Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-867/2025 20.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, iddiaçının nümayəndəsi (vəkil) X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə ödənilməmiş 41000 (qırx bir min) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 213 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “Borcun Etirafı və X9” xx.xx.2022-ci il tarixli müqavilənin 1-ci bəndinə əsasən, Cavabdeh qardaşı X5 İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışdığı zaman təhkim olunmuş ərazidə aparılmış audit yoxlaması zamanı 121000 (yüz iyirmi bir min) manat əskik gəlmə aşkarlanmışdır. Cavabdeh qardaşı X3 İddiaçı MMC-nə vurduğu maddi zərəri qəbul edir və həmin məbləği ödəyəcəyini öhdəsinə götürür. “Borcun Etirafı və X9” xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən tərəflər etiraf edirlər ki, həqiqətən də, borclu həmin məbləğin 80000 (səksən min) manat hissəsini yuxarıda qeyd edilən müqavilə bağlananadək ödəmişdir. Borclu, qardaşı X3 İddiaçı MMC-nə vurduğu maddi zərərin qalan 41000 (qırx bir min) manat hissəsini öz borcu kimi qəbul edir və müqavilədə göstərilən müddətdə ödəməyi öhdəsinə götürür. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-nə olan borcunun 41000 (qırx bir min) manat hissəsini bu günədək ödəməmişdir. Qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqi əsaslarla iddia təmin olunmalıdır. Göründüyü kimi tərəflər arasında “Borcun Etirafı və X9” müqavilə bağlanılmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Qeyd etmək lazımdır ki, öhdəlik bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etmək, məsələn, pul ödəmək, əmlak vermək, iş görmək, xidmətlər göstərmək və s. və ya müəyyən hərəkətdən çəkinmək vəzifəsini, kreditorun isə həmin vəzifələrin icrasını tələb etmək hüququnu ehtiva edən mülki hüquq münasibətidir. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edərək, müqavilə üzrə öhdəliklərini icra etməsini vəİddiaçı MMC-nə olan borcunu ödəməsini xahiş etsələr də, o, xəbərdarlıqlara məhəl qoymur və İddiaçı MMC-nə olan borcunu ödəməkdən yayınır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) X4 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə tərəflər arasında borcun etirafı barədə müqavilə imzalanmış, cavabdehin şirkətə 121000 manat məbləğində əksik gəlmə aşkarlanmışdır. 80000 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən qaytarılmış, 41000 manatı isə ödəməkdə yayınır. Həmçinin qeyd etdi ki, müqavilədə hər gecikdirilmiş gün üçün 0,5 manat cərimə ödənilməsi nəzərdə tutulmuşdur, lakin onlar həmin məbləği tələb etmirlər. Cavabdeh 2022-ci ildən sonra ödəniş etməmişdir. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi üzrə borcu etiraf edərək izahatında göstərmişdir ki, hazırki iddia tələbində tələb edilən borc qardaşının borcu olub. Belə ki, qardaşı X6 İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışdığı zaman təhkim olunmuş ərazidə aparılmış audit yoxlaması zamanı 121000 (yüz iyirmi bir min) manat əskik gəlmə aşkarlanmış və bununla bağlı cinayət işi başlanılmışdır. Qardaşı ilə razılaşmış ki, öhdəliyi o, götürsün, lakin borcu qardaşı Bəhruz Zeynalov ödəsin. Ona görə də o, qardaşı X3 İddiaçı MMC-nə vurduğu maddi zərəri qəbul etmiş və evini satıb qardaşının borcundan 80000 manatını ödəmiş, 41000 manat məbləğə isə barışıq sazişi bağlamışdır. Bundan sonra qardaşı barəsində başlanılmış cinayət işi üzrə icraata isə xitam verilmişdir. Həmçinin bildirdi ki, hazırda ondan barışıq sazişi üzrə tələb edilən borcu ödəməyə imkanı yoxdur və o, kirayədə yaşayır. İddiaçı MMC tərəfindən borcun ondan tələb edilməsi ilə bağlı qardaşına bildirmiş, qardaşı isə heç bir münasibət bildirməmişdir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Mülki iş materiallarında olan: Cavabdeh İddiaçı MMC-nin prezidenti Ceyhun Abbasova ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, qardaşı X3 İddiaçı MMC-nə 121000 (yüz iyirmi bir min) manat məbləğində malların satışından əldə etdiyi vəsaitdən 80000 manat məbləğini ödəmiş, geri qalan 41000 manat borc məbləğini 21 ay müddətində hər ay 2000 manat olmaqla ödəməyi öhdəsinə götürmüş və qanunla məsuliyyət daşıdığını bildirmişdir. İddiaçı MMC-nin prezidenti X8 ilə Cavabdeh arasında bağlanmış borcun etirafı və X9 25 aprel 2022-ci il tarixli müqavilədən görünür ki, xx.xx.2021-ci il tarixində borclunun qardaşı X5 təhkim olunmuş ərazidə aparılmış audit yoxlamasına əsasən X3 “kreditorda 121 000 (bir yüz iyirmi bir min) manat məbləğində borcu yarandığı müəyyən olunmuşdur. Borclu qardaşı X3 kreditora 121 000 (bir yüz iyirmi bir mln) manat məbləğində zərər vurduğunu qəbul edir və həmin məbləği ödəyəcəyini öhdəsinə götürmüş, həmçinin tərəflər qəbul edirlər ki, həqiqətən də, borclu həmin məbləğin 80000 (səksən min) manat hissəsini bu müqavilə bağlananadək ödəmiş, borclu, qardaşı X3 kreditora vurduğu zərərin qalan 41 000 (qırx bir min) manat hissəsini öz borcu kimi qəbul edir və bu müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. Həmçinin müqavilənin 2.1-ci bəndinə əsasən borclu borc məbləğini hazırkı müqavilə imzalandığı tarixdən hər növbəti avın həmin tarixi 2000 (iki min) manat, sonuncu ay isə 1000 (bir min) manat olmaqla xx.xx.2024-cü il tarixədək 21 ay ərzində tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə tərəfləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi, icranın gecikdirilməsi hesab olunur. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh, qardaşı X3 İddiaçı MMC-nə 121000 (yüz iyirmi bir min) manat məbləğində malların satışından əldə etdiyi vəsaitdən 80000 manat məbləğini iddiaçıya ödəmiş, qalan 41000 manat borc məbləğini 21 ay müddətində hər ay 2000 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, lakin ödəməmişdir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh qardaşı X5 İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışdığı zaman təhkim olunmuş ərazidə aparılmış audit yoxlaması zamanı 121000 (yüz iyirmi bir min) manat əskik gəlmə aşkarlanmışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC-nin prezidenti Ceyhun Abbasova xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, qardaşı X3 İddiaçı MMC-nə 121000 (yüz iyirmi bir min) manat məbləğində malların satışından əldə etdiyi vəsaitdən 80000 manat məbləğini ödəmiş, geri qalan 41000 manat borc məbləğini 21 ay müddətində hər ay 2000 manat olmaqla ödəməyi öhdəsinə götürmüş və qanunla məsuliyyət daşıdığını bildirmişdir. Daha sonra müəyyən edilmişdir ki, İddiaçı MMC-nin prezidenti X8 ilə Cavabdeh arasında 25 aprel 2022-ci il tarixdə borcun etirafı və X9 müqavilə bağlanmış və həmin müqaviləyə əsasən xx.xx.2021-ci il tarixində cavabdehin qardaşı X5 təhkim olunmuş ərazidə aparılmış audit yoxlamasına əsasən X3 “kreditora 121000 (bir yüz iyirmi bir min) manat məbləğində yaranmış borcunu qəbul etmiş və həmin məbləği ödəyəcəyini öhdəsinə götürmüşdür. Bundan əlavə tərəflər qəbul etmişlər ki, borclu həmin məbləğin 80000 (səksən min) manat hissəsini bu müqavilə bağlananadək ödəmiş, qalan 41 000 (qırx bir min) manat hissəsini öz borcu kimi qəbul etmiş və müqavilə imzalandığı tarixdən hər növbəti ayın həmin tarixi 2000 (iki min) manat, sonuncu ay isə 1000 (bir min) manat olmaqla xx.xx.2024-cü il tarixədək 21 ay ərzində tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi iş materiallarında olan sübutlarla tam olaraq müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı MMC ilə borcun etirafı və X9 müqavilə bağlayaraq 41 000 (qırx bir min) manat hissəsini öz borcu kimi qəbul etmiş və 21 ay ərzində, yəni xx.xx.2024-cü il tarixədək tam olaraq tələbkara ödəməyi öhdəsinə götürməsi öz təsdiqini tapmışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh 121000 (bir yüz iyirmi bir min) manat məbləğində yaranmış borcun, 80000 (səksən min) manat hissəsini xx.xx.2022-ci il tarixli borcun etirafı və X9 müqavilə bağlananadək ödəmişdir. Qeyd edilməlidir ki, mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi tərəflər, aralarında yazılı əqdlə razılığa gəlməklə Cavabdeh iddiaçı qarşısında öhdəlik götürmüş, lakin öhdiliyi icra etməmiş və nəticədə onun iddiaçıya 41000 manat məbləğində borcu qalmışdır. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı 41000 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 41000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia təmin edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu qismində ödənilmiş 213 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 41000 (qırx bir min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMCnə ödənilsin. Dövlət rüsumu qismində ödənilmiş 213 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-867/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-867/2025
20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver