Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-865/2025 06.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4 LTD" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, İA-317/24 saylı əmrin ləğv edilməsi, Satış departamentinin OT Satış şöbəsinin LPRO/DELTA satış bölməsinin Merçendayzer plyus vəzifəsinə bərpa olunması, xx.xx.2024-cü il tarixdən başlayaraq qətnamə tərtib olunan tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və əmək haqqının gecikdirildiyi hər gün üçün 1 (bir) faiz məbləğində ödəncin və vəkilə hüquqi yardım üçün ödədiyi 300 manat vəsaitin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən “X4 LTD" Məhdud Məsuliyyətli Cəmiyyətində Satış departamenti /LPRO şöbəsi/MT kanal bölməsi, Əsas, Merçendayzer vəzifəsinə qəbul edilmişdir. Onun tərəfindən “X4 LTD" MMC ilə imzaladığı əmək müqaviləsi 3 aylıq müddətə bağlanmış və hər 3 ayın sonunda yenidən bu müddətə uzadılmışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixdə qüvvədə olan əmək müqaviləsinə dəyişiklik edilmiş, o Satış departamentinin OT Satış şöbəsinin LPRO/DELTA satış bölməsinin Merçendayzer plyus vəzifəsinə keçirilmişdir. Bundan başqa yuxarıda qeyd etdiyi iş yerində ona əmək fəaliyyəti dövründə bir dəfə də olsun intizam tənbehi verilməmişdir. İddiaçı vəzifəsinin öhdəsindən həmişə layiqincə gəlmiş və əmək fəaliyyətini layiqincə icra etmişdir. Buna baxmayaraq hər hansı səbəb olmadığı halda xx.xx.2024-cü il tarixli, İA-317/24 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 (b) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bununla əlaqədar xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət edərək mübahisənin məhkəməyə qədər həlli üçün səy göstərsə də mediasiya təklifinə cavab verilməmiş və xx.xx.2024-cü il tarixdə ona arayış təqdim edilmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Mülki işin materialları:
6. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, sonuncu MMC-də Satış departamenti /LPRO şöbəsi/MT kanal bölməsi, Əsas, Merçendayzer vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən işin birinci 1 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə Əmək müqaviləsini birtərəflli qaydada poza bilər. Müqavilənin 2.3-ci bəndinə əsasən bu əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində qeyd olunan səbəbə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək 3 ay müddətinə bağlanmışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən işçi xx.xx.2023-cü il tarixdən işə başlayır. Müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 345 manat məbləğində əmək haqqı ödənilir.
7. Əmək müqaviləsinə əlavədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən əsas iş yeri üzrə Satış departamentinin OT Satış şöbəsinin LPRO/DELTA satış bölməsinin Merçendayzer plyus vəzifəsinə keçirilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 532,57 manat məbləğində əmək haqqı ödənilir.
8. Sistemə xx.xx.2023-cü il tarixdə daxil edilmiş Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı elektron əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Satış departamentinin OT Satış şöbəsinin LPRO/DELTA satış bölməsinin Merçendayzer plyus vəzifəsində işləyir, əmək haqqı 532,57 manat, əmək müqaviləsi müddətli, əmək müqaviləsinin başlama tarixi xx.xx.2023-cü il, müddətinin qurtardığı tarix xx.xx.2023-cü ildir.
9. Sistemə xx.xx.2023-cü il tarixdə daxil edilmiş Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı elektron əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Satış departamentinin OT Satış şöbəsinin LPRO/DELTA satış bölməsinin Merçendayzer plyus vəzifəsində işləyir, əmək haqqı 784 manat, əmək müqaviləsi müddətli, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2023-cü ildir.
10. Cavabdeh xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, İddiaçı ilə MMC arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə qurtarır. Həmin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən başlayaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir. İddiaçı sözügedən bildirişlə tanış olmamışdır.
11. X4 LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İA-317/24 nömrəli əmrindən görünür ki, İddiaçı - Cəmiyyətin OT Satış şöbəsinin LPRO/DELTA satış bölməsinin Merçendayzer plyus vəzifəsində çalışan işçisi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (müqavilə müddəti bitməsi ilə) xitam verilmişdir. Son haqq hesab: istifadə edilməmiş məzuniyyət günləri 32 təqvim günü. Əsas: İşçi ilə bağlanmış əmək müqaviləsi və bildiriş.
12. xx.xx.2024-cü il tarixli son haqq hesab cədvəlindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı son haqq hesab olaraq 1434.70 manat pul ödənilmişdir.
13. xx.xx.2024-cü il tarixli akta əsasən xx.xx.2024-cü il tarixdə işdən azad edilən İddiaçı əmək kitabçasını təhvil almaqdan imtina etmişdir. Akt MMC-nin İnsan resurslarının əməliyyatları şöbəsinin əməkdaşları tərəfindən imzalanmışdır.
14. Sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmiş Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixli, İA-317/24 nömrəli əmrlə xitam verilmişdir.
15. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MK-176/2024 nömrəli əmrindən görünür ki, Cəmiyyət tərəfindən Satış departamentinin OT Satış şöbəsinin LPRO/DELTA satış bölməsinin Merçendayzer plyus vəzifəsində çalışan İddiaçı vergilər və tutulmalar istisna olmaqla 371,70 manat məbləğində mükafat təyin edilmişdir.
16. Cavabdeh xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixli, İA-317 nömrəli əmrlə xitam verilmişdir.
17. X4 LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qəbul edilmiş əməkdaşlara bonus verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MK-184/2024 nömrəli əmrindən çıxarışdan görünür ki, Cəmiyyət tərəfindən Satış departamentinin OT Satış şöbəsinin LPRO/DELTA satış bölməsinin Merçendayzer plyus vəzifəsində çalışan əməkdaşına, yəni İddiaçı vergilər və tutulmalar istisna olmaqla 533,58 manat məbləğində bonus ödənilməsi təyin edilmişdir.
18. xx.xx.2024-ci il tarixli əmək haqqı üzrə cari hesabdan çıxarışdan görünür ki, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixdə Cavabdeh İddiaçı hesabına ümumilikdə 2770.56 (430.58+1434.70+371.70+533.58) manat əmək haqqı ödənilmişdir.
Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ-İV hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
20. 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 21 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
22. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır
23. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
24. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur
25. 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
26. 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
27. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər;
28. 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər;
29. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə” dair 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, işçinin əmək haqqının gecikdirilməsinə görə ödənc barədə işəgötürənə qarşı tələbinə pul xarakterli tələb olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddət tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
33. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
35. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsasladır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir.
36. İşin hallarından belə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən sonuncu MMC-də Satış departamenti /LPRO şöbəsi/MT kanal bölməsi, Əsas, Merçendayzer vəzifəsinə qəbul edilmiş, işə xx.xx.2023-cü il tarixdən başlanılmış, əmək müqaviləsinin müddəti 1 ay sınaq müddəti olmaqla 3 ay müddətinə bağlanmışdır, əmək haqqı üzrə aylıq vəzifə maaşı 345 manat təyin edilmişdir. Həmin müqavilə üzrə əmək münasibətləri davam edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü ildə daxil edilərək, orta aylıq əmək haqqı 395,43 manat, xx.xx.2023-cü il tarixdə daxil edilmiş məlumatlarda orta aylıq əmək haqqının məbləği 532,57 manat, xx.xx.2023-cü il tarixdə daxil edilmiş məlumatlarda isə orta aylıq əmək haqqının məbləği 784 manat qeyd olunmuşdur.
37. Hər iki bildirişdə müqavilənin müddətinin qurtardığı tarix xx.xx.2023-ci il göstərilmişdir.
34. Göründüyü kimi müqavilənin müddətinin qurtardığı tarix xx.xx.2023-cü il göstərilsə də ən azından xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində əmək müqaviləsinə dəyişikliklər edilmişdir.
35. Müəyyən edilmişdir ki, X4 LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qəbul edilmiş əmrlə xx.xx.2024-cü il tarixli, İA-317/24 nömrəli İddiaçı - Cəmiyyətin OT Satış şöbəsinin LPRO/DELTA satış bölməsinin Merçendayzer plyus vəzifəsində çalışan işçisi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (müqavilə müddəti bitməsi ilə) xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi Əmək Məcəlləsinin 68ci maddəsinin “2(b)” bəndinə istinad edilmişdir.
36. Məhkəmə hesab edir ki, əmrin əsasını təşkil edən hallar Əmək Məcəlləsinin 68-ci maddəsinin tələblərinə uyğun deyil və əmək müqaviləsinin ləğv edilməsi üçün qanuni hesab edilə bilməz.
37. Belə ki, Əmək Məcəlləsinin 73.1-ci maddəsində qeyd olunmuşdur ki, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
38. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli nömrəsiz bildirişindən görünür ki, İddiaçı ilə MMC arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024cü il tarixdə qurtarır. Həmin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən başlayaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir.
39. Məhkəmə qeyd edir ki, həmin bildirişdə müqavilənin bitmə tarixinin xx.xx.2024-cü il tarixdə bitdiyi qeyd edildiyi halda bildirişin xx.xx.2024-cü il tarixdə, yəni 5 gün qabaq göndərildiyi məlum olur. Halbuki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməlidir. Yəni bu halda cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə riyaət edilməmişdir. Bundan başqa İddiaçı sözügedən bildirişlə tanış olmadığı müəyyən edilmişdir.
40. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli, İA-317/24 nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə xitam verildiyi halda Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MK-176/2024 nömrəli əmrlə Cəmiyyət tərəfindən Satış departamentinin OT Satış şöbəsinin LPRO/DELTA satış bölməsinin Merçendayzer plyus vəzifəsində çalışan İddiaçı vergilər və tutulmalar istisna olmaqla 371,70 manat məbləğində mükafat və əməkdaşlara bonus verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MK-184/2024 nömrəli əmrlə Cəmiyyət tərəfindən Satış departamentinin OT Satış şöbəsinin LPRO/DELTA satış bölməsinin Merçendayzer plyus vəzifəsində çalışan əməkdaşına, yəni İddiaçı vergilər və tutulmalar istisna olmaqla 533,58 manat məbləğində bonus ödənilməsi təyin edilmişdir.
41. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, İA-317 nömrəli əmri ləğv edilməli, İddiaçı işə bərpa edilməli, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir.
42. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi əmək haqqının gecikdirildiyi hər gün üçün 1 (bir) faiz məbləğində ödənc ödənilməsi hissəsində də əsassız olduğu üçün təmin edilməməlidir.
43. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı iddiasını həmin hissədə onunla əsaslandırmışdır ki, cavabdehin əsassız əmri əsasında, yəni işəgötürənin təqsiri üzündən əmək haqqından məhrum olmuşdur, yəni əmək haqqı gecikdirilmişdir.
44. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan hər hansı bir əmək haqqının gecikdirilməsi halı yoxdur. Hazırkı qətnamə ilə iddiaçının məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
45. Bununla yanaşı iddiaçı gələcəkdə məhkəmə qətnaməsi ilə tutularaq ona ödənilməli olan əmək haqqının ödənilməsinin gecikdirilməsi halı yarandıqda əmək haqqının gecikdirildiyi hər gün üçün 1 (bir) faiz məbləğində ödənc ödənilməsini tələb etmək hüququna malikdir.
46. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi vəkilə hüquqi yardım üçün ödənilən 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir.
47. Belə ki, iddiaçı hüquqi yardım üçün vəkilə 300 manat məbləğində pul vəsaiti ödədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
48. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, İA-317 nömrəli əmri ləğv ediməli, İddiaçı Cavabdeh MMC-də əvvəlki vəzifəsinə bərpa edilməli, Cavabdeh MMC tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2024-cü il tarixdən qətnamə qəbul edilən günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, Cavabdeh MMC-dən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.
49. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 119.2 və "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.2, 9.1.1-ci maddələrinə əsasən 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir.
50. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, İA-317 nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-də əvvəlki vəzifəsinə bərpa edilsin. Cavabdeh MMC tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2024-cü il tarixdən qətnamə qəbul edilən günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq iddiaçı X1 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-dən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova