Məhkəmə qərarları › İş №e-2(001)-91/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-91/2023

05.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-91/2023 05.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “mənzilin qeydiyyatına əsas olmuş sənədlərin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “mənzilin qeydiyyatına əsas olmuş sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 14, giriş 1-də yerləşən, 4 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına əsas olmuş, 11 may 2018-ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolunun mübahisəli mənzilə aid hissəsinin, maliyyə arayışının və Forma-2 arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi, ev 14, giriş 1, mənzil 4 (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsi, 19, M2, mənzil 4) "xxxx" Mənzil tikinti kooperativi tərəfindən ona verilmişdir. Həmin Mənzil Tikinti Kooperativinin təqdim etdiyi sənədlərə uyğun olaraq, Bakı şəhər İcra Hakimiyyətinin 12 dekabr 2002-ci il tarixli 674 nömrəli sərəncamına əsasən, ona yuxarıda göstərilən mənzil üzərində istifadə, sahiblik hüququnu təsdiq edən və mənzilə köçmək hüququ verən 001763 saylı 23 dekabr 2002-ci il tarixli order almışdır. Order təqdim edildikdən sonra tərəfindən xeyli məbləğdə pul vəsaiti sərf edilməklə mənzildə təmir işləri aparılaraq, təqribən 2003-cü ilin ortalarında ailəsi ilə bir yerdə həmin mənzilə köçmüşlər. Hal-hazıradək, yəni 19-il ərzində fasiləsiz olaraq həmin məzildə ailəsi ilə bir yerdə yaşayır və bütün kommunal xərcləri ödəyir. Lakin sonradan məlum olmuşdur "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ona məxsus olan və qanuni əsaslarla yaşadığı mənzil üzərində, hüquqların qeydiyyatı üçün Cavabdeh2 adlı şəxsə saxta sənədlər, yəni eyni gündə 11 may 2018-ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyyə arayışı və Forma 2 arayışı verilmişdir. Həmin saxta sənədlərə əsasən mübahisəli mənzil üzərində Cavabdeh2 mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq bu barədə ona 14 iyun 2018-ci il tarixdə **********20-05301-093043 reyestr nömrəli çıxarış verilmişdir. Sənədlərin saxtalaşdırıldığını, həmin mənzil üzərində artıq onun hüququnu təsdiq edən Bakı şəhər İcra Hakimiyyətinin 12 dekabr 2002-ci il tarixli 674 nömrəli sərəncamının və 23 dekabr 2002-ci il tarixli 001763 saylı orderin olması sübut edir. Bundan başqa "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh2 verdiyi 11 may 2018-ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarışdan, maliyyə arayışından, F-2 arayışından görünür ki, kooperativ üzvlərinin ümumi iclasının keçirilməsi, mənzilin dəyərinin ödənilməsi, həm də Cavabdeh2 guya ki, başqalarına məxsus mənzilə köçüb yaşaması eyni günə təsadüf edir. Bu da öz növbəsində həmin sənədlərin və hərkətlərin eyni gündə aparılmasının mümkün olmadığını, yəni saxtalaşdırıldığını sübut edir. Eyni zamanda "xxxx" Mənzil Tikinti Kooperativinin təqdim etdiyi rəsmi sənədlərə əsasən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 12 dekabr 2002-ci il tarixli 674 nömrəli sərəncamının və yuxarıda göstərilən mənzilə sahiblik hüququnu təsdiq edən 001763 saylı 23 dekabr 2002-ci il tarixli orderin verildiyi, Kooperativin sədri tərəfindən vəzifəsindən suiistifadə edilməklə və sadəcə tamah məqsədi ilə nəzərə alınmamışdır. Halbuki, mənzildə yaşadığı 19 il ərzində cavabdeh MTK tərəfindən bütün ödənişlər qəbul edilmiş, nə Kooperativ, nə də Cavabdeh2 tərfindən mənzillə bağlı heç bir irad bildirilməmişdir. Beləliklə, "xxxx" Mənzil Tikinti Kooperativinin rəhbərliyi qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi, ev 14, giriş 1-də yerləşən 4 nömrəli mənzili aldatma və etibardan suiistifadə yolu ilə Cavabdeh2 satmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçı hüquqları pozulduğuna görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Azərbaycan Respublikasında 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Mənzil Məcəlləsindən əvvəl, qüvvədə olmuş Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 12 dekabr 2002-ci il tarixli 674 nömrəli sərəncamına əsasən 001763 saylı 23 dekabr 2002-ci il tarixli yaşayış orderi verilən zaman 1982-ci ilin məcəlləsi hələ də qüvvədə idi. Qanunvericilikdən göründüyü kimi onun hüquqlarının pozulmasının aradan qaldırılması üçün cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən, Cavabdeh2 mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün verilmiş 11 may 2018-ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolunun mübahisəli mənzilə aid hissədə, maliyyə arayışı və Forma-2 arayışı etibarsız hesab edilməlidir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 05 may 2023-cü il tarixə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi, ev 14, giriş 1-də yerləşən 4 nömrəli mənzilin Cavabdeh2 verilməsi barədə 11 may 2018-ci il tarixli qərarının, Forma-2 arayışının, həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi və məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Vəkil2 iddia tələbinin əsassız olduğunu bildirərək, onun rədd edilməsini xahiş etmiş, izahatında əlavə olaraq qeyd etmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlak Cavabdeh2 mülkiyyətinə qanuni əsaslarla verilmişdir və həmin əmlakın sonuncunun mülkiyyətinə verilməsinə əsas olmuş sənədlərin və eyni zamanda həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq o (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı verilmiş 23 dekabr 2002-ci il tarixli 001763 №-li Orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Naxçıvani küçəsi, ev 14, giriş 1, 2-ci mərtəbədə yerləşən 3 otaqlı 81,54 m2 olan mənzil İddiaçı verilmişdir. Orderin verilməsinə əsas: BŞİH-nin xx.xx.2002-ci il tarixli 674 №-li sərəncamıdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2021-ci il tarixli 7-5258/17 №-li Arxiv arayışından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli 674 №-li sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2002-ci il tarixli 12B №-li protokolu təsdiq edilmişdir. xx.xx.2002-ci il tarixli 12B №-li protokol ilə "xxxx" MTK-nın üzvü İddiaçı order verilməsi barədə Komissiya tərəfindən razılıq verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 dekabr 2021-ci il tarixli **********30 №-li arayışın təqdim edilməsi barədə məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzil xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Həmin məktuba əlavə edilmiş "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 11 may 2018-ci il tarixli Protokolundan Çıxarışdan görünür ki, Cavabdeh2 MTKya üzv qəbul edilməsi, ona MTK-nın Ə.Naxçıvani küçəsi, ev 14 kooperativ yaşayış binasında 1-ci giriş, 2-ci mərtəbə, yaşayış sahəsi 95,76 kv.m, ümumi sahəsi 170.82 kv.m olan 4 otaqlı 4 saylı mənzilin verilməsi və çıxarışa 1 nəfər ailə tərkibində (özü Cavabdeh2) daxil edilməsi və sənədlərin payçıya çıxarış verilməsi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin BŞƏİ-nə təqdim edilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh2 verilmiş 11 may 2018-ci il tarixli 015/18 №-li Forma 2 Arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən 14 №-li evin 4 №-li mənzilində yaşayır. Bina "xxxx" MTK-ya məxsusdur. Sahibi Cavabdeh2dur və onun ailəsi 1 nəfərdən ibarətdir. Həmin məktuba əlavə edilmiş "xxxx" Mənzil Tikinti Kooperativinin 11 may 2018-ci il tarixli Maliyyə Arayışından görünür ki, ünvan 2 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 1 giriş, 2-ci mərtəbəsində ümumi sahəsi 170.82 kv.m, yaşayış sahəsi 95,76 kv.m olan 4 otaqlı 4 saylı mənzilin pay dəyəri "xxxx" MTK-ya payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, giriş 1-də yerləşən 170.92 m2 olan mənzil 4 (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 19, M2, m4) Cavabdeh2 xüsusi mülkiyyətindədir və həmin mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2880 nömrəli reyestr kitabının 268697 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-5564/2022 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı, İddiaçı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" Mənzil Tikinti Kooperativi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın və həmin sərəncam əsasında verilmiş orderin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərarın əsaslandırıcı hissəsində göstərilir ki, “iddiaçının 2018-ci il tarixli sənədlərində mübahisə predmeti mənzil 4 otaqlı, ümumi sahəsi 170,82 kv.m., yaşayış sahəsi 95,76 kv.m kimi qeyd edilsə də, üçüncü şəxs İddiaçı 2002-ci il tarixli sənədlərində həmin mənzil 3 otaqlı, yaşayış sahəsi 81,54 kv.m. olaraq göstərilmişdir. Məhkəmə icraatı zamanı qeyd edilən uyğunsuzluqla bağlı mübahisə predmeti mənzildə və həmin mənzilin yerləşdiyi binada yerində müayinə keçirilmişdir. Müayinə zamanı, həmin 4 saylı mənzilin 3 otaqdan, bir mətbəx otağından, 3 eyvandan, dəhlizdən və sanitar qovşağından ibarət olduğu, həmçinin həmin mənzilin yuxarısında, 3-cü mərtəbədə yerləşən mənzilin isə mübahisə predmeti mənzildən fərqli olaraq 4 otaqdan ibarət olması, otaqların və digər köməkçi sahələrin yerləşmə vəziyyətinə görə iş materiallarında olan iddiaçının mənzilinə dair tərtib edilmiş **********20-05301-093043 nömrəli, xx.xx.2018-ci il tarixli texniki pasporta uyğun olması müəyyən edilmişdir. Eyni zamanda həmin mənzillərin yerləşdiyi binaya xarici müşahidə zamanı 2-ci mərtəbədə yerləşən mənzillərin eyvanlarının yuxarı mərtəbələrdə olan mənzillərin eyvanlarından fərqli ölçüdə olduğu, 4 saylı mənzilin qonşuluğundakı 5 otaqlı (3 saylı) mənzilin ölçüsünün digər mərtəbələrdəki 5 otaqlı mənzillərin ölçüsündən böyük olması (xarici müşahidə zamanı müvafiq digər mənzillərin eyvanları ilə müqayisədə 4 saylı mənzilin eyvanın balaca olması, 3 saylı mənzilin eyvanının isə əksinə daha böyük olması) aşkar edilmişdir. Yəni, mübahisə predmeti mənzilin hal-hazırkı vəziyyətdə iddiaçının deyil, üçüncü şəxs İddiaçı sənədlərinə uyğun olması, lakin binanın digər mərtəbələrində olan mənzillərdən fərqlənməsi (4 saylı mənzilin müəyyən hissəsinin 3 saylı mənzilə qatılması ilə ölçüsünün digər mərtəbələrlə müqayisədə az olması, 3 saylı mənzilin isə əksinə, böyük olması) müəyyən edilmişdir. Mübahisəli mənzilə dair iddiaçının və üçüncü şəxs İddiaçı sənədlərinin mötəbərliliyinə qiymət verilməsi və hazırkı iddianın həlli üçün yuxarıda qeyd edilən fərqliliyin nə zaman mövcud olması, başqa sözlə, iddiaçının 2018-ci ildə mənzili alarkən həmin 4 saylı mənzilin hansı vəziyyətdə olmasının müəyyən edilməsi zərəti yaranmışdır. İş materiallarında olan, "xxxx" MTK ilə bağlanmış 2001-ci ilə dair müqavilələrin surətlərindən müəyyən olunur ki, həmin binanın 2-ci mərtəbəsində yerləşən, 3 saylı 5 otaqlı mənzil ümumi sahəsi 224,87 kv.m. olmaqla, həmin mənzilin yuxarısında 3-cü mərtəbədə yerləşən 7 saylı 5 otaqlı mənzildən (215,11 kv.m.) böyükdür. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş, həmin binanın 2- ci mərtəbəsində yerləşən, 3 saylı 5 otaqlı mənzilə dair sənədlərdən görünür ki, mənzilin ümumi sahəsi 224,87 kv.m.-dir. Həmin 3 saylı mənzilə dair tərtib edilmiş 2004-cü il tarixli texniki pasportda mənzilin planına nəzər yetirdikdə, xüsusi bilik tələb edilmədən müəyyən etmək mümkündür ki, həmin mənzilin planı ilə hazırda iddiaçının mənzilinin **********20-05301-093043 nömrəli, xx.xx.2018-ci il tarixli texniki pasportunda göstərilmiş mənzilin planı bir-birini tamamlamır və üst-üstə düşən hissələr (eyvan və otaq) var. Halbuki, 3 və 4 saylı mənzillər qonşuluqda yerləşdiyindən birbirini tamamlamalı, yəni üst-üstə düşməməlidir. Həmin 3 saylı mənzilin 2004-cü ildə tərtib edilmiş planı, yerində müayinə zamanı aşkar edilmiş hazırkı vəziyyətə uyğundur. Qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisəli 4 saylı mənzili üçüncü şəxs İddiaçı alarkən hazırkı vəziyyətinə (3 otaqlı və sahəsi iddiaçının sənədlərindən göstərilənlə müqayisədə daha az) uyğun olmuşdur və həmin sənədlərin mötəbərliyi heç bir şübhə doğurmur. Əksinə, iddiaçının sənədlərinin, o cümlədən texniki pasportun 2018-ci ildə mənzilin vəziyyətinə uyğun olmaması məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən sərəncamın və orderin verilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilmədi. Qeyd olunan sərəncamın və orderin ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir”. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 14, giriş 1-də yerləşən, 4 nömrəli mənzil Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı verilmiş 23 dekabr 2002-ci il tarixli 001763 №-li Orderi əsasında İddiaçı verilmişdir. Eyni zamanda "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 11 may 2018-ci il tarixli Protokolundan Çıxarışa, 11 may 2018-ci il tarixli 015/18 №-li Forma 2 Arayışına və 11 may 2018-ci il tarixli Maliyyə Arayışına əsasən mübahisəli mənzilə dair Cavabdeh2 xüsusi mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2880 nömrəli reyestr kitabının 268697 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhz bu səbəbdən iddiaçı hazırkı mülki işin başlanmasına əsas olmuş iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla belə hazırkı işə baxılan zaman Cavabdeh2 “Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli, 674 nömrəli sərəncamının və həmin sərəncam əsasında verilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2002-ci il tarixli, 001763 nömrəli orderinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-5564/2022 saylı qərarı ilə isə onun həmin iddiası təmin edilməmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı mübahisəli mənzilin Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 23 dekabr 2002-ci il tarixli 001763 №-li Order əsasında özünə məxsus olduğunu, mənzildə təmir işləri aparılaraq ailəsi ilə birlikdə orada yaşadığını, lakin sonradan cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ona məxsus həmin mənzilə dair digər Cavabdeh2 adına verilmiş saxta sənədlər – 11 may 2018-ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyyə arayışı və Forma 2 arayışı əsasında daşınmaz əmlakın dövlət reyestrində onun (cavabdehin) adına əsassız qeydiyyat aparıldığını iddia etməklə hazırkı iddia tələblərini irəli sürmüşdür. Bu mənada məhkəmə hesab edir ki, mübahisənin obyektiv həlli üçün ilk növbədə mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydə alınmasına əsas olmuş sənədlərin cavabdehə düzgün verilib-verilməməsinin (saxta olub-olmamasının) araşdırılması zəruridir. İşin hallarından göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli 2-1(112)-5564/2022 saylı qərarı ilə mübahisə predmeti mənzilin hal-hazırkı vəziyyətdə cavabdeh (həmin inzibati işdə iddiaçı) Cavabdeh2 deyil, iddiaçı (həmin inzibati işdə üçüncü şəxs) İddiaçı sənədlərinə uyğun olması müəyyən edilmiş, o cümlədən həmin mənzilin sənəd üzrə cavabdeh İddiaçı satılması zamanı da hazırkı vəziyyətinə uyğun olması – bir sözlə mənzilin cavabdehə aid sənədlərdəkinin əksinə 4 otaqlı deyil, 3 otaqlı olması və həmçinin mənzilin sahəsinin də cavabdehin sənədlərində göstərilənlə müqayisədə daha az olması təsbit olunmuşdur. Digər tərəfdən mənzilin bu illər ərzində iddiçının sahiblik və istifadəsində olduğu, onun ailə üzvləri ilə orada yaşadığı da işin mübahisəsiz halıdır. Göstərilənlər onu deməyə əsas verir ki, mübahisə predmeti mənzilə dair Cavabdeh2 adına 2018-ci ildə verilmiş sənədlər mənzilin həmin zamankı vəziyyətinə uyğun olmamış, əksinə mənzil həm hüquqi və həm də faktiki olaraq başqasına (iddiaçının) aid olmuşdur. Başqa sözlə, cavabdehin adına verilmiş sənədlər həqiqəti əks etdirməməklə saxta olmuş və formal olaraq (kağız üzərində) verilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus mənzilə dair sonradan cavabdehin adına həqiqətə uyğun olmayan saxta sənədlərin verilməsi faktı sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1 və 139-1.1.6-cı maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsaslardan biri mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) hesab olunur. 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi, ev 14, giriş 1-də yerləşən 4 nömrəli mənzilin Cavabdeh2 verilməsi barədə digər cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 11 may 2018-ci il tarixli qərarı və Forma 2 Arayışı etibarsız hesab edilməlidir. Həmin sənədlər etibarsız olduqlarından onların əsasında Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li Çıxarış da etibarsız hesab olunmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməsi nəzərə alınaraq, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi, ev 14, giriş 1-də yerləşən 4 nömrəli (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsi, 19, M2, mənzil 4) mənzilin Cavabdeh2 verilməsi barədə digər cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 11 may 2018-ci il tarixli qərarı və Forma 2 Arayışı, o cümlədən həmin sənədlər əsasında Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li Çıxarış etibarsız hesab olunsun. Cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativindən və Cavabdeh2 müştərək qaydada 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar