Məhkəmə qərarları › İş №e-2(001)-766/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-766/2023

28.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-766/2023 28.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat Kontorunda cavabdehlə razılaşma müqaviləsi bağlayaraq cavabdehə 17000 manat məbləğində kompensasiya ödəmiş və cavabdeh bunun müqabilində Bakı şəhəri, Binəqədi rayonu, 3-cü Mədən, 117-ci Korpus, 107 saylı evdən istifadəsindən imtina etməsi və pasport qeydiyyatından çıxmasına dair öhdəlik götürmüşdür. Həmin evi iddiaçı kompenasasiya ödəməklə almış və hal-hazırda həmin mənzildə qeydiyyatdadır. Bugünədək cavabdehin öhdəliyini icra etməməsi və qeydiyyatdan çıxmaması iddiaçının mülkiyyəti barədə sərbəst və müstəqil sərəncam vermək, mənzildə yaşamaq və istifadə hüququna maneəçilik yaratmaqdadır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini tələb etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, iddianı qəbul edir. Belə ki, o, evini xx.xx.2022-ci il tarixdə İddiaçı satmış, həmin evdə yaşamır, evdən istifadə etmir. Evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, qeydiyyata düşə biləcəyi başqa yer olmadığına görə, bunu edə bilmir. Ona görə də, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ərizənin məzmunundan görünür ki, o, mənzildən istifadə hüquqlarının itirilməsinə razı olmuş və ərizəni şəxsən imzalamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə müvafiq olaraq, ... cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbinin tam etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün əsas mövcud deyil, etiraf təsdiq edilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz”. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka istifadə hüququna xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka istifadə hüququna xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar