Məhkəmə qərarları › İş №e-2(001)-695/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-695/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-695/2025 03.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "xxxx" ASC-nin də üçüncü şəxs qismində cəlb olunduğu “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixli RGTK0891412A206 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Gəncə kart Mərkəzi filialı tərəfindən Cavabdeh illik 25 % dərəcəsi olmaqla 60 ay müddətinə ödəmək şərti ilə 14194.59 manat məbləğdə kredit verilmişdir. Onunla "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli Z- RGTK0891412A206 saylı zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən o, qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" ASC qarşısında öhdəliyinin tam icra edilməsi üçün onunla birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə görə zaminlik zaminliklə təmin edilmiş öhdəlik tam icra edilənədək olan müddətdə qüvvədədir. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən kreditor kredit müqaviləsi üzrə əsas, faiz və digər borclarını zaminin sərəncamı olmadan akseptsiz qaydada (əlavə razılığını almadan) onun "xxxx" ASC-dəki istənilən bank hesabından tuta (silə) bilər. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən, onun kartından ümumilikdə 22857.44 manat məbləğində pul vəsaiti tutulmuş və kredit borcu onun pul vəsaiti hesabına tam şəkildə ödənilmişdir. Bu barədə bank tərəfindən ona ödəniş kartı üzrə çıxarış verilmişdir. Həmçinin "xxxx" ASC tərəfindən verilmiş 110/1199 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, onun Cavabdeh verilmiş xx.xx.2019cu il tarixli RGTK0891412A206 saylı kredit müqaviləsinə əsasən 14194.59 manat məbləğində kreditə zaminlik öhdəliyi olumuşdur. xx.xx.2024-cü il tarixinə kredit borcu tam ödənilmişdir, onun göstərilən müqavilə üzrə "xxxx" ASC-nə zaminlik öhdəliyi yoxdur. O, Cavabdeh onun əvəzinə ödənilmiş kredit borcunu qaytarmasını tələb etsə də, cavabdeh ona olan borcunu qaytarmaqdan imtina etmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 470.1, 472.1, 472.2, 475.1 və 475.2-ci maddələri ilə əsaslandıraraq, iddia tələbinin təmin edilərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli RGTK0891412A206 saylı kredit müqaviləsinə əsasən Cavabdeh kredit borcuna görə zamin kimi onun tərəfindən ödənilmiş 22857.44 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 160 manat dövlət rüsumunun və 300 manat hüquqi xidmət haqqının Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək, məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli RGTK0891412A206 saylı kredit müqaviləsinə əsasən Cavabdeh kredit borcuna görə zamin kimi ödənilmiş 22443.44 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 160 manat dövlət rüsumunun və 300 manat hüquqi xidmət haqqının Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakları olmadan baxılaraq, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 25 faiz olmaqla 60 ay müddətinə 14194.59 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli Z-RGTK0891412A206 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı, yəni zamin (hazırki iş üzrə iddiaçı) borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı verilmiş 16 sentyabr 2024-cü il tarixli 110/1199 saylı arayışdan görünür ki, İddiaçı Cavabdeh verilmiş xx.xx.2019-cu il tarixli RGTK0891412A206 saylı kredit müqaviləsinə əsasən 14194.59 manat məbləğində kreditə zaminlik öhdəliyi olmuşdur. xx.xx.2024-cü il tarixinə kredit borcu tam ödənilmiş, müştərinin göstərilən müqavilə üzrə "xxxx" ASC-yə zaminlik öhdəliyi yoxdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixinədək ona aid kart hesabından silinmiş vəsaitlər barədə hesabdan çıxarışdan görünür ki, İddiaçı aid kart hesabından (aktiv pensiya kartı: 416974******7779) təyinatında “RGTK0891412A206” qeyd edilməklə 31 iyul 2019-cu il tarixindən 16 sentyabr 2024-cü il tarixinədək 22443.44 manat məbləğində pul vəsaiti silinmişdir (məxaric olunmuşdur). İş materiallarında olan 04 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, “Milliön” elektron ödəmə sistemi vasitəsilə həmin tarixdə İddiaçı tərəfindən Ekol vəkil bürosunun hesabına hüquqi xidmətin göstərilməsi üçün 300 manat məbləğində pul vəsaiti mədaxil daxil edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlamış pretenziyaya əsasən məlum olur ki, İddiaçı cavabdehə 3 iş günü müddətində pul vəsaitinin ona qaytarılmasını tələb etmiş, əks təqdirdə pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2286/2023 saylı 11 iyul 2023-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2023-cü il tarixli 2(103)-896/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2023-cü il tarixli 2(103)- 896/2023 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5737/2023 saylı 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi və pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3073/2022 saylı 27 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3073/2022 saylı 27 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən 11561.10 manat məbləğində pul vəsaiti və ödənilmiş 125 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qeyd olunan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamami ilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (maddə 470.1) Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (maddə 472.1) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2) Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. (maddə 475.1) Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. (maddə 475.2) Göründüyü kimi tərəflər arasında yaranmış münasibətər hüquqi baxımdan zaminlik müqaviləsi üzrə borcalanla zamin arasında yaranmış münasibətlərdir. Bu baxımdan tərəflər arasında mübahisə öhdəliyi icra etmiş zaminin hüquqlarından bəhs edən Mülki Məcəllənin 475-ci maddəsinin müddəaları əsasında həll edilməlidir. Həmin normanın tətbiq olunması üçün ilk növbədə zəruri dispozisiya şərti öhdəliklərin zamin tərəfindən icra edilməsidir. Mülki işin materialları ilə təsdiq edilir ki, "xxxx" ASC ilə Cavabdeh arasında 31 iyul 2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən Cavabdeh 14194.59 manat məbləğində kredit verilmiş, eyni zamanda həmin tarixdə "xxxx" ASC ilə İddiaçı arasında Z-RGTK0891412A206 saylı zaminlik müqaviləsi bağlanmış və İddiaçı, yəni zamin (hazırki iş üzrə) iddiaçı borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən, "xxxx" ASC tərəfindən banka olan borc məbləği İddiaçı kart hesabından silinmişdir. Beləliklə, məhkəmə mülki işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, belə qənaətə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və öhdəlik zamin, yəni hazırki iş üzrə İddiaçı tərəfindən tam icra edildiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh 22443.44 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi hüquqi yardıma görə ödənilmiş vəsaitin cavabdehdən alınaraq ona ödənilməsi hissəsində də təmin edilməli, hüquqi yardıma görə vəsait ağlabatan məbləğdə tutulmalıdır. Məhkəmə iddiaçı tərəfindən hüquqi yardımla bağlı ödənilmiş vəsaitə görə 300 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğun hesab edir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 22443.44 (iyirmi iki min dörd yüz qırx üç manat qırx dörd qəpik) manat məbləğində pul vəsaiti, ödənilmiş 160 manat məbləğində dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar