Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-8069/2025 06.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti cəlb edilməklə) “işə bərpa, əmrin ləğvi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa, əmrin ləğvi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin işdən azad olunmağı ilə bağlı 301 nömrəli, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, əvvəlki vəzifə üzrə işə bərpa edilməyi, xx.xx.2025-ci il tarixdən məhkəmənin yekun qətnaməsi çıxana qədər məcburi işburaxmaya görə hesablanmış əmək haqqı məbləğinin, işlədiyi xx.xx.2024-xx.xx.2025-ci illər üzrə hər gün üçün iş vaxtından artıq iş üçün ödənişlərin müəyyən edilərək ona ödənilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi sarsıntılara görə ona dəymiş mənəvi zərər üçün 1000 manat məbləğində, ona hüquqi yardım göstərilməsi üçün vəkilə ödədiyi 325 manat məbləğində pulun və işlədiyi dövrlərdə ödənilməli olan ezamiyyə xərclərinin hesablanaraq cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində qoşqulu Mersedes Ateko avtomobilinin sürücüsü vəzifəsində çalışmışdır. Orada işlədiyi dövrdə vəzifə öhdəliklərini məsuliyyətlə icra etmiş, işində nöqsana yol verməmişdir. xx.xx.2025-ci il tarixində şirkət rəhbərliyi tərəfindən müxtəlif təzyiqlərə məruz qalaraq, vəzifəsindən öz ərizəsi əsasında çıxması istənilmişdir. O, ərizə yazmaqdan imtina etdiyi üçün barəsində töhmətlə işdən azad olunmağı ilə bağlı əmr verilmişdir. İşdən azad olunmağına səbəb Sabirabad rayonundan Bakı şəhəri istiqamətində geri qayıdan zaman gecə iki saat müddətinə dincəlməsi olmuşdur. Bununla da, onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70ç və 72-ci maddəsi ilə xitam verilmişdir. Belə ki, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Saatlı və Sabirabad rayonlarına məhsulları çatdırıb təhvil veridikdən sonra Bakı şəhəri istiqamətində geri qayıdan zaman, sutkadan yarıdan çoxunu işdə keçirtdiyi üçün yorğunluq səbəbindən 2 saat avtomobilin içərisində yataraq dincəlmişdir. Yuxulu vəziyyətdə yol sürərək özünün və yanındakı şəxsin həyatını təhlükəyə ata bilməzdi. Daha sonra yola davam edərək şəhərə çatmışdır. Cəmiyyətdə sürücülərin üzərində nəzarəti həyata keçirdən Əsgər Xuduyevə yorğun olmasını, kifayət qədər yuxu ala bilməməsini nəzərə alaraq ona icazə verilməsini istəmişdir. X10 bildirmişdir ki, “səni GPS vasitəsi ilə izləmişəm, yolda 2 saat dayanmısan!” O, məsələyə aydınlıq gətirmiş, avtomobilin dayanmaq səbəbini izah etmişdir. Lakin, Əsgər Xuduyev Cəmiyyətin müdiriyyəti İbrahim Mirzəyevə yanlış məlumatlar verərək, “İbrahim müəllim səni gözləyir” deyib onu yönləndirmişdir. İbrahim Mirzəyevlə mühafizə otağında görüşmüşdür. O, içəri girər-girməz onu dinləmədən onun üstünə səsini qaldıraraq, demişdir ki, “səndən çoxdan yığmışam! ərizəni yaz rədd ol buradan! Əgər öz xoşunla ərizə yazmasan səni yaman günə qoyacağam, elə edəcəm ki, heç harada iş tapa bilməyəcəksən!”. Daha sonra mühafizənin rəisi Cəlil adlı şəxsə tapşırmışdır ki, onu işə buraxmasınlar. Bundan əlavə, İbrahim Mirzəyev, işçilərə dəfələrlə onun barəsində,“Ümid saqqal saxlayan vəhabidir, onu rədd edəcəm!” deyərək, onun barəsində böhtan atmış və işgüzar nüfuzunu ləkələmişdir. Qeyd edir ki, baxmayaraq ki, əmək müqaviləsində onunla gündəlik 8 saatlıq iş rejimi ilə bağlı müddəa qeyd edilmişdir, lakin, o, sutkada 14-20 saat aralığında işə cəlb edilmişdir. Olduqca yorğun iş saatlarında təhlükəli və məsuliyyətli işi icra etmişdir. Lakin, işlədiyi əlavə iş saatlarına görə ona heç bir ödəniş edilməmişdir. Eyni zamanda baxmayaraq ki, əmək haqqları 1400 manat olmuşdur, onun əmək haqqı kart hesabına köçürmələr rəsmi 899 manat vəsait nəzərə alınmaqla köçürülürdü, qalıq 600 manat vəsait isə əlbə-əl verilirdi. Bununla da pensiya kapitalına köçürülən vəsaitdən məhrum olmaqla gələcək pensiya məbləğinə təsir etmişdir. Bundan başqa, müəssisə həm vergidən yayınmış, həm işçi hüquqlarını pozmuşdur. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində işlədiyi müddət ərzində öz öhdəliklərini məsuliyyətlə yerinə yetirmiş, intizam qaydalarına riayət etmişdir. İşi ilə bağlı ona töhmət və xəbərdarlıq verilməmişdir. Odur ki, hesab edir ki, qeyd edilən əsasla onun işdən töhmətlə azad edilməyi əsassızdır və işdən azad olunmağı ilə bağlı verilmiş əmr ləğv edilməlidir. xx.xx.2025-ci il tarixindən bu yana cavabdehin qanunsuz hərəkətlərinə görə işsiz qalmış və işlədiyi dövr ərzində ona ödənilməli olan bir çox ödənişlərdən məhrum qalmışdır. Belə ki, işlədiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədərki dövr ərzində 8 saatdan artıq işlədiyi günlərin əlavə ödənişlərindən, işdən azad olduğu aylar ərzində boşdayanma halına görə aylıq əmək haqqı olan 1400 manat məbləğdə vəsaitdən məhrum qalmışdır. Bundan əlavə cavabdehin təqsirli hərəkətləri nəticəsində onun işgüzar nüfuzu zədələnmiş, kollektiv arasında olan və illərlə topladığı hörmət itmiş və bunun nəticəsində o, daxili iztirablar keçirmişdir. Buna görə də düşünür ki, cavabdeh ona həm maddi ziyan, həm də mənəvi zərər vurmuşdur. Bunlara vəkil xidmətinin göstərilməsi üçün ödənilmiş xidməti haqqı, məhkəməyə müraciət üçün çəkilmiş xərclər və digər xərclər də daxildir. Əlavə olaraq qeyd edir ki, o, indiyə qədər işlədiyi bütün müəssisə və kollektivlərdə işgüzarlığı və məsuliyyətliyi ilə yadda qalmışdır. Onu da qeyd edir ki, onun əmək müqaviləsi müddətsiz bağlanmışdır. Buna görə də hesab edir ki, o, yenidən işə bərpa edilməli, cavabdeh tərəfindən məcburi işburaxmaya görə və işlədiyi dövrlər ərzində ondan kəsilmiş məbləğlər tam ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, iddiaçı işlədiyi müddət ərzində etdiyi nöqsanlara görə onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürən üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə alaraq, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan: Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanan əmək müqaviləsinə 301 nömrəli, xx.xx.2025-ci il tarixli əmr ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində və 72-ci maddəsinə əsasən xitam verilmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2024cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cəmiyyətə “sürücü” vəzifəsinə işə qəbul olunmuşdur. Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, iddiaçı hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediatora müraciət etməsinə baxmayaraq, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 301 nömrəli “İşdən azad olunma barədə” əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən cəmiyyətin sürücüsü, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində sadalan hal) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə xələl gətirdiyi üçün tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. "xxxx" MMC Cavabdeh QSC-ilə xx.xx.2024-cü il tarixdə “Avtonəqliyyat vasitələri və xüsusi texnikalara texniki xidmətin göstərilməsi və ehtiyat hissələri ilə təmin olunması barədə” 680 saylı müqavilə bağlamışdır. xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, Cəmiyyətin sürücüsü İddiaçı xx.xx.2025-ci il tarixində tam iş günləri ərzində işə gəlməmişdir. İstehsalat bölməsi nəzarətçisi X12, direktor müavini X4, mühafizə rəisi X20, X5 və X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Cəmiyyətin sürücüsü İddiaçı xx.xx.2025-ci il tarixində iş fəaliyyəti ilə əlaqədar, yəni mebel avadanlıqlarının çatdırılması üçün Saatlı-Sabirabad rayonlarına **-JH-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə getmiş, lakin həmin gün axşam saat 01:00 radələrində müxtəlif yerlərdə əsassız olaraq dayanaraq, ləngimələr ilə geri qayıtmışdır. Mobil telefon vasitəsilə Xuduyev Əsgər tərəfindən soruşulduqda müxtəlif bəhanələr gətirmiş və xx.xx.2025-ci il tarixdə işə gəlməyərək əmək fəaliyyətini icra etməmişdir. Həmçinin, 17 və 18 oktyabr tarixlərində cəmiyyətin ərazisinə gəlsə də, vəzifə öhdəliklərini yerinə yetirmək üçün işə başlamamışdır. İstehsalat bölməsi nəzarətçisi X12, direktor müavini X4, X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Cəmiyyətin sürücüsü İddiaçı xx.xx.2025ci il tarixində iş fəaliyyəti ilə əlaqədar, yəni mebel avadanlıqlarının çatdırılması üçün Yardımlı rayonuna **-JH-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə getmiş, həmin gün yolnəqliyyat hadisəsi törədərək avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar sürücü İddiaçı izahat verməkdən imtina etmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin 277 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbehin verilməsi haqqında” əmrinin surətindən görünür ki, Cavabdeh QSC-də sürücü vəzifəsində çalışan İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində əmək fəaliyyəti zamanı törətdiyi xətaya əsasən şirkətdaxili nizam-intizamın pozulmasını nəzərə alaraq ona töhmət verilmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin 295 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbehin verilməsi haqqında” əmrinin surətindən görünür ki, Cavabdeh QSC-də sürücü vəzifəsində çalışan İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində icazəsiz şəkildə işə gəlməyərək şirkətdaxili nizam-intizamın pozulmasını nəzərə alaraq ona xəbərdarlıq verilmişdir. İnsan resursları üzrə menecer X3, istehsalat bölməsi nəzarətçisi X12, mühafizə rəisi X14 iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2025-ci il tarixində saat 10:00-da işçilər tərəfindən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində sürücü İddiaçı iş yerində olmaması müəyyən edilmişdir. Həmin gün 12:00, 14:00, 16:45-də təkrar nəzarət yoxlamaları vasitəsilə işçinin iç yerində olmaması təsbit edilmişdir. İstehsalat bölməsi nəzarətçisi X12 izahatında bildirmişdir ki, işçiyə işdənkənar heç bir tapşırıq verməmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, vəzifəli şəxs Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin direktoru X8 barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Kassa məxaric orderlərinin surətlərindən görünür ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə 400 manat, xx.xx.2025-ci il tarixdə 500 manat məbləğlərində əlavə xərc ödənilmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı 2024-cü ilin avqust ayı üçün 538,41 manat, sentyabr, oktyabr, noyabr, dekabr, 2025-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust ayları üçün 800,62 manat, sentyabr ayı üçün 813,43 manat, oktyabr ayı üçün isə 612,77 manat məbləğində əmək haqqı ödənilmişdir. xx.xx.2026-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı xidməti işi ilə əlaqədar olaraq xx.xx.2025-ci ildə 200 manat, xx.xx.2025-ci ildə 400 manat, xx.xx.2025ci il tarixdə 400 manat, xx.xx.2025-ci il tarixdə 500 manat ezamiyyə xərci olaraq vəsait ödənilmişdir. Kassa məxaric orderlərinin surətlərindən görünür ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə 350 manat, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə 500 manat, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə 300 manat, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə 200 manat, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə 400 manat məbləğlərində əlavə xərc ödənilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2026-cı il tarixli məktubunun surətindən görünür ki, "xxxx" QSC-nin direktoru X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin xx.xx.2025-ci il tarixli 25-1-0/000-0150-2 nömrəli qərarına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən vətəndaş İddiaçı Azərbaycan Respublikasının müxtəlif rayonlarına mebel avadanlıqlarının çatdırılması ilə bağlı 8 gün ezamiyyətə göndərildiyi, lakin ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməyi məlum olmuş, nəticə qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar "xxxx" QSC-nin direktoru X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli "inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında" qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq 10 gün ərzində İddiaçı ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməsini təmin edib X13 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi tələb olunmuşdur. Törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 10 gün müddət müəyyən edilmişdir. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Məlum edirlər ki, müəssisə rəhbərliyi tərəfindən daha sonra təqdim edilən xx.xx.2025-ci il tarixli məktuba və kassa məxaric orderlərinə əsasən İddiaçı 2025-ci ilin 25 avqust, 22, 25 və 26 sentyabr, 01, 02, 03 və 06 oktyabr tarixlərində cəmi 8 gün olmaqla mebel avadanlıqlarının müxtəlif rayonlara daşınmanın həyata keçirilməsi əlaqədar xx.xx.2025-ci il tarixli kassa məxaric orderi ilə 200 manat, xx.xx.2025-ci il tarixli kassa məxaric orderi ilə 400 manat, xx.xx.2025ci il tarixli kassa məxaric orderi ilə 400 manat, xx.xx.2025-ci il tarixli kassa məxaric orderi ilə isə 500 manat məbləğində vəsaitin vətəndaşın imzası ilə ödənildiyi məlum olmuşdur. Bildirirlər ki, "xxxx" QSC-nin direktoru X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.2-ci və 116.3-cü maddələrinə əsasən törətdilən hüquqpozma aradan qaldırıldığından qəbul edilmiş şərti cərimə üzrə məlumatlar "AsanPay" ödəniş portalına daxil edilməmişdir. xx.xx.2025-ci il tarixli mədail qəbzindən görünür ki, iddiaçı tərəfindən vəkil xidmət haqqına görə 325 manat məbləğində vəsait ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və daxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət, kommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək; g) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 12-ci maddəsinin İ hissəsinin “b” bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir; 68-ci maddəsinin İ hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 70-ci maddənin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər; 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi,əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə qeyd edir ki, qanunvericilik əmək vəzifələrinin kobud şəkildə pozulması hallarında biri kimi işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi göstərmişdir. Bu zaman işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə xələl gətirən kobud səhvlər və hüquq pozuntuları yalnız əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır. İşçi öz əmək fəaliyyətini iş vaxtı ərzində həyata keçirdiyi üçün və yalnız bu müddət ərzində ona əmək qanunvericiliyi şamil edildiyi üçün belə göstərmək olar ki, onun yol verdiyi kobud səhv, yaxud hüquqazidd hərəkətlər iş vaxti ərzində olmalıdır. Hüquq pozuntusu şəxsin hüquqazidd, təqsirli davranışı olub, cəmiyyətə zərər yetirən hərəkət və hərəkətsizliyi başa düşülür. Hüquq pozuntusu hüquqla və hüquq subyektinin iradə ifadəsi ilə əlaqədar olan əməl, yəni hərəkət və ya hərəkətsizlikdir. İşəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyi dedikdə, onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzu ilə bağlı olan tələbatları başa düşülür. İşəgötürən bu əsasla əmək müqaviləsinə o zaman xitam verə bilər ki, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvlər, yaxud hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilmiş olsun. Bununla da işin məhkəmə tərəfindən araşdırılması zamanı işçi tərəfindən bu hallara yol verilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində sürücü vəzifəsinə işə qəbul olunmuş daha sonra isə xx.xx.2025-ci il tarixli, 301 nömrəli saylı əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində sadalan hal) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə xələl gətirdiyi üçün əmək müqaviləsinə xitam verilməklə, tutduğu vəzifədən azad edilmişdir. Daha sonra iddiaçı bununla bağlı müvafiq quruma şikayətlə müraciət etmiş, xx.xx.2025-ci il tarixli qərar ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin direktoru X8 barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Yəni, bu hal onu təsdiq edir ki, iddiaçı öz vəzifə səlahiyyətlərini tam yerinə yetirməklə öz işini görümüş, buna baxmayaraq, cavabdeh tərəfindən əsassız olaraq işdən azad edilmişdir. Bununla da, iddiaçı ilə bağlanılan əmək müqaviləsinə heç bir əsaslı səbəb olmadan xitam verməsi iddiaçının hüquqları pozmuşdur. Belə olan halda da, iddiaçı hazırkı iddia ərizəsi ilə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin tələbləri pozulduğundan, bu hal isə işçinin Konstitusiya ilə təsbit edilmiş əmək hüquqlarının pozulması ilə nəticələndiyindən, iddia tələbi əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsində təmin edilməli, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 301 nömrəli saylı əmri ləğv edilməli, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində “sürücü” vəzifəsinə işə bərpa edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilməlidir. Məhkəmə iddianın xx.xx.2025-ci il tarixdən məhkəmənin yekun qətnməsi çıxana qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində hesab edir ki, iddia bu hissədə qismən təmin olunmalıdır. Belə ki, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi yekun məhkəmə aktı qüvvəyə mindikdən sonra icra mərhələsində həll edilən məsələdir və bu tələbin hazırkı iddiada təmin edilməsi cavabdehin hüquqlarının lüzumsuz dərəcədə pozulmasına gətirib çıxaracaqdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X9 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə iddianın işlədiyi xx.xx.2024-xx.xx.2025-ci illər üzrə hər gün üçün iş vaxtından artıq iş üçün ödənişlərin müəyyən edilərək ona ödənilməsi hissəsində hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. İddiaçı cavabdehdən xx.xx.2024-xx.xx.2025-ci illər üzrə hər gün üçün iş vaxtından artıq iş üçün ödənişlərin müəyyən edilərək ona ödənilməsini tələb etsə də, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarında olan kassa məxaric orderlərinin surətlərindən görünür ki, iddiaçıya müxtəlif tarixlərdə müəyyən ödənişlər etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290.1-ci maddəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Həmin Məcəllənin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə, həmçinin, iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehə qarşı mənəvi zərərin vurulması ilə bağlı qətnamə çıxarılmasını xahiş etsə də, cavabdeh tərəfindən mənəvi zərər yetirilməsi faktının mövcudluğu öz təsdiqini tapmamış və iddiaçı tərəfindən sübut edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin “İşdən azad olunma barədə” xx.xx.2025-ci il tarixli, 301 nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində “sürücü” vəzifəsinə işə bərpa edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1 və 9.1.1 maddələrinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, eyni zamanda cavabdehdən 325 manat vəkilə ödənilmiş xidmət haqqı (AR MPM 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla) alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin “İşdən azad olunma barədə” xx.xx.2025ci il tarixli, 301 nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində “sürücü” vəzifəsinə işə bərpa edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilsin. İş üzrə 325 (üç yüz iyirmi beş) manat vəkilə ödənilmiş xidmət haqqının əvəzi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 100 (yüz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-8069/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-8069/2025
06.03.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver