Məhkəmə qərarları › İş №e-2(001)-7645/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7645/2025

26.01.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7645/2025 26.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, yəni İddiaçı Cavabdeh MMC-nin Sabirabad rayonunda yerləşən mağazasında “Satış məsləhətçisi” vəzifəsində işləmiş, əmək funksiyalarını vicdanla yerinə yetirmişdir. O, işlədiyi müddətdə şirkətə yüksək satış dövriyyəsi və xidmət göstəriciləri ilə real kommersiya faydası vermişdir. xx.xx.2025-ci il tarixli 22**-İR-***5 saylı əmrlə barəsində guya müştəri məlumatlarını üçüncü şəxsə ötürmək, qeyri-qanuni kredit əməliyyatları aparmaq, maddi ziyan vurmaq, əmək funksiyasını yerinə yetirməmək kimi ağır ittihamlar irəli sürülərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsi əsas götürülməklə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməzdən əvvəl işəgötürən tərəfindən tam, obyektiv və qanuna uyğun araşdırma aparılmamışdır. Hərçənd ki, onun izahat alınmış, lakin izahat təkbaşına pozuntu sübutu deyildir. Maddi ziyanın məbləği və onun təqsiri müəyyən edilməmiş, heç bir rəsmi sübut – kamera görüntüsü, müştəri müraciəti, şahid ifadəsi, texniki rəy – təqdim edilməmişdir. İntizam pozuntusu Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan “kobud pozuntu” halları ilə uyğun gəlmir. Bu isə onu göstərir ki, xitam əmri əsassız, sübutsuz və qanunsuz şəkildə verilmişdir. Onun əlində digər sübutlar vardır ki, o, mağaza üzrə ən yüksək satış və xidmət göstəricilərinə malik işçi olmuş, plan göstəricilərini daim 90%-dən yuxarı icra etmiş, heç bir əmək funksiyası pozuntusu olmamış, bundan başqa, “şirkətə ziyan vurma” iddiası satış cədvəlləri ilə tam təkzib olunur. Bütün bunlara əsasən demək olar ki, aşağı nəticəli işçilər saxlanılmış, ən yüksək nəticəli işçi isə əsassız şəkildə işdən çıxarılmışdır. Bu göstəricilər onun şirkətə fayda verməsini və Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulan xitam əsaslarının mövcud olmadığını tam təsdiq edir. Lakin həmin plan cədvəlləri kommersiya sirri hesab olunduğundan məhkəməyə təqdim olunmur. Əmrdə göstərilən hallar konkret tarix, şəxs, hərəkət və sübutlarla əsaslandırılmamış, sadəcə ümumi və subyektiv fikirlərə əsaslanmışdır. Bu isə Əmək Məcəlləsinin tələblərinə tam ziddir. Əmrdə “maddi ziyan vurmuşdur” deyilsə də, lakin məbləğ göstərilməmiş, mühasibat sənədi təqdim edilməmiş, ziyanın məhz onun hərəkəti ilə yaranması sübuta yetirilməmişdir. Bu isə xitam üçün əsas hesab edilə bilməz. Əmrdə konkret tarix, konkret müştəri və hadisə, üçüncü şəxslərin adları göstərilmir, habelə sübut növü qeyd edilmir, həmçinin faktların heç biri təsdiq olunmur. Məhkəmə təcrübəsi sübut edir ki, belə əmr qanunsuz sayılır və ləğv edilir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, iş üzrə əmək müqaviləsinə xitam verilməsi barədə 22**-İR-***5 saylı əmrin etibarsız hesab edilməsi və onun, yəni İddiaçı işə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil hər biri ayrı-ayrılıqda idda tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Eyni zamanda nümayəndə Vəkil məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, iş üzrə əmək müqaviləsinə xitam verilməsi barədə 22**-İR-***5 saylı əmrin ləğv edilməsi və İddiaçı işə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X5 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, işəgötürən tərəfindən mübahisələndirilən əmr qəbul edilərkən qanunvericiliyin tələblərinin pozulmasına yol verilmədiyini əsas gətirərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, nümayəndə əmrdə göstərilən hallarla bağlı, yəni hazırki iş üzrə iddiaçı tərəfindən onun hərəkətləri nəticəsində işəgötürənə maddi ziyanın dəyməsini təsdiq edəcək sübutların olmadığını bildirmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin direktoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 22**-İR-***5 nömrəli “əmək müqaviləsinə xitam verilməsi” barədə əmrin surətindən görünür ki, "xxxx" MMC-nin “pərakəndə satış departamenti, mağazalar şəbəkəsi” bölməsində “satış məsləhətçisi” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilməsi, işçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər istifadə edilməmiş 19 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanaraq ödənilməsinin maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi barədə əmr edilmişdir. Əmrdə göstərilmişdir ki, İddiaçı 2025-ci ilin aprel-iyul ayları ərzində Sabirabad rayonunda yerləşən Cavabdeh MMC-yə məxsus mağazada fəaliyyət göstərdiyi müddətdə əmək funksiyalarını kobud şəkildə pozaraq, onda olan müştəri məlumatlarını üçüncü bir şəxsə ötürmüşdür. Bununla belə, İddiaçı şirkətə maddi ziyan vuran nağdlaşdırma ilə məşğul olan şəxslərlə əlbir olaraq müştərilərin məlumatları olmadan, eləcə də müştərilərə məxsus olmadığını bilərək qəsdən nağdlaşdırma ilə məşğul olan şəxsin istifadəsində olan telefon nömrəsini qeyd etməklə müştərilərin adına nisyə satış müqaviləsi əsasında sifarişləri məsuliyyətində olan kompüter proqramı vasitəsi ilə icra etmişdir. Həmçinin, nağdlaşdırma ilə məşğul olan şəxsə müştərilərin adından ABC-Telecom MMC-nin kredit mütəxəssislərinə sifariş zamanı yalnış məlumatlar təqdim etməsini təklif etməklə şirkətin işgüzar nüfuzuna ziyan vurmuşdur. Bu əməlləri nəticəsində satış məsləhətçisi İddiaçı özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmuşdur. İş materiallarında olan Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB//82025-02335 saylı arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 13:00-dan 14:00-dək və xx.xx.2025-ci il tarixdə, saat 17:30-dan 18:00-dək keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı nümayəndəsi Vəkil iştirak etmiş və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat poçt kargüzarlıq xərcini ödəmişdir. Lakin "xxxx" MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, izahatında bildirmişdir ki, təxmini 1 ilə yaxın Kontakt-Home Sabirabad mağazasında satış məsləhətçisi kimi işləyir, vəzifəsi müştəri məmnuniyyətini təmin etmək, vitrinə nəzarət etmək və satışları düzgün həyata keçirməkdən ibarətdir. X4 təxmini 1 ay olmaqla müştəri kimi mağazaya yaxınlaşmasından tanıyır. Daha sonra o, onun nömrəsini alaraq yeni müştəriləri filiala gətirmək üçün təklif etmiş, o isə razılaşmış və nömrəsini müştəriyə vermişdir. Daha sonra Adil whatsapp nömrəsinə müştərilərin şəxsiyyət vəsiqəsini atmış və o, sifarişləri kredit şöbəsinə yönləndirmişdir. X7 tərəfindən 5 müştəri ona yönləndirilmiş və kredit rəsmiləşdirilmişdir. Həmin müştərilərin nömrələrini ona atmış, lakin son günlərdə məlumatı olmuşdur ki, nömrələr “lipa” (saxta) nömrələrdir. Satış məsləhətçisi kimi onun vəzifəsi sifarişi kreditora yönləndirmək, həmin müştərilər Adil ilə mağazaya yaxınlaşmış, sənədlərə imza ataraq məhsulları götürüb getmişlər. İddia edilir ki, həmin məhsullar obnaliçkadır (nağdlaşdırma) və bu səbəbdən o, ofisə çağrılmışdır. Vurğuladığı kimi bir satış məsləhətçisi olaraq onun vəzifəsi sifarişləri yazaraq, kreditora yönləndirmək olmuşdur. Müştərilərin nömrələrinin “lipa” olduğundan heç bir məlumatı olmamış və iddia edildiyi kimi məhsulların obnaliçka olunmasından da heç bir məlumatı olmamışdır. Bu səbəbdən də, hadisəyə ədalətli yanaşılaraq araşdırılmasını istəmiş və obnaliçka barədə heç bir məlumatı olmadığını bildirərək bu məlumatın nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin Satış departamentində satış mütəxəssisi vəzifəsində işləyən X3 əmək funksiyalarını kobud pozmasına dair yoxlama nəticələrinə dair 19 sentyabr 2025-ci il tarixli aktdan görünür ki, Cavabdeh MMC-nin Satış Departamentində satış mütəxəssisi vəzifəsində işləyən İddiaçı əmək funksiyalarını kobud surətdə pozaraq 5 müştəri barədə məlumatları ona etibar edilmiş elektron proqramdan əldə edərək üçüncü şəxsə ötürmüşdür. Müştərilərin adından nağdalaşdırma ilə məşğul olan şəxsə müştəri barəsində kredit mütəxəssisinə yalan məlumatlar təqdim etməsi barədə məsləhət vermişdir. Bundan başqa şirkətə ziyan vuran nağdlaşdırma ilə məşğul olan şəxslərlə iş birliyinə yol verərək müştərilərin istəyi olmadan onlara hissəvi ödənişlə satışlar rəsmiləşdirmiş, həmin rəsmiləşmə zamanı müştərinin bilavasitə nömrəsini qeyd etməli olduğu halda, bunu etməyərək nağdlaşdırma ilə məşğul olan şəxsin telefon nömrəsini qeydə almışdır. Bu əməlləri nəticəsində müştərilərin narazılığına və şirkətə maddi ziyan vurulmaqla nümayiş olunan şirkətin işgüzar nüfuzuna xələl gətirmişdir. İş materiallarında olan fləş kartda olan +994 10 *** ** ** telefon nömrəsinə göndərilmiş səs yazısından məlum olur ki, həmin səs yazısında “iş yeri olmayana kredit verirlər. Yalnız şərtlər odur ki, iş yerini özləri yalandan düz qoş edə bilirlər. Deyər fərdi iş yeri vardır. Mal-qara saxlayır. Bir də, qazın abonent kodunu təqdim etsin, onda işçilər təxminən 400-500 manat istəyirlər. O da ki, 70 yaşını keçməsin. 68-69 yaşdan aşağı olmalıdır” ifadələri işlədilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İ, İİ və Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. (7-ci maddə). Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. (11-ci maddə) Əmək Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (46-cı maddə) Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsinə əsasən Bu məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin üçüncü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 83-cü maddəsinin birinci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 74-cü maddəsinin ikinci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmçinin Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 fevral 2016-cı il tarixli qərardadında məhkəmə vurğulamışdır ki, “Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları” Əmək Məcəlləsinin onuncu fəslində təsbit edilmişdir. Bu fəsil Əmək Məcəlləsinin 68-76-cı maddələrini əhatə edir və əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtləri müəyyən edən 76-cı maddə ilə tamamlanır. Bu fəsildə əvvəlcə ümumilikdə əmək müqaviləsinə xitam verilməsinin əsasları, sonra əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydası (69-cu maddə), işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsi 4 bənddən ibarətdir. Bu maddənin “ç” bəndində deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu maddə ilə bağlı qeyd olunmalıdır ki, qanunun bu göstərişi imperativ xarakter daşımır. Belə ki, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Həmin Məcəllənin 191-ci maddəsinin tələblərinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə aşağıda qeyd edilən hallarda maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsində maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri təsbit edilmişdir ki, həmin şərtlərə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Əmək Məcəlləsinin 300-cü maddəsinin birinci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Beləliklə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, İddiaçı Cavabdeh MMC-nin Satış departamentində satış mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli, 22**-İR-***5 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrə əsasən "xxxx" MMC-nin “pərakəndə satış departamenti, mağazalar şəbəkəsi” bölməsində “satış məsləhətçisi” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, "xxxx" MMC İddiaçı tərəfindən 2025-ci ilin aprel-iyul ayları ərzində Sabirabad rayonunda yerləşən Cavabdeh MMC-yə məxsus mağazada fəaliyyət göstərdiyi müddətdə əmək funksiyalarını kobud şəkildə pozmuş, onda olan müştəri məlumatlarını üçüncü bir şəxsə ötürmüşdür. Bununla belə, İddiaçı şirkətə maddi ziyan vuran nağdlaşdırma ilə məşğul olan şəxslərlə əlbir olaraq müştərilərin məlumatları olmadan, eləcə də müştərilərə məxsus olmadığını bilərək qəsdən nağdlaşdırma ilə məşğul olan şəxsin istifadəsində olan telefon nömrəsini qeyd etməklə müştərilərin adına nisyə satış müqaviləsi əsasında sifarişləri məsuliyyətində olan kompüter proqramı vasitəsi ilə icra etmişdir. Həmçinin, nağdlaşdırma ilə məşğul olan şəxsə müştərilərin adından Cavabdeh MMC-nin kredit mütəxəssislərinə sifariş zamanı yalnış məlumatlar təqdim etməsini təklif etməklə şirkətin işgüzar nüfuzuna ziyan vurmuşdur. Bu əməlləri nəticəsində satış məsləhətçisi İddiaçı özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmuşdur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh xx.xx.2025-ci il tarixli, 22**-İR-***5 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrdə İddiaçı tərəfindən əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə və təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmasına istinad etsə də, mülkiyyətçiyə (işəgötürənə) maddi ziyanın dəyməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək qanunvericiliyində nəzərdə tutulmuş işçiyə intizam tənbehlərindən hər hansı birinin verilməsi işəgötürənin hüququ kimi müəyyən olunsa da, digər tənbeh tədbirlərinin görülməməsi, əmək müqaviləsinin birbaşa Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi işəgötürən tərəfindən əsaslandırılmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə "xxxx" MMC tərəfindən qəbul edilmiş 24 sentyabr 2025-ci il tarixli, 22**-İR-***5 nömrəli əmr ləğv edilməli, İddiaçı öz vəzifəsinə, yəni Cavabdeh MMC-nin “pərakəndə satış departamenti, mağazalar şəbəkəsi” bölməsində “satış məsləhətçisi” vəzifəsinə işə bərpa edilməli və ona məcburi iş buraxmaya görə 24 sentyabr 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi tarixədək əmək haqqı ödənilməlidir. Məhkəmə “məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinin iddia ərizəsində ifadə olunub-olunmamasına, həmin tələbin iddiaçı tərəfindən irəli sürülmədiyi halda həmin tələbinin həll edilməsinin tələbdən kənara çıxma kimi qiymətləndirilməsi halına münasibətdə belə qənaətə gəlir ki, “məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” məsələsi də əmək mübahəsini həll edən məhkəmə tərəfindən tələbin olub-olmamasından asılı olmayaraq həll edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin birinci hissəsinə əsasən əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə "xxxx" MMC tərəfindən qəbul edilmiş 24 sentyabr 2025-ci il tarixli, 22**-İR-***5 nömrəli əmr ləğv edilsin. İddiaçı öz vəzifəsinə, yəni Cavabdeh MMC-nin “pərakəndə satış departamenti, mağazalar şəbəkəsi” bölməsində “satış məsləhətçisi” vəzifəsinə işə bərpa edilsin. İddiaçı məcburi iş buraxmaya görə 24 sentyabr 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi tarixədək əmək haqqı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar