Məhkəmə qərarları › İş №e-2(001)-648/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-648/2024

23.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-648/2024 23.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Cavabdehin nümayəndələri X5 və X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən barəsində çıxarılmış 3-48/3- 105k/2023 saylı, 05 iyul 2023-cü il tarixli əmrin ləğv edilməsinin boşdayanma günlərinin əvəzinin ödənilməsi, əvvəlki mühafizəçi vəzifəsinə işə bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Yevlax şəhəri Arxiv İdarəsində mühafizəçi vəzifəsində işləmişdir. Bu barədə əmək kitabçasında işinə dair qeydiyyat öz əksini tapıb. Belə ki, o, xx.xx.2019-cu il tarixindən mühafizəçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixində AR ƏM-ni 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. O vəzifəsindən müdürü Sara Məmmədovanın tələbi ilə azad edilib. Bununla bağlı dvd diski məhkəməyə təqdim edib. İşindən rəhbərliyin qərəzli münasibətinə görə çıxarılmışdır. Belə ki, o işdən çıxarılan zaman həmkarlar ittifaqının iclası keçirilməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Yevlax şəhəri Arxiv İdarəsində mühafizəçi vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2019-cu il tarixindən mühafizəçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən mühafizəçi vəzifəsindən işdən azad edilmişdir. İddiaçı tutduğu vəzifədən müdiri Sara Bünyatovanın şəxsi istəyilə azad edilmiş, işlədiyi müəssisə tərəfindən ədalətsizliyə hüquqazidd hərəkətə məruz qalmış, işdən çıxarılmışdır. Bunun nəticəsində iddiaçı son iş yerini, qazancını itirmiş və yaşayış vəziyyəti çətinləşmişdir. İddiaçının övladları da bu səbəbdən çətin vəziyyətdədirlər. Dövlət Arxivinin İddiaçının işlədiyi Yevlax Şöbəsi iddiaçını qanunsuz olaraq işdən çıxartmışdır. Bundan başqa iddiaçı işdən çıxarılan zaman Həmkarlar iclası belə keçirilməmişdir. Ona görə də, iddiaçı barəsində qəbul edilmiş 3-48/3-105k/2023 saylı xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsini, boşdayanma günlərimin əvəzinin ödənilməsini, əvvəlki işinə bərpa edilməsinə dair məhkəmə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı həqiqətən həmkarlar İttifaqının üzvüdür və ondan müəyyən tutulmalar aparılıb. Mediasiya Şurasına xx.xx.2023-cü il tarixdə müraciət edilmiş, xx.xx.2023-cü il tarixdə İlkin sessiya keçirlib.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Yevlax şəhəri Arxiv İdarəsində mühafizəçi vəzifəsində işləmişdir. İşlədiyi dövrdə öz vəzifəsini icra edə bilməmişdir. Çünki işdə ona məhdudiyyət qoyub, sonuncuda isə işdən çıxardıblar. Hətta rəhbərlik tərəfindən dəfələrlə təhqir olunmuş, onu bir dəfə də itələyiblər. Bununla bağlı dövlətimə, Prezidentə müraciət etmişdir. Çünki rəhbəri onu qərəzli qaydada işdən çıxartmışdır. Bu işdən çıxarılmanı planlı şəkildə hazırlayaraq, işə gəlməməyi adı ilə süni aktlar hazırlayaraq, baş İdarəyə yalan məlumatlar göndərmişdir. Halbuki, işə gəlməsinə baxmayaraq, rəhbərin təkidi və təsiri ilə işinə buraxılmamışdır. Bundan başqa digər işçilər iş vaxtı başqa işlərlə məşğul olurdular.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, əldə olan məlumatlara görə Milli Arxiv İdarəsinin Yevlax filialında həmkarlar ittifaqı yoxdur. Bağlanan kollektiv müqavilə isə Yevlax Rayon Şəhər Həmkarları ilə Yevlax filialının direkoru arasında olmuşdur. Görünür ki, onlar tərəfindən ƏM-nin 80-cı maddəsinin tələbləri pozulmamışdır, yəni işçi həmkarlar ittifaqının üzvü olmamışdır. Həmçinin, təqdim olunan müqavilə rayon həmkarlar ittifaqı ilə bağlanıb. Bu halın onlara aidiyyəti olmadığından, hər hansı pozuntu faktından söhbət gedə bilməz.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 izahatında bildirmişdir ki, iddiaçı özü maaşının az olmasından şikayət etdiyindən, Həmkarlar İttifaqının üzvü olmaq istəməmişdir. Bu səbəbdən də, Həmkarlar İttifaqının üzvlük haqqı iddiaçıdan tutulmayıb. Nəzərə alınmalıdır ki, bu ittifaq könüllüdür. Lakin iddiaçı tərəfindən hər hansı ərizə ilə müraciət edilməyib. Məhkəməyə təqdim olunan sənədlərdə xanımın adı texniki yalnışlıqla qeyd edilib. Bundan başqa Sara xanım Milli arxiv İdarəsinin direktorudur. Ümumən Bakı şəhəri nəzər alınarsa, həmkarlar ittifaqının mövcudluğu mübahisəli deyil. Lakin regionlardakı filiallar onlardan ayrı fəaliyyət göstərdiklərindən hər hansı müqavilənin bağlanıb, bağlanmaması barədə fikir söyləyə bilmir.

8. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia əsassızdır. Əlavə olaraq bildirmişdir ki, iddiaçı işlədiyi müddətdə verilmiş tapşırıqları layiqincə yerinə yetirməmiş, işində yol verdiyi nöqsanlara görə rəhbərlik tərəfindən iddiaçıya dəfələrlə ciddi xəbərdarlıqlar edilmiş, hətta iddiaçıya töhmət və şiddətli töhmət verilmişdir. İddiaçı dəfələrlə işə gəlməyib. İddiaçının işçilərlə münasibəti yaxşı olmamış, dəfələrlə əsassız olaraq öz iş yoldaşlarından, rəhbərlikdən müxtəlif qurumlara şikayət ərizələri yazmışdır. 2022-ci il in yanvar ayından etibarən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının X15 filialı ilə Həmkarlar İttifaqı arasında 3 il müddətinə kollektiv saziş bağlanmışdır. Lakin İddiaçı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının X15 filialına əmək haqqısının az olması ilə bağlı müraciət edərək Dövlət İdarələri və İctimai Xidmət işçiləri X10 şəhər komitəsinə üzv olmaq istəmədiyini bildirmişdir. Çünki üzv olduğu halda iddiaçının əmək haqqısından müəyyən miqdarda tutulmalar aparılacaqdır. Ona görə də, iddiaçı həmkarlar ittifaqının üzvü olmamış və ondan üzvlük haqqı tutulmamışdır. Bununla bağlı arayışı təqdim etmişdir. İddiaçı Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlə tanış olmuş, lakin əmri götürməkdən və əmrlə tanış olması barədə imzadan imtina etmiş, sonradan əmri götürməklə bağlı müraciət etməmişdir. Həmçinin işdən çıxdıqdan bir neçə gün sonra əmək kitabçasını imza etməklə götürmüşdür. Nəzərə alınmalıdır ki, Respublika X21 filialına Yevlax 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilin sentyabr ayında məktub daxil olub.

9. Cavabdehin nümayəndəsi X8 iddiaya etirazında göstərir: Mövcud iş üzrə İddiaçı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi haqqında 05 iyul 2023-cü il tarixli, 3-48/3-105K/2023oli əmrin ləğv edilməsi, boşdayanma günlərinin əvəzinin ödənilməsi, mühafizəçi vəzifəsinə bərpa olunması barədə iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Respublika X15 filialında fond mühafizəçisi vəzifəsində işləmiş İddiaçı işlədiyi müddətdə davamlı olaraq əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini vicdanla yerinə yetirməmiş, əmək intizamını, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmuş, dəfələrlə iş yoldaşları barədə əsassız olaraq polisə şikayətlər edərək onların qanunla qorunan mənafelərinə ziyan vurmuş, işin, icra intizamının normal ahəngini pozmuş, əmək qanunvericiliyinin tələblərinə əməl etməmişdir. Əmək qanunvericiliyini pozduğuna görə İddiaçı dəfələrlə Əmək Məcəlləsinin tələbinə uyğun olaraq intizam məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələbinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına müəssisədaxili intizam qaydalarına əməl etmək, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri sırasına daxildir. Lakin, İddiaçı işlədiyi müddətdə işçi kimi qanunvericiliklə və əmək müqaviləsi ilə üzərinə qoyulmuş vəzifələrini davamlı olaraq pozmuşdur. 25 iyun 2023-cü il tarixdə İddiaçı bütün iş günü işə gəlməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndinin tələbinə əsasən heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Yuxarıda yazılanlara əsasən İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

10. Bundan başqa cavabdehin nümayəndəsi X8 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində göstərir: İddiaçı ilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi haqqında 3- 48/3-105K/2023№li əmr 05 iyul 2023-cü il tarixdə verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə 02 oktyabr 2023-cü ildə müraciət etmişdir. Bununla da o, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda yazılanlara əsasən İddiaçı iddia tələbləri üzrə iddia müddətinin keçməsi səbəbiylə onun iddia tələblərinə iddia müddətinin tətbiq edilməsini və iddia tələblərindən imtina edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

11. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, işçi Azərbaycan Respublikası X15 filialına fond mühafizəçisi vəzifəsinə təyin edilir. Müqavilənin 2.1-ci maddəsinə əsasən bu əmək müqaviləsi müddətsiz bağlanmışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən işçi xx.xx.2019-cu il tarixdən işə başlayır.

12. Əmək müqaviləsinin bağlanması ilə bağlı X4 görünür ki, İddiaçı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası X15 filialında xx.xx.2019-cu il tarixindən müddətsiz əmək müqaviləsi əsasında fond mühafizəçisi vəzifəsində işə götürülüb. Əmək haqqı 305 manatdır.

13. İddiaçı məxsus ******* saylı əmək kitabçasının surətindən görünür:

14. - İddiaçı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2019-cu il tarixli, 97 K saylı əmri ilə Azərbaycan Respublikası X15 filialında 3 ay sınaq müddəti ilə fond mühafizəçisi vəzifəsinə təyin edilir.

15. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 3-48/3-105k/2023 saylı əmr ilə əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam verilir.

16. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 3-48/3-105k/2023 saylı əmrdən görünür ki, ARDA Yevlax filialının fond mühafizəçisi İddiaçı ilə bağlanan əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq, 06 iyul 2023-cü ildən xitam verilməsi, ARDA Yevlax filialının direktoru Sara Bünyadova kollektivdə işgüzar mühitin formalaşdırılması, əmək və icra intizamının möhkəmləndirilməsi istiqamətində tədbirlər görülməsi və s. əmr edilmişdir. Əmr belə əsaslandırılmışdır: ARDA Yevlax filialının fond mühafizəçisi İddiaçı barədə filial kollektivinin Milli Arxiv İdarəsinə ünvanladığı 25 iyun 2023-cü il tarixli şikayət ərizəsində 1.Şirinovanın arxivçi peşəsinə layiq olmayan hərəktlərə yol verməsi, vəzifə təlimatı ilə ona həvalə edilmış əmək funksiyalarını tam və düzgün icra etməməsi, istifadə üçün götürülmüş arxiv sənədlərinin mühafizəxanalarda aidiyyəti qutulara düzgün yerləşdirməməsi səbəbindən zəruri arxiv məlumatlarının axtarışında ciddi çətinliklərin yaranması, özü tərəfindən sənədlərlə aparılan işlərin rəsmiləşdirilməməsi, öz maraq və mövqeyindən çıxış edərək kollektivdə qeyri-səmimi mühit formalaşdırması, tez-tez işə gecikməklə və yaxud gəlməməklə əmək intizamının pozulmasına yol verməsi barədə məlumat verilmişdir. Eyni zamanda, İddiaçı dəfələrlə ayrı-ayrı dövlət orqanlarına, rayonun hüquq mühafizə orqanlarına əsassız müraciətlər etməklə kollektivin ictimai nüfuzuna xələl gətirən hərəklərə yol verməsi, filialın əməkdaşları barədə böhtan xarakterli məlumatlar yaymaqla kollektivdə inamsızlıq mühütinin formalaşdırılmasına cəhdlər edilməsi nəzərə alınaraq, onun barəsində ciddi tədbirlərin görülməsi xahiş edilmişdir. | Şirinova əvvəllər də əmək funksiyasının icrası zamanı bu cür əməllərə yol verdiyinə görə ondan izahatlar alınmış, İdarənin əməkdaşları tərəfindən təklikdə dinlənilmiş, ona zəruri tövsiyələr verilmişdir. Bütun qeyd edilənlərə baxmayaraq, İ. Şirinova əmək və icra intizamını pozmaqda davam etmiş, nəticədə işdə yol verdiyi nöqsanlara görə ona Əvvəllər ARƏM-nin müvafiq maddələrinə uyğun olaraq xəbərdarlıq və töhmət verilmişdir. İddiaçı cari ilin iyun ayının 24də əsassız olaraq yenidən ARDİN-nin Yevlax rayon Polis idarəsinə müraciət edərək filial əməkdaşlarını təhdid etməyə çalışmış, iyunun 25-də üzürlü səbəb olmadan işə gəlməyərək əmək intizamını pozmuş və bu fakt kollektiv tərəfindən aktlaşdırılmışdır. İddiaçı əmək funksiyasının icrası zamanı dəfələrlə arxivçi peşəsinə uyğun olmayan kobud səhvlərə yol verdiyi, əmək müqaviləsi öhdəliklərinə əməl etmədiyi nəzərə alınmışdır.

17. Əmək müqaviləsinə xitam verilməsinə dair X4 görünür ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 3-48/3-105k/2023 saylı əmrlə xitam verilmişdir. Bildiriş xx.xx.2023-cü il tarixində imzalanmışdır.

18. Yevlax filialının direktoru X3, arxivçilər X6, X13, böyük fond mühafizəçisi X7 və xadimə X9 tərəfindən tərtib edilən 05 iyul 2023-cü il tarixli aktda qeyd edilir: “Milli Arxiv İdarəsinin 05 iyul 2023-cü il tarixli 3-48/-3-105 k/2023 saylı əmri ilə Azərbaycan Respublikası X21 filialında kiçik fond mühafizəçisi İddiaçı ilə bağlanan əmək müqaviləsinə 06 iyul 2023-cü il tarixdən xitam verilmişdir. İddiaçı əmrlə tanış oldu lakin əmri imzalamaqdan imtina etdi”

19. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 17 may 2022-ci il tarixli 30 k saylı əmrindən görünür ki, ARDA Yevlax filialının direktoru (S.Bünyatova) filialda əmək qanunvericiliynin tələblərinin təmin olunması, işçilərin əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin yerinə yetirilməsi, əmək intizamının möhkəmləndirilməsi, kollektivdə qarşılıqlı etimada əsaslanan işgüzar mühitin formalaşdırılması və əməkdaşların sahə üzrə peşə biliklərinin artırılmasına yönəldilmiş tədbirlər həyata keçirməsi, ARDA Yevlax filialının fond mühafizəçisi İddiaçı əmək müqaviləsi üzrə müəyyən olunmuş öhdəliklərin qismən və keyfiyyətsiz yerinə yetirməsi və mütəmadi olaraq üzürsüz səbəblərdən işə gəlməməklə müəssisə daxili intizam qaydalarını pozduğuna görə AR ƏM-nin 186-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq xəbərdarlıq elan edilməsi və gələcəkdə bu cür hallara yol verərsə qanunla müəyyən olunmuş daha ciddi tədbirlər görüləcəyi nəzərinə çatdırılması, İdarə aparatının kadr xidməti ARDA Yevlax filialında əmək qanunvericiliyinin və daxili intizam qaydalarının icra vəziyyətini daimi nəzarətdə saxlaması və s. əmr edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X15 filialının fond mühafizəçisi İddiaçı 05 may 2022-ci il tarixli şikayət məktubu ilə Azərbaycan Respublikası Prezidentinə müraciət etmiş və müraciət baxılmaq üçün Milli Arxiv İdarəsinə daxil olmuşdur. İddiaçı şikayət məktubunda işlədiyi filialın direktorunun və əməkdaşlarının təzyiqləri ilə üzləşdiyi, ona işləmək üçün normal əmək şəraiti yaradılmadığı və işdən çıxmaq barədə ərizə yazmağa məcbur edildiyi bildirmişdir. Müraciət məktubu İdarədə aidiyyəti üzrə araşdırılmış və hər iki tərəfdən izahatlar alınmışdır. Məlum olmuşdur ki, İddiaçı 2019-cu ildə ARDA Yevlax filialına fond mühafizəçisi vəzifəsinə işə qəbul olunmuşdur. Arxivin rəhbərliyi işə qəbul olunduğu ilk gündən ona sahə üzrə peşə vərdişlərinin və bacarıqlarının qazanılması, xüsusi olaraq kompüter biliklərinə yiyələnməsi məqsədilə şərait yaratmış və əlavə təlimlərə cəlb etmişdir. İddiaçı fond mühafizəçisinin vəzifə təlimatı üzrə müəyyən olunmuş əmək funksiyalarının icrası tapşırılmış, iş üçün zəruri dəftərxana ləvazimatı və avadanlıqlarla təmin edilməklə, ona digər əməkdaşlarla yanaşı normal iş şəraiti yaradılmışdır. Lakin İddiaçı işə başladığı qısa müddətdən sonra öz davranışları ilə seçilməyə başlamış, ailəməişət zəminində qaynaqlanan problemləri ilə işlədiyi kollektivdə neqativ-psixoloji mühit yaratmağa çalışmış, verilən tapşırıqları keyfiyyətsiz, natamam icra etmiş, eyni zamanda əmək intizamı qaydalarını pozaraq tez-tez üzürlü səbəb olmadan icazəsiz işdən getmiş və ya işə gəlməmişdir. Bütün bunlarla bağlı ona filial direktoru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə, izahatların alınmasına baxmayaraq, o öz işində dönüş etməmiş, müxtəlif dövlət orqanlarına, o cümlədən rayonun hüquq mühafizə orqanlarına müxtəlif xarakterli şikayərt ərizələri yazmaqla kollektivin işgüzar nüfuzuna xələl gətirən əməllərə yol vermişdir. İddiaçı əməlləri filialın ümumi iş ahənginə mənfi təsir göstərməklə nəticələnmişdir.

20. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 28 iyul 2022-ci il tarixli 49 k saylı əmrindən görünür ki, ARDA Yevlax filialının direktoru Sara Bünyadova kollektivdə işgüzar mühitin formalaşdırılması, əmək və icra intizamının möhkəmləndirilməsi, əmək fəaliyyətində hüquqpozmaların qarşısının alınması və bununla bağlı daxil olan məlumatların dərhal araşdırılması istiqamətində müvafiq normativ hüquqi aktlarda müəyyən olunmuş qaydalara uyğun tədbirlər görsün. Filialda əməkdaşların peşə hazırlığının və məsuliyyətlərinin artırılması, onlara arxivçi peşəsinin etik-davranış qaydalarının aşılanması, kollektivdə işləmək və ünsiyyət qurmaq bacarıqlarının formalaşdırılması istiqamətində əlavə təlim və treninqlər təşkil etməklə zəruri izahat işlərinin aparılmasının tapşırılması, ARDA Yevlax filialının fond mühafizəçisi İddiaçı həqiqətə uyğun olmayan, böhtanlı və yalan məlumatlar yaymaqla çalışdığı kollektivin və arxiv təşkilatının ictimai nüfuzuna və fəaliyyətinə xələl gətirən hərəkətlərə təkrar olaraq yol verdiyinə görə Azərbaycan Respublikasının ƏM-nin 186-cı maddəsinin "a" bəndinə uyğun olaraq töhmət verilməsi və s. əmr edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, ARDA Yevlax filialının fond mühafizəçisi İddiaçı Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış şikayət məktubu Prezident Administrasiyasının müvafiq şöbəsi tərəfindən 20 iyul 2022-ci il tarixli 22/Ş-23/5-009 nömrəli məktubla araşdırılmaq üçün İdarəyə göndərilmişdir. Şirinovanın şikayət məktubunda qeyd etdiyi məlumatın məktubda adları çəkilən şəxslərin, o cümlədən şikayətçinin iştirakı ilə yerində araşdırılması VƏ kollektivdə müzakirə edilməsi məqəsdilə İdarə aparatının şöbə müdiri N.Eminov və baş məsləhətçi H.Həsənov DA Yevlax filialına ezam edilmişlər. İdarənin əməkdaşları kollektivin üzvləri və filialın direktoru ilə görüşmüş, onlarla ayrı-arılıqda söhbətlər aparmış, həmçinin şikayətçini dinləmişlər. Əlaqəli şəxslərdən məsələ ilə bağlı izahatlar alınmış və filialdakı vəziyyət 26 iyul 2022-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Məlum olmuşdur ki, İddiaçı ilə iş yoldaşları Nüşabə Bayramova və Gülnar Məmmədova arasında qeyri-sağlam münasibətlər mövcuddur və bu səbəbdən onlar barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. İddiaçı iş yoldaşları N.Bayramovanın və G. Məmmədovanın rüşvət alması ilə bağlı heç bir təsdiqedici faktı İdarənin əməkdaşlarına təqdim etməmiş, şikayət məktubu yazmaqla qeyri-sağlam münasibətdə olduğu işçiləri cəzalandırmaq istədiyini etiraf etmişdir. Müzakirə zamanı filialın rəhbərliyinə kollektivdə yaranmış neqativ mühütin aradan qaldırılması, habelə əməkdaşların arxiv təşkilatının ictimai nüfuzuna xələl gətirən əməllərdən çəkindirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinin zəruriliyi nəzərə çatdırılmışdır.

21. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 25 oktyabr 2022-ci il tarixli 71 k saylı əmrindən görünür ki, ARDA Yevlax filialının fond mühafizəçisi İddiaçı həqiqətə uyğun olmayan, böhtanlı və yalan məlumatlar yaymaqla çalışdığı kollektivin və arxiv təşkilatının ictimai nüfuzuna və fəaliyyətinə xələl gətirən hərəkətlərə təkrar olaraq yol verdiyinə görə Azərbaycan Respublikasının ƏM-nin 186-cı maddəsinin "b" bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi, ARDA Yevlax filialının direktoru Sara Bünyadova kollektivdə işgüzar mühitin formalaşdırılması, əmək və icra intizamının möhkəmləndirilməsi, əmək fəaliyyətində hüquqpozmaların qarşısının alınması və bununla bağlı daxil olan məlumatların dərhal araşdırılması istiqamətində müvafiq normativ hüquqi aktlarda müəyyən olunmuş qaydalara uyğun maarifləndirici tədbirlər görülməsi və s. əmr edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, ARDA Yevlax filialının fond mühafizəçisi İddiaçı Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış növbəti şikayət məktubu Prezident Administrasiyasının müvafiq şöbəsi tərəfindən 13 oktyabr 2022-ci il tarixli 22/Ş- 23/6-162 nömrəli məktubla araşdırılmaq üçün İdarəyə göndərilmişdir. İddiaçı əvvəlki izahatlarında filial əməkdaşları haqqında əsassız ittihamlar irəli sürdüyünü etiraf etməsinə, bir daha şikayət etməyəcəyinə söz verdiyinə baxmayaraq, yenidən müxtəlif dövlət orqanlarının fəaliyyəti haqqında həqiqiəti əks etdirməyən məktubla ölkə Prezidentinə müraciət etmişdir. Eyni zamanda işlədiyi X21 filialının əməkdaşları tərəfindən ona təzyiqlər olunduğunu bildirmişdir. İdarə müraciətdə qaldırılan məsələni bir daha araşdırmış və Şirinovanın işlədiyi kollektivə qarşı qərəzli yanaşdığı müəyyən edilmişdir. Şirinovaya iş yerində qeyri-etik davranışı və əmək fəaliyyətilə bağlı dəfələrlə intizam tənbehi tətbiq edilməsinə baxmayaraq, onun təkrar olaraq işlədiyi kollektiv barəsində əsassız İddialar irəli sürməklə, filialın iş ahənginin pozulmasına səbəb olan hallara yol verməsini, habelə müxtəlif dövlət qurumlarına həqiqəti əks etdirməyən məktublar ünvanlamaqla işlədiyi dövlət orqanının işgüzar nüfuzuna xələl gətirməsini nəzərə alaraq və gələcəkdə bu cür halların qarşısının alınması məqsədi ilə əmr edilmişdir.

22. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X10 Şəhər Komitəsi tərəfindən məhkəməyə ünvanlanan 01 saylı, 08 yanvar 2024-cü il tarixli məktubda qeyd edilir: “ Sizin 11 dekabr 2023-cü il tarixli e-2(001)-6518/2023 nömrəli işlə bağlı sorğunuza cavab olaraq bildiririk ki, Əmək Məcəlləsinin 32-ci maddəsinə əsasən kollektiv müqavilə müəssisənin bütün işçilərinə, o cümlədən kollektiv müqavilə qüvvəyə mindikdən sonra işə qəbul olunan şəxslərə şamil edilir. Respublika X21 Filialının DİİXİ Hİ Yevlax şəhər komitəsinə təqdim etdiyi İşçilərin siyahısında İddiaçı adı qeyd olunmuşdur. Həmkarlar komitəsinin üzv təşkilatlarından olan Respublika X21 Filialının işçilərindən üzvlük haqqı tutularaq cəm şəkildə həmkarlar təşkilatının hesabına köçürüldüyündən İddiaçı üzvlük haqqının tutulub-tutulmaması və ya hansı məbləğdə tutulması barədə sizə dəqiq məlumat verə bilmirik.”

23. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X15 filialının 04 iyul 2023-cü il tarixli, 3-48-YF/2-48/2023 saylı arayışından görünür ki, Azərbaycan Respublikası X15 filialında fond mühafizəçisi işləyən İddiaçı hal-hazırda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X10 Şəhər Komitəsinin üzvü deyildir.

24. Yevlax 1 saylı Mediasiya təşkilatı tərəfindən verilən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 28 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, mediasiya təklifinin tarixi 17 iyul 2023-cü il qeyd edilmiş, ilkin mediasiya sessiyası barədə bildiriş xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X15 filialına göndərilmiş, sonuncu xx.xx.2023-ci il tarixində bildirişi qəbul etmişdir. İddiaçı mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir.

25. Azərbaycan Respublikası X15 filialının mediasiya təklifinə münasibətdə Yevlax 1 saylı Mediasiya təşkilatına ünvanladığı yazılı mövqeyi: “Azərbaycan Respublikası X21 filialına 18 sentyabr 2023-cü il tarixdə ünvanladığınız İddiaçı işə bərpa tələbinə dair məktubunuza cavab olaraq aşağıdakı məlumatları bildiririk. İddiaçı 2019-cu ilin oktyabrın 3-də Milli Arxiv idarəsinin 57k saylı əmri ilə Yevlax filialına kiçik fond mühafizəçi vəzifəsinə təyin olunmuşdur.İşə qəbul olunan zaman onun ali təhsilli olması və kompüter sertifikatının olması nəzərə alınmışdır. X18 işlədiyi bu 4 il ərzində onun peşəsi ilə bağlı heç bir bacarığının olmaması, işinin öhdəsindən gələ bilməməsi, kompüteri bilməməsi, faydalı iş əmsalının olmaması özünü göstərdi. İddiaçı işlədiyi kollektivdə dəfələrlə əmək intizamını pozmuş üzürsüz səbəbə görə işə gəlməmiş, verilən tapşırıqları yerinə yetirməmiş və daima işçilərlə münaqişə yaratmışdır. Əmək intizamını pozduğu üçün müxtəlif vaxtlarda Milli Arxiv İdarəsinin rəhbərliyi tərəfindən ciddi xəbərdarlıq,töhmət və şiddətli töhmət almışdır. Valideyinləri ilə İlahənin mənfi hərəkətləri barədə fərdi söhbətlər aparılmasına baxmayaraq bunun heç bir nəticəsi olmamış və o, öz işində heç bir dönüş yaratmamışdır. Filialın daxili intizam qaydalarını pozmaqda davam etmiş bu da arxivin iş qaydalarına və işimizə mənfi təsir göstərmişdir Bütün bunlara əsaslanaraq Milli Arxiv İdarəsinin rəhbərliyi tərəfindən 06 iyul 2023- cü il tarixində Azərbaycan Respublikası əmək məcələsinin 70-ci maddəsinin "c" bəndinə uyğun olaraq onun işinə, əmək müqaviləsinə xitam verilmişdir. Həmin yerə filialda kiçik fond mühafizəçisi vəzifəsinə Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixdə 138k saylı əmri ilə yeni ali təhsilli işçi qəbul olunmuşdur.İddiaçı Milli Arxiv idarəsinin əmri ilə işdən çıxarılıb və işə yenidən bərpa olunması üçün vakant yerimiz yoxdur.” Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

26. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli əmək müqaviləsi əssasında sonuncu (işçi) Azərbaycan Respublikası X15 filialına fond mühafizəçisi vəzifəsinə təyin edilir. Əmək müqaviləsi müddətsiz bağlanmış və işçi xx.xx.2019-cu il tarixdən işə başlamışdır.

27. İşlədiyi dövrdə iddiaçıya əmək intizamını pozmasına görə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 17 may 2022-ci il tarixli 30 k saylı əmri ilə xəbərdarlıq edilir, 28 iyul 2022-ci il tarixli 49 k saylı əmr ilə ona Azərbaycan Respublikasının ƏM-nin 186-cı maddəsinin "a" bəndinə uyğun olaraq töhmət, 25 oktyabr 2022-ci il tarixli 71 k saylı əmr ilə Azərbaycan Respublikasının ƏM-nin 186-cı maddəsinin "b" bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilir.

28. Daha sonra onun xx.xx.2019-cu il tarixlində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 3- 48/3-105k/2023 saylı əmr ilə xx.xx.2023-cü il tarixindən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam verilir.

29. Hazırda iddiaçı iddia edir ki, onunla əmək müqaviləsinə xitam verilərkən ƏMnin tələbləri pozulmuş, özünə olan qərəzli münasibətdən dolayı həmkarlar ittifaqına üzv olsa da, işdən çıxarılması ilə bağlı iclas keçirilməmiş, iştirakı təmin edilməmişdir.

30. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X10 Şəhər Komitəsi tərəfindən məhkəməyə ünvanlanan 01 saylı, 08 yanvar 2024-cü il tarixli məktuba görə Respublika X21 Filialının DİİXİ Hİ Yevlax şəhər komitəsinə təqdim etdiyi İşçilərin siyahısında İddiaçı adı qeyd olunmuşdur.

31. Halbuki cavabdeh iddiaçını həmkarlar ittifaqına üzvlük haqqına görə üzv olmaqdan imtina etdiyini bildirmiş, lakin bu barədə sübut təqdim edə bilməmişdir.

32. Cavabdeh isə iddianı qəbul etməyərək, İddiaçı Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X10 Şəhər Komitəsinə üzv olmadığını, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü, bu səbəbdən əsassız olan iddianın rədd edilməsini xahiş edir. Tətbiq edilən maddi hüquq normaları:

33. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

34. 3.6. Kollektiv müqavilə — işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir.

35. 19. 1. İşçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər.

36. 19.2. Həmkarlar ittifaqlarının hüquqları, vəzifələri və səlahiyyətləri «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu və onların nizamnamələri ilə müəyyən edilir.

37. 21.2. Müəssisənin mülkiyyətçisi, işəgötürəni həmkarlar ittifaqları təşkilatlarının və işçilərin digər nümayəndəli ictimai özünüidarə orqanlarının fəaliyyəti üçün kollektiv müqavilələrdə nəzərdə tutulan və ya bu təşkilat və ictimai özünüidarə orqanlarının işəgötürənlə qarşılıqlı razılığı, yaxud onların arasında bağlanmış müqavilə əsasında müəyyən edilən müvafiq şəraitin yaradılmasını təmin edir.

38. 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

39. 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

40. 80.3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.

41. 70-ci maddənin “Ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

42. 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

43. 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

44. 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

45. 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

46. 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

47. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun:

48. 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

49. 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

50. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

51. 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Tətbiq edilən prosessual normalar:

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

53. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

54. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

55. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

56. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

57. İşin müəyyən edilmiş hallarından görünür ki, işçi barəsində dəfələrlə intizam tənbehi verilmiş və daha sonra onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilmişdir. İşəgötürən əmək müqaviləsinə xitam verərkən idarənin Yevlax filialının direktoru X1 xx.xx.2023-cü il tarixli məktubuna əsaslanaraq Həmkarlar İttifaqının razılığını almamışdır. Belə ki, həmin məktubda qeyd edilmişdir ki, İddiaçı hal-hazırda Dövlət İdarələri və İctimai Xidmət işçiləri X10 şəhər komitəsinin üzvü deyildir. Halbuki, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X10 Şəhər Komitəsinin məhkəmə sorğusuna cavabından məlum olmuşdur ki, Respublika X21 filialı Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının üzv təşkilatlarından biridir və onlar arasında Kollektiv müqavilə vardır. Eyni zamanda işəgötürən tərəfindən Həmkarlar İttifaqına təqdim edilən siyahıda İddiaçı da adı vardır. Yəni işçinin işlədiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X15 filialının direktoru işçinin həmkarlar komitəsinin üzvü olmadığını bildirməsinə baxmayaraq, onun Kollektiv müqaviləyə əsasən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X10 Şəhər Komitəsinin üzvü olduğu müəyyən edilmişdir. Bundan başqa cavabdeh işçinin könüllü olaraq həmkarlar ittifaqı üzvlüyündən çıxdığını və onun əmək haqqından hər hansı tutulmaların aparılmadığını bildirməsinə baxmayaraq, bu barədə hər hansı sübut təqdim etməmişdir. Hərçənd ki, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X10 Şəhər Komitəsinin məhkəməyə ünvanladığı cavabından müəyyən edilmişdir ki, işçilərin sayına uyğun olaraq üzvlük haqları işəgötürəndən cəm çəklində həmkarlar təşkilatının hesabına köçürülmüşdür.

58. Bu məqamda qeyd edilməlidir ki, filial direktoru tərəfindən düzgün olmayan məlumatın verilməsində işəgötürənin təqsirinin olmaması işçinin ziyanına şərh oluna bilməz. Bu səbəbdən də həmkarların üzvü olan işçinin onun razılığı alınmadan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi barədə qəbul edilmiş əmr qanunsuz hesab edilməlidir.

59. Bundan əlavə məhkəmə cavabdehin müəssisədə fəaliyyət göstərən Həmkarlar İttifaqının olmaması və ƏM-nin 80.1-ci maddəsinin yalnız müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqına şamil edilməli olması barədə etirazını da əsassız hesab edir. Çünki həmkarlar ittifaqının razılığı alınmadan işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə qəbul edilən əmr məhz işçinin Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X10 Şəhər Komitəsinin üzvü olmadığına əsaslanmışdır.

60. Bununla yanaşı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatı onun hərfi manasında, yəni sırf müəssisəsinin inzibati binasında mövcudluğunu şərtləndirmir. Belə ki, peşələr, sahələr üzrə respublika və ya ərazi həmkarlar ittifaqları birlikləri yaradıla bilər və müəssisələrlə həmkarlar təşkilatı arasında kollektiv müqavilələr(saziş) bağlanılmaqla həmin təşkilata üzv ola bilərlər.

61. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə isə məhkəmə qeyd edir ki, mübahisələndirilən əmr xx.xx.2023-cü il tarixdə qəbul edilib, iddiaçının mediasiyanın tətbiqi barədə təklifi xx.xx.2023-cü il tarixdə verilib(12 gün), ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış xx.xx.2023-cü il tarixdə tərtib edilib və iddia məhkəməyə xx.xx.2023-cü il tarixdə(11 gün) daxil olmuşdur. Göründüyü kimi iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmədən 23 gün ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəticə:

62. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 05 iyul 2023-cü il tarixli, 3-48/3-105k/2023 saylı əmri ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi əvvəlki vəzifəsinə bərpa edilməlidir.

63. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:

İddia təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında cavabdeh Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 05 iyul 2023-cü il tarixli, 3-48/3-105k/2023 saylı əmri ləğv edilsin, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar