Məhkəmə qərarları › İş №e-2(001)-705/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-705/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-705/2024 06.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinın nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, " ... İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, ÇP/4-22 saylı “mənzilin alqı-satqısına” dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, “İcraçı”, özü tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış kompleksinin 4-cü Bina, 03-cü mərtəbə sində yerləşən, 1 otaqdan ibarət, ümumi sahəsi 49.73 kv. metr olan 12 saylı təmirsiz mənzilin tikintisini, 24 ay ərzində hazırkı müqavilə şərtlərinə uyğun olaraq tamamlayıb, "Sifarişçi"-yə təhvil verməyi öhdəsinə götürür.” Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən, “Hazırkı müqavilənin predmeti olan mənzilin dəyəri, mənzilin sahəsinin həcminə nisbətdə deyil (1) kv.m-nin dəyəri müəyyən edilərək ümumi mənzilin həcminə vurularaq hesablanmaqla deyil), ümumi vahid mənzilə görə müəyyən edilir və müqavilə üzrə ünvan 1 ünvanında inşa edilən yaşayış kompleksinin 4-cü Bina, 3-cü mərtəbəsində yerləşən, 1 otaqdan ibarət, olan 12 saylı təmirsiz mənzilin ümumi vahid dəyəri 72,108.5 manat müəyyən edilir...”. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən, “Mənzilin, bu müqavilənin 2.4-cü bəndində qeyd olunan ümumi dəyərinin 20.12 %, (yəni 14.508.5 ) manat hissəsi hazırkı müqavilə imzalandığı gün Sifarişçi tərəfindən ilkin ödəniş olaraq İcraçının bank hesabına ödənilir. Mənzilin dəyərinin qalan 79.88 % - 57.600 manat hissəsi isə, "İcraçı" ilə "xxxx" ASC «Xalq» Bankı arasında imzalanmış, hazırkı müqavilənin 2.6-cı bəndində qeyd olunan sənədlərə əsasən hazırkı müqavilə imzalandıqdan sonra 15 gün müddətində Sifarişçi ilə "xxxx" ASC «Xalq» Bankı arasında bağlanacaq kredit müqaviləsinə əsasən Sifarişçiyə ayrılmış vəsait hesabına ödənilir”. xx.xx.2022-ci il tarixli ödəniş sənədlərindən göründüyü kimi, iddiaçı tərəfindən ilkin ödəniş olaraq mənzilin ümumi dəyərinin 20.12 %-i yəni, 14.508,5 manat; mənzilin dəyərinin qalan hissəsi - 79.88 % -i yəni, 57.600 manat isə İddiaçı ilə ASC “Xalq Bank”ı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DKM/025N14A01906522 saylı kredit müqaviləsi əsasında cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin bank hesabına ödənilmişdir. Lakin, ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri cavabdeh tərəfindən iddiaçıya təqdim edilməmiş və nəticədə ƏDV depozit hesabına köçürülməli olan ƏDV məbləği mənzilin ümumi dəyəri ilə birlikdə tam şəkildə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin bank hesabına köçürülmüşdür. İddiaçıya qaytarılmalı olan məbləğ 72.108, 5 x 18% x 30 % = 3.893 manat təşkil edir. İddaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli məktub göndərilərək, yaradılmış uyğunsuzluqların aradan qaldırılması xahiş edilsə də, həmin müraciətin nəticəsi olmamışdır". Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında məhkəməyə bildirdi ki, tərəflər arasında mənzilin alğı-satqısına dair müqavilə bağlanmış və iddiaçı tərəfindən cavabdehin bank hesabına pul tam həcmdə ödənilmişdir. Lakin, ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri cavabdeh tərəfindən iddiaçıya təqdim edilmədiyindən nəticədə ƏDV depozit hesabına köçürülməli olan ƏDV məbləği mənzilin ümumi dəyəri ilə birlikdə tam şəkildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülmüşdür. İddiaçı tərəfindən 2 dəfə Vergi Xidmətinə müraciət edilmiş və ona ƏDV depozit hesabına pul ödənilmədiyindən 30% ƏDV məbləğindən məhrum olduğu bildirilmişdir. Müvafiq sistem noyabr ayının 1-dən işləyir və buna dair normativ hüquqi akt mövcuddur. Vergi Məcəlləsinin tələblərinə əsasən elektron qaimə-faktura verilməli idi. Əgər verilə bilmirdisə mənzil satılmamalı idi və ya əvvəl istifadə olunan vasitələrdən istifadə edilməli idi. Vergi Xidməti ƏDV depozit hesabında pul olsaydı, problemsiz şəkildə ödəniş edəcəyini bildirir. Cavabdeh həmin dövrdə sistemin işləmədiyini bildirsə də, buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Əgər qaimə kəsə bilmirdilərsə ən azından alıcıya məlumat verilməli idi ki, pulun müəyyən məbləği əsas hesaba, müəyyən hissəsi isə ƏDV hesabına ödənilsin. Çünki, ƏDV depozit hesabı müvafiq Qaydaların qəbul edilməsindən öncə də mövcud idi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinın nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, "xxxx" Mənzil-Tikinti Kooperativi ƏDV-nin qaytarılmamasında maraqlı deyil. Hüquqi şəxs bundan heç nə qazanmır. Həmin dövrdə sistem işləmədiyindən elektron qaiməfaktura kəsmək mümkün olmamışdır. Bu halda MTK-nın heç bir təqsiri yoxdur. MTK ƏDVnin ödənilib-ödənilməməsində maraqlı olan qurum deyil. Həmçinin MTK ƏDV qaytaran qurum deyil. Bu Vergiər Xidməti ilə vətəndaş arasında olan məsələdir. MTK-nın vahid hesabı olmuş və ora ödəniş edilməsi tələb edilmişdir. Əgər vətəndaş ƏDV qaytarılmasını istəyirdisə bunu bəyan etməli idi. MTK keçmiş tarixə elektron qaimə verə bilməz. Ümumiyyələ MTK bu iş üzrə cavabdeh ola bilməz, Dövlət Vergi Xidməti cavabdeh olmalıdır. Belə ki, MTK ƏDV-ni ümumi dövriyyədən ödəyir, hər mənzil üzrə ayrı-ayrı yox. Bundan əlavə qanun qəbul edilsə də, faktiki olaraq işləmirdi və ƏDV ilə bağlı əməliyyatların elektron qaydada edilməsi yalnız bu ildən mümkün olmuşdur. Həmçinin həmin dövrdə iddiaçı vergi ödəyicisi olmadığından digər müqavilə öhdəlikləri üzrə kəsilən elektron qaimə də iddiaçıya verilə bilməzdi. Bu yalnız iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda mümkün ola bilərdi. Bankda tərəf ödəniş edərkən özü bu məsələni aydınlaşdırmalı idi, MTK alıcıya bunu izah etmək məcburiyyətində deyil və MTK-nın belə bir öhdəliyi yoxdur. MTK-ya ödəniş nəğd olunmayıb və MTK bank vasitəsilə aldığı ödənişdən vergiləri və ƏDV-ni tam həcmdə ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ÇP/4-22 saylı Mənzil alqı-satqısına dair müqavilədə aşağıdakılar göstərilmişdir: “ ... 1.1. “İcraçı", özü tərəfindən ünvan 2 ünvanında inşa edilən yaşayış kompleksinin 4-cü bina, 03-cü mərtəbəsində yerləşən, 1 otaqdan ibarət, ümumi sahəsi 49.73 kv. metr olan 12 saylı təmirsiz mənzilin tikintisini, 24 ay ərzində hazırkı müqavilə şərtlərinə uyğun olaraq tamamlayıb, "Sifarişçi"-yə təhvil verməyi öhdəsinə götürür. ... 2.5. Mənzilin, bu müqavilənin 2.4-cü bəndində qeyd olunan ümumi dəyərinin 20.12 % (yəni 14.508.5) manat hissəsi hazırkı müqavilə imzalandığı gün Sifarişçi tərəfindən ilkin ödəniş olaraq İcraçının bank hesabına ödənilir. Mənzilin dəyərinin qalan 79.88% 57.600 manat hissəsi isə "İcraçı" ilə "xxxx" ASC «Xalq» Bankı arasında imzalanmış, hazırkı müqavilənin 2.6-cı bəndində qeyd olunan sənədlərə əsasən hazırkı müqavilə imzalandıqdan sonra 15 gün müddətində Sifarişçi ilə "xxxx" ASC «Xalq» Bankı arasında bağlanacaq kredit müqaviləsinə əsasən Sifarişçiyə ayrılmış vəsait hesabına ödənilir”. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, DKM/025N14A01906522 saylı Kredit müqaviləsindən görünür ki, həmin müqavilə ASC “Xalq” Bank ilə İddiaçı arasında bağlanmış və müqavilədə aşağıdakılar göstərilmişdir: “ ... Bu Müqaviləyə əsasən Bank Borcalana 264 ay müddətinə 57 600 manat məbləğində, kreditdən istifadəyə görə illik 9% ödənilməsi şərtilə kredit verməyi, Borcalan isə kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifadə etməyi, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür. Kredit Borcalana, "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli ÇP/4-22 №-li yaşayış sahəsinin əldə edilməsinə dair müqaviləyə əsasən satış qiyməti 72108.50 manat olan ünvan 3 ünvanında inşa edilən yaşayış kompleksinin 4-cü binanın 3-cü mərtəbəsində yerləşən 49.73 kv.m. ümumi sahədən ibarət, 1 otaqlı 12 nömrəli mənzilin qalıq dəyərinin ödənilməsi məqsədi ilə verilir. ... Borcalan tərəfindən bu Müqavilənin 3.4.10-cu yarımbəndində göstərilən vəzifələrin icra edilməsi şərtilə alınan Yaşayış sahəsinin 1.2-ci bəndlə müəyyən olunan qiymətinin 20%-dən az olmayan, yəni 14508.50 manat məbləğində ilkin ödənişin Satıcıya ödənildiyini təsdiq edən sənəd Banka təqdim olunduqdan sonra bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə kredit Bank tərəfindən 5 iş günü ərzində Borcalana Bankda açılmış AZ16HAJCFCRAZN**********5001 №-li cari hesaba köçürülməklə verilir. Kredit üzrə pul vəsaitlərinin cari hesaba köçürüldüvü tarix kreditin faktiki verildiyi tarix hesab olunur. Bu Müqavilənin 2.1-ci bəndində göstərilən cari hesaba daxil edilmiş bütün kredit ınəbləği Bank və Satıcı arasında bağlanmış 20 iyun 2022-ci il tarixli Əməkdaşlıq haqqında sazişin 2.2.3-cü yarımbəndinə uyğun otaraq, Borcalanın ödəniş tapşırığına əsasən Bank və Satıcı arasında bağlanmış xx.xx.2022-ci il tarixli HDRAZN**********2001 №-li Bank əmanəti müqaviləsi əsasında Satıcıya açılmış depozit hesabına köçürülür. Kredit vəsaitlərindən hər hansı digər qaydada istifadə edilməsinə, o cümlədən həmin vəsaitlərin Borcalanın və üçüncü şəxslərin bank hesab(lar)ına köçürülməsinə və ya nağdlaşdırılmasına yol verilmir”. İş materiallarında olan pul vəsaitinin köçürülməsi üçün ərizədən görünür ki, 57.600 manat və 14.508,50 manat xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) hesabına köçürülmüşdür. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, VÖEN: ********** hal-hazırda Cavabdehnə məxsusdur. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı elektron kabinet vasitəsilə ƏDV-nin geri qaytarılması barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə xx.xx.2023-cü il və 12 saylı Ərazi Vegilər İdarəsinə xx.xx.2023cü il tarixlərdə müraciət etmiş və həmin müraciətlərə cavab olaraq ona aşağıdakı məzmunda cavab verilmişdir: “ ... Sizin nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması barədə xx.xx.2023-cü il tarixli müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********442200 nömrəli) aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib. Təsdiq edilmiş qaydalara əsasən, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ƏDV-nin qaytarılması məqsədilə portalda (https://new.e-taxes.aov.az/eportal/az/loain/) qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və müvafiq sənədləri skan edərək portala göndərir. Qeyd olunan qaydada müraciət edildikdən sonra qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir”. Eyni zamanda İddiaçı bildirilmişdir ki, ödəniş HÖP (X2) üzərindən edilməyi üçün növbəti səhifəyə keçid mümkün olmur. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023cü il tarixli müraciətinə cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... (*Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalına daxil edilməsinin faktiki olaraq hansı tarixdən tətbiq edilməsinə dair) Məlumatların təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********702200 nömrəli) müraciətlərinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib. Təsdiq edilmiş Qaydanın 4.1 -ci bəndinə əsasən satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»nda aşağıdakılar göstərilmişdir: “ ... 1.6. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. 1.7. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri göstərilməlidir. 2.1. ƏDV-nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər: ... bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərin ödəmələrindən ... 2.3. Nağdsız ödənişlərin aparılması zamanı tətbiq olunan “A” formatlı ödəniş tapşırığı ƏDV-nin ödənilməsi üçün istifadə edildikdə, “B1. Benefisiar (alan) bank” bölməsində DXA-nın bank rekvizitləri əks etdirilməlidir. Həmin ödəniş tapşırığının “B2.Vəsaiti alan” bölməsinin “Adı” sətirində satıcının adı, “Hesab №-si” sətirində ƏDV-nin depozit hesabının nömrəsi, “VÖEN” sətirində isə satıcının VÖEN-i dəqiq qeyd olunmalıdır. Satıcı alıcıdan ƏDV-nin depozit hesabına ƏDV məbləğinin köçürülməsini təsdiq edən ödəniş sənədini tələb edə bilər”. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda aşağıdakılar göstərilmişdir: “ ... 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 4.2. Elektron qaimə-fakturada aşağıdakı məlumatlar göstərilir: ... təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin 1 (bir) kvadratmetrinin satış qiyməti, ƏDV-siz (manatla); binanın təqdim edilmiş tərkib hissəsinin dəyəri, ƏDV-siz (manatla); vergi tutulan əməliyyatlardan hesablanmış ƏDV (manatla); cəmi məbləğ (manatla); yekun; qaytarılacaq ƏDV-nin məbləği (manatla)... 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: ... ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: ödənişi aparan alıcının soyadı, adı və atasının adı; ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş)”. Azərbaycan Respublikası Vegi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Vergi Məcəlləsinin 175.8-ci maddəsinə görə, ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 7 və 7.3-cü bəndlərinə uyğun olaraq, “Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin siyahısına daxildir Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməli olması qanunvericiliyin imperativ tələbidir. Yəni, elektron qaimə-faktura verilmədiyi halda belə, ƏDV-nin depozit hesabının rekvizitləri “müqavilədə, qəbzdə və ya çekdə” qeyd olunmalı idi. Belə olan təqdirdə cavabdehin istinad etdiyi faktiki olaraq yeqanə “sistemin işləməməsi”nə dair arqument ağlabatan hesab edilə bilməz. Yuxarıda qeyd olunan Fərmanın icrası ilə bağlı fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yaradılmış və 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilmişdir. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər bu portala daxil olaraq alıcı fiziki şəxsə qaydaların tələblərinə uyğun e-qaimə faktura tərtib etməli, alıcı isə öz növbəsində aldığı eqaimə fakturanın məlumatlarının doğruluğunu yoxlayaraq təsdiq etməlidir. Bundan sonra, alıcı şəxsi kabinetində yerləşən keçid vasitəsilə qaydaların tələblərinə uyğun şəkildə ödənişləri həyata keçirmək üçün X1 “Kommunal” ödənişlər bölməsinin “Yaşayış və qeyriyaşayış sahələrinin alışı üzrə ödənişlər” altbölməsinə daxil olmalı (Alıcının fərdi qaydada banka yaxınlaşaraq ödənişi həyata keçirmək imkanı da mövcuddur). Burada FİN və qaimənin nömrəsi barədə məlumatlar daxil edilməklə ödənişlər həyata keçirilir. Ödənişlər tam etdikdən sonra alıcının elektron kabinetində müvafiq ərizə forması doldurulmalı və təsdiqedici sənədlər əlavə olunaraq portal vasitəsilə ƏDV-nin geri qaytarılması ilə bağlı müraciət edilməlidir. Göründüyü kimi, qanunvericilikdə nəzərdə tutulmuş zəncirin birinci halqası - bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin portala daxil olaraq alıcı fiziki şəxsə qaydaların tələblərinə uyğun e-qaimə faktura tərtib etməsidir. Tərəflər arasındakı müqavilə İnternet Vergi İdarəsində müvafiq portal yaradıldığı tarixdən sonra - xx.xx.2022-ci il tarixdə bağlansa da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə düşən öhdəlikləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra etməmiş və nəticədə ƏDV-nin qaytarılması üçün nəzərdə tutulmuş sonrakı addımların atılması mümkün olmamışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli, ÇP/4-22 saylı Mənzil alqısatqısına dair müqavilə bağlanmış, İddiaçı tərəfindən mənzilin dəyəri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tam həcmdə ödənilmişdir. Ödəniş edilməsi üçün İddiaçı qaimə fakturası təqdim edilməli olduğu və həmin qaimə fakturada alqı-satqı ilə bağlı ödənilmiş məbləğin ƏDV-si hesablanmalı olsa da, bu edilməmiş və nəticədə İddiaçı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödəməyə məcbur olmuşdur. Bundan sonra iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 90 gün ərzində ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək və elektron kabinet yaradaraq, nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin 30%-nin qaytarılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə və 12 saylı Ərazi Vegilər İdarəsinə müraciət etsə də, onun tərəfindən daşınmaz əmlakın tam dəyəri (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi üçün ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Nəticədə iddiaçının nağdsız qaydada almış olduğu yaşayış sahəsinə görə ödədiyi ƏDV-nin 30%-i olan 3893 (=72108,5x18%x30%) manat hissəsi ona qaytarılmamış və nəticə etibarilə iddiaçıya qeyd olunan məbləğdə maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, 3893 manat məbləğində dəymiş zərərin əvəzi cavabdeh "xxxx" Mənzil- Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 3893 (üç min səkkiz yüz doxsan üç) manat məbləğində dəymiş zərərin əvəzi və 58,93 (əlli səkkiz manat doxsan üç qəpik) manat ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizad'

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar