Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-8635/2021 10.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin qeydiyyatına əsas olmuş sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin qeydiyyatına əsas olmuş sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 14, giriş 1-də yerləşən 4 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına əsas olmuş 11 may 2018-ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolunun mübahisəli mənzilə aid hissəsinin və Forma-2 arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə mülki-prosessual qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsinin forma və məzmununa riayət edilmədən tərtib edildiyinə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; Həmin Məcəllənin 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir; Həmin Məcəllənin 151.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ərizədə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 14, giriş 1-də yerləşən 4 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydiyyata alındığını bildirərək, həmin əmlakın qeydiyyata alınmasına əsas olan sənədlərin etibarsız hesab edilməsini xahiş etsə də, lakin mübahisəli əmlakın qeydə alındığını təsdiq edən hər hansı sənədi, yəni öz tələbinin əsası kimi istinad etdiyi faktlara dair sübutları iddia ərizəsinə əlavə etməmişdir. Eyni zamanda, iddiaçı iddia ərizəsində ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilməməsini də göstəməmişdir. Halbuki, iddia ərizəsi vəkil tərəfindən tərtib edilmiş və imzalanmış, həmin sübutların əldə olunması üçün aidiyyəti qurumlara müraciətlərin edilməsi və onların nəticələri barədə hər hansı sənəd əlavə edilməmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirəm ki, Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etməlidir. Bu isə o halda mümkündür ki, iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutlar iddia ərizəsinə əlavə olunsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə “mənzilin qeydiyyatına əsas olmuş sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, öz tələblərinin əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməklə ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-8635/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-8635/2021
10.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver