Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-85/2024 14.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X6” Şirkətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (“X6” Şirkəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əşyanın başqasının sahibliyindən gpötürülməsi və zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 55 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı əsasında alqı-satqı yolu ilə İddiaçı Biləcəri Bələdiyyəsinin hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 8 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 289.51 kv.m hissəsində aparılmış tikililərin cavabdehin öz hesabına sökülməsi və həmin torpaq sahəsinin iddiaçının sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 55 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə alqı-satqı yolu ilə İddiaçı Biləcəri Bələdiyyəsinin hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə görə iddiaçı qanuna müvafiq olaraq ödəniş etmiş və torpaq sahəsinə dair əmlak hüquqları əldə etmişdir. Lakin torpaq sahəsinin bir hissəsi iddiaçının özünün faktiki istifadəsində olsa da, bir hissəsi Cavabdeh tərəfindən zəbt edilmiş və həmin hissədə qanunsuz tikililər inşa edilmişdir. Belə ki, torpaq sahəsinin hansı hissəsinin zəbt edilməsinin müəyyən edilməsi məqsədilə İddiaçı "xxxx" MMC-yə müraciət etmiş və "xxxx" Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin 13 iyul 2022-ci il tarixli, AS/MR32- 155/22 saylı mütəxəssis rəyinə əsasən (1-ci sual üzrə) Ekspertlər tərəfindən İddiaçı faktiki istifadəsində olan, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 8 ünvanında yerləşən torpaq sahəsinə baxış keçirilmiş, döngə nöqtələrin kordinatları müəyyən edilmişdir (iddia ərizəsinə əlavə edilmiş rəy:səhifə 9, cədvəl 1). Müəyyən edilmiş döngə nöqtələrin kordinatları naturaya köçürülərək sxematik planı tərtib edilmişdir. Faktiki istifadə edilən torpaq sahəsinin ölçüsü 289,51 kv.m-dir. İddiaçı Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 55 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı əsasında verilmiş torpaq sahəsinin cizgisi ilə (şəkil 6) faktiki istifadəsində olan və iddia edilən torpaq sahəsinin döngə nöqtələrinin kordinatları əsasında naturada ayrılmış sxemi müqayisə edilmişdir. Müəyyən edilmişdir ki, bu torpaq sahələrinin faktiki yerləşmə yeri və sahəsi 03 fevral 2006-cı il tarixli Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 55 nömrəli qərarı əsasında verilmiş torpaq sahəsinin cizgisi ilə uyğunluq təşkil edir (şəkil 7). Bundan başqa (2-ci sual üzrə) əldə edilmiş mütəxəssis rəyinə görə Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 55 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı əsasında alqısatqı yolu ilə İddiaçı ayrılmış fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 600 kv.m torpaq sahəsi ilə faktiki istifadəsində olan və iddia edilən torpaq sahələri müqayisə edilərək araşdırma aparılmışdır. Məlum olmuşdur ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 289.51 kv.m-dir. İddia edilən və zəbt edilən torpaq sahəsi isə 255.97 kv.m-dir. 21.19 kv.m torpaq sahəsi isə yol kənarında qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilibdir. Əvvəl ekspert demiş ki, məlumat bazasında heç bir məlumat yoxdur. Sonradan isə hardansa məlumatları aşkar etmişdir. Baxmayraq ki, mübahisəli torpaq sahəsi 3-cü şəxsin balansındadır, ekspert onun qarşısında qoyulmuş suallara dəqiq cavab vermir. Belə olan halda iddiaçının hüquqları pozulur. O, həmçinin bildirdi ki, iddiaçı tərəfindən qanunsuz tikili tikilmiş olsaydı, üçüncü şəxs dərhal iddia tələbi ilə məhkəməyə müraciət etmiş olardı. Lakin üçüncü şəxsin belə bir müraciəti olmayıb. O, həmçinin elektron kabinet vasitəsi ilə vermiş olduğu vəsatəti müdafiə edərək göstərdi ki, iş üzrə təyin edilmiş ekspertiza üzrə ekspert verilən suallar müəyyən hissələrdə mahiyyətindən həm kənara çıxmış, həm də müəyyən hissələrdə sanki söz oyunu oynamaqla tamam verilmiş sualı cavablandırmaqdan yayınmışdır. Belə ki, daha öncə də məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, lakin ekspert məlumat bazasına əsaslanaraq rəy verməkdən qərəzli olaraq imtina etmiş, lakin 2-ci dəfə mübahisəli torpaq sahəsinin neft şirkətinin mülkiyyətində olduğunu qeyd etmiş, lakin həmin sahənin neft şirkətinin mülkiyyətində olmasını təsdiq edən heç bir sənədə istinad etməmişdir. Bununla bağlı Bakı İnzibati Məhkəməsində qaldırılan iddia mümkün sayılmamışdır. Nəticə etibarı ilə mübahisəli sahənin iddiaçıya satılmasına dair Bələdiyyənin qərarı hazırki gündə öz qüvvəsini saxlamışdır. Bundan başqa ekpsert torpaq sahəsinin 297 kv.m göstərir, halbuki müvafiq sənəddə göstərilən sahənin ölçüsü məlumdur. Ekspert hər vəclə tikilinin Bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin ərazisinə düşüb düşməməsinə dair hissədə rəy verməkdən yayınmışdır. Halbu ki, məhkəmə tərəfindən qoyulmuş sualların məqsədi məhz həmin faktı aydınlaşdırmaqdan ibarət olmuşdur. Hesab edir ekspert rəyi qərəzlidir. Bu baxımdan məhkəmədən tərəfindən təqdim edilmiş rəyin əsas götürülməsini və ya cavabdehə məxsus tikilinin iddiaçıya məxsus torpaq sahəsində yerləşməsini müəyyən etmək üçün təkrar ekspertiza keçirilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, o, 15 ildir həmin ünvanda yaşayır və iddiaçını tanımır. Ona torpaq sahəsi Binəqədi Bələdiyyəsinin 2004-cü il tarixli qərarı ilə, iddiaçıya isə Biləcəri Bələdiyyəsinin 2006-cı il tarixli qərarı ilə ayrılıb. O, komunalları Binəqədi Bələdiyyəsinə ödəyir. O, həmçinin iddiaçının vəsatətinə münasibət bildirərək, təkrar ekspertiza keçirilməsi barədə vəsatətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X6” Şirkətinin nümayəndəsi X4 izahatında bildirdi ki, mütəxəssis tərəfindən verilən rəydə faktiki olaraq torpaq sahəsinin ölçüsü 297 kv/metr qeyd olunub. Topaq sahəsi “X6” Şirkətinin sazişi ərazisində yerləşməklə, dövlət torpağıdır. Şirkət torpaq sahəsindən başqa məqsədlə istifadə edilməsinə etiraz edir. O, həmçinin izahatında iddiaçının vəsatətinə münasibət bildirərək, vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Mülki iş materiallarında olan: Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 03 fevral 2006-cı il tarixli, 55 nömrəli qərarından görünür ki, ünvan 3 ünvanda yaşayan İddiaçı müraciətini nəzərə alaraq, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq və Biləcəri bələdiyyə üzvlərinin ümumi iclasının 02 saylı xx.xx.2006-cı il tarixli protokoluna əsaslanaraq, ona Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 600,0 kv.m. torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə ayrılması ayrılması qərara alınmışdır. Həmçinin İddiaçı tapşırılsın ki, torpağın müəyyən edilmiş satış qiymətinə görə bir kv/metri 2 manat 24 qəpik olmaqla, Biləcəri bələdiyyəsinin «Kapitalbank»ın 1 saylı Binəqədi filialında olan ********** saylı h/hesabına ödəsin və ödəmə barədə qəbzi Biləcəri bələdiyyəsinə təqdim etsin. Ayrılmış torpaq sahəsində tikinti işləri tikintinin layihəsi rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırıldıqdan və qanunla müəyyən olunmuş digər hallar nəzərə alındıqdan sonra aparılsın. Müvafiq razılaşdırılmadan sonra tikinti aparılan zaman kommunikasiya xəttləri müəyyən edildikdə tikintinin inşası dərhal dayandırılsın və aidiyyatı üzrə xəbərdarlıq edilsin. Torpaqların alqı-satqısına dair 03 fevral 2006-cı il tarixli Aktının surətindən görünür ki, ünvan 3 ünvanda yaşayan İddiaçı müraciəti nəzərə alınaraq ona Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 600,0 kv.m. torpaq sahəsinin satılması qərara alınmış və Biləcəri Bələdiyyəsinin hesabına 1344 manat məbləğində haqq ödənilmişdir. 13 fevral 2006-cı il tarixli, ******* nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 1344 manat məbləğində Biləcəri Bələdiyyəsinin hesabına pul ödənilmişdir. Biləcəri Bələdiyyəsinin "xxxx" Səhmdar Cəmiyyəti Biləcəri Su Təchizatı və Kanalizasiya Sistemləri istismarı Müəssisəsinə, Binəqədi rayon Qaz İstismar idarəsinə və "xxxx" Azərbaycan Elektrik Şəbəkəsi MMC-nə ünvanlandığı xx.xx.2006-cı il tarixli məktubdan görünür ki, Bakı şəhəri Biləcəri bələdiyyəsinin rəhbərliyi yazaraq Sizin nəzərinizə çatdırır ki, ünvan 6 ünvanda yaşayan İddiaçı Ş-1536 saylı xx.xx.2005-ci il qeydiyyat tarixli ərizə ilə bələdiyyəyə müraciət edərək, ona Biləcəri bələdiyyəsi hüdudları daxilində 600,0 kv.m. torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün ayrılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən İddiaçı yuxarıda qeyd olunan ərazidə 600,0 kv.metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün ayrılması haqda razılığın verilməsi xahiş edilmişdir. AECS Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin 13 iyul 2022-ci il tarixli, AS/MR 32 – 155/22 nömrəli rəyindən görünür ki, ekspertlər tərəfindən İddiaçı faktiki istifadəsində olan, Bakı Binəqədi rayonu 1-ci mədən, korpus 8 ünvanında yerləşən torpaq sahəsinə baxış keçirilmiş, döngə nöqtələrin kordinatları müəyyən edilmişdir (cədvəl 1). Müəyyən edilmiş döngə nöqtələrin kordinatlan naturaya köçürülərək sxematik planı edilmişdir. Faktiki istifadə edilən torpaq sahəsinin ölçüsü 289,51 kv.m-dir. İddiaçı 03 fevral 2006-ci il tarixli Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin № 55- li qərarı əsasında verilmiş torpaq sahəsinin cizgisi ilə (şəkil 6) faktiki istifadəsində olan və iddia edilən torpaq sahəsinin döngə nöqtələrinin kordinatları əsasında naturada ayrılmış sxemi müqaisə edilmişdir. Müəyyən edilmişdir ki, bu torpaq sahələrinin yerləşmə yeri və sahəsi 03 fevral 2006-ci il tarixli Bakı şəhəri, Biləcəri bələdiyyəsinin 55 nömrəli qərarı əsasında verilmiş torpaq sahəsinin cizgisi ilə uyğunluq təşkil edir (şəkil 7). Döngə nöqtələrinin koordinatları Döngə nöqtələrinin X Y nömrəsi 1 398492.2389 4478932.1074 2 398498.4904 4478909.1912 3 398486.0265 4478907.4296 4 398479.9840 4478928.8833 5 398468.4681 4478926.5441 6 398474.3668 4478905.8418 7 398468.0351 4478927.8697 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 19 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən 1-ci sual üzrə bildirilmişdir ki, qeyd olunan mübahisəli torpaq sahəsinə cavabdehin iştirakı ilə baxış keçirildi (iddiaçı ilə əlaqə saxlamaq mümkün olmadı). Qeyd olunan torpaq sahəsi sənəd üzrə 600,0 kv.m olsa da, faktiki olaraq 297,0 kv.m təşkil edir (üzərində tikili yoxdur). Cavabdeh tərəfindən faktiki olaraq göstərilən 297,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. XY
1. 398485.7851 4478907.5695
2. 398479.6456 4478929.3667
3. 398492.1366 4478932.1620
4. 398498.6588 4478909.3772
Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi olmaqla dövlət mülkiyyəti torpağıdır. Sahənin Bələdiyyə ərazisi olub-olmaması barədə məlumat aşkar edilməmişdir. Bundan başqa torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad məlumatı qeyd olunmayıb. 2-ci sual üzrə bildirilmişdir ki, qeyd olunan mübahisəli torpaq sahəsinə cavabdehin iştirakı ilə baxış keçirilmiş (iddiaçı ilə əlaqə saxlamaq mümkün olmadı). Qeyd olunan torpaq sahəsi sənəd üzrə 600.00 kv/metr olsa da, faktiki olaraq 297.0 kv/metr təşkil edir (üzərində tikili yoxdur). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-265/2023 saylı qərardad ilə iş üzrə tikinti - texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 08 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/8133 nömrəli ekspert rəyindən görünür ki, (qərardadın birinci sualı üzrə) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-33569/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, mübahisəli torpaq sahəsinə cavabdehin iştirakı ilə baxış keçirildi (iddiaçı ilə əlaqə saxlamaq mümkün olmadı). Qeyd olunan torpaq sahəsi sənəd üzrə 600 kv metr olsa da, faktiki olaraq 297,0 kv.m təşkil edir (üzərində tikili yoxdur). Cavabdeh tərəfindən faktiki olaraq göstərilən 297.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. X= 398485.7851, Y= 4478907.5695, X= 398479.6456, Y= 4478929.3667, X= 398492.1366, Y= 4478932.1620, X= 398498.6588, Y= 4478909.3772. Qərardadın ikinci sualı üzrə mütəxəssis rəyinə əsasən, göstərilən sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi olmaqla dövlət mülkiyyəti torpağı olduğu, sahənin Bələdiyyə ərazisi olub-olmaması barədə məlumat aşkar edilmədiyi, bundan başqa torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad məlumatı qeyd olunmadığı müəyyən edildi. İşə əlavə edilmiş 08 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/8133 nömrəli ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasinin Torpaq Məcəlləsi: Maddə: 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Maddə: 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Maddə: 56.1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 65. 1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların,tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk olaraq qeyd edir ki, hazırki iddia tələbinin əsasını Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 55 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı əsasında alqı-satqı yolu ilə İddiaçı Biləcəri Bələdiyyəsinin hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 8 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 289.51 kv.m hissəsində aparılmış tikililərin cavabdehin öz hesabına sökülməsi və həmin torpaq sahəsinin iddiaçının sahibliyinə qaytarılması təşkil edir. Qeyd olunmalıdır ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Hazırkı iddia tələbinin maddi hüquqi əsası kimi çıxış edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinin yerinə yetirilməsi üçün zəruri olan sübutetmə vasitələrinin mövcudluğu konkret mötəbər sübutlarla təsdiqini tapmır. Belə ki, müqavilədənkənar xarakter daşıyan vindikasiya iddiasının irəli sürülməsi üçün: 1) iddiaçı tələb olunan əmlakın mülkiyyətçisi, yaxud mülkiyyətçi olmasa da, qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edən şəxs olmalıdır; 2) iddiaçı əşya üzərində faktiki hakimiyyətdən məhrum olmalıdır; 3) vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalı və digər şəxsin faktiki sahibliyində olmalıdır ki, bu şərtlərə iş üzrə əməl olunmur. Bu kontekstdə, torpaq sahələri üzərində hüquqların torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yarandığını, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınmasının məcburi olduğunu və torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlətin təminat vermədiyini nəzərə alan məhkəmə bildirir ki, iddiaçının əmlak hüquqlarını əldə etdiyini irəli sürdüyü torpaq sahəsinin sərhədləri yerdə müəyyən edilməmiş, torpağın planı və ölçüsü tərtib edilməmiş, nəticədə onun mübahisəli torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Əksinə, müəyyən edilmişdir ki, mübahisəli sahə tərəflərdən heç birinin mülkiyyətində olmamaqla bərabər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş dövlət mülkiyyəti torpağıdır. Belə ki, həm Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 19 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyində, həm də Məhkəmə Ekspertiza Mərkəzinin 08 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/8133 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, qeyd olunan (iş üzrə mübahisəli) torpaq sahəsi sənəd üzrə 600,0 kv.m olsa da, faktiki olaraq 297,0 kv.m təşkil edir (üzərində tikili yoxdur). Həmçinin müəyyən edilmişdir ki, Binəqədi Qəsəbənin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 600 kv.metr torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi olmaqla dövlət mülkiyyəti torpağıdır. Bu fakt həm Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/8133 nömrəli rəyində, həm də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 19 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyində öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçının boşaldılmasını tələb etdiyi torpaq sahəsinə dair hüquqlarının mövcudluğu iş üzrə müəyyən edilmir. Bununla yanaşı mübahisəli sahə tərəflərin heç birinin mülkiyyətində olmamaqla yanaşı torpaq sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunmuş plan da mövcud deyil, torpaq sahəsinin cizgisi isə qanunvericiliyin tələblərinə uyğun olmaması ilə yanaşı, cizgidə göstərilən 600 kv/metr torpaq sahəsinin faktiki o, qədər olması müəyyən edilməmişdir. Bunun səbəbi isə iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin Torpaq Məcəlləsinin 65-ci maddəsində müəyyən edilmiş qaydada tərtib edilmiş planının mövcud olmamasıdır. Həmin maddənin 5-ci hissəsinə görə, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq Məcəlləsinin 66-cı maddəsinə görə, bələdiyyə qərarı torpaq sahəsi üzərində hüquqları təsdiq edən sənəd sayılır. Lakin həmin hüququn şamil edildiyi torpaq sahəsinin hududlarını torpaq sahəsinin planı müəyyən edir. Plan olmadan hüququn pozulub-pozulmadığını müəyyən etmək mümkün deyil. Hazırkı halda isə təqdim edilmiş cizginin qanunvericiliyin tələblərinə uyğun olmaması ilə yanaşı, cizgdə dəqiq istinad məlumatlarının qeyd edilməməsi səbəbindən iddiaçının sözügedən sahəyə aidiyyətinin olub-olmadığı da müəyyən edilmir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı Torpaq Məcəlləsinin 65-ci maddəsində müəyyən edilmiş qaydada torpaq sahəsinin planını əldə etdikdən sonra müəyyən edərsə ki, həmin sahə bələdiyyə qərarı ilə onun istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir, belə halda torpaq sahəsinin boşaldılması üçün yenidən ümumi qaydada iddia ilə məhkəməyə müraciət edə bilər. Bununla yanaşı iddiaçı mübahisəli torpaq sahəsinin Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 55 saylı qərarı ilə ona ayırılmasına istinad etsə də, iş üzrə Biləcəri Qəsəbəsinin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 600 kv.metr torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi olmaqla Dövlət mülkiyyəti torpağının olması müəyyən edilmişdir. Odur ki, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 8 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 289.51 kv.m hissəsində aparılmış tikililərin cavabdehin öz hesabına sökülməsini tələb etmək hüququ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə aiddir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 55 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı əsasında alqı-satqı yolu ilə İddiaçı Biləcəri Bələdiyyəsinin hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 8 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 289.51 kv.m hissəsində aparılmış tikililərin cavabdehin öz hesabına sökülməsi və həmin torpaq sahəsinin iddiaçının sahibliyinə qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manatdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə təmin edilmədiyindən 50 manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev