Məhkəmə qərarları › İş №e-2(001)-982/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-982/2025

17.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-982/2025 17.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh olan Cavabdeh 200.000 AZN pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun yaratmış olduğu "xxxx" MTK-nin çoxmərtəbəli ev tikmək üçün xx.xx.2005-ci il tarixli 107 nömrəli Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatından 107 nömrəli xx.xx.2005-ci il tarixli sərəncam almışdır. Həmin sərəncama uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 360-cı məhəllədəki yaşayış binasının layihələndirilməsi və tikintisi üçün 0,5 ha torpaq sahəsi istifadəsinə verilmişdir. Mənzil Tikinti Kooperativinin təsisçisi və rəhbəri olan İddiaçı səhhəti ilə əlaqədar olaraq bütün sənədləşmələrin aparılması və digər təşkilati məsələlərin həllini baş etibarnamə verərək X3 həvalə etmişdir, yəni artıq demək olar ki, payçıların da payçı kimi qəbul olunması, tikinti aparacaq təşkilatlarla müqavilə bağlanması məsələlərini də Vahid X1 həvalə etmişdir. Ayrılmış torpaq sahəsində yaşayan insanların oradan köçürülmələri, tikinti üçün zəruri olan sənədləşmələrin aparılması zamanı iş üzrə cavabdeh kimi cəlb edilən Cavabdeh X3 müraciət edərək həmin MTK-da 5% pay sahibi kimi qeydiyyata alınması üçün vəsait ödəyəcəyini bildirmiş və xahiş etdi ki, tikintinin aparılmasını da özü həyata keçirsin. Araların danışığa uyğun olaraq Cavabdeh ilkin olaraq 300.000 AZN ödəməli, tikinti işlərinə başlanan zaman isə daha 5000.000 ABŞ dolları ödəyib payçı kimi daxil ola bilərdi. X5 tikinti aparılacaq ərazini tam inşaat işləri üçün yararlı vəziyyətə gətirəndən və sənədləşmə işlərini bitirəndən sonra cavabdeh nə ilkin ödəməli olduğu 300.000 AZN vəsaiti vermiş, nə də 5000.000 ABŞ dollarını razılaşdıqları vaxt ərzində ödəməmiş və tikinti işlərini başlaya bilməmişlər, ərazi bir müddət boş qalmış və nəticədə tikinti işləri aparılması üçün "xxxx" MTK-ya ayrılmış torpaq sahəsinin içində “X14” MMC-nin adına başqa bir sərəncam ortaya çıxmış və tikinti aparılacaq torpaq sahəsi başqa təşkilat tərəfindən zəbt edilərək onların işlərə başlamalarına maneələr yaradılmışdır. Həmin maneələrin aradan qaldırılması və başlanmış tikintinin dayandırılması məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatına, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə müraciət olunmuş və bunların hər birinin müraciətlərinə baxması və məsələnin həlli üçün müəyyən müddətlər ötmüşdür ki, əgər cavabdehin aralarında olan razılaşmaya və götürdüyü öhdəliyə əməl etməməsi nəticəsində yuxarıda göstərilən çətinliklərə məruz qalmışlar. Aparılacaq tikinti işləri ləngidiyindən "xxxx" MTK müxtəlif məbləğlərdə zərərlərlə üzləşmişdir, yəni vaxtında cavabdehin öhdəliklərinə onun tərəfindən əməl olunmaması nəticəsində mənzil tikintisinə başlamaq ləngimiş və bununla da tikinti aparılacaq ərazinin bir hissəsinin başqa tikinti kooperativi tərəfindən zəbt olunaraq işlərinə əngəl törədilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 və vəkili Vəkil1 iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş iddiaçının yazılı vəsatəti əsasında dindirilmiş şahid X8 ifadəsində bildirdi ki, o, iddiaçının yaxın dostudur. Bu torpaqla sənədləşdirmədə o, şəxsən memar kimi iştirak etmişdir. Cavabdeh yatırımçı kimi həmin danışıqlarda iştirak etmişdir. Cavabdeh həmin torpaq sahəsinə maraq göstərmiş və bildirmişdir ki, həmin torpaq sahəsinə yatırım etmək istəyir. Görüşün hansı tarixdə olmasını dəqiq xatırlamır. Həmin görüşdə yalnız danışıqlar getmiş, hər-hansı bir behləşmə söhbəti olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının yazılı vəsatəti əsasında dindirilmiş şahid X10 ifadəsində bildirdi ki, o, iddiaçının qızıdır. Cavabdehi tanıyır, onu görmüşdür. Onun atası ilə anası cavabdehi xəstəxanada ziyarət edərkən, o, onların söhbətlərinə şahid olmuşdur. Cavabdeh torpaq sahəsinə investisiya etməli idi, 300000 manat ödəməyi söz vermişdi. Həmin tarixi dəqiq xatırlamır. Torpaqla bağlı sənədləşmə işlərinin olub-olmaması barədə məlumatı yoxdur. Hər-hansı bir behləşmə olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan: Bakı Şəhər İcra Hakimiyyəti Baçşısının xx.xx.2005-ci il tarixli 107 nömrəli sərəncamının surətindən görünür ki, Nəsimi RİH-in xx.xx.2005-ci il tarixli, 01-04/59 saylı razılıq məktubu, "xxxx" MTK-nın xx.xx.2005-ci il tarixli, 02 saylı müraciəti nəzərə alınaraq, Nəsimi rayonu, S.Vurğun küçəsi, 360-cı məhəllədə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0,5 ha torpaq sahəsi, icarə əsasında həmin MTK-nın istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubunun surətindən görünür ki, müraciətə baxılmış və bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ilə Ş.Abdullayev küçəsinin arasında,382-ci məhəllədə yerləşən 1,505 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 180 nömrəli Sərəncamı ilə icarə əsasında “X15” MMC-nin adına rəsmiləşdirilmişdir. Həmin ünvanda ayrılmış torpaq sahəsində icazəverici sənəd olmadan MMC tərəfindən tikinti-quraşdırma işləri aparıldığından tikinti işlərinin dayandırılması barədə Agentlik tərəfindən “Qərar” verilmiş və “Qərar”ın surəti Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.20-ci bəndinin tələbinə uyğun olaraq, tikinti əraziyə nəzarətin təmin olnması məqsədilə Nəsimi RİH-ə və Nəsimi RPİ-yə göndərilmiş və inzibati xəta haqqında Protokol tərtib edilmişdir. Müraciətində qaldırdığı məsələlər FHN-nin səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq mıhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(81)-808/2009 saylı qətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin X11 Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində xx.xx.2004-cü ildə 01.04.-P58-40184 sayla qeydiyyatdan keçmiş "xxxx" MTK-nın iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin X11 Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində xx.xx.2005-ci ildə 0105-P/109-42690 sayla qeydiyyatdan keçən "xxxx" MTK-nin qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilmısi, qətnamənin icrasının Vergilər Departamentinin Kommersiya X11 Qeydiyyatı İdarəsində həvalə edilməsi, ilkin iddiaçı "xxxx" MTK-nın iddiasının qalan hissəsinin təmin edilməməsi, xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən "xxxx" MTK-nın qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(103)-1000/2022 saylı qərardadının surətindən görünür ki, ilk iddia üzrə cavabdeh "xxxx" MTK-nın şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(81)-808/2009 saylı qərardadı ləğv edilmiş, iş ilk iddia üzrə cavabdehin prosessual müddətin bərpası barədə ərizəsinin icraata qəbul edilərək hüquq qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-568/2023 saylı qərardadının surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(81)-808/2009 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-1114/2023 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2-2(81)-808/2009 saylı qətnaməsi ilkin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-2(102)-292/2024 saylı qərarının surətindən görünür ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan 2004-cü il 24 may tarixində qeydiyyatdan keçən "xxxx" MTK-nın kassasiua şikayəti təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh olan 2005-ci il 7 aprel tarixində qeydiyyatdan keçən "xxxx" MTk-nın kassasiya şikayıti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-1114/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 490,26 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X7 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi hallan məhkəmə mövcud olmayan kımı rəod edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Göstərilənlərə əsasən, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdehin hüquqazidd əməli nəticəsində ona dəymiş zərər mötəbır sübutlarla əsaslanıdırla bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar