Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-686/2023 11.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə 11 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəz küçəsində yerləşən 247 saylı evin 9 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, göstərilən mənzil əvvəllər iddiaçının anası X3 mülkiyyətində olmuş, 16 mart 2020-ci il tarixdə anası vəfat etdikdən sonra bacılarının razılığı ilə iddiaçının mülkiyyətinə verilmişdir. Mənzil iddiaçının adına qeydiyyata alınan zaman müəyyən olunmuşdur ki, cavabdeh də həmin mənzildə qeydiyyatdadır. Bu isə iddiaçının öz mülkiyyətində olan əmlakdan sərbəst istifadə, sərəncam hüquqlarını məhdudlaşdırır. Cavabdeh artıq 30 ildən çoxdur ki, həmin evdə yaşamır. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayənəsinin izahatına uyğun izahat verib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, iddiaçının qonşusudur. Cavabdeh həqiqətən də 30 ildən çoxdur ki, iddiaçıya məxsus evdə yaşamır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə bildiriş cavabdehə qeydiyyat ünvanı üzrə poçt vasitəsilə, habelə mobil telefonuna sms bildiriş göndərilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının və nümayəndənin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” 23 dekabr 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəzi küçə, ev 247, mənzil 9 ünvanında qeydiyyatdadır. - kommunal ödəniş qəbzindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəzi küçə, ev 247, mənzil 9 ünvanı üzrə abunəçi kimi X4 qeydə alınmışdır. - ölüm haqqında şəhadətnamədən görünür ki, X4 16 mart 2020-ci il tarixdə vəfat etmişdir. - kommunal ödəniş qəbzindən görünür ki, ünvan 1 ünvanı üzrə abunəçi kimi Cavabdeh1 qeydə alınmışdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddia tələbində göstərilən mənzil İddiaçı mərhum anasının sahibliyində olmuşdur. İddia ərizəsində cavabdehin artıq uzun müddətdir ki, sözügedən mənzildə yaşamadığı göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; - 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; - 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; - 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin mənzilə münasibətdə hazırda istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda onun itirilməsindən söhbət gedə bilməz. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində, Mənzil Məcəlləsinin 30-cü maddəsində və buna uyğun olaraq Konstitusiya Məhkəməsinin aidiyyəti Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvlüyü", "qohumluq" və "digər şəxslər" prizmasından yanaşılır. Eyni yanaşma qismən Mülki Məcəllənin 228.1-ci maddəsində də müşahidə olunur. Belə ki, bu maddədə "ailə üzvləri" məfhumu ilə yanaşı "digər şəxslər" məfhumu da təsbit edilmişdir və Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddəsinin tələblərinə əsasən digər şəxslər, bir mənalı olaraq yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və ya belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla iddiaçı və ya mərhum anası arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Cavabdeh sadəcə olaraq hər hansı hüquqi əsas olmadan həmin mənzilə pasport qeydiyyatına alınmışlar. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin tələbləri baxımından onların vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun qeydiyyata alınması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli QƏərarında qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür.”. Həmin Qərarda belə nəticəyə gəlinmişdir ki, “1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.”. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi mənzildən istifadə hüququna xitam verilməsi ilə əlaqədar olsada iddiaçının faktiki niyyəti cavabdehin mənzinldən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlıdır. Cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması faktına cavabdehlə mülkiyyətçi arasında Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsində müəyyən edilmiş yazılı razılaşmanın bağlanması kimi hüquqi qiymət verilə bilməz. İddiaçı tələbində istinad etdiyi halı, yəni cavabdehin sözügedən mənzilə istifadə hüququnun yaranmasını sübuta yetirə bilmədiyindən, habelə cavabdehin həmin mənzilə qeydiyyata alınması onun həmin mənzilə istifadə hüququnun yaranması üçün əsas olmadığından cavabdehin həmin mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Mövcud olmayan hüququn itirilməsi də hüquqi baxımdan mümkünsüz olduğundan iddia tələbi əsassız hesab edilməli və rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-686/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-686/2023
11.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver