Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-817/2024 01.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən əsas borc üzrə 100.000 manat, faiz borcu üzrə 28.644,44 manat, cərimə borcu üzrə 35.580,4 manat, borcun cəmi məbləği 164.224,84 manatın və dövlət rüsumu kimi ödənilmiş 455 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan 220.000 manat qiymətləndirilən Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 18 A ünvanında yerləşən 33 saylı mənzilinə yönəldilərək hərraca çıxarılması, əmlakların açıq hərrac yolu ilə satılaraq, onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin ona yaranmış borcunun ödənilməsinə yönəldilməsi, borc məbləği tam ödənilmədiyi təqdirdə qalıq məbləğin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 09/507-2022 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə qaytarmaq şərti ilə illik 28% dərəcəsi ilə 100000 (bir yüz min) manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixdə 09/507-2022 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə “zamin” borclu Cavabdeh1 təşkilata olan öhdəliklərini tam yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Həmçinin borcalanın öhdəliklərinin icrasının təminatı kimi Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 09/507-2022 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin 2.1-ci maddəsinə əsasən ipoteka saxlayanla Borcalan arasında Bakı şəhərində bağlanmış xx.xx.2022-ci il tarixli 09/507- 2022 nömrəli kredit müqaviləsinə əsasən borcalanın yaranacaq öhdəliyinin təminatı kimi, ipoteka qoyan Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ((Reyestr № **********20-05301-093009, Qeydiyyat № ********** Qeydiyyat tarixi xx.xx.2022-ci il ) Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 33 saylı mənzili xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi əsasında İpoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. İpoteka müqaviləsi notarial təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin 2.5-ci maddəsinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və (və ya) faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 1) uyğun olaraq həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə № 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə 2 (iki) iş günündən sonra hər gecikdirilmiş gün üçün aylıq ödəniləcək əsas məbləğinin 1%-i həcmində dəbbə (cərimə) ödəyir. Borclunun xx.xx.2023-ci il tarixə BOKT "xxxx" MMC-yə kredit müqaviləsi üzrə borcunun məbləği əsas borc 100000 ( bir yüz min ) manat , faiz borcu üzrə 28644.44 (iyirmi səkkiz min altı yüz qırx dörd manat 44 qəpik) manat ,cərimə borcu üzrə 35580.4 (otuz beş min beş yüz səksən manat 40 qəpik) manat, borcun cəmi məbləği 164224.84 (bir yüz altmış dörd min iki yüziyirmi dörd manat 84 qəpik) manat məbləğində təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın tam şəkildə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 33 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçirilmişdir; Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 09/507-2022 saylı kredit müqaviləsinin surətindən görünür ki, MMC Cavabdeh1 36 ay müddətinə illik 28 % dərəcəsi ilə 100.000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən borcalan kredit və (ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə 2 gündən sonra hər gecikdirilmiş gün üçün aylıq ödəniləcək əsas məbləğin 1%-i həcmində dəbbə pulu (cərimə) ödəyir. Müqaviləyə 1 saylı Əlavədən - ödəniş qrafikin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, 09/507-2022 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən başlamaqla xx.xx.2025-ci il tarixə qədər borcalan tərəfindən hər ay 4137 manat, sonuncu ay isə 4098 manat məbləğində ödəniş edilməlidir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC, borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 09/507-2022 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. Bu müqavilə 09/507-2022 saylı kredit müqaviləsinin müddəti bitdiyi tarixdən əlavə 3 il müddətinə qüvvədədir. xx.xx.2022-ci il tarixli ipoteka ilə yüklü ediləcək daşınmaz əmlakın qiymətləndirilməsi üzrə aktın surətindən görünür ki, Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 18 A, ünvanında yerləşən 33 saylı mənzilin bazar dəyəri 240.000 manat, likvid qiyməti isə 220.000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka saxlayan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli İpoteka müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixli, 09/507-2022 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı olaraq mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 18 A, ünvanında yerləşən 33 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmeti tərəflərin razılığı ilə 240.000 manat məbləğində bazar dəyəri, 220.000 manat məbləğində likvid dəyər ilə qiymətləndirilir. xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 09/507-2022 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 100.000 manat məbləğində əsas borc, 28.644,44 manat məbləğində faiz borcu və 35.580,4 manat məbləğində cərimə olmaqla, cəmi 164.224,84 manat məbləğində borcu vardır. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2022-ci il tarixli xəbardarlığın surətindən görünür ki, sonunculara xx.xx.2022-ci il tarixli, 09/507-2022 saylı kredit müqaviləsi üzrə gecikmədən çıxmaq üçün tələb edilən borcun məbləğinin 8.900 manat təşkil etdiyi bildirilərək həmin borc məbləğinin 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Əks təqdirdə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün MMC tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 18 A, ünvanında yerləşən 33 saylı mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9971 №-li rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli 011R********** saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 iddiaçı "xxxx" BOKT MMCyə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: Maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 98.898,10 manat; faiz borcu üzrə 10.307,74 manat. Son ödənişin tarixinə yəni xx.xx.2024-cü il tarixə: əsas borc üzrə 98.898,10 manat; faiz borcu üzrə 10.229,91 manat. Həmçinin rəydə Qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli, 011R********** №-li kredit razılaşmasın üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla Cavabdeh1 cərimə hesablanmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9861-9/9958 №-li rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, tədqiq olunan mənzilin ümumi sahəsinin 152.30 kv.metr təşkil etdiyini nəzərə alaraq, Binəqədi rayonu Əcəmi ünvan 4 ünvanda yerləşən, 33 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 316022,00 manat (2075,00 x 152.30), məbləğində müəyyən olunur. Göstərilənləri nəzərə alaraq, 10% azalma əmsalı tətbiq edilməklə həmin yaşayış sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən (316022,00 -10%) 284420,00 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin verilməsi üçün məhkəmənin hesabına 455 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (münasibətlər yarandığı an qüvvədə olan maddə) Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 09/507-2022 saylı kredit müqaviləsinə əsasən kreditverən sonuncuya illik faiz dərəcəsi 28% olmaqla 36 ay müddətinə 100.000 manat məbləğində kredit verməyi, sonuncu isə verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə uyğun kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Daha sonra tərəflər arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh2 iddiaçı ilə borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün kredit alan ilə birgə məsuliyyət daşımağı və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərinin icra edilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi, Cavabdeh1 bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməli, digər Cavabdeh2 da zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Məhkəmə cavabdehlərdən tutulmalı olan borcun məbləği ilə bağlı isə qeyd edir ki, iş üzrə verilmiş mühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməli və borc ekspert rəyində verilmiş məbləğə uyğun tutulmalıdır. Belə ki, iddiaçı borc tələbini maliyyə arayışı verilən xx.xx.2023-cü il tarixə tələb etsə də, məhkəmə bununla razılaşmır və vurğulayır ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər borcalan tərəfindən ödənişlər edildiyindən, həmin ödənişlər nəzərə alınaraq borc tutulmalıdır. Ekspert rəy verərkən borcalanın etdiyi bütün ödənişləri nəzərə almış və sonda nəticəyə gəlmişdir ki, son ödəniş tarixinə yəni xx.xx.2024-cü il tarixə cavabdehlərin əsas borcu 98.898,10 manat, faiz borcu isə 10.229,91 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, 09/507-2022 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 98.898,10 manat məbləğində əsas borc, 10.229,91 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 109.128,01 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 09/507-2022 saylı kredit müqaviləsi üzrə tərəflər arasında cərimə haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 35.580,4 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə azaldılaraq 9.000 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və qanunda nəzərdə tutulmuş digər hallardır; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.3-cü maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır; 39.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir.39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 59.3, 59.3.1 və 56.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar; 59.4-cü maddəsinə əsasən Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edildi ki, ipoteka saxlayan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə ipoteka qoyan Cavabdeh1 arasında sonrakı ipoteka müqaviləsi bağlanmış və xx.xx.2022-ci il tarixli, 09/507-2022 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq tam mülkiyyət hüququ üzrə sonuncuya məxsus Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 18 A, ünvanında yerləşən 33 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehlərə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, bu bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. Məhkəmə vurğulamağı lazım bilir ki, ipoteka predmetinin - Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 18 A, ünvanında yerləşən 33 saylı mənzilinin orta bazar qiyməti ekspert rəyi ilə 316.022 manat, likvid qiyməti 284.420 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda əmlakın likvid dəyərinin 284.420 manat məbləğində müəyyən olunması məqsədəmüvafiq hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyan Cavabdeh1 tərəfindən ipotekaya qoyulmuş onun mülkiyyətində olan Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 18 A, ünvanında yerləşən 33 saylı mənzilə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc məbləği ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddəratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana, Cavabdeh1 qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti ekspert rəyi ilə müəyyən olunmuş məbləğdə, yəni 284.420 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “borc məbləğinin tam ödənilmədiyi təqdirdə qalıq məbləğin cavabdehlərdən tutulması” hissəsi ilə əlaqədar isə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, bu tələbin müstəqil şəkildə irəli sürülməsinə ümumiyyətlə zərurət mövcud deyildir, çünki, yuxarıda qeyd edildiyi kimi iddiaçının cavabdehlərdən tələb etdiyi pul məbləğinin qismən tutulması qənaətinə gəlinmişdir və qanunvericiliyin tələbinə görə, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Başqa sözlə qeyd olunan tələb, “cavabdehlərdən borcun tutulması” tələbinin təkrarı mahiyyətini daşıyır və bununla bağlı yenidən əlavə əsaslandırma aparılmasına isə məhkəmə hər hansı zərurət görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən hazırki iddianın qadırılması üçün ödənilmiş dövlət rüsumunun 327 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 150 manat məbləğində vəsaitin 108 manatı cavabdehlərdən, 42 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 09/507-2022 saylı kredit müqaviləsi üzrə 98.898,1 (doxsan səkkiz min səkkiz yüz doxsan səkkiz manat, on qəpik) manat məbləğində əsas borc, 10.229,91 (on min iki yüz iyirmi doqquz manat, doxsan bir qəpik) manat məbləğində faiz borcu, 9000 (doqquz min) manat məbləğində cərimə, ümumilikdə 118.128,01 (bir yüz on səkkiz min bir yüz iyirmi səkkiz manat bir qəpik) manat məbləğində borc, ödənilmiş dövlət rüsumunun 327 (üç yüz iyirmi yeddi) manatı iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulsun. Tutma kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 18a, 33 saylı mənzilə yönəldilsin. Həmin mənzil açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına ümumi borc və dövlət rüsumu ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh1 qaytarılsın. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 18a, 33 saylı mənzilin ilkin satış qiyməti 284.420 (iki yüz səksən dörd min dörd yüz iyirmi) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 150 (bir yüz əlli) manat məbləğində vəsaitin 108 (bir yüz səkkiz) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 42 (qırx iki) manatı isə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-817/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-817/2024
01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver