Məhkəmə qərarları › İş №e-2(002)-1335/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1335/2023

14.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1335/2023 14.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 8 saylı Notariat ofisinə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, vərəsələrin paylarının müəyyən edilməsi və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 8 saylı Notariat ofisinə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, vərəsələrin paylarının müəyyən edilməsi və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 8 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-104 reyestr nömrəli və 2V-105 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi; onun 1/5 hissədə, cavabdehlər Cavabdeh3 1/5 hissədə, Cavabdeh4 1/5 hissədə, Cavabdeh5 1/5 hissədə və Cavabdeh2 1/5 hissədə paylarının müəyyən edilərək yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Gülverdi Balaqardaş oğlu xx.xx.1910-cu il tarixdə Bakı şəhərinin Qobu kəndində doğulmuşdur. İddiaçının atasının iddiaçıdan başqa Gülağa, Ağahüseyn, Xoşqədəm və Həmidağa adlı uşaqları olmuşdur. İddiaçının atası xx.xx.1979-cu il tarixdə vəfat etmişdir. İddiaçının atasının sağlığında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,0983 ha olan torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 125 m2 olan fərdi yaşayış evi mülkiyyətində olmuşdur. 2021-ci ildə digər vərəsələr Bakı şəhəri 8 saylı Notariat ofisinə müraciət edərək Gülverdi Balaqardaş oğlundan qalmış miras əmlakına dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. Notarius digər vərəsələrin müraciəti əsasında vərəsəlik işi başlamış və yekunda yuxarıda qeyd olunan miras əmlaka dair 4 vərəsəni 1/4 payla varis olmasına dair xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib etmişdir. Adıçəkilən şəhadətnamələrə əsasən miras əmlak üzərində hər birinin payı 1/4 olmaqla Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qanun üzrə vərəsə olması müəyyən edilmişdir. Hesab edirlər ki, 8 saylı Notariat ofisi vərəsəlik işini apararkən kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, sadalanan 4 vərəsə ilə yanaşı iddiaçı da qanun üzrə 1ci dərəcəli vərəsədir və iddiaçının vərəsəlik işi icraatı zamanı miras əmlakın paylarının müəyyən edilməsində kənarda qalması qanunsuzdur. Bununla bağlı olaraq iddiaçı tərəfindən adıçəkilən şəhadətnamənin ləğv edilməsi və onun özünün də vərəsə kimi tanınmasına dair şifahi olaraq notariat ofisinə müraciət etmiş, lakin notariat orqanı öz şəhadətnaməsini ləğv etməkdən imtina etmişdir. Bundan sonra iddiaçının vəkili olaraq sorğu əsasında vərəsəlik işi qovluğu tələb edilmiş və həmin materiallarla tanış olduqda notariat orqanı tərəfindən qanun pozuntusuna yol verilməsi müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 məhkəməyə iddiaya etiraz göndərərək göstərmişlər ki, iddia tələbini qəbul etmirlər. İddiaçının tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı onların qardaşıdır. Atalarının vəfatından sonra miras əmlaka onlar vərəsə kimi tanınmışlar və atalarına məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə onlara vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Ataları xx.xx.1979-cu il tarixdə vəfat etmişdir. Qardaşları İddiaçı 1985-ci ildə ev alaraq daimi olaraq həmin evdən köçüb getmiş və həmin evlə heç bir əlaqəsi olmamışdır. Faktiki olaraq mirası onlar qəbul etmişlər və hazırda da idarə edirlər. Mübahisəli evə vərəsəlik şəhadətnaməsi alarkən qardaşları həmin evdə qeydiyyatda olmamışdır. Bu səbəbdən də, 2 saylı forma üzrə arayış alınarkən qardaşlarının adı qeyd edilməmiş və notariat kontorunda vərəsələr sırasına salınmamışdır. Ataları 1979-cu ildə vəfat etmiş və qardaşları da bu müddət ərzində mirasın qəbul edilməsi barədə heç bir orqana müraciət etməmiş və bununla da mirasın qəbul edilməməsini nümayiş etdirmişdir. Həmçinin mirasın qəbul edilmə müddətini əsassız olaraq ötürmüşdür. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı əvvəllər onlarla birlikdə mübahisəli evdə yaşamışdır. Ataları 1979-cu ildə vəfat etmişdir. İddiaçı atalarının vəfatından sonra da 1985-ci ilə qədər həmin evdə yaşamış, 1985-ci ildə özünə ev alaraq mübahisəli evdən yeni evinə köçmüşdür. İddiaçının özünə məxsus evi var. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər cavabdehlər Bakı şəhəri 8 saylı Notariat ofisinə, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri 8 saylı Notariat ofisinin nümayəndəsi, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Bakı şəhəri 8 saylı Notariat ofisinin nümayəndəsinin, digər cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, iddiaçının nümayəndəsinin və Cavabdeh3 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 15 dekabr 2022-ci il tarixli arxiv arayışından görünür ki, Bakı şəhəri Qobu kənd məscidinin sənədlərinə əsasən Gülverdi Balaqardaş oğlu 12 dekabr 1910-cu il tarixdə doğulmuşdur, atası Balaqardaş Məhəmməd oğlu, anası X3r. - Vİİ-JQ seriyalı 408641 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxxxx 1949-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Gülverdi Balaqardaş oğlu, anası X4r. - 11 noyabr 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 290372 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Gülverdi Balaqardaş oğlu 13 oktyabr 1979-cu il tarixdə beyin qan dövranının trombozundan Bakı şəhərində vəfat etmişdir. Qaradağ rayon Qeydiyyat şöbəsində bu barədə 19 oktyabr 1979-cu il tarixdə 130 saylı akt qeydi aparılmışdır. - 30 mart 2021-ci il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş 2V- 104 reyestr saylı (vərəsəlik işinin nömrəsi 134/2020) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1979-cu il tarixdə vəfat etmiş Gülverdi Balaqardaş oğlunun vərəsələri: 1) Cavabdeh3; 2) Cavabdeh4; 3) Cavabdeh5dır və onların hər biri miras əmlakdan 1/4 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli real vaxt rejimində sorğu əsasında alınmış yüklülüyün olub-olmaması barədə arayışa və ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Gülverdi Balaqardaş oğluna verilmiş **********20-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 0,0983 ha olan torpaq sahəsindən və üzərindəki ümumi sahəsi 125 m2 olan fərdi yaşayış evindən ibarətdir. Qeyd hissəsində göstərilmişdir ki, 1/4 hissə pay açıq saxlanılmışdır. - 30 mart 2021-ci il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş 2V- 105 reyestr saylı (vərəsəlik işinin nömrəsi 134/2020) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X1 vəfat etdiyindən irsi transmissiya üzrə vərəsəsi Cavabdeh2 miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli real vaxt rejimində sorğu əsasında alınmış yüklülüyün olub-olmaması barədə arayışa və ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Gülverdi Balaqardaş oğluna verilmiş **********20-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 0,0983 ha olan torpaq sahəsindən və üzərindəki ümumi sahəsi 125 m2 olan fərdi yaşayış evindən ibarətdir. Qeyd hissəsində göstərilmişdir ki, bunadək 3/4 hissəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - Bakı şəhəri 8 saylı notariat ofisinə təqdim olunmuş ərizələrdən görünür ki, digər vərəsələr miras qoyanın vərəsələri olmaları barədə notariat ofisinə ərizə verərkən vərəsələrin dairəsini tam şəkildə göstərməmiş, digər varis İddiaçı mövcud olması barədə notariat ofisinə məlumat verməmiş, sonuncunu mirası qəbul etmək üçün dəvət etməmişlər. - Bakı şəhəri 8 saylı notariat ofisinin 20 aprel 2023-cü il tarixli 615 saylı məktubundan görünür ki, iddiaçının atasından miras qalmış əmlakla bağlı müraciətinə cavab olaraq, yuxarıda qeyd olunanlar barədə ümumi məlumat verilmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri 8 saylı notariat ofisinin notariusu vərəsəlik işi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada vərəsəlik hüququ olan varislərin hamısını işə cəlb etməmişdir. Halbuki, iddiaçı atasının sağlığında digər ailə üzvləri kimi mübahisəli evdə yaşamış, atası vəfat edərkən mübahisəli evi digər vərəsələrlə birlikdə faktiki olaraq qəbul etmiş, atasının vəfatından sonra 1979-cu ildən 1985-ci ilədək faktiki olaraq qəbul etdiyi həmin evdə yaşamışdır. Digər sözlə ifadə etdikdə digər vərəsələr kimi mirası faktiki olaraq qəbul etdiyindən o da digər vərəsələr kimi mülkiyyətçi hesab olunur. Lakin cavabdehlər iddiaçının həmin evi onlarla birgə qəbul etməsini bildirməyərək, notariat ofisindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Göründüyü kimi, mübahisələndirilən şəhadətnamə verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur, vərəsələrdən İddiaçı vərəsəliyə çağırılmamış, digər varislər notariat orqanına onun barəsində məlumat verməmiş, notariat orqanı da öz növbəsində varislərin dairəsini tam müəyyən etməmişdir. Halbuki, vərəsələrdən İddiaçı atası vəfat edərkən mübahisəli evdə yaşamış, atası 1979-cu ildə vəfat edərkən miras əmlakı digər vərəsələrlə birlikdə faktiki olaraq qəbul etmişdir. Sadəcə olaraq hüquqlarının rəsmiləşdirilməsi üçün notariat orqanına müraciət etməmişdir. Cavabdehlər də bu yaxınlara qədər öz hüquqlarını rəsmiləşdirmək üçün notariat orqanına müraciət etməmişlər. Müraciət etdikdə isə qardaşlarının da onlar kimi vərəsə olduğunu bildirməmişlər. Cavabdehlər iddiaya etirazlarını iddiaçının 1985-ci ildə özünə ev alaraq ata evini tərk etdiyinə əsaslansalar da, bu iddiaçının varis kimi hüquqlarının pozulmasına hər hansı əsas vermir. Bu səbəbdən, iddia təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 8 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-104 reyestr nömrəli və 2V-105 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli; miras əmlak üzərində İddiaçı 1/5 hissədə, cavabdehlər Cavabdeh3 1/5 hissədə, Cavabdeh4 1/5 hissədə, Cavabdeh5 1/5 hissədə və Cavabdeh2 1/5 hissədə payları müəyyən edilməli, onlara həmin paylara dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 8 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-104 reyestr nömrəli və 2V-105 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilsin. Miras əmlak üzərində İddiaçı 1/5 hissədə, cavabdehlər Cavabdeh3 1/5 hissədə, Cavabdeh4 1/5 hissədə, Cavabdeh5 1/5 hissədə və Cavabdeh2 1/5 hissədə payları müəyyən edilsin. Onlara həmin paylara dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar