Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-8288/2021 20.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi" X3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi" X2rşı əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və kompensasiyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi" X2rşı əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı qanunsuz əsasla, qanunun səhv tətbiq edilməsi ilə işdən çıxarılmışdır. Belə ki, o, 2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin yenidənhazırlanma təhsilinin tam kursunu bitirərək, “Azərbaycan dili və ədəbiyyatı müəllimi" ixtisasına yiyələnmişdir. Təhsil sahəsində ilkin əmək təcrübəsi aşağıdakı kimi olmuşdur: 01 aprel 2010-cu il tarixindən etibarən 9 nömrəli Bakı Peşə liseyində şagird istehsalat təlimatçısı vəzifəsində işə başlamış; 30 noyabr 2011-ci il tarixindən etibarən fəaliyyətini arxiv işçisi və əlavə dərs saatlarında müəllim kimi davam etdirmiş; ştatın ixtisarı ilə əlaqədar 15 noyabr 2016-cı il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş; 10 dekabr 2016-cı il tarixdə sosial məzuniyyət yerinə kimya laborant vəzifəsinə təyin edilmiş; 18 iyul 2019-cu il tarixdə sosial məzuniyyət yerinə kimya laborant vəzifəsindən azad edilmiş və laborant vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddət ərzində işində pozuntu olmamış, müdiriyyət tərəfindən ona heç bir tənbeh verilməmişdir. Daha sonra məlumat yayıldı ki, işlədiyi 9 nömrəli Bakı Peşə liseyi ləğv edilir və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a" bəndinə (“müəssisə ləğv edildikdə") əsasən 03.09.2019-cu il tarixli 100/27 №-li əmrlə xitam verilmişdir. Lakin işsiz qaldığına görə iddiaçı elə həmin gün - 03.09.2019cu il tarixdə 9 nömrəli Bakı Peşə liseyinin hüquqi varisi (Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi) ilə (01/16 №-li əmr) müddətli - 3 ay müddətinə yenə laborant vəzifəsində işləmək haqqında əmək müqaviləsi bağlayası, bu müddət bitəndən sonra da işi tərk etməli olmuşdur. 21.01.2020-ci il tarixində əmək müqaviləsinin müddəti bitməsi əsası ilə 13 №-li əmrlə iddiaçının əmək müqaviləmə xitam verilmişdir. 9 nömrəli Bakı Peşə liseyinin iddiaçı ilə bağladığı əmək müqaviləsinə “müəssisə ləğv edildikdə" əsası ilə 03.09.2019-cu il tarixli 100/23 №-li əmrlə xitam verilməsi qanunsuzdur. Belə ki, bu yaxınlarda iddiaçı vəkil vasitəsilə əvvəl işlədiyi 9 nömrəli Bakı Peşə liseyinin hansı əsasla ləğv edildiyini sorğu etmişdir. Verilmiş 02.08.2021 - ci il tarixli cavabdan iddiaçıya məlum olmuşdur ki, 9 nömrəli Bakı Peşə liseyi ləğv edilməmiş, 6 nömrəli Bakı Peşə liseyi ilə birləşmiş və əsasında digər adla təhsil müəssisəsi (Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi) yaranmışdır. Bu isə müəssisənin birləşmə şəkilində yenidən təşkil edilməsi deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Mülki Məcəllənin 59.1-ci maddəsinə görə, müəssisənin ləğvi onun birdəfəlik xitamını nəzərdə tutur. Müəssisənin ləğvinə səbəb bir qayda olaraq iqtisadi səmərəsizlik olduğundan, ləğv edilən müəssisənin işçilərinin əmək müqavilələri işəgötürən tərəfindən sürətli və sadələşdirilmiş qaydada ləğv edilə bilir. Əmək müqavilələrinin ləğvi zamanı işçilərin təminatları minimuma endirilir. Nəhayət, hüquqi şəxsin ləğvində hüquq varisliyi olmur. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Bu zaman ləğvetmə komissiyası (təsviyəçi. ləğvedici) təyin edilir, Mülki Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. 6 və 9 nömrəli Bakı Peşə liseyləri əsasında digər təhsil müəssisəsinin yaradılması, prosesin necə adlandırlmasından asılı olmayaraq, hüquqi mahiyyətcə hüquqi şəxslərin birləşməsidir. Hətta yeni hüquqi şəxsin başqa adla adlandırılması, rəhbərliyin dəyişməsi də bu hüquqi mahiyyəti dəyişmir. Yeni yaranmış müəssisə iddiaçının işlədiyi əvvəlki müəssisənin binasında yerləşir, iddiaçının tutduğu vəzifə ləğv edilməyib. İddiaçının pedaqoji stajı da bu günədək kəsilməyib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə Əmək Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikasının müvafiq qanunları da daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə əmək münasibətləri ilə bağlı münasibətlər, əgər ailə və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Beləliklə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müəssisənin ləğvi əsası ilə xitam verilməsi, o cümlədən, bu səhv qərarı yumşaltmaq üçün müvəqqəti olaraq, 3 aya iddiaçının yenidən işə götürülməsi də qanunsuz olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı 03.09.2019-cu il tarixli 100/27 №-li əmrin ləğv edilməsini və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində eyni yaxud oxşar xarakterli işə bərpa edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 14.12.2021-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iddiaçının “İddia ərizəsinə əlavə” ərizəsini məhkəməyə təqdim etmişdir. Ərizədə iddiaçı 9 nömrəli Bakı Peşə liseyi rəhbərinin onunla əmək müqaviləsinin ləğvi haqqında 03.09.2019-cu ıl tarixli 100/27 №-li əmrinin etibarsız hesab edilərək, ləğv verilməsini (?); Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində eyni yaxud oxşar xarakterli işə bərpa edilməsini; 04.09.2019-cu il tarixdən hesablanmaqla məcburi işburaxma dövrünün bütün ayları üçün orta aylıq əmək haqqını əsas götürülməklə ona pul məbləğinin ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi" X5 iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 6 və 9 №-li Peşə Litseyləri ləğv edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2016-cı il tarixli 405 №-li Qərarı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır. İddiaçının işlədiyi 9 №-li Peşə Liseyi ləğv olunduğuna görə, onunla cavabdeh arasında mövcud olmuş əmək münasibətlərinə son qoyulmuş, onunla bağlanmış əmək müqaviləsinə 03 sentyabr 2019-cu il tarixli əmrlə xitam verilmişdir. Bundan sonra iddiaçı yeni təsis olunmuş Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə müraciət edərək, onu həmin qurumda işə qəbul edilməsini xahiş etmişdir. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi tərəfindən iddiaçının müraciəti nəzərə alınmış və onunla müddətli əmək müqaviləsi bağlanılmış, iddiaçı laborant vəzifəsinə işə qəbul olunmuşdur. Qeyd olunan müddət bitdikdən sonra isə onunla bağlanmış əmək müqaviləsinə müvaviq əmrlə xitam verilmişdir. Göründüyuü kimi, iddiaçı və 9 Ne-li Peşə Liseyi arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Həmin əmr qanunidir. İddiaçının dəlilləri müzakirə olunan hissədə əsassızdır və təmin edilməməlidir. Bundan başqa, iddiaçının iddia tələbi iddia müddətinin buraxılması əsası ilə də rədd edilməlidir. Çünki, iddiaçı pozulmuş hesab etdiyi hüququnun müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş müddəti ötürmüşdür. Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. iddiaçı bildirir ki, mübahisəli əmr ona təqdim edilməmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə 2021-ci ilin oktyabr ayında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı özünün iddia ərizəsində də qeyd edir ki, 03 sentyabr 2019-cu il tarixdə onun işlədiyi müəssisə ləğv edildiyinə görə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, işsiz olduğuna görə işə qəbulla bağlı yeni yaradılmış Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə müraciət etmiş və o, həmin mərkəzdə işə qəbul olunmuş və bir müddət orada işləmişdir. Göründüyü kimi, iddiaçı hazırda ləğv edilməsini tələb etdiyi əmrin verildiyi gün, yəni 03.11.2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini bilirdi. Lakin bununla bağlı hər hansı tələb irəli sürməmişdir. Hətta ərizə ilə müraciət edərək, onu yeni yaranmış müəssisədə işə qəbul edilməsini xahiş etmişdir. Bunlardan başqa, cavabdeh Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təqdim etdiyi cədvəldən görünür ki, iddiaçının adına olan əmək kitabçası və əmr 05.06.2020-ci il tarixdə iddiaçıya təqdim olunmuş, iddiaçı da həmin tarixdə əmək kitabçasını və əmri cədvələ imza edərək qəbul etmişdir. Belə olan halda Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbi baxımından hesab edilməlidir ki, iddiaçı hüququnun pozulmasını ən geci 05.06.2020-ci il tarixdə (ən tezi isə 03.09.2019-cu il tarixdə) aşkar etmiş, məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddətinin axımı həmin vaxtdan başlanmış və 1 aydan sonra bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə, təxminən 3 ildən artıq müddət keçdikdən sonra 2021-ci ilin oktyabr ayında müraciət etmişdir. Yuxanda qeyd olunduğu kimi müddətin ötürülməsi halı iddianın rədd olunması üçün əsasdır. Belə olan halda isə mübahisələndirilən əmrin qanuni olub-olmaması ilə bağlı iddiaçının dəlillərinin mahiyyəti üzrə yoxlanılmasına zərurət qalmır. Çünki, “Stanyo Belçikaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 07.07.2009-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddiaçı işdən azad olunduqdan sonra qanunla müəyyən olunmuş müddət ərzində müvafiq tələblə məhkəmə müraciət etməmiş, müddəti ötürmüşdür, ötürülmüş müddət isə həddindən artıq uzundur və buna hər hansı səbəblə haqq qazandırmaq mümkün deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, cavabdeh yalnız iddia müddətindən danışır, işin mahiyyətinə münasibət bildirmir. Əmrin etibarsızlığına dəlalət edən isə bir sıra amillər var. Belə ki, əmrdə nə müəssisənin ləğv edilməsi qeyd olunsa da, məssisə ləğv edilməmiş, başqa bir müəssisə ilə birləşdirilib. Bunu eyni zamanda cavabdehin iddiaçıya aid töhmət və xəbərdarlıq barədə əmrləri təqdim etməsi də təsdiq edir. Deməli, iddiaçının işlədiyi müəssisənin arxivi də hal-hazırda cavabdehdədir və bu da müəssisələrin birləşməsinə dəlalət edir. Ümumiyyətlə xəbərdalıq barədə əmrin hansı əsasla iddiaçının şəxsi işində saxlanılması ona aydın deyil. Belə ki, həmin əmr 6 ay keçdikdən sonra öz qüvvəsini itirir və şəxsi işdə saxlanılmır. Bundan əlavə iddiaçı tərəfindən mübahisələndirilən əmrdə əsas da qanunvericilikdə nəzərdə tutulmuş qaydada göstərilməmiş, işəgötürən "Azərbaycan Respublikası Əmək Məcəlləsi" qeyd etməklə kifayətlənmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı Bakı şəhərində yaşamır, anası xəstə idi və ona görə də, o, qanunvericiliklə ona verilmiş hüquqlardan vaxtında istifadə etmək imkanından məhrum idi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, 2010-cu ildən 9 nömrəli Bakı Peşə Liseyində əmək fəaliyyətinə başlamışdır. İşlədiyi dövrdə iş yerində hər hansı bir problemi olmayıb. Cavabdeh ona töhmət verilməsi və xəbərdarlıq edilməsi barədə əmrləri gətirib ortaya çıxarmış, lakin həmin əmrlər əsassız və qanunsuzdur. Əgər həmin əmrlərin hal-hazırda arxivdən qaldırılması mümkün idisə, onun iş saatlarına dair arayışın hansı əsaslarla ona verilməməsi aydın deyil. 2019-cu ildə onlara deyildi ki, işlədikləri 9 nömrəli Bakı Peşə Liseyi başqa müəssisə ilə birləşməklə ləğv ediləcək, lakin onların hamısı ilə sonradan müvafiq müqavilələr bağlanacaq. Ona görə də o, 03.09.2019-cu il tarixli əmr verilərkən hüquqlarının pozulmasından məlumatsız idi. Həmin əmr qəbul edildikdən sonra onunla yeni yaradılmış müəssisə arasında müddətli müqavilə bağlanmış və həmin müqavilənin müddəti bitdikdən sonra – 21.01.2020-ci il tarixdə o, işdən azad edilmişdir. Həmin vaxtdan o, müvafiq qurumlara şikayət ərizələri yazmağa başlamışdır. 2020-ci ilin may ayında o, əvvəl bir yerdə işlədiyi şəxslərdən müəssisənin ləğv edilməməsini öyrəndi. Məhkəməyə müraciət etməli olmasını bilmirdi. Bunu yalnız 2021-ci ildə vəkilə müraciət etdikdən sonra bilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 03.09.2019-cu il tarixli, 100/27 saylı əmrdən görünür ki, 9 nömrəli Bakı Peşə Liseyində laborant vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan 03.09.2019-cu il tarixli, 01/16 saylı əmrdən görünür ki, 04.09.2019-cu il tarixdən Peşə Təhsili üzrə X1 və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə İddiaçı arasında müddətli müqavilə bağlanmış və o, laborant vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 21.01.2020-ci il tarixli, 13 saylı əmrdən görünür ki, laborant vəzifəsində işləyən İddiaçı ilə 21.01.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən (müqavilənin vaxtı bitdikdə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan qeydiyyat kitabından çıxarışdan görünür ki, İddiaçı ******* nömrəli əmək kitabçasını 05.06.2020-ci il tarixdə imza etməklə qəbul etmişdir. İş materiallarında olan Peşə Təhsili üzrə Dövlət Agentliyinin 02.08.2021-ci il tarixli, 00-25-294/18 saylı cavab məktubundan görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 13.07.2021-ci il tarixdə sorğu ilə müraciət etmiş və sorğusuna cavab olaraq ona bildirilmişdir ki, Azərbaycan Respublikası Təhsil nazirinin 27.08.2019-cu il tarixli, F-509 nömrəli əmri ilə 6 nömrəli Bakı Peşə Liseyinin və 9 nömrəli Bakı Peşə Liseyinin bazasında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə müvafiq olaraq, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə iclası zamanı iddiaçının verdiyi izahatından da aydın olur ki, iddiaçı məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət etməməsini onunla əsaslandırmışdır ki, 9 nömrəli Bakı Peşə Liseyinin əslində ləğv edilməməsini yalnız 2020ci ilin təhminən may ayında bilmişdir. Ondan sonra da dərhal məhkəməyə müraciət etməli olmasını bilmirdi, aidiyyəti qurumlara müraciət etməklə məsələnin həll oluna biləcəyini düşünürdü. 14.12.2021-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iddiaçının iddia müddətinin bərpa edilməsinə dair ərizəsini məhkəməyə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının hüququnun pozulması əmrin olması ilə əlaqəli deyil, həmin əmrin əsaslandığı halların qanunsuz olması ilə bağlı idi. Yəni həmin zaman hamıya elan edilmişdir ki. 9 nömrəli Bakı Peşə Liseyi ləğv edilib, ona görə də işçilər işdən çıxarılır, amma ilkin vaxtlarda işsiz qalmamaq uçün yeni məktəbdə müvəqqəti işə götürülürlər. İddiaçı da buna görə müvəqqəti əmək müqaviləsini imzalamışdır. İddiaçı hüququnun pozulduğunu, yəni müəssisənin ləğv edilmədiyini, yalnız yenidən qurulduğunu 2021-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin verdiyi cavabdan sonra bilmişdir. Bundan sonra medıasiya üçün müraciət etmişdir. Medıasiya Şurası xeyli vaxt sonra Y.Çələbi adlı xanımı mediator təyin etmiş, bundan bir müddət sonra həmin medıatorun xaricə getməyinə görə digər mediatoru (N.Cəfərov) təyin etmişdir. Nəhayət, 11 oktyabr 2021-ci ıl tarixdə mediator arayış verməklə mediasiya prosesini başa çatdırdı və iddiaçı məhkəməyə müraciət etmişdir. Həmin sənədlər ış materiallarında vardır. İddia müddəti məsələsinə baxılarkən iddiaçının qeyd etdiyi hallar nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir”. Məhkəmə ərizədə göstərilənləri buraxılmış müddətin bərpa edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddənin məzmunundan göründüyü kimi, buraxılmış müddətin bərpa edilməsi yalnız obyektiv halların mövcud olduğu vəziyyətdə mümkündür. Hazırkı işin materialları ilə isə 25 ay keçəndən sonra əmrin mübahisələndilməsi üçün buraxılmış müddətin bərpasına əsas ola biləcək obyektiv hallarım mövcudluğu öz təsdiqini tapmır. İddiaçının əsas arqumenti ondan ibarətdir ki, o, 03.09.2019-cu il tarixli, 100/27 saylı əmr qəbul edilən zaman hüququnun pozulmasını bilmirdi və bundan yalnız 2020-ci ildə müddətli əmək müqaviləsinin vaxtı bitdikdən sonra xəbər tutmuşdur. Məhkəmə tərəfindən iddiaçının bu arqumenti qəbul edilərək, müddət əmək kitabçası alındığı – 05.06.2020-ci il tarixdən hesablansa belə, həmin tarixdən məhkəməyə müraciət edilmə tarixinədək 16 ay keçmişdir. İddiaçının ərizədə müddətin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 02.08.2021-ci il tarixli, 00-25-294/18 saylı cavab məktubunun tarixindən hesablanmalı olması barədə dəlilini məhkəmə əsaslı hesab etmir. Belə ki, həmin dəlil iddiaçının özünün məhkəmə iclasında verdiyi izahatla üst-üstə düşmür. Beləliklə, iş materiallarından göründüyü kimi, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır. Mübahisə tərəfi olan cavabdeh "Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi" X6 isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, "iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ... Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir". İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan İddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia ərizəsi rədd edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh "Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi" X2rşı əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-8288/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-8288/2021
20.12.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver