Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1000/2021 26.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah zamanı Bakı şəhəri, Qaradağ rayonu, Buta qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin içərisində tikdirdikləri və yaşadıqları 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 15 aprel 2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahlarından doğulmuş 18 iyun 2008-ci il təvəllüdlü X8 adlı bir övladları var. Cavabdehlə 13 ildən çox ailə münasibətləri olmuşdur və çox mehriban yaşamışlar. 2020-ci il dekabr ayının axırında yeni ilə görə Günel və övladları Füzuli rayonu Horadiz şəhərinə anasıgilə getmişlər. O da, 2021-ci il yanvar ayının 2-3-ü arası Horadiz şəhərinə getmişdir. Yeni ildən sonra Günel və övladları Bakı şəhərinə qayıtmışlar, o isə xəstə olduğundan qalıb müalicə olunmuşdur. Günelgil Bakıya qayıtdıqdan bir neçə gün sonra 10-cu PB-dən ona zəng gəlmişdir ki, ondan şikayət var. Kimin şikayət etdiyini soruşduqda, həyat yoldaşının şikayət etdiyini, içib onları incitdiyini demişlər. O isə bildirmişdir ki, neçə gündür rayondadır, müalicə olunur, necə olur ki, içib onları döydü. Müalicə olunub qayıtdıqda evə getmək istədikdə görmüşdür ki, evin qapısının kilidini dəyişdirmişlər və cavabdeh və qohumları onu evə buraxmamışlar. Daha sonra isə məhkəmədən ona məktub gəlmişdir ki, Cavabdeh boşanma iddiası verib. Halhazırda boşanma ilə bağlı mülki iş Qaradağ Rayon Məhkəməsinin hakimi Gülnar Əhmədovanın icraatındadır. O və cavabdeh hər ikisi Füzuli rayonundan məcburi köçkündürlər və Qaradağ rayonu Sahil qəsəbəsində bağça binasında məskunlaşmışlar. 2015-ci ilə qədər Sahil qəsəbəsində bağça binasında yaşamışlar. Daha sonra isə Buta qəsəbəsində ev tikib ora köçmüşlər. Qeyd edir ki, yaşadıqları Qaradağ rayonu Buta qəsəbəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 300 kv. m torpaq sahəsi Buta bələdiyyəsinin ümumi yığıncağının 28.11.2007-ci il tarixli 15 saylı qərarına əsasən X1 və istifadəsinə verilmişdir. Onlar 2015-ci ilin iyul ayında X9 həmin torpaq sahəsini etibarnamə ilə 6.500 manat verib satın almışlar. Belə ki, X18 həyat yoldaşı Cavabdeh 13.07.2015-ci il tarixli etibarnamə verərək Qaradağ rayonu Buta bələdiyyəsinin 28.11.2007-ci il tarixli 15 saylı qərarına əsasən onun sahibliyinə verilmiş Buta qəsəbəsi ərazisində yerləşən 300 m2 torpaq sahəsinə dair sənədləşdirmə, istifadə və sərəncam hüquqlarını Cavabdeh həvalə etmişdir. Torpaq sahəsini aldıqdan sonra orada 3 otaq, mətbəx və sanitar qovşaqdan ibarət fərdi yaşayış evi tikib ora köçmüşlər. Evin tikintisinə 7.500 manat xərc çəkmişdir. Evin içərisində yerləşən bütün mebel əşyalarını, məişət əşyalarını, mətbəx avadanlıqlarını və digər əşyaları özü almış, evi doldurmuşdur. Hal-hazırda onun yaşamağa başqa yeri yoxdur, cavabdehin və qohumlarının təqsiri ucbatından 6 ildir ki, yaşadığı evə daxil ola bilmir. Buna görə də, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmənin əvvəlki iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh və onun vəkili X5 əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməyib məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində yerləşən mübahisəli yaşayiş sahəsi tikiləndə iddiaçı tərəfindən ondan təxminən 590-700 manat dəyərində mal-material alınmışdır. İddiaçı mal-material olaraq ondan taxta, şüşə, dəmir qapı və dikt almışdır. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindilirmiş X6 ifadəsində bildirmişdir ki, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində yerləşən mübahisəli ev onun şəxsi vəsaiti hesabına inşa edilmiş, habelə evin hörgü işini o görmüşdür. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi isə təxminən 2017-ci ildə Sirac adlı şəxsdən alınmışdır. Cavabdeh həmin evdə iddiaçı ilə təxminən 4-5 ilə yaxın müddət ərzində birgə yaşamış, sonradan nikahları pozulmuş, ayılmışlar. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində yerləşən mübahisəli ev cavabdehin qardaşı X2 şəxsi vəsaiti hesabına inşa edilmiş, evin dam örtüyünün vurulması və suvaq işi onun tərəfindən görülmüşdür. Ev tamamlandıqdan sonra isə tərəflərin uşaqları xəstə olduğuna görə müvəqqəti olaraq onlara yaşayış üçün vermişdir. Məhkəmə tərəflərin izahatlarını, onların vəkillərinin çıxışlarını və şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2(002)-559/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı «nikahın pozulması, uşaqların onun himayəsində saxlanılması və aliment» tələbinə dair ilk iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 15 aprel 2007-ci il tarixdə Füzuli rayonu Horadiz qəsəbə İcra Nümayəndəliyində 14 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 18 iyun 2008-ci il təvəllüdlü X4 Cavabdeh yanında saxlanılması, 18 iyun 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi, alimentin 12.01.2021-ci il tarixdən tutulması, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ rayonu Buta qəsəbəsində yerləşən fərdi yaşayış evindəki birgə nikah dövründə əldə edilmiş daşınar əşyalar (kondisioner və s.) üzərində tərəflərin hər birinin 1/2 pay nisbətində hüquqları müəyyən edilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikaha daxil olaraq ailə qurmaları, birgə nikahdan övladlarının doğulması, sonradan münasibətləri pisləşdiyindən nikahlarının məhkəmə qaydasında pozulması, uşağın ananın yanında qalması, atadan ananın xeyrinə aliment tutulması, birgə nikah dövründə alınmış daşınar əşyalar üzərində paylarının müəyyən edilməsinə dair faktlar aşkardır, mübahisələndirilə və yenidən sübut edilə bilməz. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun birgə nikah zamanı Bakı şəhəri, Qaradağ rayonu, Buta qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin içərisində tikdirdikləri və yaşadıqları 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəməyə kommunal xidmətlərə və s. dair təqdim edilmiş qəbz və s. sənədlər hüquqmüəyyənedici sənədlər olmayıb, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı əvəz etmir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi, iddiaçının köçürülməsini tələb etdiyi tikili, həmçinin tikilinin yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş 15 may 2018-ci il tarixdə Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş AR-İ seriyalı, 584923 nömrəli etibarnamənin surətindən görünür ki, X18 Azərbaycan Respublikası Qaradağ rayonu, Puta bələdiyyəsi üzvlərinin yığıncağının 15 saylı protokolu və 28 noyabr 2007-ci il tarixli çıxarışa əsasən Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində yaşayış evinin tikintisi üçün ona ayrılmış 300 kv. m torpaq sahəsinə dair özəlləşdirmək üçün lazım olan bütün hərəkətləri etməklə, DT və XK dən kadastr planı almaqla, Dövlət Reyestrindən çıxarış, arayış forma 1 almaqla, sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi X3 etibar etmiş, bu səlahiyyətlər Cavabdeh ötürülmüşdür. Belə olduğu təqdirdə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-1000/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1000/2021
26.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver