Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-90/2025 21.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Binəqədi Rayon Xocasən rayon Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: yaşayış sahəsinə köçürmə) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Abşeron rayon Vəkil Bürosunun vəkili https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2482980Nümayəndə, Cavabdeh1 nümayəndəsi, eyin zamanda Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Binəqədi Rayon Xocasən rayon Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Binəqədi Rayon Xocasən rayon Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun övladları – xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə 2016-cı ildə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü Elmira və xx.xx.2015-ci il təvəllüdlü İsgəndər adlı övladları var. Cavabdehlə ailə qurduqdan sonra Bakı şəhəri, ünvan 1 ünvanına gəlin köçmüşdür. Övladları da həmin ünvanda dünyaya gəlmiş və həmin ünvanda da qeydiyyatdadırlar. Həmin ünvanda yerləşən ev hər hansı bir şəxsin adına dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Lakin bələdiyyə sənədi ilə cavabdeh olan qayınatası Cavabdeh1 adınadır. O, gəlin köçdükdən sonra, yəni birgə nikah dövründə Bakı şəhəri, ünvan 1 ünvanında əlavə tikililər də tikilmişdir. Cavabdeh2la 16 illik evlilik dövründə o, cavabdeh və iki övladı həmin ünvanda yaşamışlar. Eyni zamanda, həmin ünvanda qayınatası olan Cavabdeh1 və qayınanası da yaşamışdır. Nikah məhkəmə qaydasında pozulanadək Cavabdeh2la münasibətləri normal olub. Sonradan Fərhadın ona və övladlarına qarşı soyuduğunu hiss etmişdir. O, hiss edirdi ki, onun başqa bir qadınla münasibəti var. Getdikcə ona və övladlarına qarşı daha aqressiv olur, yerli-yersiz mübahisələr yaradırdı və nəhayət 2022-ci ildə Fərhad gecə vaxtı onu və övladlarını çölə ataraq ondan ayrılacağını bildirdi. Daha sonra onu məhkəməyə verərək nikahı məhkəmə qaydasında pozdurdu. Cavabdeh2 onu və iki uşağını gecə vaxtı çölə atarkən gedəcəyi bir yer yox idi. Həmin vaxt valideynləri Rusiya Federasiyasında olduğundan hara gedəcəyini bilməmiş, məcbur olub rəfiqəsigilə getmişdir. Rəfiqəsi onun bu halına acıyaraq onun və övladlarının müvəqqəti olaraq onlarda qalmalarına razı olmuşdur. O, bir aya yaxın müddətdə rəfiqəsigildə qalmışdır. Həmin müddətdə Fərhad övladlarının harada olması ilə maraqlanmamış, hər hansı yardım, köməklik göstərməmişdir. Hazırda övladları ilə birlikdə atası evində qalır. O, uzun müddət – 16 il övladları ilə birlikdə yaşadığı yaşayış sahəsindən məhrum olmuşdur. Cavabdehlər nə onu, nə də övladlarını həmin ünvana buraxmır. Qalmağa hər hansı bir evi olmadığndan yetkinlik yaşına çatmayan övladları ilə birlikdə müvəqqəti olaraq atasına məxsus evdə qalır. Yetkinlik yaşına çatmayan hər iki övladı bu iddia ərizəsi ilə köçürülməyini tələb etdiyi Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadırlar. Ona məxsus əşyalar da 16 il yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanındadır. Cavabdehlərin ona və yetkinlik yaşına çatmayan övladlarına qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə o və yetkinlik yaşına çatmayan övladları məhrum edildiyi evə (yaşayış sahəsinə) köçürülməlidirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4423/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsilə Cavabdeh2la onun arasında Bakı şəhəri Binəqədi rayon VVADQ şöbəsində 05 avqust 2006-cı il tarixdə 723 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 onun yanında saxlanılmaları qət edilmişdir. İİ.Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2482980Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddia qanuni və əsaslıdır. İddiaçı cavabdeh tərəfindən mübahisə predmeti təşkil edən evdən qovulmuşdur. Məhkəmə iclasında cavabdeh Fərhad İsgəndərov özü də bu faktı izahatında təsdiq etmişdir. İddiaçı uşaqları ilə yaşayış sahəsindən məhrum edildiyindən və məhkəmə mübahisəsi getdiyi müddətdə iddiaçının atası tərəfindən ona və övladlarına müvəqqəti yaşamaq üçün sığınacaq verilmişdir. Cavabdeh iddiaçının müvəqqəti qaldığı yaşayış sahəsini iddiaçının əmlakı kimi qələmə verməklə iddiaçının yaşayış sahəsinə ehtiyacının olmamasını sübut etməyə çalışmaqdadır. Lakin diqqət dilməlidir ki, məhkəmə tərəfindən iddia tələbinə baxılan müddətdə iddiaçı uşaqları ilə küçədə qalmamalıdır, müvəqqəti yaşayış sahəsi ilə təmin edilmişdir ki, bu hal iddiaçının yaşayış sahəsinə ehtiyacını aradan qaldıran hal deyil. İddiaçı həmin evdən zəruri əşyalarını götürmüşdür. Cavabdeh iddiaçının mübahisəli yaşayış sahəsinə köçmək istəməyini onlarla olan ədavətinin qisası kimi dəyərləndirsə də, iddiaçının marağı uşaqlarının yaşayış sahəsi ilə təmin edilməsindən ibarətdir. Belə ki, dəfələrlə bu barədə cavabdehlərə müraciət edilmiş və uşaqlardan birinin adına yaşayış sahəsi rəsmiləşdirildiyi halda mübahsiəli yaşayış sahəsinə köçürülmə barədə iddia tələbindən imtina ediləcəyi bildirilmişdir. Cavabdehin təqdim etdiyi sms yazışmalarda iddiaçının başqa yaşayış yeri, əmlakı olması öz təsdiqini tapmır və bnu səbəbdən həmin yazışmalardan edilmiş çıxarışlar sübut kimi qəbul edilməməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, həmçinin Cavabdeh2 izahatında məhkəməyə bildirdi ki, iddia tələbi əsassızdır. İddiaçı atasına məxsus Yasamal rayonu ərazisində yerləşən ünvanda pasport qeydiyyatında olmaqla atası tərəfindən verilmiş mənzildə yaşayır. İddiaçının yaşayış yeri var, mübahisəli yaşayış sahəsində yaşamaq üçün ehtiyacı yoxdur. İddiaçı ilə birgə nikaha daxil olduqdan sonra həqiqətən də 16 ilə yaxın müddətdə mübahisəli yaşayış sahəsində yaşamışlar. Sonradan iddiaçı anasına əl qaldırdığı üçün münasibətləri pozulduğundan özü yaşadığı evdən kirayə olaraq başqa ünvana köçmüşdür. Təxminən 1 il müddətində iddiaçı uşaqlarla birlikdə həmin ünvanda yaşamış, həmin müddətdə onun valideynlərinə qarşı hörmətsizlik etmişdir. Sonuncu dəfə iddiaçı uşaqlarla birlikdə evdə olan valideynlərinə heç bir məlumat vermədən rayona rəfiqəsigilə getmiş, onların qayıtmamasından atası narahat olaraq onunla əlaqə saxlamışdır. O, dərhal iddiaçı ilə əlaqə saxlamağa çalışmış və iddiaçı ona uşaqlarla gəzintiyə getdiyini bildirmişdir. İddiaçının bu hərəkətini özbaşınalıq olduğundan iddiaçı uşaqlarla evə qayıdan zaman uşaqlarını evə buraxsa da, iddiaçını evə buraxmamış, onu qovmuşdur. İddiaçı təzəlikcə aralarında məhkəmə mübahisəsi olduğu müddətdə də rəfiqəsi ilə evə gələrək yaşlı anasını yenidən döymüşdür. İddiaçının atasının maddi imkanı yaxşı olduğundan qızını mənzillə təmin etmişdir. İddiaçının və uşaqlarının həqiqətən yaşayış sahəsinə ehtiyacı olduğu halda onları yaşayış sahəsi ilə təmin etməkdən boyun qaçırmazdı. Özünün həmin fərdi yaşayış sahəsi ilə hər hansı bir əlaqəsi yoxdur, uzun müddətdir ayrı ünvanda yaşayır yaşayış sahəsi atasına məxsusdur. Həmin yaşayış sahəsinin yerləşdiyi həyətdə otaqlar var, iddiaçının həqiqətən yaşayış sahəsinə ehtiyacı olduğu halda həmin otaqlardan birində yaşaya bilər. İddiaçı anası ilə münaqişəli olduğundan və anasını bir neçə dəfə döydüyündən bir evdə yaşamaları mümkün deyil. İddiaçı ilə aralarında sosial şəbəkə vasitəsi ilə yazışma olmuş, iddiaçı həmin yazışma zamanı da başqa evi olduğunu, bu iddia tələbi ilə ikinci bir evə sahib olacağını ona etiraf etmişdir. Hesab edir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı yoxdur, iddia tələbini irəli sürməkdə məqsədi münasibətləri gərginləşdirmək və əvəz çıxmaqdır. Bu səbəbdən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Binəqədi Rayon Xocasən rayon Bələdiyyəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə həmin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Binəqədi Rayon Xocasən rayon Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İİİ.İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4423/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında Bakı şəhəri Binəqıədi rayon VVADQ şöbəsində xx.xx.2006-cı il tarixdə 723 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında saxlanılmaları qət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/4181 saylı ekspert rəyində qeyd edilmişdir ki, Baxış zamanı əldə olunmuş məlumatlara əsasən qeyd olunur ki, baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən, baxış zamanı təqdim olunmuş torpaq sahəsinin sərhədləri müəyyən olundu. GPS aləti vasitəsilə təqdim olunmuş torpaq sahəsinin aşağıdakı kimi müəyyən edilmişdir: -X= 396274.056, Y= 4476646.620, - X= 396257.406, Y= 4476655.070, - X= 396238.044, Y= 4476627.062, - X= 396256.861, Y=4476619.161. Baxış zamanı əldə olunmuş məlumatlara əsasən qeyd olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən, baxış zamanı təqdim olunmuş torpaq sahəsində fərdi yaşayış evi, əlavə olaraq yaşayış və yardımçı otaqlar mövcuddur. Fərdi yaşayış evinin divarlarına taxta, laminat, metlax, divar kağızı, kafel, tavanına isə alçipan, lambrin vurulmuşdur. Fərdi yaşayış evinin ölçüləri, otaqların sahəsi, otaqların yerləşmə vəziyyəti rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. Yaşayış və yardımçı otaqların qapıları ümumi dəhlizə açılır. Dəhlizin qapısı da öz növbəsində küçəyə açılır. Yaşayış və yardımçı otaqların divarlarına boya, divar kağızı, kafel döşəməsinə taxta, beton, metlax tavanına isə taxta, lambir vurulmuşdur. Yaşayış otaqlarının bəzilərində yaşayış var (kirayəçilər), bəziləri isə faktiki istifadəsizdir. Otaq tikililərinin təmirlik dərəcəsi aşağıdır. Yaşayış və yardımçı otaqların yerləşmə vəziyyəti, otaqların ölçüləri və sahəsi rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. Baxış zamanı əldə olunmuş məlumatlara əsasən qeyd olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən, baxış zamanı təqdim olunmuş torpaq sahəsində mövcudolan fərdi yaşayış evinin, yaşayış və yardımçı otaqların ölçüləri, yerləşmə vəziyyəti, sahələri rəyə əlavə edilmiş sxemdə ətraflı şəkildə öz əksini tapmışdır. - Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 03/408 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xocəsən Bələdiyyəsi tərəfindən X2, Cavabdeh1 və Cavabdeh2 adına bələdiyyənin electron bazasında torpaq sahəsi ayrılması barədə məlumat aşkarlanmamışdır. - Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Ə/D, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi döngə 10 ev 1 ünvanda qeydiyyatdadırlar. - Məhkəmə sorğusuna cavab olaraq Binəqədi rayonu Xocasən bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 03/408 nömrəli məktubdan görünür ki, bələdiyyə tərəfindən Nərmin İsgəndərova,Cavabdeh1 və Fərhad İsgəndərovun adına bələdiyyənin elektron bazasında torpaq sahəsi ayrılması barədə məlumat aşkar edilməmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh2 2006-cı ildə rəsmi nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra iddiaçı Cavabdeh2 atası Cavabdeh1 evində yaşamışdır. İddiaçı birgə nikahdan olan uşaqları ilə 2022-ci ildə yaşadığı evdən qovulmuş və atası tərəfindən müvəqqəti yaşaması üçün ev verilmişdir. Həmçinin, Cavabdeh2 2022-ci ildə mübahisə predmetini təşkil edən evdən köçüb getmişdir, hazırda yaşayış yeri başqa ünvandadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikasının Mülki Məcəllənin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu konstitusiyon norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insan yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın əsası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanuni iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işin materiallarından göründüyü kimi, üç halın üçünün də mövcudluğu mübahisəsizdir. Belə ki, iddiaçının mübahisəli evdə cavabdehlə ailə qurduğu vaxtdan 16 ilə yaxın müddətdə yaşaması, hal hazırda həmin evdə yaşamaq imkanından məhrum olması cavabdeh tərəfindən qəbul edilir. Məhrum edilmənin qanuniliyinə gəldikdə, nə cavabdehin, nə də hər hansı digər şəxsin həmin evə dair hüquqmüəyyənedici sənədi olmadığından, hazırkı vəziyyətdə iddiaçının iki uşağı ilə birlikdə həmin evə köçürülməsinə maneələrin törədilməsi əsassızdır. Belə ki, hazırkı mübahisənin predmetini təşkil edən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması, lakin faktiki mövcud olmaqla hazırda Cavabdeh1 tərəfindən istifadə olunması, eləcə də iddiaçının da əvvələr həmin evdə yaşaması, cavabdehlərin iddiaçının keçmiş ailə üzvü olması, ailə münasibətlərinin pozulması zəmnində iddiaçının hazırda orada yaşamaması və yaşamamasına səbəb faktiki olaraq həmin müddətdə evdə yaşamayan cavabdeh Fərhad İsgəndərov tərəfindən qovulması işin mübahisəsiz hallarıdır. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etməsə də, o, fiziki obyekt olaraq özündə onu inşa etdiyi şəxsin (şəxslərin) əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, tikilinin özbaşına tikili statusunda olmasının ondan uzun illər ərzində yaşayış sahəsi kimi istifadə etmiş şəxsin həmin sahəyə köçürülməsinin qarşısını ala bilməz. Özbaşına tikililərdə yaşayan şəxsin orada yaşamaqdan əsassız məhrum edilməsi müəyyən hüquqi nəticələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola bilər. Belə ki, bu halın mövcudluğu, yəni özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxarılması və digər bu kimi hərəkətlər hər bir halda mübahisə edən tərəflərin maraqlarının mütənasibliyi baxımından qiymətləndirilməlidir. Ona görə də bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalıdır, yəni əgər məhrumedənin mənzilə digərinə münasibətdə üstün hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Belə ki, məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. İş materiallarından göründüyü kimi, mübahisəli tikili özbaşına tikili statusuna malik olmaqla onun üzərində heç kimin mülkiyyət hüququ qeydə alınmamışdır. Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur. İddiaçının orada əvvəllər yaşamasını tərəflərin heç biri mübahisələndirmir. Məhkəmə iclasında səsləndirilən fikirlərdən aydın olur ki, tərəflərin birgə nikahından doğulmuş və həyatlarının çox hissələrini mübahisəli evdə yaşamış uşaqlar hazırda ananın himayəsindədirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Yuxarıda qeyd olunanlarla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli ev özbaşına tikili olduğundan, iddiaçının evə köçürülməsi iddiaçının həmin evə dair istifadə hüququnun tanınması kimi qiymətləndirilə bilməz. Belə ki, şəxsin daşınmaz əmlaka istifadə hüququnun tanınması üçün həmin əmlak dövlət reyestrində qeydiyyatda olmalıdır. Məhkəmə iddiaçının cavabdehlə birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X4 ilə birgə mübahisəli yaşayış sahəsinə göçürülməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, Elmira İsgəndərli artıq yetkinlik yaşına çatmış şəxs olduğundan və məhkəmədə iddia tələbinə baxılan müddətdə müstəqil tələb irəli sürən 3-cü şəxs qismində iddia ilə məhkəməyə müraciət etmədiyindən onun hissəsində iddia tələbi təmin edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı, xx.xx.2015-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia ərizəsi verilərkən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-90/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-90/2025
21.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver