Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1192/2025 14.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil və Cavabdeh MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxma dövrü üçün əməkhaqqının və gecikməyə görə pul vəsaitinin ödənilməsi tələblərinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxma dövrü üçün əməkhaqqının və gecikməyə görə pul vəsaitinin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2024-ci il tarixli, 717/24 ir nömrəli, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, iddiaçının işə bərpa edilməsi, işə bərpa olunan günədək məcburi işburaxma dövrü üçün əməkhaqqının və hər gecikdirilmiş gün üçün ödənilməli olan əməkhaqqı məbləğinin bir faizi məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı xx.xx.2002-ci il tarixində əmək müqaviləsi bağlayaraq Bakı Dərin Özüllər Zavodunda “5-ci dərəcəli quraşdırıcı” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2002-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2002-ci il tarixində cavabdeh ilə əmək müqaviləsi bağlayaraq “qaynaqçı” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2007-ci il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2007-ci il tarixində Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “üst tikililərin yığılması və quraşdırılması sexinə 5-ci dərəcə əl ilə elektrik qaynaqçısı” vəzifəsinə işə qəbul edilmiş, 2011-2012-ci illərdə müxtəlif vəzifələrdə çalışmış, xx.xx.2012-ci ildə tutduğu vəzifədən azad edilmişdir. Daha sonra iddiaçı cavabdeh ilə xx.xx.2012-ci il tarixində yenidən əmək müqaviləsi bağlayaraq, “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsinə işə qəbul edilmiş, xx.xx.2017-ci il tarixində tutduğu vəzifədən azad edilmiş, xx.xx.2017-ci il tarixində “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsinə yenidən işə qəbul olunmuşdur. İddiaçının cavabdeh ilə bağladığı xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilmiş, daha sonra iddiaçı yenidən eyni vəzifəyə xx.xx.2022-ci il tarixində işə qəbul olunmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən, müqavilə xx.xx.2022-ci il tarixinə qədər, yəni 1 ay müddətinə bağlanılmışdır. Tərəflər arasında əmək münasibətləri xx.xx.2024-cü il tarixinə qədər davam etdirilmiş, əmək müqaviləsinə həmin tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən, “əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə” xitam verilmişdir. Qeyd edir ki, işlədiyi müddət ərzində iddiaçı nümunəvi işçi olmuş, xx.xx.2015-ci ildə Cavabdeh qaynaqçı təsdiq test sertifikatına, xx.xx.2015-ci il – xx.xx.2018-ci illərdə abraziv və başlama təkərlərinin təhlükəsiz istifadəsi ilə bağlı beynəlxalq sertifikata layiq görülmüşdür. İşin faktiki hallarına nəzər saldıqda aydın olur ki, əmək müqaviləsinin bağlanılmasının 5 illik müddətinin yekununda və ya həmin müddətin yekununa az bir müddət qalmış iddiaçı ilə əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilmiş, bununla da cavabdeh süni olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinin tətbiqinin qarşısını almağa çalışmışdır (müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir). İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən, müqavilə xx.xx.2022-ci il tarixinə qədər, yəni 1 ay müddətinə bağlanılmışdır, halbuki həmin müqavilə müddət müəyyən edilmədən bağlanmalı idi. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlana bilməsi qeyd olunmuşdur. Lakin tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin işçi tərəfindən imzalanması, əmək müqaviləsinin müddətli bağlanmasına dair işçinin razılığı kimi qəbul edilə bilməz, müqavilədəki imza müddətə (1 aya) münasibətdə işçinin iradə ifadəsi sayıla bilməz. Beləliklə, əmək müqaviləsinin müddətə dair şərti (2.1-ci bəndi) uydurma sayılmalıdır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə, əmək müqaviləsinin həmin şərtə aid hissəsi uydurma (əhəmiyyətsiz) hesab olunmalı və müqavilə müddətsiz bağlanmış sayılmalıdır. Nəzərə alınmalıdır ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Odur ki, əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin (cavabdehin) xx.xx.2024-cü il tarixli əmri etibarsız hesab olunmalıdır. 27 yanvar 2025ci il tarixli, Bakı DOST Mərkəzi tərəfindən təqdim edilmiş arayışa əsasən iddiaçı işsiz kimi qeydiyyatdadır, 23 dekabr 2024-cü il tarixində işdən çıxarıldığı andan indiyə kimi iddiaçı işsizdir və heç bir gəliri yoxdur. Ona görə də əmrin etibarsız hesab edilməsi ilə yanaşı, işçi əvvəlki işinə bərpa edilməli, ona məcburi iş buraxma dövrü üçün əmək haqqı və əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz məbləğində pul ödənilməlidir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi əsassız olmuş və əmək qanunvericiliyinin normaları pozulmuşdur. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, Cavabdeh MMC tərəfindən iddiaçı ilə əmək müqaviləsi bağlanılarkən və əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin pozulması hallarına yol verilməmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə hər iki tərəfin qarşılıqlı razılığı ilə xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar, işəgötürənin xx.xx.2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Əmək qanunvericiliyində müddətli əmək müqaviləsinin bağlanılması imkanının müəyyən edilməsi məşğulluğa kömək, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət etməklə yanaşı, işəgötürənlərin müvəqqəti xarakterli ehtiyaclarının qarşılanmasına da imkan verir. Göründüyü kimi, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanılarkən və xx.xx.2024-cü il tarixdə həmin əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinə tam və düzgün şəkildə əməl olunmuşdur. Qeyd olunanlardan başqa, iddiaçı iddia ərizəsində onunla Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin xx.xx.2017-ci il tarixli əmrini və xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin xx.xx.2022-ci il tarixli əmrini mübahisələndirərək, cavabdehin süni olaraq həmin əmək müqavilələrinə xitam verib müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə çevrilməsinin qarşısını almağa çalışdığını göstərmişdir. İddiaçının bu tələbləri tamamilə əsassız hesab edilməlidir. Belə ki, Cavabdeh MMC tərəfindən iddiaçı ilə bağlanılmış xx.xx.2012-ci il və xx.xx.2017-ci il tarixli əmək müqavilələrinə iddiaçının öz xahişinə əsasən xitam verilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2017-ci il və xx.xx.2022-ci il tarixli ərizələri məhkəməyə təqdim edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqavilələrinin müddətləri ilə bağlı qeyd edir ki, Cavabdeh MMC yalnız sifariş əsasında müxtəlif müddətli layihələr icra edir, görülən işlər daimi xarakter daşımır, qaynaqçı peşəsi üzrə bütün işçilərlə müddətli müqavilə bağlanır, ayrı-seçkiliyə yol verilmir, icra edilən layihələrin müddətindən asılı olaraq vaxtaşırı onların sayı artır və ya azalır. Məsələn, 2022-ci ildə şirkətdə 2500 işçi (o cümlədən 500 qaynaqçı) olduğu halda, 2024-cü ilin sonunda bu rəqəm layihələrin yekunlaşması nəticəsində 1400 işçiyə (o cümlədən 200 qaynaqçıya) azalmışdır. Həqiqətən, 2024-cü ildə layihələr bitdiyinə və iş həcmi azaldığına görə əksər işçilərlə, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti uzadılmamışdır. Bütün işçilər də layihələrin müvəqqəti olduğunu, işin daimi xarakterə malik olmadığını bilirlər. Müqavilə bağlanarkən bu hallar işçilərə izah olunur, ona görə də işçilər müqavilə müddətinə etiraz etmirlər. Bəzi işçilərlə müddət bitəndə ailə vəziyyəti, peşəkarlığı nəzərə alınaraq, humanizm məqsədilə yeni müqavilə bağlanır, lakin işçi faktiki olaraq yeni layihə başlayanda işə başlayır, iddiaçıya da belə bir güzəşt olunmuşdur. İddiaçı ilə hər dəfə müddətli müqavilə bağlanmış, 2012-ci və 2017-ci ildə bağlanmış əmək müqavilələrinə öz xahişi ilə xitam verilmişdir. Əgər iddiaçı həmin əmək müqavilələrinə xitam verilməsini, habelə 2022-ci ildə bağlanmış əmək müqaviləsinin müddətli olmasını qanunsuz hesab edirdisə, həmin vaxt bu barədə aidiyyəti dövlət orqanına və ya məhkəməyə müraciət edə bilərdi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, İddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə, həmçinin əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin xx.xx.2017-ci il tarixli və xx.xx.2022-ci il tarixli əmrlərinə münasibətdə məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Qeyd edilən halı nəzərə alaraq, cavabdeh tərəf həmçinin iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir. Belə ki, iddiaçı tələbində xx.xx.2024-cü il tarixli əmrin etibarsız hesab edilməsini xahiş etsə də, onun tələbinin əsası kimi istinad etdiyi hallar faktiki olaraq xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə və xx.xx.2017-ci il, xx.xx.2022-ci il tarixli əmrlərə əsaslanır. Yəni, iddiaçı məhz xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə, həmçinin işəgötürənin xx.xx.2017-ci il və xx.xx.2022-ci il tarixli əmrlərinin verilməsi ilə hüquqlarının pozulmasına əsaslanaraq hazırki iddianı qaldırır. Buna görə də hesab edir ki, göstərilən hallar nəzərə alınaraq iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən Cavabdeh MMC işçi İddiaçı “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” vəzifəsinə işə qəbul etmiş, işçi həmin vəzifədə işləməyi və bu müqavilədə göstərilən hüquq və öhdəliklərə malik olmağı qəbul etmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, tərəflər bununla təsdiq edirlər ki, işçinin yerinə yetirməli olduğu iş müvəqqəti xarakter daşıyır və qarşılıqlı razılığa gəlirlər ki, müqavilə xx.xx.2012-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər bağlanmışdır. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən, bu əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. İş materiallarında olan xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən Cavabdeh MMC işçi İddiaçı əsas iş yeri olmaqla “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” vəzifəsinə işə qəbul etmiş, işçi həmin vəzifədə işləməyi və bu müqavilədə göstərilən hüquq və öhdəliklərə malik olmağı qəbul etmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər 1 (bir) ay müddətinə bağlanmışdır. Həmin müqavilənin 11.1-ci bəndinə əsaən, bu əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-nə ünvanladığı xx.xx.2017-ci il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı 1 (bir) ay xəbərdarlıq müddətini gözləmədən xx.xx.2017-ci il tarixindən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı 1 (bir) ay xəbərdarlıq müddətini gözləmədən xx.xx.2022-ci il tarixindən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən Cavabdeh MMC işçi İddiaçı əsas iş yeri olmaqla “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” vəzifəsinə işə qəbul etmiş, işçi həmin vəzifədə işləməyi və bu müqavilədə göstərilən hüquq və öhdəliklərə malik olmağı qəbul etmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər 1 (bir) ay müddətinə bağlanmışdır. Həmin müqavilənin 11.1-ci bəndinə əsaən, bu əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. İş materiallarında olan A seriyalı 426141 saylı diplomun surətindən görünür ki, İddiaçı elektrik qaz qaynaqçısı peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək orta təhsil almışdır. İş materiallarında olan peşə təlimi üzrə beynəlxalq sertifikatın surətindən görünür ki, İddiaçı aşındırıcı və cilalama çarxlarının təhlükəsiz istifadəsi üzrə kursu uğurla bitirmişdir. İş materiallarında olan İddiaçı dair BOS Şelf qaynaqçısının test təsdiq sertifikatının surətindən görünür ki, test hissələrinin müəyyən edilmiş kodlara və standartlara uyğun hazırlandığı və sınaqdan keçirildiyi təsdiq edilmişdir. İş materiallarında olan İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Cavabdeh LTD şirkətində qaynaqçı vəzifəsində işləmiş (xx.xx.2007-ci il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilmişdir); xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Cavabdeh MMC-də əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmiş (xx.xx.2017-ci il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2“a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir); xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmiş (xx.xx.2022-ci il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2“a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir); xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmişdir (xx.xx.2024-cü il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2 “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilmişdir). İş materiallarında olan Cavabdeh MMC-nin İddiaçı qarşı ünvanladığı xx.xx.2024-cü il tarixli “əmək müqaviləsinin müddətinin uzadılmaması barədə” xəbərdarlığın surətindən görünür ki, İddiaçı bildirilmişdir ki, onunla xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024cü il tarixdə başa çatacaqdır. Əmək müqaviləsinin müddəti uzadılmayacaq və xx.xx.2024-cü il tarixdə əmək münasibətləri başa çatacaqdır. Əmək müqaviləsinin müddətinin uzadılmaması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq İddiaçı bütün qanuni hüquqları və öhdəlikləri yerinə yetiriləcəkdir. İş materiallarında olan “Azari” Express tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-dən qəbul edilmiş zərf qaimə (868936) İddiaçı çatdırılmamış, səbəb kimi ünvana gedildiyi, lakin qeyd olunan şəxsin məktubu qəbul etməkdən imtina etdiyi göstərilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli 717/24 ir nömrəli İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 187036 nömrəli əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndində əsasən və 73-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada Cavabdeh MMC və işçi arasında bağlanmış əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdən ləğv edilməsi, işçi ilə son haqq-hesabın qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılaraq işçiyə bütün müvafiq sənədlərin təqdim edilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh MMC-nin nizamnaməsinin surətindən görünür ki, cəmiyyətin təsisçiləri ARDNŞ-nin “Şelflayihətikinti” İstehsalat Birliyi və “X2” şirkətidir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Bos Şelf şirkəti sifaris əsasında müxtəlif müddətli layihələr icra edir, görülən işlər daimi xarakter daşımır, qaynaqçı peşəsi üzrə bütün işçilərlə müddətli müqavilə bağlanır, heç bir ayrı-seçkiliyə yol verilmir, ona görə də icra edilən layihə müddətindən asılı olaraq vaxtaşırı onların sayı artır və azalır. Məsələn, 2022-ci ildə şirkətdə 2500 işçi (o cümlədən 500 qaynaqçı) olduğu halda, 2024-cü ilin sonunda bu rəqəm layihələrin yekunlaşması və aparılan ixtisarlar nəticəsində 1400 işçi (o cümlədən 200 qaynaqçı) olmuşdur. Bütün işçilər də layihələrin müvəqqəti olduğunu, işin daimi xarakterə malik olmadığını bilirlər. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddiaçı işçi ilə cavabdeh işəgötürən hüquqi şəxs arasında əvvəllər xx.xx.2012-ci il tarixli və xx.xx.2017-ci il tarixli müddətli (müvafiq olaraq altı aylıq və bir aylıq müddət müəyyən edilməklə) əmək müqavilələri bağlanmış, həmin müqavilələrə işçinin öz xahişi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işəgötürənin müvafiq olaraq xx.xx.2017-ci il tarixli və xx.xx.2022-ci il tarixli əmrləri ilə) xitam verilmişdir. Bundan sonra tərəflər arasında xx.xx.2022-ci il tarixdə yenidən müddətli əmək müqaviləsi bağlanmış, həmin müqavilənin 2.1-ci bəndində onun tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1 (bir) ay müddətinə bağlandığı qeyd olunmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli əmrinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə) həmin əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı, eyni vəzifədə uzun müddət işlədiyini, bu səbəbdən cavabdeh tərəfindən müqavilənin müddətsiz bağlanmalı olduğu halda, müddətli bağlandığını, ona görə də xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin müddətlə bağlı şərtinin işçinin iradəsinə uyğun olmadığını və həmin şərtə əsaslanan xx.xx.2024-cü il tarixli əmrin əhəmiyyətsiz hesab edilməli olduğunu əsas gətirərək, əmrin etibarsız hesab edilməklə işə bərpa edilməsini tələb etməkdədir. Cavabdeh tərəf isə müqavilənin tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlandığını, cavabdeh şirkətin yalnız sifaris əsasında müxtəlif müddətli layihələr icra etdiyini, görülən işlərin daimi xarakterə malik olmadığını, qaynaqçı peşəsi üzrə bütün işçilərlə müddətli müqavilələr bağlandığını və heç bir ayrı-seçkiliyə yol verilmədiyini, 2024-cü ildə layihələrin yekunlaşması ilə əlaqədar işçilərin sayının azaldığını, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanuni əsasla xitam verdiyini, eyni zamanda iddia müddətinin ötürüldüyünü əsas gətirərək iddia tələbinə etiraz etməkdədir. Məhkəmə, tərəflərin dəlillərinə mülki iş üzrə sübutlara əsasən hüquqi qiymət verərək hesab edir ki, əmrin etibarsız hesab edilməsi və işə bərpa barədə iddia tələbləri əsassız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4-1-ci maddəsinə əsasən, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 43.4-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən, aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinin b) bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli Qərarına əsasən, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilməlidir. Həmin Qərarda qeyd olunur ki, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdıraraq müəyyən edir ki, əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlandığı, müqavilənin işçinin iradəsinə zidd olaraq bağlanması barədə hər hansı mötəbər sübutun təqdim edilmədiyi, cavabdeh şirkətin yalnız sifaris əsasında müxtəlif müddətli layihələr icra etdiyi, qaynaqçı peşəsi üzrə bütün işçilərlə müddətli əmək müqavilələrinin bağlandığı və bu baxımdan iddiaçıya münasibətdə hər hansı ayrı-seçkiliyə yol verilmədiyi, 2024-cü ildə həqiqətən eyni peşə üzrə işçilərin sayının azaldığı, nəticə etibarilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanuni əsasla xitam verildiyi nəzərə alınaraq, əmrin etibarsız hesab edilməsi və işə bərpa barədə iddia tələbləri əsassız hesab olunaraq təmin edilməməlidir. Bundan əlavə, məhkəmə tərəflərin dəlillərinə hüquqi qiymət verərək müəyyən edir ki, iddiaçı tərəfin iddiasını əsaslandırdığı tələb üzrə (xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin müddətlə bağlı 2.1-ci bəndinin mübahisələndirilməsi və müqavilənin müddətsiz hesab edilməsi ilə bağlı tələb üzrə) iddia müddəti də ötürülmüşdür. Belə ki, müqavilənin müddətsiz bağlanmalı olduğunu iddia edən tərəfin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün məhz həmin müqavilənin bağlandığı tarixdir. Hazırda cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, qeyd olunan tələbin təmin edilməsi də mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-cü il tarixli Qərarına əsasən, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi imkanının müəyyən müddətlə məhdudlaşdırılmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarının tələblərinə əsasən, məhkəmə hesab edir ki, əmrin etibarsız hesab edilməsi və işə bərpa barədə iddia tələbləri əsassız hesab olunaraq təmin edilmədiyindən, məcburi işburaxma dövrü üçün əməkhaqqının və gecikməyə görə pul vəsaitinin ödənilməsi tələbləri də təmin edilə bilməz. Ona görə də İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxma dövrü üçün əməkhaqqının və gecikməyə görə pul vəsaitinin ödənilməsi tələblərinə dair iddiası təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxma dövrü üçün əməkhaqqının və gecikməyə görə pul vəsaitinin ödənilməsi tələblərinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-1192/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1192/2025
14.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver