Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-718/2025 03.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınmış hesab edilməsi və köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınmış hesab edilməsi və köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov 39 (yeni 277) ünvanında yerləşən evə istifadə hüququnun tanınmış hesab edilməsi və mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1960-cı ildə valideynləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən evə köçmüşlər və həmin ünvanda passport qeydiyyatında olmaqla son vaxtlaradək yaşamışdır. Həmin ev atasına məxsus olmuş, uzun müddət əsaslı təmir işləri aparılmadığından məhdud kommunal şəraitli olduğundan onun şəxsi vəsaiti hesabına alınmış və mülkiyyətində olan digər yaşayış sahəsini sataraq mübahisə predmeti olan evi əsaslı şəkildə təmir etməklə yaşayış üçün normal şəraitli otaqlar yaratmışlar. İş üzrə cavabdehlər onun mərhum qardaşının həyat yoldaşı və qızıdır. Əvvəllər münasibətləri normal olmuş, aralarında mənzillə və yaşayış sahəsi ilə bağlı hər hansı mübahisə baş verməmişdir. Son aylarda səhhətində yaranan problemlərlə əlaqədar bir müddət bacısının yanında qaldıqdan sonra cavabdehlər evin açarını dəyişərək onu daimi qeydiyyatda olmaqla yaşadıqları evə buraxmadılar. Hazırda da bu səbəbdən öz yaşayış yerinə qayıda bilmir. Hesab edir ki, cavabdehlərin hərəkəti qanunsuz və əsassızdır və məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 xx.xx.2024-cü il tarixli ərizəsi əsasında Cavabdeh3 cavabdeh qismində cəlb edilmişdir. Cavabdeh3 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini, iddiaçının həmin mənzilə köçürülməsinə və mənzildən istifadə edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki,xx.xx.1990-cı il tarixdə vəfat etmiş-X9 vərəsələri: oğlu X19, qızı İddiaçı, qızı Cavabdeh3 və onların hər biri miras əmlak bərabər (1/5 hissədə) irs almalıdır. Şəhadətnamə ilə verilən əmlak -ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********32 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 yeni qaydalarla: AZ1053, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.12537 ha olan torpaq sahəsindən ibarətdir. Miras əmlakın qalan 2/5 hissəsi açıq saxlanılır. xx.xx.2023-cü il tarixdə notarial qaydada tərtib edilmiş miras payın bağışlanması barədə müqavilədən görünür ki, X19 və İddiaçı xx.xx.1990-cı il tarixdə vəfat etmiş ataları X7 miras qalmış əmlakdan onlara çatası 1/5 hissəni bacıları Cavabdeh3 bağışlamışlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)- 3437/2024 saylı qətnaməsindən görünür ki, iddiaçılar Kazımova X16 və Cavabdeh2 cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisinə, Cavabdeh3, İddiaçı və X13 qarşı “vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədə göstərilmişdir ki, “Elektron notariat” X1 (yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair) Çıxarışa əsasən, ünvan 5 ünvanında xx.xx.1924-cü il təvəllüdlü X5 (qüvvədən düşüb), xx.xx.1949-cu il təvəllüdlü X2 (qüvvədən düşüb), xx.xx.1998-ci il təvəllüdlü X20 (qüvvədən düşüb), xx.xx.1949-cu il təvəllüdlü X14 (qüvvədən düşüb), xx.xx.1951-ci il təvəllüdlü İddiaçı (aktiv), xx.xx.1981-ci il təvəllüdlü X11 (aktiv), xx.xx.1960-cı il təvəllüdlü Kazımova X10 (aktiv), xx.xx.1990-cı il təvəllüdlü X12 (aktiv) və xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh2 (aktiv) qeydiyyatdadırlar. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin elektron qaydada verilmiş çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla Bakı şəhəri,Binəqədi rayonu,Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, giriş 277) yerləşən torpaq sahəsinin 3/5 hissəsi Cavabdeh3 mülkiyyətindədir və 2/5 hissəsi X9 adında açıq saxlanılmışdır. Çıxarışdan görünür ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 yaşayış ünvanı ünvan 6ktron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, İddiaçı yaşayış yeri ünvan 5 ünvanıdır. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, giriş 277) torpaq sahəsinin 3/5 hissəsi hal-hazırda Cavabdeh3 mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində yerləşən və iddiaçının da qeydiyyatda olduğu 39 saylı fərdi yaşayış evi isə dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı məhz fərdi yaşayış evinə istifadə hüququnun tanınmış hesab edilərək, köçürülməsini xahiş edir. Evin üzərində yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olan Cavabdeh3 isə buna etiraz etmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış və hal-hazırda mübahisəli evdə yaşamaq istəsə də, hal-hazırda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 buna imkan verməmişlər. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Bu baxımdan məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Eyni zamanda Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və evin yerləşdiyi torpaq sahəsinin 3/5 hissəsi cavabdeh olan Cavabdeh3 mülkiyyətindədir və onun mübahisəli fərdi yaşayış evinə gözlənti hüququ vardır ki, onun da yaşayış yeri mübahisəli fərdi yaşayış evi olan iddiaçının həmin evə köçürülməsinə hər hansı bir etirazı yoxdur. Beləliklə məhkəmə, cavabdehlər kimi iddiaçının da yaşayış yerinin həmin fərdi yaşayış evi olmasını və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olan Cavabdeh3 iddiaçının həmin evə köçürülməsinə razılığının olmasını, cavabdehlər kimi iddiaçının da mübahisəli fərdi yaşayış evində yaşamaq hüququnun olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla Bakı şəhəri,Binəqədi rayonu,Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, giriş 277) torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi tələb etməkdə haqlı olmuşdur. Bununla belə məhkəmə onu da vurğulayır ki, sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından iddiaçının “həmin evə istifadə hüququnun tanınmış hesab edilməsi” tələbi təmin edilə bilməz. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla Bakı şəhəri,Binəqədi rayonu,Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, giriş 277) torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla Bakı şəhəri,Binəqədi rayonu,Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, giriş 277) torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-718/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-718/2025
03.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver