Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7501/2025 23.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil2, İlk və qarşılıqlı iddialar üzrə Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair ilk iddiası, Cavabdeh1 İddiaçı və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarının tirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair ilk iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, anadan olduğu və bütün həyatı boyu yaşadığı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi, ev 16, mənzil 12-yə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1998-ci ildə anadan olmuşdur. Ailələrində 2 qardaş olmuşlar. Atası iş adamıdır. Anası Milli Elmlər Akademiyasında işləyir. Qeydiyyatda olduğu ünvanda anadan olandan yaşayır. Həmin bina kooperativdir. Vaxtilə babası tikintisinə rəhbərlik etmişdir. Atası bildirmişdir ki, qardaşına ev alıb vermiş, bu ev də onundur. Təmir etsin, evlənib köçüb yaşasın. O, həmin mənzili təmirə başlamış və xx.xx.2024-cü il tarixində 7 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsində xx.xx.1997-ci il təvəllüdlü X3 ilə rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuşdur. Mənzilin təmirin axıra çatdıra bilmədiyi üçün atası demişdir ki, müvəqqəti Şüvəlandakı bağ evində təmir axıra çatana kimi qalsın. Təmirdən sonra köçərn. Evlilik dövründə həyat yoldaşı ilə təmiri davam etdirmişlər. Təmir yekunlaşan zaman mənzilə daxil olarkən mənzilin qapısının kilid bağlanan hissəsinə açar daxil olmamışdır. Usta çağırmış, baxanda demişdir ki, həmin hissəyə kley doldurublar ki, mənzilə daxil olmaq olmasın. O, anasına və atasına bu barədə narazılığını bildirəndə anası demişdir ki, xəbəri yoxdu, yəqin atası edib. Atası da demişdir ki, onu evə buraxmır. Heç bir səbəb deməmişdir. O, ailə üzvüdür, xx.xx.2025-ci ildə anadan olmuş körpə uşaqları X8 və həyat yoldaşı ilə çöllərdə qalmışlar. O, atasına heç nə deyə bilmir, onun üstünə hirslənib hədələyir. Hazırda Qazax rayonunda Şərab sexi işlədir. Odur ki, məcbur olub hüquqlarının bərpası üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edir. Onun pasport qeydiyyatı da təmir etdirdiyi evdədir. Anası da, atası da, qardaşı da həmin evdə qeydiyyatdadır. Atası onun bərk maşın sürməsinə, restoranlarda ailəsi ilə gəzdiyinə görə onu qəbul etmir. Həmçinin, bildirir ki, atası ilə anası boşanandan sonra aralarında əmlak bölgüsü olmamış və atası digər qadınla evlənərək, Şüvəlandakı 2-ci bağ evində yaşayır və 2 yaşında Mədinə adlı qızı var. Ona görə də ailəsi və azyaşlı uşağı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi, ev 16-dakı 12 saylı mənzilə köçürülməsini istəyir. Həmin mənzili də atası ilə anası birgə nikah dövründə almışlar və hər ikisinin də mülkiyyətindədir və o da ailə üzvü olaraq orada yaşamış və təmir zamanı mənzildən çıxmışdır ki, təmiri axıra çatdırıb köçsün. Lakin atası maneələr yaratmağa başlamışdır. Hesab edir ki, yaşadığı və faktiki sahiblik etmiş olduğu mənzildən istifadəsinə yaradılan maneələrin aradan qaldırılmaqla, o, həmin mənzilə köçürülməlidir. Daha sonra Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarının tirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ona və Cavabdeh2 qarşı “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, ev 16, 12 saylı mənzilə köçürmə” barədə ilk iddia tələbinin rədd edilməsi, İddiaçı və Cavabdeh2 Tofik qızının onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, ev 16, 12 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, ev 16, 12 saylı mənzilə köçürmə” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1, iddia tələbini əsassız hesab etməklə, ilk iddia üzrə İddiaçı və ilk iddia üzrə Cavabdeh2 Tofik qızına qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməyi zəruri hesab edir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, ev 16, 12 saylı mənzil Cavabdeh1 mülkiyyətindədir. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 Tofik qızı, son 5 il ərzində həmin mənzildə yaşamamışlar. Hazırda, ilk iddiaçının mübahisə predmetini təşkil edən mənzildən istifadə hüququ olmadığı, onun həmin mənzilə yalnız pasport qeydiyyatı olduğu üçün, ilk iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qeyd etmək zəruridir ki, ilk iddianın digər Cavabdeh2 yönəlməsi prosessual cəhətdən əsassızdır. Çünki, Cavabdeh2 həmin mənzilə dair heç bir hüququ yoxdur. Bu səbəbdən, Cavabdeh2 ilk iddiaçının həmin mənzilə köçürülməsi ilə cavabdeh ola, həmçinin, iddianın həll edilməsi ilə iradə ifadəsi bildirə bilməz. İlk iddianın rədd edilməsinin dəlilləri ilə qarşılıqlı iddianın dəlilləri eynilik təşkil etdiyi üçün, hər iki prosessual mövqeni aşağıdakı kimi əsaslandırmağı zəruri hesab edirlər. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-l №436666 saylı nikahın pozulması haqqında şəhadətnamədən göründüyü kimi, Cavabdeh1 ilə Cavabdeh2 Tofik qızı arasındakı nikah, xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Həmin tarixdən xeyli əvvəl, tərəflər arasında faktiki nikah münasibətləri pozulduğu üçün Cavabdeh2 Cavabdeh1 məxsus mənzildə yaşamamışdır. Qarşılıqlı iddia üzrə digər cavabdeh İddiaçı da son 5 il ərzində həmin ünvanda yaşamamışdır. Beləliklə, qarşılıqlı iddia üzrə hər iki cavabdeh, mübahisə predmetini təşkil edən mənzilə istifadə hüquqlarını itirmişlər. Mübahisəli mənzildən istifadə hüququna dair X4 ilə İddiaçı və Cavabdeh2 Tofik qızı arasında hər hansı yazılı razılaşma yoxdur. Beləliklə, İddiaçı və Cavabdeh2 Tofik qızı, Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, ev 16, 12 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 ilk iddianı müdafiə edərək, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil2 ilk iddianı qəbul etməyərək, rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən ilk və qarşılıqlı iddialar üzrə Cavabdeh2 izahatında bildirdi ki, ilkin iddianı qəbul edir. Qarşılıqlı iddianı isə qəbul etmir. Belə ki, həmin mənzil birgə nikah dövründə əldə edilmiş, neçə illər ərzində onıllar orada yaşamışlar və hazırda da qeydiyyatdadırlar. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, X9, Cavabdeh2, X5, X8 və Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadırlar. AZ-İİ seriyalı 613556 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X3 arasında olan nikah 7 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2024-cü il tarixdə bağlanmış və 368 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Dilbazova” soyadı verilmişdir. AZ-V seriyalı 136352 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2025-ci təvəllüdlü X2 atası İddiaçı, anası X1r. Cavabdeh2 tərəfindən təqdim edilmiş aktdan görünür ki, o, xx.xx.1999-cu ildən Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi 16, mənzil 12-də qeydiyatdadır və 2024-cü il tarixindən təmir işləri ilə əlaqədar olaraq oğlu Dilbazov Anarın evində müvəqqəti yaşayır. Aktı qonşuları imzaları ilə təsdiq etmişdirlər. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışın surətindən görünür ki, İddiaçı 2022-ci ilin aprel ayından 2024-cü ilin may ayına qədər Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 8, mənzil 123 və 124, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən mənzillərdə yaşamışdır. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışın surətindən görünür ki, Cavabdeh2 2022-ci ilin aprel ayından cari tarixə qədər oğlu X6 məxsus Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 8, mənzil 123 və 124, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən mənzillərdə yaşamağa davam edir. Hədiyyə verən X7 ilə Hədiyyə alan X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Hədiyyə verən Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 8, mənzil 123 Yeni qaydalarla: AZ1124, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 45.7 kv/m olan daşınmaz əmlak (torpaq sahələrindən başqa) tam mülkiyyət üzrə tam hissədə (hissələri) "Hədiyyə alanın" mülkiyyətinə vermişdir. Hədiyyə verən X7 ilə Hədiyyə alan X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Hədiyyə verən Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 8, mənzil 124 Yeni qaydalarla: AZ1124, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 102 kv/m olan daşınmaz əmlak (torpaq sahələrindən başqa) tam mülkiyyət üzrə tam hissədə (hissələri) "Hədiyyə alanın" mülkiyyətinə vermişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, ilkin iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, eləcə də tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olundu ki, Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahda olmuşlar, birgə nikahdan onların övladları doğulmuşdur. Övladlarından İddiaçı ünvan 1 ünvanında qeydiyyatda düşmüş və altı aydan sonra təmir qurtarandan sonra həmin mənzilə köçmüş və orada yaşamıdır. Daha sonra xx.xx.2024-cü il tarixdə ailə həyatı qurmuş və həmin mənzilin təmir edilməsi məqsədilə qardaşına məxsus ünvana müvəqqəti köçmüşdür. İddiaçı müvəqqəti olaraq başqa ünvanda yaşadığı müddət ərzində atası, yəni Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi, ev 16 ünvanında yerləşən 12 saylı mənzilin açarlarını dəyişməklə, İddiaçı həmin mənzilə buraxmamışdır. Bu səbəbdən də, iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Göründüyü kimi tərəflər arasında hüquq münasibəti hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığından, məhkəmə hesab edir ki, 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbləri baxımından araşdırılmaqla hüquqi qiymət verilməlidir. xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinin tələbinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin "Önəryıldız Türkiyəyə qarşı" işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, "Xəzinədarlığa məxsus olan torpağın ərizəçi tərəfindən təxminən beş il ərzində zəbt edilməsi faktı 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından "mülkiyyət" hesab oluna bilməz (bax: Marks Belçikaya qarşı, b. 50; Zverjinskinin işi, b. 61). Lakin etiraf etmək lazımdır ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı. Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından "mülkiyyətə" bərabərdir (bax: İatridisin işi üzrə qərara, b. 55) " Tre Traktöreer AB İsveçə qarşı (xx.xx.1989, A seriyası, c59, s21, .59) və Van Marle və başqaları Niderlanda qarşı (xx.xx.1986, A seriyası,c.101, s13,b.40) işlər üzrə Avropa Məhkəməsinin qərarlarında vurğulanır ki, bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsi ilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüququn sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın "hüquq" kimi tanınması, istərsə də bu qanunlar tərəfindən həmin "mülkiyyət hüququ" hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda "mülkiyyət" hesab edilməsinin qarşısını almır. Məhkəmə ilkin iddia ilə bağlı hesab edir ki, ilkin iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı mübahisəli mənzildən təmir aparılması məqsədilə müvəqqəti başqa evə köçmüş, ilkin iddia üzrə Cavabdeh1 da həmin mənzilin açarlarını dəyişərək, iddiaçını mənzilə buraxmamışdır. Bu səbəbdən də, iddiaçının həmin mənzildə yaşamaq hüququ məhdudlaşdırılmışdır. İddiaçının normal yaşayış yeri və onun layiqli həyat şəraiti təmin edilməlidir. Belə olan halda iddiaçı ilkin iddianı qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası MPM-nin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə müvafiq olaraq icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx.xx.1999-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə isə hesab edir ki, qarşılıqlı iddia əsassızdır. Belə ki, İddiaçı və Cavabdeh2 mübahisəli mənzildən öz iradələrindən asılı olmayan səbəbdən çıxmaları onların həmin sahədə istifadə hüquqlarının itirilməsinə səbəb ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi, ev 16 ünvanında yerləşən 12 saylı mənzilə köçürülməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ilkin iddia üzrə iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia da rədd edildiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia təmin edilsin. İddiaçı övladı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi, ev 16 ünvanında yerləşən 12 saylı mənzilə köçürülsün. Qarşılıqlı iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-7501/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7501/2025
23.02.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver