaraq ona mal verilməyə davam edilmişdir. Hətta “Whatsapp” proqramı vasitəsilə şirkətin rəhbəri tərəfindən İddiaçı göndərilmiş səs yazısından da görünürdü ki, şirkətin rəhbəri bildirmişdir ki, özünün səhvi ucbatından X2 borcu çoxalıb və borcun azalması üçün İddiaçı tədbirlərin görülməsini xahiş etmişdir. Halbuki cinayət işi üzrə məhkəmə iclası zamanı dindirilərkən Ceyhun Abbasov əsassız olaraq bunu təkzib etmiş, bununla da qərəzli mövqeyini göstərmişdir. Mehman Müseyibovun MMC-yə olan borcu ilə bağlı daxili iclas aparılarkən şirkətin rəhbəri X14 Tofiqi əsassız olaraq günahlandırmaq istəyəndə Tofiq ona bildirmişdir ki, o, dəfələrlə (xx.xx.2019-cu və xx.xx.2019-ci il tarixli təqdimatlarla) bu barədə Fərmail Kalovu və Emin Səfərovu xəbərdarlıq etmişdir. İddiaçı şirkətin rəhbərinə cavab qaytardığı üçün bunu əsas gətirərək onunla ədavət aparılmış və 16 yanvar 2020-ci il tarixdə qanunsuz olaraq işdən çıxarılmış, bundan sonra MMC-nin inzibati binasına buraxılmamış, qanunsuz olaraq faktiki işdən azad edilmişdir. Lakin bununla bağlı ona hər hansı əmr təqdim edilməmiş, əmək kitabçası təhvil verilməmişdir. Bununla bağlı iddiaçı tərəf dəfələrlə Əmək Müfəttişliyinə şikayətlər etmişdir. İddiaçı qanunsuz olaraq 16 yanvar 2020-ci il tarixdə işdən azad edilmə fakti ittiham aktında da öz əksini tapır. Sonradan MMC-nin əsassız şikayəti nəticəsində iddiaçı cinayət məsuliyyətinə cəlb edilmişdir. Nəticədə barəsində 1 (bir) il 6 (altı ay) 9 (doqquz) gün müddətinə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seşilmişdir. Sonradan isə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş 8 iyun 2020-ci il tarixli «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuşdur. Sonradan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-21/2024 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-21/2024 saylı hökmü Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 1(102)-1734/2024 saylı qərarı ilə hökm İddiaçı aid hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı X5 ifadəsində bildirmişdir ki, cəmi bir dəfə şirkətdə şirkət rəhbərinin yalan vədləri və təzyiqi ilə İddiaçı pul verməyi barədə izahat vermişdir. Fərmayıl Kalov və Emin Səfərov ifadələrində göstərmişlər ki, İddiaçı bölgə müdiri kimi onlara X2 borc məsələri ilə bağlı xəbərdarlıq etmiş və bununla da öz vəzifəsini yerinə yetirmişdir. Buradan görünən odur ki, Ceyhun Abbasov qərəzli mövqe sərgiləyərək şəxsi ədavətə görə əsassız olaraq iddiaçının işdən azad olunmasına və cinayət məsuliyyətinə cəlb olunmasına şərait yaratmışdır. İddiaçı qanunsuz olaraq 16 yanvar 2020-ci il tarixdən etibarən, həmçinin cinayət məsuliyyətinə cəlb edildiyi və barəsində başqa yerə getməmək haqqında iltizam seçildiyi 1 (bir) il 6 (altı ay) 9 (doqquz) gün müddətində, həmçinin barəsində qanunsuz olaraq həbs qətimkan tədbiri seçildiyi və məhkum edildiyi 2 (iki) il 1 (bir) ay 7 (yeddi) gün müddətində mənəvi sarsıntı keçirməklə yanaşı, qanunsuz olaraq işdən azad edilmişdir. Məhkəmənin diqqətinə bir daha çatdırılır ki, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli məktubundan görünsə də ki, İddiaçı barəsində cinayət işi olduğundan o işdən kənarlaşdırılıb, ittiham aktında qeyd edilir ki, İddiaçı 16 yanvar 2020-ci il tarixdə işdən azad olunmuşdur. Bütün bunlarla bağlı dəfələrlə X4 müraciətlər olunsa da bir tədbir görülməmişdir. İddiaçı sonradan azadlığa çıxdıqdan sonra fərdi şəxsi hesabına daxil olaraq öyrənmişdir ki, onun işdən azad olunması rəsmi olaraq AR ƏM-nin 72-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli əmr ilə sənədləşdirilmişdir. Cinayət işi materiallarından müəyyən olunur ki, İddiaçı hər hansı bir təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulmamış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməmişdir. Lakin işəgötürənin qərəzli mövqeyi, ələ alma yolu ilə digər şəxsin onun barəsində yalan izahat yazması İddiaçı əmək hüquqlarını ciddi şəkildə pozmuş, onun işgüzar nüfuzuna xələl gətirmiş, ona mənəvi iztirablar vermişdir. Digər tərəfdən iddiaçıya istinad edilən pozuntular həqiqətən mövcud olsaydı, məhkəmə iclasında Cavabdeh MMC-nin işçiləri İddiaçı lehinə ifadə verməzdilər. Bu isə onu göstərir ki, İddiaçı yaxşı işçi olub və onun işdən azad olunmasına qanuniəsaslar mövcud olmayıb. Məhkəmənin nəzərinə çatdırılır ki, İddiaçı işlədiyi dövr ərzində faktiki olaraq aylıq 2500 manat əmək haqqı almışdır və buna dair bank sənədləri məhkəməyə təqdim edilir. İddiaçı dəfələrlə yüksək maaşlı işlərə qəbul edilməsi üçün müraciətlər etsə də onun Cavabdeh MMC-dən qanunsuz işdən azad olması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmışdır. Baş vermiş hadisələr nəticəsində cəmiyyətin, ailə quracağı xanımın və onun yaxınlarının İddiaçı mənfi reaksiyası formalaşmış, artıq toy günü bəlli olsa da toyu baş tutmamışdır. Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi aşağıda göstərilənlərə görə qismən əsassızdır və iddiaçının işə bərpa olunması hissəsindən başqa digər hissələrdə rədd edilməlidir. 1. İddia ərizəsində qeyd edilib: Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli məktubundan görünsə də ki, İddiaçı barəsində cinayət işi olduğundan o işdən kənarlaşdırılıb, ittiham aktında qeyd edilir ki, İddiaçı 16 yanvar 2020-ci il tarixdə işdən azad olunmuşdur”. Bununla bağlı bildirilir ki, ittiham aktında İddiaçı işdən kənaşdırılması deyil, işdən azad edilməsi barədə məlumatın qeyd olunması Cavabdeh MMC-nin iradəsindən kənar baş verib. 2. İddiaçı daha sonra öz iddia ərizəsində qeyd edib: “Cinayət işi materiallarından müəyyən olunur ki, İddiaçı hər hansı bir təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulmamış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməmişdir. Lakin işəgötürənin qərəzli mövqeyi, ələ alma yolu ilə digər şəxsin onun barəsində yalan izahat yazması İddiaçı əmək hüquqlarınıciddişəkildə pozmuş, onun işgüzar nüfuzuna xələl gətirmiş, ona mənəvi iztirablar vermişdir”. İddia ərizəsində göstərilən bu fikirlər tamamilə əsassız və absurd fikirlərdir və iş materialları ilə öz təsdiqini tapmır. Ümumiyyətlə, Cavabdeh MMC-nin şikayəti əsasında bir cinayət işi üzrə ittiham edilən iki təqsirləndirilən şəxsdən birinin digəri haqqında yalan izahat yazması üçün onu ələ almasına inanmaq məntiqsizlikdir və həqiqətə uyğun ola bilməz. Çünki, İddiaçı barəsində ibtidai istintaq və birinci instansiya məhkəməsində aparılan istintaq dövründə həbs qətimkan tədbiri seçilmədiyi halda, digər təqsirləndirilən şəxs Mehman Müseyibov hələ ibtidai istintaq dövründən bu günədək həbsdədir. 3. İddia ərizəsində qeyd edilib ki, guya İddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə aylıq 2500 manat əmək haqqı almışdır. Halbuki, iddiaçının əməkhaqqı xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 200 manat, həmin tarixdən sonra isə 600 manat təşkil etmişdir və bu, onunla bağlanmış əmək müqaviləsində də öz əksini tapır. Cavabdeh MMC-nin İddiaçı əmək müqaviləsində nəzərdə tutulmuş məbləğdən artıq əmək haqqı ödəməsi isə qanunvericiliklə mümkün olmamışdır. İddiaçı məhkəməyə özünə məxsus bank kartı hesabından çıxarışlar təqdim etmişdir ki, həmin çıxarışlarda göstərilən məbləğlərin yalnız əmək müqaviləsində nəzərdə tutulmuş hissəsi Cavabdeh MMC tərəfindən ona ödənilmişdir. Digər ödənişlər isə Cavabdeh MMC tərəfindən icra edilməmişdir. Bu, elə iddiaçının özünün məhkəməyə təqdim etdiyi bank hesabı çıxarışlarından da aydın görsənir. 4. İddiaçı ona mənəvi zərərin vurulduğunu və bu zərərvurmanın Cavabdeh MMC-nin təqsirindən baş verdiyini qeyd etmişdir. Halbuki, Cavabdeh MMC bir işəgötürən kimi, ona külli miqdarda maddi zərər vuran Mehman Müseyibov barəsində hüquq mühafizə orqanlarına müraciət edərkən, X10 Rzayevin rəhbərliyi altında çalışdığını nəzərə alaraq, Mehman Müseyibovun mənimsəmə cinayətini törətməsi üçün İddiaçı şəxsi maraqları naminə şərait yaratdığını və onunla əlbir olduğunu düşünmüşdür. Həm ibtidai istintaq, həm də ilkin məhkəmə istintaqı ilə İddiaçı təqsiri sübuta yetirilmiş və ona müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. İddiaçı kassasiya şikayəti əsasında işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi ona bəraət vermiş və o, azadlığa buraxılmışdır. İbtidai istintaq dövründə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı təqsiri öz təsdiqini tapmışdır və o, təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilmişdir. Cavabdeh MMC də mövcud qanunvericiliyin verdiyi hüququndan istifadə edərək, ona külli miqdarda zərər vurmaqda ittiham edilən şəxsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Göründüyü kimi, Cavabdeh MMC İddiaçı işdən azad edilməsi barədə Əmri verərkən heç bir qanunsuz hərəkətə və ya ona qarşı qərəzə yol verməmişdir. İndiki halda iddiaçı dövlət hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qanunazidd hərəkətləri nəticəsində ona ziyan vurulduğunu hesab edirsə, bu barədə müvafiq orqana qarşı iddia qaldıra bilər. Belə ki, Azərbaycan Respublikası Əmək Məvəlləsinin 291-ci maddəsinə əsasən, “1. Əmək müqaviləsinin tərəflərinin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və bu ziyanın dövlət tərəfindən ödənilməsi hüququ vardır. 2. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işçinin işdən çıxarılması və ya kənarlaşdırılması ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi qaydası müvafiq qanunla müəyyən edilir”. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən, “Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir”. Həmin Qanunun 5-ci maddəsinə əsasən, “Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz”. Həmin Qanunun 8-ci maddəsinə əsasən, “Qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda işdən (vəzifədən) çıxarılma haqqında əmək kitabçasında edilmiş qeyd etibarsız hesab olunur. Şəxsin tələbi ilə onun işdən (vəzifədən) çıxarılması haqqında əmək kitabçasında müvafiq qeyd aparmış orqan və ya onun vəzifəli şəxsi beş gün müddətində etibarsız hesab olunmuş qeydin olmadığı əmək kitabçasının dublikatını ona verməlidir”. Göründüyü kimi, iddiaçının işdən azad edilməsi barədə olan xx.xx.2020-ci il tarixli əmr qanunvericiliyin tələbinə görə etibarsız hesab edilməlidir ki, iddianın həmin hissəsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddiaçı ilə aralarında olan mübahisənin mediasiya vasitəsilə həll edilməsi zamanı da, bu gün də əmrin etibarsızlığını, iddiaçıya aid əmək kitabçasında müvafiq qeyd etməyi və ya onun istəyinə uyğun olaraq xx.xx.2020-ci il tarixli əmr barədə qeyd olmayan əmək kitabçasının dublikatını verməyi qəbul edirər. Bütün bunlar, iddianın “işə bərpa” hissəsindən başqa digər hissələrdə tamamilə əsassız olduğunu bir daha təsdiq edir. Yuxarıda qeyd edilənlərə və AR Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən, İddiaçı Cavabdeh MMC-yə qarşı “işəbərpa, əməkhaqqı və vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiasının “işə bərpa barədə” hissəsindən başqa digər hissələrdə əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirdi ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “işəbərpa, əməkhaqqı və vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad edilməsi barədə olan xx.xx.2020-ci il tarixli Əmrin ləğv edilərək işə bərpa olunması, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək məcburi işburaxmaya görə əməkhaqqının və digər ödənclər üçün, ümumi olaraq 140.000 manat pulun, həmçinin hər gecikdirilmiş gün üçün 1 faiz ödəncin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, mənəvi zərərə görə 160.000 manat pul vəsaitinin, mediasiya xərclərinə görə 60 manat, ödənilmiş dövlət rüsumuna görə 590 manat pulun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə verdiyimiz Etirazda iddia tələbinin “əmrin ləğv edilməsi və işə bərpa” hissəsinin təmin olunmasına etiraz etmədiyimizi bildirmişik. Bu mövqedən çıxış etməyimizin səbəbi “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələbləri olmuşdur. Lakin iş üzrə keçirilmiş xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianın “əmrin ləğvi və işəbərpa” hissəsini belə əsaslandırmağa çalışdı ki, guya İddiaçı işdən azad olunması ilə bağlı əmək qanunvericiliyinin tələbləri işəgötürən tərəfindən pozulduğuna görə belə bir tələblə məhkəməyə müraciət ediblər. İddia ərizəsində fərqli mövqedən çıxış edən iddiaçı tərəfin məhkəmə iclasında bildirdiklərindən sonra, hazırki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmiş, etirazda da qeyd etdiyimiz kimi, İddiaçı işdən azad edilməsi ilə bağlı olan əmr qanunvericiliyin tələblərinə tamamilə uyğundur və əmək qanunvericiliyinin tələbləri tərəflərindən pozulmamışdır. Bundan başqa, məhkəmənin diqqətinə çatdırırlar ki, İddiaçı hələ xx.xx.2020-ci ildə, yəni Cavabdeh MMC-dən işdən azad edilməmişdən öncə başqa yerdə əmək müqaviləsi bağlamaqla, xx.xx.2021-ci il tarixinədək işləmişdir. İddiaçı barəsində həm ibtidai istintaq, həm də məhkəmə istintaqı getdiyi müddətdə o, azadlıqda olmuş, əmək fəaliyyətini davam etdirmişdir. İddiaçı Baki Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli Hökmü ilə məhkəmə iclas zalından həbsə alınmışdır. Yəni o, Cavabdeh MMC-nin onun işdən azad edilməsi ilə bağlı olan xx.xx.2020-ci il tarixli Əmrindən məlumatlı olmuş, həmin əmrin məhkəmə qaydasında mübahisələndirilməsinə heç bir hal maneə yaratmamışdır. Əgər, İddiaçı onun işdən azad olunması barədə olan əmrin əmək qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyini hesab edirdisə, o, AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində göstərilən müddət ərzində məhkəmə müdafiəsi hüququndan istifadə etməklə, əmri mübahisələndirə bilərdi. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işəbərpa, əməkhaqqı və vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiasına iddia müddətinin tətbiq edilməsini və iddianın tamamilə rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında 16 yanvar 2020-ci il tarixdə keçirilmiş iclasdan sonra şirkətdən qovulmasını, daha sonra işə çıxmaq istəsə də rəhbərliyin göstərişi əsasında mühafizənin omu içəri buraxmamasını, təxminən bir həftə məsələnin sülh yolu ilə həll edilməsini gözlədikdən sonra artıq vəkilə müraciət etməsini, onun da məsləhəti ilə əmək müfəttişliyinə bir neçə dəfə müraciət etməsini bildirdi. Onun işləri ilə vəkili məşğul olurdu və konkret olaraq hansı səbəblərdən birbaşa məhkəməyə müraciət etməməsini izah edə bilmir. 2020-ci il mart ayından artıq başqa şirkətdə işləməyə başlamışdır. Həbs olunanadək digər şirkətlərdə işləməsini bildirir, son haqq hesab 559 manat məbləğində onun hesabına oturmuşdur, lakin həmin vaxtda bu məbləğin nə ilə əlaqədar olmasını anlamamışdı. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın tam həcmdə təmin olunmasını xahiş etdi, əlavə olaraq iddiaçının bəraət alması ilə əlaqədar Maliyyə Nazirliyinə qarşı müvafiq iddia ilə müraciət etmələrini və Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsini, lakin cavabdeh qurumun apellyasiya şikayəti verdiyini bildirmişdir. Hesab edir ki, iddia müddətini ötürməmişlər, çünki işdən çıxarılmanı iddiaçı yalnız mediasiya sessiyasında bilmişdir. Müstəqil tələb irəli sürməyən İİİ şəxs X11 Xidməti dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq iclasda öz nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmənin sorğusuna elektron–email vasitəsilə cavab verərək, iddiaçının müraciəti əsasında toplamış olduğu sənədləri məhkəməyə göndərmiş, mülahizə təqdim etməmişdir. Əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: X2 və İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə 29 iyul 2020-ci il tarixli ittiham aktından görünür ki, həmin cinayət işi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə 18 noyabr 2019-cu il tarixdə başlanaraq istintaqı aparılmış ********* nömrəli cinayət işindən 10 aprel 2020-ci il tarixli qərarla X5 və İddiaçı qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqelərindən istifadə etməklə onlara etibar edilmiş külli miqdarda özgə əmlakını vahid qəsdlə mənimsəmə yolu ilə talamaları barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ayrıca icraata ayrılmış və ibtidai istintaqı aparılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-244/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib AR CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İddiaçı barəsində seçilmiş 8 iyun 2020-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədiri ilə əvəz olunmuş və o, məhkəmə iclas zalından dərhal həbsə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 1(103)-21/2024 saylı hökmünə əsasən, İddiaçı müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, X2 və İddiaçı Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli 1(101)- 244/2021 nömrəli hökmü qismən, İddiaçı münasibətdə ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 1734/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarına əsasən dövlət ittihamçısı X7 tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X8 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1,(103)-21/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün qismən - X3 aid hissədə ləğv edilməsi və cinayət işinin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Bakı 12 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışına əsasən ilkin mediasiya sessiyası ilə bağlı bildiriş xx.xx.2024-cü ildə tərəflərə göndərilmişdir. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli №16 saylı əmrinin surətindən müəyyən olunur ki, Cəmiyyətin satış departamentinin satış üzrə nümayəndə vəzifəsində çalışan X5 və satış üzrə bölmə rəhbəri vəzifəsində çalışan İddiaçı əmək fəaliyyətinin icrası zamanı yol verdikləri pozuntular nəticəsində şirkətəvurulmuş zərələ bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlanması və Cəmiyyətə dəyə biləcək əlavə zərərin qarşısının alınması məqsədi ilə X5 və İddiaçı xx.xx.2020-ci il tarixdən işdən kənarlaşdırılması və kənarlaşdırılma verildiyi tarixdən əməkhaqqı hesablanmaması qərara alınmışdır. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 141 saylı məktubuna əsasən iddiaçının vəkili Nümayəndə1 xx.xx.2020-ci il tarixli ərizəsi “İddiaçı barəsində cinayət təqibi aparıldığı üçün əmək məcəlləsinin tələbinə uyğun olaraq işdən kənarlaşdırılması” kimi cavablandırılmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin xx.xx.2020ci il tarixli çıxarışından müəyyən olunur ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, həmin tarixdə sistemə daxil edilmişdir. “Paşa Bank”ın əmək haqqı üzrə çıxarışından müəyyən olunur ki, İddiaçı 559,01 manat son haqq hesab üzrə ödəniş xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus hesaba mədaxil edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN elektron sistemdən çıxarışlardan müəyyən olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixdə bağlanaraq, xx.xx.2020-ci il tarixində xitam verilmiş (Cavabdeh MMC ilə) və digər xx.xx.2020-ci il tarixdə bağlanan və xx.xx.2021-ci il tarixdə xitam verilmiş, xx.xx.2021-ci il tarixində bağlanaraq xx.xx.2022-ci il tarixində xitam verilmiş əmək müqavilələrinə dair məlumat mövcuddur. İddiaçı ilə X11 Xidməti arasında olan yazışmalar xx.xx.2020-ci il tarixli müraciətdə “vətəndaş xx.xx.2020-ci il tarixdə əmək haqqının ödənilməməsi ilə əlaqədar 142 çağrı mərkəzinə zəng edərək şikayət etmişdir.” **********7 nömrəli, xx.xx.2020-ci il tarixli, **********3 nömrəli, xx.xx.2020-ci il tarixli, **********8 nömrəli, xx.xx.2020-ci il tarixli müraciətlərə cavab olaraq iddiaçıya “ Cavabdeh MMC”-də əmək hüquqlarının pozulmasına dair 2020-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMN etmiş olduğu müraciətlərə baxıldığı, xx.xx.2020-ci il tarixdə əmrlə işdən kənarlaşdırıldığı, xx.xx.2020-ci il tarixdə isə son haqq hesabın əmək haqqı kartına köçürülməklə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi “ məzmununda cavablandırılmışdır. xx.xx.2024-cü il tarixli İddiaçı ərizəsində “2020-ci ilin təxminən yanvar, fevral aylarında tərəfindən müfəttişliyə Cavabdeh MMC-nin işçisi olduğunu, qanunsuz olaraq işdən azad olunmağına və şirkət rəhbərliyinin barəsində qanunla müəyyən edilmiş qaydada tədbirlərin görülməsinə dair müraciət etdiyini, şikayətlərin nəticəsi ilə maraqlandığını, aparılmış araşdırmalar barədə ətraflı məlumatın ona təqdim edilmsini xahiş etmişdir. 3-17-5/1-R-16501/2024 saylı, xx.xx.2024-cü il tarixli İddiaçı müraciətlərə cavab olaraq bildirilmişdir ki, “ Cavabdeh MMC”-də əmək hüquqlarının pozulmasına dair 2020-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMN etmiş olduğu müraciətlərə baxıldığı, xx.xx.2020-ci il tarixdə əmrlə işdən kənarlaşdırıldığı, xx.xx.2020-ci il tarixdə isə son haqq hesabın əmək haqqı kartına köçürülməklə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə cavablandırılmışdır. Tətbiq edilən hüquq: «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası əmək qanunvericiliyinin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 70-ci maddənin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 74.1-ci maddənin ç-bəndinə əsasən işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. 288-ci maddəsinin h) bəndinə əsasən işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi fərdi əmək mübahisəsidir. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının qanununun 1-ci maddəsinə əsasən qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair qərarına əsasən Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair qərarına əsasən qanunverici bütün fərdi əmək mübahisələrinin məhkəmə qaydasında həllini müəyyən etsə də, bundan istisna olaraq fərdi əmək mübahisələrinə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılan müvafiq orqan tərəfindən məhkəməyə qədər baxılmasını da nəzərdə tutmuşdur. Beləliklə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanı səciyyələndirən şərtlər aşağıdakılardır: yaradılmasının kollektiv müqavilədə nəzərdə tutulması; ·müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılması; Əgər müəssisədə kollektiv müqavilə bağlanmamışsa və ya bağlanmış kollektiv müqavilədə belə bir orqanın yaradılması nəzərdə tutulmamışdırsa, bu zaman Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq fərdi əmək mübahisələrinə yalnız məhkəmələrdə baxıla bilər. Həmçinin qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X11 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X11 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmənin mövqeyi və əsaslandığı hallar Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdeh şirkətdə işləmiş, sonuncu tutduğu vəzifə satış bölmə rəhbəri olmaqla, aylıq əmək haqqı 600 manat təşkil etmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişdən onunla xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Lakin işin faktiki hallarından, mübahisə ilə əlaqədar tədqiq edilmiş və faktiki halları təsdiq edən cinayət işinin ittiham aktı, hökmlər, o cümlədən də tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı faktiki olaraq xx.xx.2020-ci il tarixdən cavabdeh şirkət tərəfindən işdən kənarlaşdırılmışdır. Sonradan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 8 iyun 2020-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə İddiaçı AR CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş 8 iyun 2020-ci il tarixli «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə sözügedən hökm İddiaçı aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə irəli sürülmüş tələblərə ayrı-ayrılıqda hüquqi qiymətləndirmə verilməsini zəruri hesab edir. İlk öncə tələbin -iddiaçının barəsində işdən çıxarılmasına dair əmrin ləğv edilməsini və işə bərpa olunması, məcburi iş buraxmaya görə aylıq əmək haqqları, digər ödənclərə, o cümlədən də gecikdirilmiş hər gün üçün 1 faiz ödəncin verilməsinə münasibətdə məhkəmə irəli sürülmüş tələblərin əsaslı olmasını müəyyən etsə də, aşağıdakıları şərh etməyi zəruri bilir. Hər iki tərəfin izahatlarından, cinayət işi üzrə qəbul edilmiş ittiham aktı və məhkəmə qərarlarından təsdiq olunur ki, iddiaçı xx.xx.2020-ci il tarixli iclasdan sonra qeyri-rəsmi işdən qovulmuş, sonrakı günlərdə isə işə çıxmaq istəsə də onu şirkətə buraxmamışlar. Məhkəmə iddiaçının işəgötürənlə münasibətlərinin pisləşdiyi, işə gedən zaman qarşı tərəfin onu işə buraxmaması, onlar arasında sözlü qarşıdurmanın yaranması, bununla əlaqədar əmək müfəttişliyinin müvafiq qurumuna (ilk müraciət xx.xx.2020-ci il tarixində olmuşdur) müraciət etməsi barədə izahatlarında bildirdiklərini, iddiaçı ilə əmək müfəttişliyinin arasında aparılan yazışma və müraciətləri diqqətdən qaçırmır və belə qənaətə gəlir ki, hazırki iş üzrə əmək qanunvericiliyinin əmək mübahisəsi ilə əlaqədar müəyyən etmiş olduğu “iddia müddəti”nin başlanğıcı məhz qanunun normasında göstərilən kimi – işçinin öz hüquqlarının pozulmasını aşkar etdiyi gündən, baxılan mübahisə üzrə isə məhkəmə cavabdeh qurumun iddiaçının hüquqlarını hər hansı sənədləşdirmə aparmadan bilə-bilə qəsdən pozduğu xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin cavabdeh təşkilat tərəfindən iddiaçının işdən kənarlaşdırılması, daha sonra heç bir qanuni əsas olmadan, əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada deyil, mülahizə və ehtimallara əsaslanaraq iddiaçını 70-ci maddənin ç) bəndinə əsasən işdən azad etmişdir. Bununla belə iddiaçı hüququnun pozulması ilə əlaqədar vəkilə müraciət edir, daha sonra əmək müfəttişliyi ilə yazışmalar aparılır, lakin artıq uzun müddətin keçməsinə baxmayaraq iddiaçı qanunla nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmir və bununla da haqlı olmasına rəğmən iddia müddətini ötürür. Əmək Müfəttişliyi ilə mübahisəyə dair yazışmalar xx.xx.2020-ci il tarixi, xx.xx.2020ci il tarixi, xx.xx.2020-ci il tarixi və işdə olan son müraciət xx.xx.2024-cü il tarixləri əhətə edir. Qeyd olunan yazışmalarda iddiaçı qanunsuz olaraq işdən çıxarılmasını, əmək haqqı almamasını bildirir. Həmçinin iddiaçının vəkili də cavabdeh təşkilata 2020-ci ilin mart ayında bu məzmunlu müraciətlər edir. Qeyd olunanlar bir daha onu göstərir ki, iddiaçı işçi kimi hüququnun pozulmasından məlumatlı olmaqla yanaşı, işəgötürənin haqsız saydığı hərəkətlərinə qarşı aktiv münasibət də sərgiləmiş, lakin doğru istiqamətdə müraciət etməmişdir. Həmçinin iddiaçının xx.xx.2020-ci il tarixində son haqq hesab məbləğini hesabına köçürülmə yolu ilə almasın barədə məhkəmənin suallarına cavab olaraq məbləğin təyinatını tam olaraq başa düşməməsi ilə əlaqədar bildirdiklərini məhkəmə həqiqətə uyğun hesab etmir, hətta o tarixdən hesablandıqda belə yenə iddia müddəti ötürülmüş olur. Artıq qeyd olunduğu kimi iddiaçı hüququnun pozulduğunu onu qarşı tərəfin işə buraxmadığı – 2020-ci ilin yanvar ayında bilmiş, hətta işdən qanunsuz çıxarılması ilə əlaqədar əmək müfəttişliyinə müraciətlər etmiş, belə olan halda isə əmək qanunvericiliyin tələbinə uyğun olaraq artıq işəgötürən tərəfindən özünün bildirdiyi kimi ona əmrinin, əmək kitabçasının verilməsini gözləməli olmadığı halda fərdi əmək mübahisəsini həll etməyən əmək müfəttişliyinə etmiş olduğu müraciətlər əvəzinə, məhkəməyə müraciət etməli olduğu halda, təyinatı əmək qanunvericiliyi sisteminə daxil normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olan və fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan olmayan əmək müfəttişliyinin müvafiq qurumuna təkrar müraciətlər edir. Bundan başqa məhkəmə, imperativ qaydada nəzərdə tutulmuş iddia müddətlərinin hesablanması zamanı hazırki iş üzrə zəruri olan hadisələrin xronologiyasını, yəni iddiaçının barəsində cinayət təqibinin xx.xx.2020-ci il tarixdə ayrılmasını, başqa yerə getməmək barədə qətimkan tədbirinin isə xx.xx.2020-ci il tarixdə seçilməsini, 1 ildən artıq məhkəmə istintaqının aparılması və həmin dövrdə azadlıqda qalmaqla rahat məhkəməyə pozulmuş əmək hüquqlarının bərpası üçün müraciət edə bilmə imkanının olmasını, yalnız xx.xx.2021-ci ildə həbsə alınmasını diqqətindən qaçırmır. İddianın mənəvi ziyan kimi cavabdehdən tutulması hissəsinə münasibətdə də isə məhkəmə xatırladır ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Hazırki tələbə qoşularaq verilmiş, işəgötürənin işçiyə vurmuş olduğu mənəvi zərər özü də həm mahiyyət, həm də subyektiv cəhətdən əmək qanunvericiliyinin müddəalarına əsasən mülki qanunvericiliyin 384-cü maddəsində nəzərdə tutulduğu kimi, şəxsin qeyriəmlak hüquqlarının müdafiəsindən daha çox hazırki məqamda xüsusi norma ilə tənzimləndiyindən (288-ci maddəsinin h) bəndinə əsasən işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi fərdi əmək mübahisəsidir.) və fərdi əmək mübahisəsi sayıldığından ona da əmək qanunvericiliyində nəzərdə tutulmuş iddia müddətinin şamil edilməsi qanunamüvafiqdir. Belə ki, məhkəmə qanunla hər hansı tələbə münasibətdə iddia müddətinin müəyyən edilməsindən dolayı həmin hüquqların pozulması nəticəsində vurulmuş mənəvi zərərlə əlaqədar məhkəməyə müraciət hüququnun da həmin iddia müddəti ilə məhdudlaşmasını ağlabatan hesab edir. Məhz qeyd olunanlara əsasən məhkəmə cavabdeh təşkilat tərəfindən hər hansı əsaslı və qanuni səbəb olmadan işdən çıxarılmış şəxsin işəgötürənə qarşı vurulmuş mənəvi zərərin də ödənilməsi hissəsində haqlı mövqe irəli sürməsinə rəğmən tələbin təminini qanunvericiliyin İMPERATİV qaydada müəyyənləşdirdiyi “iddia müddəti” çərçivəsindən kənara çıxması əsası ilə istisna edir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Hazırki halda tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, məhkəmə, iddiaçı tərəfindən ödənilmiş 590 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılmasını, iddia rədd edildiyindən isə məhkəmə xərclərinin dövlət büdcəsinin hesabına aid edilməsini qanunamüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilən 590 (beş yüz doxsan) manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X18
Məhkəmə qərarları › İş №e-2(001)-6170/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6170/2024
16.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver