Məhkəmə qərarları › İş №e-2(001)-7013/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7013/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7013/2024 11.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Məhyəddin qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əsassız varlanması nəticəsində iddiaçıya olan 201,75 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi”nə dair xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Muqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2022-ci il tarixində aparılmış RRN**********91 nömrəli əməliyyat Bankın sistemində uğursuz görünsə də qarşı bankdan vəsaitin ödəniş edilən tərəfə çatdığını təsdiq edən sənəd təqdim edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixində plays-onlineweb-ə xidmət göstərən bank tərəfindən RRN **********27 nömrəli birbaşa silinmə daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə cavabdehin hesabında 230,79 manat vəsait olduğu halda, cavabdeh həmin məbləğdən artıq istifadə etmişdir, nəticədə kart hesabında 291,93 manat məbləğində overdraft yaranmış, bundan sonraki tarixlərdə ödənişlər aparıldıqdan sonra məbləğ 201,75 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq banka 201,75 manat həcmində ziyan dəymişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən Müştərinin ödəniş kartı vasitəsilə apardığı əməliyyata görə Bank rəsmi internet səhifəsində yaxud bunun üçün xüsusi yaradılmış digər elektron vasitələrdə əvvəlcədən müəyyən edilmiş şərtlərə uyğun həcmdə və ya məbləğdə geri ödəniş (cashback) həyata keçirə bilər. Müştəri xidmət/satış nöqtələrində alış zamanı alınan mal və ya xidmət geri qaytarıldıqda, ödənilmiş geri ödəniş məbləği (cashback) Bank tərəfindən geri qaytarılır. Geri qaytarılan zaman müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Bank tərəfindən geri ödənişin (cashback) həyata keçirilməsi birtərəfli qaydada dayandırıla və ya şərtləri dəyişdirilə bilər. Bu səbəbdən də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284.1, 284-5, 284-5.3 və 284-6.1-ci maddələrinin tələblərinə uyğun olaraq hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmalı və iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli, ******************** saylı fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi haqqında müqaviləsiyə əsasən Cavabdeh “MC WORLD” növlü kart hesabı açılmış və xx.xx.2021-ci il tarixdə kart cavabdehə təhvil verilmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh məxsus debet kart hesabı üzrə xx.xx.2022-ci il tarixində aparılmış RRN**********91 nömrəli əməliyyat Bankın sistemində uğursuz görünsə də qarşı bankdan vəsaitin ödəniş edilən tərəfə çatdığını təsdiq edən sənəd təqdim edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixində plays-onlinewebə xidmət göstərən bank tərəfindən RRN **********27 nömrəli birbaşa silinmə daxil olmuşdur. Bununla əlaqədar olaraq banka 201,75 manat həcmində ziyan dəymişdir - iddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə iş materiallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd etməyi zəruri sayır. Müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli, ******************** saylı fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmaqla İddiaçı ASC tərəfindən Cavabdeh adına plastik kart hesabı açılmışdır, yəni tərəflər arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. - Maddə 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. - Maddə 954.2. Bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər. - Maddə 954.3. Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. - Maddə 956.1. Bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. - Maddə 960.1. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. - Maddə 960.2. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. - Maddə 966. Müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiyqiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, ******************** saylı fizki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi haqqında bağlanmış, daha sonra cavabdeh kartında olan məbləğdən artıq 201,75 manat məbləğində vəsaiti istifadə etmiş, iddiaçının xəbərdarlığına baxmayaraq cavabdeh 201,75 manat pul vəsaitini banka geri qaytarmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də cavabdeh müqavilə əsasında şəxsi bank hesabında olan qalıq vəsaitdən artıq xərclədiyi 201.75 manat pul məbləğini iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 201,75 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 201,75 (iki yüz bir manat yetmiş beş qəpik) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar