Məhkəmə qərarları › İş №e-2(002)-1279/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1279/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1279/2022 15.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı3, onun və digər iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Firmasının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4 Cavabdeh Firmasına qarşı qeyri-yaşayış sahələrinin təhvil verilməsi tələbi barədə ilk iddiası, Cavabdeh Firmasının İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4 qarşı borcun qaytarılması tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4 Cavabdeh Firmasına qarşı qeyri-yaşayış sahələrinin təhvil verilməsi tələbi barədə ilk iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı3 xx.xx.2010-cu il tarixli, 5879 saylı və 5879A saylı müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu Stansiyasının cənubunda, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsində Sədərək Ticarət Mərkəzində yerləşən zona 1, sıra 9, korpus 2, 36 saylı qeyri-yaşayış sahəsinin; İddiaçı2 xx.xx.2009-cu il tarixli, 5613 saylı, xx.xx.2010-cu il tarixli, 5613A saylı müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu Stansiyasının cənubunda, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsində Sədərək Ticarət Mərkəzində yerləşən zona 1, sıra 10, korpus 2, 33 saylı qeyri-yaşayış sahəsinin; İddiaçı4 xx.xx.2009-cu il tarixli, 5614 saylı müqaviləyə və İddiaçı1 Xudavedi oğluna xx.xx.2010-cu il tarixli, 5614A saylı müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu Stansiyasının cənubunda, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsində Sədərək Ticarət Mərkəzində yerləşən zona 1, sıra 10, korpus 2, 35 saylı qeyri-yaşayış sahəsinin; İddiaçı1 xx.xx.2009-cu il tarixli, 5617 saylı və xx.xx.2010-cu il tarixli, 5417A saylı müqavilələrə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu Stansiyasının cənubunda, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsində Sədərək Ticarət Mərkəzində yerləşən zona 1, sıra 10, korpus 3, 65 saylı qeyri-yaşayış sahəsinin; İddiaçı1 xx.xx.2009-cu il tarixli, 5618 saylı və xx.xx.2010-cu il tarixli, 5618A saylı müqavilələrə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu Stansiyasının cənubunda, Lökbatan- Xocasən yolunun cənub-şərq hissəsində Sədərək Ticarət Mərkəzində yerləşən zona 1, sıra 10, korpus 3, 63 saylı qeyri-yaşayış sahəsinin Cavabdeh Firması tərəfindən təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Firması iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4 qarşı borcun qaytarılması tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, ilk iddia üzrə iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4 ilk iddia üzrə Cavabdeh Firmasına qarşı qeyri-yaşayış sahələrinin təhvil verilməsinə dair ilk iddia tələblərinin rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3 ilə Cavabdeh Firması arasında bağlanılmış xx.xx.2010-cu il tarixli 5879 saylı müqaviləyə (1z, 9s, 2k, 36 nömrəli, 40 kv.m) əsasən ödənilməmiş 28500 manat qalıq borcun və ödənilmiş 175,5 manat dövlət rüsumunun İddiaçı3 tutularaq Cavabdeh Firmasına ödənilməsi, xx.xx.2021-ci il tarixli 51 saylı kassa məxaric orderi əsasında ona Firma tərəfindən borc verilmiş 166000 manat pul vəsaitinin və ödənilmiş 456 manat dövlət rüsumunun İddiaçı3 tutularaq Cavabdeh Firmasına ödənilməsi; qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ilə Cavabdeh Firması arasında bağlanmış xx.xx.2009-cu il tarixli 5613 saylı və xx.xx.2010-cu il tarixli 5613A saylı müqavilələrə (1z, 10s, 2k, 33 nömrəli, 60 kv.m) əsasən ödənilməmiş 2090 manat qalıq borcun və müqavilənin 3.4-cü bəndinə əsasən ödəniş vaxtı keçmiş haqqın 0,2% məbləğində dəbbə pulunun, yəni 4577,1 manatın, cəmi 6667,1 manatın (son üç il üçün) və ödənilmiş 86,67 manat dövlət rüsumunun İddiaçı2 tutularaq Cavabdeh Firmasına ödənilməsi; qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı4 ilə Cavabdeh Firması arasında bağlanılmış xx.xx.2009-cu il tarixli 5614 saylı müqaviləyə əsasən ödənilməmiş 20600 manat qalıq borcun və ödənilmiş 151,8 manat dövlət rüsumunun İddiaçı4 tutularaq Cavabdeh Firmasına ödənilməsi; qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilə Cavabdeh Firması arasında bağlanılmış xx.xx.2009-cu il tarixli 5618 saylı müqavilə üzrə ödənilməmiş 5000 manat borcun və müqavilənin 3.4-cü bəndinə əsasən ödəniş vaxtı keçmiş haqqın 0,2% məbləğində dəbbə pulunun, yəni 10950 manatın, cəmi 15950 manatın və ödənilmiş 137,88 manat dövlət rüsumunun İddiaçı1 tutularaq Cavabdeh Firmasına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil ilk iddia tələblərini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh Firması ilə İddiaçı3 arasında xx.xx.2010-cu il tarixli 5879 saylı, xx.xx.2010-cu il tarixli 5879A saylı; İddiaçı2 ilə xx.xx.2009-cu il tarixl 5613 saylı, xx.xx.2010-cu il tarixli 5613A saylı; İddiaçı4 ilə xx.xx.2009-cu il tarixli 5614 saylı; İddiaçı1 ilə xx.xx.2009-cu il tarixli 5613, 5613A, 5614, 5616, 5617, 5617A saylı, xx.xx.2010-cu il tarixli 5414A və 5618A saylı müqavilələr bağlanmış, hər bir müqavilə üzrə qeyri-yaşayış sahələrinin dəyəri tam ödənilməklə, müqavilələrə əsasən sifarişçilər Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu Stansiyasının cənubunda Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsində tikintisi başa çatmaqda olan Yeni Ticarət Mərkəzində gələcəkdə ticarət fəaliyyəti ilə məşğul olmaq üçün ərizədə göstərilən qeyri-yaşayış sahəsinə uyğun olaraq istifadə hüququ almışlar. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, iddiaçılar tərəfindən dəyəri tam ödənilməklə əldə olunan qeyri-yaşayış sahələrində tikintinin başa çatmasına, məhkəmə mübahisələri zamanı həmin istifadə hüquqlarının girov predmeti olmasına baxmayaraq, cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahələri təhvil verilməmiş və bu vəziyyət iddiaçıların əmlakından istifadəsinə əsaslı maneələr yaratmışdır. Belə ki, cavabdehin qeyri-yaşayış sahəsinin istifadəsinə maneələr yaratması onların mülkiyyət hüquqlarının pozulmasına yol açır. Onun və digər iddiaçıların qanunla qorunan hüquq və mənafelərinə zidd olmaqla yanaşı, onların əmlak və mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur. Məlumat üçün qeyd edir ki, "xxxx" ASC ilə İddiaçı3 arasında xx.xx.2015-ci il tarixdə 108/15/PB/YF nömrəli kredit müqaviləsi bağlanmış, verilmiş kreditin təminatı olaraq Sədərək Ticarət Mərkəzində yerləşən 1-ci zonadakı müxtəlif nömrəli və müxtəlif sahədən ibarət qeyri-yaşayış sahəsinə (dükana) olan hüquqlar girov qoyulmuşdur. Bundan başqa, "xxxx" ASC ilə İddiaçı3 arasında xx.xx.2014-cü il tarixdə 052/14/PB/YF nömrəli kredit müqaviləsi bağlanmış, verilmiş kreditin təminatı olaraq Sədərək Ticarət Mərkəzində yerləşən 1-ci zonadakı müxtəlif nömrəli və müxtəlif sahədən ibarət qeyriyaşayış sahəsinə (dükana) olan hüquqlar girov qoyulmuşdur. Qeyd olunanlara əsasən, ilk iddia tələblərinin təmin edilməsini xahiş edir. Eyni zamanda qarşılıqlı iddia tələblərinə etiraz edir. Belə ki, Cavabdeh Firması qeyri-yaşayış sahələrinə dair müqavilələr üzrə borc tələbi ilə bağlı iddia müddətini ötürmüşdür. 2009-2010-cu illərdə bağlanmış müqavilələr üzrə müqavilə münasibətləri sonradan pozulmaqla borcun tələb edilməsi üçün iddia müddəti keçdiyindən, İddiaçı3 28500 manat, İddiaçı2 6667,1 manat, İddiaçı4 20600 manat, İddiaçı1 15950 manat pulun tutulması hissəsində qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Bununla yanaşı, qarşılıqlı iddia ərizəsindən görünür ki, guya İddiaçı3 166000 manat məbləğində borc verilmişdir. Cavabdeh Firması təqdim etdiyi xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən ona borc verildiyini bəyan edirsə, istinad etdiyi bu hala dair mötəbər sübutlar təqdim etməlidir. Məhz bu halla bağlı yalnız kassa məxaric orderi mövcuddur. Halbuki, bu barədə yazılı formada bağlanmış borc müqaviləsi olmalı, ödəniş nağdsız qaydada edilməli, Firmanın balansından borc məqsədilə pul çıxarılmalı idi. İddiaçı3 özü də həmin tarixdə qeyd olunan məbləğdə borc aldığını inkar etmiş, kassa məxaric orderində olan imzanın ona məxsus olduğunu qeyd etsə də, həmin sənədin texniki vasitələrlə tərtib edildiyini bildirmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən ilk iddia tələblərinin təmin edilməsi, qarşılıqlı iddia tələblərinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı3 izahatında bildirdi ki, 2009-2010-cu illərdə o, Cavabdeh Firmasından 7 mağaza, daha sonra isə 2 mağaza almışdır. Mağazaların dəyərini qismən ödədikdən sonra, 2 mağazanı geri qaytarmış və qalan borcu şirkət tərəfindən silinmişdir. Belə ki, iki mağazaya ümumilikdə 60 min manat xərc çəkmişdir. Daha sonra isə 6 mağaza daha almışdır. Həmin mağazalara görə də qismən ödəniş etmişdir. Ümumiyyətlə, onun Cavabdeh Firmasının rəhbərlərindən biri ilə sıx biznes əlaqələri olmuş, bir milyon manatdan artıq həcmdə birgə fəaliyyət həyata keçirmişlər. Bir müddət sonra Cavabdeh Firmasında vergi yoxlamaları başlamışdır, həmin dövrdə vergi orqanı tərəfindən ona əsassız təzyiqlər olmuşdur. O, mallarını götürüb mağazalarını boşaltmış, 2015-2016-cı illərdə Cavabdeh Firmasında olan fəaliyyətini dayandırmışdır. Boşaltdığı mağazaları isə başqa şəxslərə icarəyə vermişdir. İcarə haqlarını Cavabdeh Firması mağazalardan yığırdı və o da gedib oradan götürürdü. 07 aprel 2021-ci ildə cəmi 6 min manat pul götürmüşdür, bu pul icarə pulu idi, bu barədə kitaba imza atmışdır. 07 aprel 2021-ci il tarixli qəbzdə olan imza onun imzasıdır. Lakin bu imza həmin tarixdə atılmamışdır. Təxminən 2014 və ya 2015-ci ildə Cavabdeh Firmasının rəhbərlərindən birinin kabinetində oturarkən boş dayanmamaq üçün ağ kağıza imza atırdı, ondan imzanın çox qəşəng olduğunu deyərək başqa bir boş kağıza imza atmasını xahiş etdilər, o da imza atmışdır. Hesab edir ki, sonradan onu qəbz formasına gətiriblər. O, həmin tarixdə cəmi 6 min pul almışdır, 166 min borc almamışdır. 166 min borc barədə qəbzdəki imza onun olsa da, qəbzi saxta yolla texniki vasitələrlə tərtib ediblər. Qarşılıqlı iddia üzrə cavabdehlərdən yalnız oğlu İddiaçı1 2-3 min manat arası borcu qalmış ola bilər, digərlərinin isə müqavilələr üzrə heç bir borcu yoxdur. Qeyd olunanlara əsasən, məhkəmədən ilk iddia tələblərinin təmin edilməsi, qarşılıqlı iddia tələblərinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh Firmasının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 izahatında bildirdi ki, qeyri-yaşayış sahələrinin təhvil verilməsinə dair ilk iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçılar tərəfindən iddia müddətləri buraxılmışdır, həmçinin onlar müqavilə üzrə ödəniş öhdəliklərini icra etməmişlər. İddia ərizəsində on müqavilə üzrə beş ticarət obyekti tələb olunur. İlk iddia ərizəsində iddiaçılar Cavabdeh Firması ilə 10 (on) müqavilə bağladıqlarını iddia etsələr də, həmin 10 (on) müqavilənin bağlanılmasını və bağlanılıbsa həmin müqavilələr üzrə hansı məbləğdə pulun ödənilməsini əsaslandıra bilməmişlər. İddiaçılar hər hansı müqavilənin əslini və ya təsdiq olunmuş surətini təqdim etməmiş, məhkəmə sorğusuna əsasən "xxxx" BOKT ASC-də və Cavabdeh Firmasında olan müqavilələrin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Halbuki, müqavilə bağlayan tərəf kimi ilk iddia üzrə iddiaçılarda müqavilələrin bir surəti olmalı idi. Belə ki, Cavabdeh Firması ilə bağlanılmış müqavilələrin 7.2-ci bəndində qeyd olunur ki, müqavilələr 2 nüsxədə tərtib olunmuşdur və hər iki tərəfdə bir nüsxə saxlanılır. İşin faktiki hallarına diqqət edilən zaman müəyyən edilir ki, iddiaçılar Firmaya ərizə ilə müraciət edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün onlara yer ayrılmasını xahiş etmişlər. Cavabdeh Firması ilə İddiaçı3 arasında xx.xx.2010-cu il tarixli 5879 nömrəli, İddiaçı4 ilə xx.xx.2009-cu il tarixli 5614 nömrəli, İddiaçı2 ilə xx.xx.2009-cu il tarixli 5613 saylı və xx.xx.2010-cu il tarixli 5613A saylı, İddiaçı1 ilə xx.xx.2009-cu il tarixli 5618 nömrəli müqavilələr bağlanmışdır. Müqavilələr bağlanılsa da, qarşılıqlı iddia üzrə cavabdehlərə müvafiq qaydada ticarət obyektləri verilsə də və onlar tərəfindən istifadə olunsa da, müqavilələr üzrə öhdəliklər onlar tərəfindən yerinə yetirilməmiş və pul ödənilməmişdir. İddiaçı3 ilə Cavabdeh Firması arasında bağlanılmış xx.xx.2010-cu il tarixli 5879 nömrəli müqavilənin 1.1.-ci bəndinə əsasən 40 kv.metr olan qeyri-yaşayış sahəsinin güzəştli şərtlərlə İddiaçı3 istifadəsinə verilməsinə (1z, 9 s, 2 k, 36 saylı mağaza) görə İddiaçı3 Cavabdeh Firmasına 36000 (otuz altı min) manat pul vəsaiti ödəməli idi. Lakin İddiaçı3 tərəfindən Cavabdeh Firmasına cəmi 7500 (yeddi min beş yüz) manat pul vəsaitinin ödənilməsinə baxmayaraq, müqavilə üzrə 28500 (iyirmi səkkiz min beş yüz) manat qalıq borc bu günə kimi ödənilməmişdir. İddiaçı2 ilə Cavabdeh Firması arasında bağlanılmış xx.xx.2009-cu il tarixli 5613 nömrəli müqavilənin 1.1.-ci bəndinə əsasən 60 kv.metr olan qeyri-yaşayış sahəsinin İddiaçı2 istifadəsinə verilməsinə görə (1-ci zona, 10cu sıra, 33 saylı, 60 kv.m olan) Cavabdeh Firmasına 38400 (otuz səkkiz min dörd yüz) manat pul vəsaiti ödəməli idi, lakin onun tərəfindən qeyd olunan müqavilə üzrə cəmisi 5000 manat ödənilmişdir. Onun Firmaya 33400 manat borcu yaranmışdır. İddiaçı2 müqavilə üzrə öhdəliklərini davam etdirmək niyyətində olduğu üçün təkrar Firmaya müraciət etmiş və müqavilənin şərtlərinə yenidən baxılmasını istədiyinə görə onun müraciəti əsasında yeni müqavilə bağlanılmışdır və bu zaman müqavilənin qiyməti dəyişərək 42000 manat olmuşdur. Yeni müqavilə xx.xx.2010-cu il tarixində 5613A nömrəsi ilə bağlanmışdır və İddiaçı2 5000 manatdan əlavə olaraq xx.xx.2010-cu il tarixdə 16800 manat və xx.xx.2011-ci il tarixində 18110 manat, cəmisi 39910 manat ödəmişdir. Bundan sonra yeni müqavilə, 5613A saylı müqavilə üzrə onun borcu 2090 manat qalmışdır. Faktiki olaraq 5613 saylı xx.xx.2009-cu il tarixli müqavilə xx.xx.2010-cu il tarixində 5613A saylı müqavilə ilə əvəzlənmiş və digər müqavilə üzrə xx.xx.2009-cu il tarixli 5613 nömrəli müqavilədəki öhdəliklər yeni müqaviləyə keçmişdir. Qeyd edir ki, 5613 və 5613A nömrəli müqavilələr bir mağaza üçün bağlanılmışdır. İddiaçı4 ilə Cavabdeh Firması arasında bağlanmış xx.xx.2009-cu il tarixli 5614 nömrəli müqavilənin 1.1.-ci bəndinə əsasən 40 kv.metr olan qeyri-yaşayış sahəsinin güzəştli şərtlərlə İddiaçı4 istifadəsinə verilməsinə görə Cavabdeh Firmasına 25600 (iyirmi beş min altı yüz) manat pul vəsaiti ödəməli idi. Lakin İddiaçı4 tərəfindən Cavabdeh Firmasına 5000 (beş min) manat pul vəsaiti ödənilmiş və müqavilə üzrə firmaya olan 20600 (iyirmi min altı yüz) manat qalıq borc bu günə kimi ödənilməmişdir. İddiaçı1 ilə Cavabdeh Firması arasında bağlanılmış xx.xx.2009-cu il tarixli 5618 nömrəli müqavilənin 1.1.-ci bəndinə əsasən 30 kv.metr olan qeyri-yaşayış sahəsi güzəştli şərtlərlə İddiaçı1 istifadəsinə verilməsi üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinə (1z, 10s, 3k, 63 saylı 30 kv.m mağaza) görə İddiaçı1 Cavabdeh Firmasına 18000 (on səkkiz min) manat pul vəsaiti ödəməli idi. Lakin İddiaçı1 tərəfindən Cavabdeh Firmasına 13000 manat pul vəsaitinin ödənilməsinə baxmayaraq müqavilə üzrə firmaya olan 5000 (beş min ) manat qalıq borc bu günə kimi ödənilməmişdir. Müqavilə üzrə öhdəliklər heç bir iddiaçı tərəfindən tam yerinə yetirilməmişdir. Müqavilələr bağlandığı zaman həm Azərbaycan manatının ABŞ dollarına olan kursu fərqli olmaqla yanaşı, eyni zamanda inşaat materiallarının və s. qiyməti sonradan 3-4 dəfə artmışdır. Onlar tərəfindən müqavilə üzrə öhdəliklər, bilavasitə pul öhdəliyi vaxtında ödənilsəydi, Firma da öz maliyyə imkanlarını artırmış olardı və həmin pulu digər biznes sahəsinə yönəltmiş olardı. Müqavilələrin 2009 və 2010-cu illərdə bağlanıldığını və kreditin götürülməsinin 2015-ci ildə olduğunu da nəzərə alsaq, sual olunur ki, təxminən 5 il ərzində iddia ərizəsində qeyd edilən mağazalardan kim istifadə etmişdir? Əlbəttə ki, iddiaçılar və bilavasitə İddiaçı3. Eyni zamanda bildirir ki, iddiaçılar tərəfindən aylıq icarə haqları da ödənilməmişdir və onlar tərəfindən icarə haqlarının ödənilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Təqdim edilən sübutlardan isə görünür ki, iddiaçılar Cavabdeh Firması ilə müqavilə bağladıqları zaman müqavilədə nəzərdə tutulan müqavilə dəyərini heç bir müqavilə üzrə tam ödəməmişlər. İddiaçılara borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq olunsa da, onlar daha əvvəl qalıq borcların ödənilməsindən yayınmış, daha sonra isə bankdan kredit götürdüklərini bəhanə gətirirərək Firmaya olan borcu ödəməmişlər. Bağlanılmış müqavilələrin 3.5-ci bəndinə əsasən, müqavilədə göstərilən aylıq ödəniş 1 aydan artıq gecikdirilərsə Firma həmin müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Müqavilələrin 3.4-cü bəndində qeyd edilir ki, sahibkar müəyyən edilmiş vaxtadək müqavilədəki aylıq ödənişi vaxtında ödəməsə, hər gecikdirilmiş gün üçün vaxtı keçmiş haqqın 0,2% məbləğində dəbbə pulu ödəyir. Göründüyü kimi, iddiaçılar müqavilə şərtlərini pozduqlarından müqavilə münasibətlərinə təqribən 2015-ci ildən faktiki olaraq xitam verilmişdir. Öz öhdəliyini yerinə yetirməyən iddiaçıların hazırda həmin müqavilələrə istinad edərək qeyri-yaşayış sahəsi tələb etməsi tamamilə əsassızdır. Əksinə, həmin müqavilə üzrə ödənişi vaxtında həyata keçirmədiklərinə görə Firma zərərə məruz qalmışdır, ona görə də hazırda müqavilələr üzrə qalıq qalmış ödənişləri dəbbə pulu ilə birlikdə tələb etməkdədir. Bundan əlavə, İddiaçı3 Cavabdeh Firması tərəfindən ona borc pul vəsaitinin verilməsini xahiş etmişdir. O, biznesinin yenidən qurulması üçün müxtəlif planlara malik olduğunu bildirərək ona bu işdə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh Firması onu sahibkar kimi tanımışdır. Bunu nəzərə alaraq, İddiaçı3 müraciəti əsasında və humanizm prinsiplərindən çıxış edərək, eyni zamanda həmin şəxsin sahibkarlıq fəaliyyəti nəticəsində həmin borcla yanaşı mağazalar üzrə qalıq qalmış borcları da ödəyəcəyini güman edərək, Firma etimad əsasında ona öz biznesini təşkil etmək və yenidən qurmaq üçün öz daxili imkanları hesabına xx.xx.2021-ci il tarixində 51 nömrəli kassa məxaric orderi ilə 166000 manat borc vermişdir. Kassa məxaric orderinin əsli məhkəməyə təqdim edilmişdir. Bu borc ona 1 (bir) il müddətinə verilmişdir. Borcun verilmə müddəti tamam olduğuna görə qanunvericiliyin tələblərinə müvafiq olaraq Firma hazırki qarşılıqlı iddia ərizəsi əsasında həmin borcu da tələb edir. Qeyd olunanlara əsasən, məhkəmədən ilk iddia tələblərinin əsassız olduğundan rədd edilməsini, qarşılıqlı iddia tələblərinin əsaslı olduğundan təmin edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə ilk iddia tələbləri əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbləri isə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" BOKT ASC-nin cavabdeh İddiaçı3 və qeyrilərinə qarşı borcun tutulması, tutmanın girov predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi tələbinə dair Şərur Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(110)- 602/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, xx.xx.2015-ci il tarixli 108/15/PB/YF saylı kredit müqaviləsi üzrə 87833,26 ABŞ dolları məbləğində əsas, 34118,48 ABŞ dolları məbləğində faiz, 20000 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 141951,74 ABŞ dolları məbləğində borcun ödəniləcək zaman məzənnəyə uyğun olaraq manat ekvivalentində cavabdeh İddiaçı3 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi və 30 (otuz) manat məbləğində pulun cavabdeh İddiaçı3 alınaraq iddiaçı "xxxx" BOKT ASC-nin hesabına köçürülməsi, iddia tələbinin digər cavabdehlər İddiaçı2, X4 və İddiaçı4 qarşı və girov qoyulmuş əmlaka yönəldilməsinə dair hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, baxılan mülki iş üzrə tələbin cavabdeh şəxslər tərəfindən girov qoyulmuş əmlak və girovla yüklü edilmiş hüquqlara yönəldilməsi məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, Sədərək firması ilə bağlanmış müqaviləyə əsasən tikintisi başa çatmaqda olan ticarət mərkəzində işləmək üçün cavabdeh şəxslərə müxtəlif kv.m sahədən istifadə hüququnun verilməsi razılaşdırılmış, cavabdehlər də gələcəkdə yaranacaq bu hüquqlarını iddiaçıdan alınmış kreditin müqabilində girov qoymuşlar. Lakin daşınmaz əmlakın mövcudluğu və ona dair hər hansı hüququn qeydə alınması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 108/15/PB/YF-G saylı girov və xx.xx.2015-ci il tarixli 108/15/PB/YF-DG saylı daşınar əmlakın girov müqavilələri mülki qanunvericiliyin tələblərinə uyğun qaydada bağlanmamışdır və həmin qanunvericiliyə əsasən bu müqavilələr etibarsızdır. Buna görə də həmin müqavilələr hər hansı hüquqi nəticələrə səbəb olmurlar. Bu səbəbdən də həmin müqavilələr üzrə iddiaçının cavabdeh şəxslərə qarşı tələbi məhkəmə tərəfindən əsaslı hesab edilmir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(108)-18/2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı3 və onun vəkili-nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şərur Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(110)-602/2017 saylı qətnaməsinin kredit borcunun hesablanmasına dair hissədə dəyişdirilərək 87823,40 ABŞ dolları məbləğində əsas, 12,007,41 ABŞ dolları məbləğində faiz, 3700 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 103530,81 ABŞ dolları məbləğində pulun cavabdeh İddiaçı3 tutularaq iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə ödənilməsi, cavabdeh İddiaçı3 145 manatın tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, Şərur Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(110)-602/2017 saylı qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 108/15/PB/YF saylı kredit (borc) müqaviləsinin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (indiki "xxxx" BOKT ASC) ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 108/15/PB/YF saylı kredit (borc) müqaviləsinə əsasən, İddiaçı3 aylıq faiz dərəcəsi 23% olmaqla 48 ay müddətinə 111000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 3.1-ci maddəsinə əsasən, tərəflər borc öhdəliyinin təminatı olaraq xx.xx.2015-ci il tarixli, 108/15/PB/YF-G nömrəli girov müqaviləsini və xx.xx.2015-ci il tarixli, 108/15/PB/YF-DG nömrəli daşınar əmlakın girov müqaviləsini bağlamışlar. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 108/15/PB/YF-G saylı girov müqaviləsinin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 108/15/PB/YF saylı kredit (borc) müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə, xx.xx.2010-cu il tarixli 5879 nömrəli müqaviləyə əsasən Sədərək Ticarət Mərkəzində yerləşən, zona 1, sıra 9, 2-ci korpus, 36 saylı, sahəsi 40 kv.m mağazaya, xx.xx.2010-cu il tarixli 5613A nömrəli müqaviləyə əsasən Sədərək Ticarət Mərkəzində yerləşən, zona 1, sıra 10, 33 saylı, sahəsi 60 kv.m ibarət mağazaya, xx.xx.2009-cu il tarixli 5613 nömrəli müqaviləyə əsasən Sədərək Ticarət Mərkəzində yerləşən, zona 1, sıra 10, 2-ci korpus, 33 saylı, sahəsi 60 kv.m ibarət mağazaya, xx.xx.2009-cu il tarixli 5614 nömrəli müqaviləyə əsasən Sədərək Ticarət Mərkəzində yerləşən, zona 1, sıra 10, 2-ci korpus, 35 saylı, sahəsi 40 kv.m ibarət mağazaya, xx.xx.2010-cu il tarixli 6032A nömrəli müqaviləyə əsasən Sədərək Ticarət Mərkəzində yerləşən, zona 1, sıra 9, 3-cü korpus, 74 saylı, sahəsi 40 kv.m ibarət mağazaya, xx.xx.2010-cu il tarixli 5624A nömrəli müqaviləyə əsasən Sədərək Ticarət Mərkəzində yerləşən, zona 1, sıra 10, 73 saylı, sahəsi 40 kv.m ibarət mağazaya (qeyri-yaşayış sahəsinə) olan hüquqlar girov qoyulmuşdur. İş materiallarında olan Cavabdeh Firmasının 51 saylı, xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh Firması tərəfindən 1 (bir) il müddətinə 166000 manat (yüz altmış altı min) məbləğində borc İddiaçı3 verilmişdir. Orderin pulun alınmasına dair hissəsində İddiaçı3 imzası və soyadı mövcuddur. İş materiallarında olan "xxxx" BOKT ASC tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 0454/PB saylı məktubdan görünür ki, halhazırda "xxxx" ASC (indiki Para BOKT ASC) ilə İddiaçı3 arasında xx.xx.2015-ci il tarixli 108/15/PB/YF saylı kredit müqaviləsi üzrə "xxxx" ASC (indiki Para BOKT ASC)-də saxlanılan Cavabdeh Firması ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 5879 saylı, İddiaçı2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 5613 saylı və xx.xx.2010-cu il tarixli, 5613A saylı, İddiaçı4 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 5614 saylı müqavilələr mövcuddur və həmin müqavilələrin surəti məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan 5879 saylı, xx.xx.2010-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh Firması ilə İddiaçı3 arasında bağlanmış həmin müqaviləyə əsasən İddiaçı3 Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət Dəmiryolu stansiyasının cənubunda, Lökbatan–Xocasən yolunun cənub-şərq hissəsində tikintisi başa çatmaqda olan yeni ticarət mərkəzində gələcəkdə ticarət fəaliyyəti ilə məşğul olmaq üçün 40 kv.m olan sahəyə özü işləmək şərtilə 30% güzəştli qiymətlə, yəni 36000 manata daimi təyinatı üzrə istifadə hüququ alır. Sifarişçi obyektin hər bir kv.m-nə 900 manat olmaqla, cəmi 36000 manat ödəməlidir. Sifarişçi sifariş verdiyi obyektin işlətmək hüququnun dəyərinin 30%-ni (10800 manatı) bir dəfəyə ödəməli, qalan hissəsini qeyd olunan aylar üzrə sonradan ödəməlidir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən, sifarişçi müqavilədə göstərilən aylıq ödənişi 1 aydan artıq gecikdirərsə icraçı həmin müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İş materiallarında olan 5613 saylı, xx.xx.2009-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh Firması ilə İddiaçı2 arasında bağlanmış həmin müqaviləyə əsasən İddiaçı2 Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət Dəmiryolu stansiyasının cənubunda, Lökbatan–Xocasən yolunun cənub-şərq hissəsində tikintisi başa çatmaqda olan yeni ticarət mərkəzində gələcəkdə ticarət fəaliyyəti ilə məşğul olmaq üçün 60 kv.m olan sahəyə özü işləmək şərtilə 40% güzəştli qiymətlə, yəni 38400 manata daimi təyinatı üzrə istifadə hüququ alır. Sifarişçi obyektin hər bir kv.m-nə 640 manat olmaqla, cəmi 38400 manat ödəməlidir. Sifarişçi sifariş verdiyi obyektin işlətmək hüququnun dəyərinin 20%-ni (7680 manatı) bir dəfəyə ödəməlidir, qalan hissəsini isə aylar üzrə qeyd olunduğu kimi xx.xx.2010-cu ilədək ödəməlidir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən, sifarişçi müqavilədə göstərilən aylıq ödənişi 1 aydan artıq gecikdirərsə icraçı həmin müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İş materiallarında olan 5613A saylı, xx.xx.2010-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh Firması ilə İddiaçı2 arasında bağlanmış həmin müqaviləyə əsasən İddiaçı2 Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət Dəmiryolu stansiyasının cənubunda, Lökbatan–Xocasən yolunun cənub-şərq hissəsində tikintisi başa çatmaqda olan yeni ticarət mərkəzində gələcəkdə ticarət fəaliyyəti ilə məşğul olmaq üçün 60 kv.m olan sahəyə özü işləmək şərtilə güzəştli qiymətlə, yəni 42000 manata daimi təyinatı üzrə istifadə hüququ alır. Sifarişçi obyektin hər bir kv.m-nə 700 manat olmaqla, cəmi 42000 manat ödəməlidir. Sifarişçi sifariş verdiyi obyektin işlətmək hüququnun dəyərinin 40%-ni (16800 manatı) bir dəfəyə ödəməli, qalan hissəsini qeyd olunan aylar üzrə sonradan ödəməlidir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən, sifarişçi müqavilədə göstərilən aylıq ödənişi 1 aydan artıq gecikdirərsə icraçı həmin müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İş materiallarında olan 5614 saylı, xx.xx.2009-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh Firması ilə İddiaçı4 arasında bağlanmış həmin müqaviləyə əsasən İddiaçı4 Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət Dəmiryolu stansiyasının cənubunda, Lökbatan–Xocasən yolunun cənub-şərq hissəsində tikintisi başa çatmaqda olan yeni ticarət mərkəzində gələcəkdə ticarət fəaliyyəti ilə məşğul olmaq üçün 40 kv.m olan sahəyə özü işləmək şərtilə 40% güzəştli qiymətlə, yəni 25600 manata daimi təyinatı üzrə istifadə hüququ alır. Sifarişçi obyektin hər bir kv.m-nə 640 manat olmaqla, cəmi 25600 manat ödəməlidir. Sifarişçi sifariş verdiyi obyektin işlətmək hüququnun dəyərinin 20%-ni (5120 manatı) bir dəfəyə ödəməlidir, qalan hissəsini isə aylar üzrə qeyd olunduğu kimi xx.xx.2010-cu ilədək ödəməlidir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən, sifarişçi müqavilədə göstərilən aylıq ödənişi 1 aydan artıq gecikdirərsə icraçı həmin müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İş materiallarında olan 5618 saylı, xx.xx.2009-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh Firması ilə İddiaçı1 arasında bağlanmış həmin müqaviləyə əsasən İddiaçı1 Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət Dəmiryolu stansiyasının cənubunda, Lökbatan–Xocasən yolunun cənub-şərq hissəsində tikintisi başa çatmaqda olan yeni ticarət mərkəzində gələcəkdə ticarət fəaliyyəti ilə məşğul olmaq üçün 30 kv.m olan sahəyə özü işləmək şərtilə 50% güzəştli qiymətlə, yəni 18000 manata daimi təyinatı üzrə istifadə hüququ alır. Sifarişçi obyektin hər bir kv.m-nə 600 manat olmaqla, cəmi 18000 manat ödəməlidir. Sifarişçi sifariş verdiyi obyektin işlətmək hüququnun dəyərinin 100%-ni (18000 manatı) bir dəfəyə ödəməlidir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən, sifarişçi müqavilədə göstərilən aylıq ödənişi 1 aydan artıq gecikdirərsə icraçı həmin müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İş materiallarında olan Cavabdeh Firması tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 221 saylı maliyyə arayışından görünür ki, İddiaçı3 Cavabdeh Firması ilə arasında bağlanmış xx.xx.2010-cu il tarixli 5879 nömrəli müqavilə üzrə Cavabdeh Firmasına olan borcu dəbbə pulu nəzərə alınmadan 28500 manat, İddiaçı2 Cavabdeh Firması ilə arasında bağlanmış xx.xx.2009-cu il tarixli 5613 nömrəli və xx.xx.2010-cu il tarixli 5613A nömrəli müqavilə üzrə Cavabdeh Firmasına olan borcu dəbbə pulu nəzərə alınmadan 2090 manat, İddiaçı4 Cavabdeh Firması ilə arasında bağlanmış xx.xx.2009-cu il tarixli 5614 nömrəli müqavilə üzrə Cavabdeh Firmasına olan borcu dəbbə pulu nəzərə alınmadan 20600 manat, İddiaçı1 Cavabdeh Firması ilə arasında bağlanmış xx.xx.2009-cu il tarixli 5818 nömrəli müqavilə üzrə Cavabdeh Firmasına olan borcu dəbbə pulu nəzərə alınmadan 5000 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2022-ci il tarixli, 5/820 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mülki işin 66-cı vərəqində olan 07 aprel 2021-ci il tarixli 51 nömrəli kassa məxaric orderində olan “Abdinov” əlyazısının üstündəki imza hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. Tədqiqata təqdim edilmiş mülki işin 66-cı vərəqində olan 07 aprel 2021-ci il tarixli 51 nömrəli kassa məxaric orderində hər hansı düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin təqdim etdiyi və məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 78.2-ci maddəsinə əsasən tələb edilən sübutlara əsasən müəyyən edildi ki, iddiaçılar ilə cavabdeh arasında həqiqətən xx.xx.2010-cu il tarixli 5879 nömrəli, xx.xx.2009-cu il tarixli 5613 nömrəli, xx.xx.2010-cu il tarixli 5613A nömrəli, xx.xx.2009-cu il tarixli 5614 nömrəli, xx.xx.2009-cu il tarixli 5818 nömrəli müqavilələr bağlanmışdır. İlk iddia ərizəsində istinad edilən digər müqavilələrin əsli və ya təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmiş, onların mövcudluğu mötəbər sübutlarla təsdiq edilməmişdir. Tərəflər arasında mövcudluğu müəyyən edilən müqavilələrə əsasən isə, müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsinin müqavilədə göstərilən məbləğin ödənilməsi şərtilə iddiaçıların istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilələrin 3.5-ci bəndinə əsasən, sifarişçi müqavilədə göstərilən aylıq ödənişi 1 aydan artıq gecikdirərsə icraçı həmin müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı tərəf qeyd olunan müqavilələr üzrə ödənişləri tam şəkildə həyata keçirdiyi və bununla bağlı öhdəliklərini yerinə yetirdiyi barədə hər hansı sübut təqdim etməmiş, əksinə həmin halın mövcudluğu xx.xx.2022-ci il tarixli 221 saylı maliyyə arayışı, habelə İddiaçı3 izahatı ilə təkzib edilmişdir. Bununla yanaşı, ilk iddia üzrə iddiaçıların əşya hüquqlarının pozulması barədə dəlilləri də əsaslı hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Bundan əlavə, iddiaçı tərəfin istifadə hüquqlarının mövcudluğunu təsdiq etmək üçün həmin hüquqların girov qoyulmasına dair dəlili, həmin girov müqaviləsinin etibarsızlığını müəyyən edən, qanuni qüvvəyə minmiş qətnamələrə əsasən əsaslı hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunanlara əsasən məhkəmə müəyyən edir ki, müqavilə öhdəliklərini yerinə yetirməyən tərəfin qarşı tərəfdən müqavilənin icrasını tələb etməsi əsaslı hesab oluna bilməz və ilk iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 441.3-cü maddəsinə əsasən, əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan əlavə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, qarşılıqlı iddianın müqavilələr üzrə qalıq borcun və dəbbə pulunun tutulması tələbi ilə bağlı hissəsi də əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, izahatlardan və iş materiallarından aydın olur ki, tərəflər arasında müqavilələr 2009-2010-cu illərdə bağlanmış, müqavilələr üzrə müəyyən edilmiş ödəniş öhdəlikləri icra edilməmiş, müqavilə münasibətləri 2015-2016-cı illərdən pozulmaqla qeyri-yaşayış sahələrində fəaliyyətini iddiaçılar həmin vaxtdan dayandırmış, nəticə etibarilə müqavilələrin 3.5-ci bəndinə əsasən müqavilələrə birtərəfli qaydada xitam vermək hüququ olan cavabdeh tərəf, müqavilələrdə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilmədiyindən müqavilələrin icrasından imtina etmişdir. Qeyd olunanlara əsasən, müqavilə münasibətlərinə xitam verildiyini qeyd edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfin yuxarıda qeyd olunan qarşılıqlı icra ilə bağlı hüquq normalarına əsasən qalıq borcu tələb etməsi əsassız hesab olunmalıdır. Digər tərəfdən, həmin tələb üzrə iddia müddəti də ötürülmüş və iddia müddətinin tətbiqi barədə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəf ərizə vermişdir. Ona görə də qeyd olunan hissədə qarşılıqlı iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə, əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Bundan əlavə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, qarşılıqlı iddia xx.xx.2021-ci il tarixli 51 saylı kassa məxaric orderinə əsasən verilmiş 166000 manat pulun və həmin tələb üzrə ödənilmiş 456 manat dövlət rüsumunun İddiaçı3 tutulması hissəsində əsaslıdır. Belə ki, İddiaçı3 kassa məxaric orderindəki imzanın ona məxsus olduğunu özü etiraf etmiş, eyni zamanda həmin sənədin məhkəmə-texniki ekspertizası həyata keçirilmiş və kassa məxaric orderində hər hansı düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) müəyyən edilməmişdir. Digər tərəfdən, İddiaçı3 özünün izahatlarına əsasən Cavabdeh Firması ilə böyük həcmdə birgə fəaliyyət həyata keçirməsi, məhz həmin tarixdə (xx.xx.2021-ci ildə) həmin Firmada olması, həmin tarixdə Firmadan cəmi 6 min manat pul almasına dair hər hansı sübut təqdim edə bilməməsi, kassa məxaric orderinin doğruluğuna dair şübhələri aradan qaldırır. Bununla bağlı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfin dəlillərinə hüquqi qiymət verərək məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, etibarlı borc müqaviləsinin mövcudluğu mübahisələndirilsə belə, kassa məxaric orderinin yazılı əqd kimi aydın şəkildə ifadə olunmuş məzmunu və İddiaçı3 tərəfindən imzalanması, həmin mübahisələndirmənin əsaslılığına şübhə doğurmaqla yanaşı, ən azı əsassız varlanma qaydasında həmin pulun ondan tutulmasına əsas verir. Ona görə də qeyd olunan hissədə qarşılıqlı iddianın təmin edilməsi tamamilə qanuni və ədalətli hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ilk iddia tələbləri əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbləri yuxarıda göstərilən qaydada qismən təmin olunmalıdır. Eyni zamanda, ekspertiza xərci ilk iddia üzrə İddiaçı3 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlk iddia əsassız olduğundan təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli 51 nömrəli kassa məxaric orderi üzrə verilmiş 166 (yüz altmış altı) min manat məbləğində pul vəsaiti və 456 (dörd yüz əlli altı) manat məbləğində dövlət rüsumu İddiaçı3 tutularaq Cavabdeh Firmasına ödənilsin. Qarşılıqlı iddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə İddiaçı3 70 (yetmiş) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, ekspertiza xərci, SAP (XİİS) hesabı: X1, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar