Məhkəmə qərarları › İş №e-2(001)-6414/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6414/2024

05.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6414/2024 05.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Heydərli (Məmmədli) Vəfa Vüqar qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı “şəxslərin yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Heydərli (Məmmədli) Vəfa Vüqar qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı “şəxslərin yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, 2017-ci ildən bu günə kimi mənzilin mülkiyyətçisidir. Onunla (Alıcı) mərhum X2 (Satıcı) və "xxxx" KB ASC-nin 17 saylı filialı arasında xx.xx.2017-ci il tarixdə 061İKİ/17 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və Bakı şəhəri 46 saylı Notariat ofisində rəsmiləşdirilmişdir. Həmin müqaviləyə əsasən, Satıcı alıcıya, yəni ona ünvan 1 ünvanında yerləşən mənzili 90000 manat qiymətinə satmışdır. Alqı-satqı rəsmiləşdirildikdən sonra ona mənzilin tam mülkiyyətçisi kimi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Cavabdehlər keçmiş mülkiyyətçinin ailə üzvləridir. Mənzil satılarkən cavabdehlər öz razılıqlarını notariat ofisində vermişlər.Cavabdeh4 mənzilin keçmiş mülkiyyətçisi olmuş mərhum X1 arvadı, digər üç cavabdeh isə onun övladları olmuşdur. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə mənzilin alqı-satqı və ipoteka müqaviləsi bağlanarkən cavabdehlərin hamısı, yəni həmin dövrdə mənzildə qeydiyyatda olmuş bütün yetkinlik yaşına çatmış ailə üzvləri öz razılıqlarını vermişlər. Onlarda olan məlumata əsasən mənzilin keçmiş mülkiyyətçisi vəfat etmişdir. Cavabdehlər bu günə kimi mənzildə qeydiyyatdadırlar. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin 2.2.4-cü bəndinə əsasən, satıcı (keçmiş mərhum mülkiyyətçi) “bu müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 60 (altmış) gün müddətinə mənzil üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmaq” öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflər arasında müqavilə bağlandıqdan sonra, mənzil ona təhvil verilmiş, cavabdehlər isə mənzili təhvil verdikdən sonra, elə həmin ildə mənzili birdəfəlik tərk etmişlər. Buna baxmayaraq, cavabdehlər bu günə kimi mənzildə formal olaraq qeydiyyatda qalmaqda davam edirlər və bununla da müqavilə üzrə öhdəliklərini pozmuş olurlar. Göründüyü kimi, cavabdehlər mənzilin satılmasına 2017-ci ildə razılıq vermişlər, mənzili ona, yəni yeni mülkiyyətçiyə təhvil verərək tərk etmişlər və mənzildən qeydiyyatda çıxmaq barədə üzərilərinə öhdəlik götürmüşlər. Beləliklə də, o, hesab edir ki, cavabdehlərin mənzildən istifadə hüquqları itirilmişdir, bu isə, onların qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Cavabdehlərin qeydiyyatda qalmaları onu hüquqlarını pozur. Cavabdehlərin 2017-ci ildə mənzildən köçmələrinə baxmayaraq, onlar bu günədək onun mənzilində rəsmi pasport qeydiyyatında qalmaqda davam edirlər. Bu isə onun mülkiyyət hüququnu əsassız şəkildə məhdudlaşdırır. Belə ki, mənzillə bağlı hər-hansı əməliyyat aparılarkən, cavabdehlərin razılığı tələb olunur. Digər tərəfdən, cavabdehlərin mənzildə qeydiyyatlarının formal xarakter daşımasına baxmayaraq, cavabdehlərə aid bütün bildirişlər, məktublar həmin ünvana gəlir. Göründüyü kimi, cavabdehlərin mənzildə qeydiyyatda qalmaları mülkiyyətçinin mülkiyyət hüquqlarını tam və hərtərəfli reallaşdırılmasına ciddi şəkildə maneə yaradır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ona yəni, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 47 ünvanında yerləşən 54 saylı mənzildən cavabdehlər Cavabdeh4 və onun övladları Cavabdeh3, Heydərli (Məmmədli) Vəfa Vüqar qızının və Cavabdeh1 istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsinı və qəbul ediləcək qətnamənin cavabdehlər Cavabdeh4 və onun övladları Cavabdeh3, Heydərli (Məmmədli) Vəfa Vüqar qızının və Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 47 ünvanında yerləşən 54 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olmasının qətnamədə göstərilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 ona və digər cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Heydərli (Məmmədli) Vəfa Vüqar qızına, Cavabdeh3 və Cavabdeh4 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Heydərli (Məmmədli) Vəfa Vüqar qızı, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin və ya onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 061İKİ/17 nömrəli 18 oktyabr 2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı X2, ipoteka saxlayan "xxxx" KB ASC-nin 17 saylı filialı və alıcı İddiaçı arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Satıcı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən MH seriyalı 0032377, 145 nömrəli reyestr kitabının 14067 nömrəli vərəqində xx.xx.2006-cı il tarixində qeydə alınmış, reyestr nömrəsi **********01-05101- 093003, qeydiyyat nömrəsi ********* olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Satıcıya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Mir cəlal küçəsi, 47 saylı binada yerləşən 54 nömrəli mənzili Alıcı-ipoteka qoyanın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin daşınmaz əmlakın satış qiyməti 90.000 manat müəyyən edilmiş, mənzilin dəyərinin 18000 manat məbləğində olan hissəsinin Alıcı-ipoteka qoyanın özü tərəfindən, 72000 manat məbləğində olan hissəsinin isə Kreditor-ipoteka saxlayan tərəfindən 17 oktyabr 2017-ci il tarixli 061İKİ/17 kredit müqaviləsinə əsasən Alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 47, 54 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan AZE seriyalı, 08152900 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh4 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 12988389 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 14856577 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 13629900 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 47, 54 saylı mənzili xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 46 saylı Notariat Kontorunda yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinə əsasən almış, həmin mənzil iddiaçının adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Həmin mənzil iddiaçıya satdıldıqdan sonra köçüb getmələrinə baxmayaraq, cavabdehlər qeydiyyatdan çıxmamışlar. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları formal xarakter daşıdığından, cavabdehlər artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadıqlarından və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı cavabdehlərə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən, iddia tələbi təmin olunmalı və cavabdehlər Cavabdeh1, Heydərli (Məmmədli) Vəfa Vüqar qızının, Cavabdeh3 və Cavabdeh4 İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 47 saylı evin 54 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Heydərli (Məmmədli) Vəfa Vüqar qızının, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 47 saylı evin 54 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilsin. Hazırki mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi cavabdehlər Cavabdeh1, Heydərli (Məmmədli) Vəfa Vüqar qızının, Cavabdeh3 və Cavabdeh4 müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar