Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1572/2024 23.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə orta aylıq əmək haqqının hesablanmaqla, kompensasiya kimi ödənilməsi» tələblərinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə orta aylıq əmək haqqı hesablanmaqla, kompensasiya kimi ödənilməsi» tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli k-10 saylı əmrin ləğv edilməsi, onun əvvəlki işinə (vəzifəsinə) bərpa olunması və məcburi işburaxmaya görə orta aylıq əmək haqqı hesablanmaqla, ona kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, uzun illər BP şirkəti ilə əməkdaşlıq edən şırkətlərdə çalışmışdır. Bununla bağlı tutduğu vəzifəyə uyğun kifayət qədər biliyə malikdir. Sonuncu işi cavabdeh Hallibörton Yeureyja Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialında laboratoriya texniki vəzifəsi olmuşdur. Bu şirkətdən əvvəl isə analoji vəzifədə BP ilə əməkdaşlıq edən digər xarici şirkətdə işləmişdir. Onun iş yerinin dəyişməsinə səbəb mütəxəssis kimi hazırda cavabdeh olan şirkətə dəvət edilməsi olmuşdur. İş yerini dəyişməyə qərar verdikdə əvvəlki şirkətdəki uğurlarının karyerasına müsbət təsir edəcəyini düşünürdü. Hesab edirdi ki, onun vicdanla vəzifəsinə (əməyinə) verdiyi dəyər hazırki cavabdeh şirkət tərəfindən layiqincə qiymətləndiriləcək və o, bununla daha yüksək uğurlara nail olacaqdır. Sonuncu iş yeri üzrə müddətsiz əmək müqaviləsi ilə işə qəbul edilmişdir. O, vəzifəsində məsuliyyətli olmuş, işinə vicdanla yanaşmışdır. Lazım olanda digərlərinin də işini görmüşdür ki, işin ümumi ahəngi pozulmasın. 02 fevral 2024-cü il tarixdə səhər saat 8:00-də iş yerində iclas olacağı barədə ona məlumat verilmişdi. İclasda ona «işdən könüllü azad olunması barədə» ərizəyə imza etdirmişlər. İmza etməyəcəyi təqdirdə onu maddə ilə işdən azad edəcəklərini bildirmişlər. Şirkət əməkdaşların şişirdilmiş ittihamları nəticəsində, həmçinin hədə-qorxuları sayəsində onun iradəsi əleyhinə, çaşdırıcı ifadələrlə onun psixologiyası müvəqqəti olsa da pozulmuş və bununla da «öz xahişi ilə» işdən azad olunması barədə ərizənin yazılmasına müvəffəq olmuşlar. O, ailəlidir, himayəsində 3 azyaşlı uşağı var. Ən kiçik övladının 8 ayı var. Onun ipoteka krediti mövcuddur. Bundan başqa, işdən aldığı maaşa arxalanaraq əlavə «Azərbaycan Beynəlxalq Bankı»ndan kredit də götürmüş, lizinq yolu ilə avtomobil də əldə etmişdir. Artıq həmin borcların ödənişlərində çətinlik çəkir. Cavabdeh şirkət Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.7-ci maddəsinin tələblərini pozmaqla onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. İddiaçı məhkəməyə yazılı izahat təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsində işin hallarını təfsilatı ilə yaza bilməmişdir. Səbəb iddia müddətinin ötürülməsindən qorxması olub. İddiası üzrə əsas məsələ işdən çıxarılması barədə ərizənin tarixidir. Həmin ərizə 03 fevral 2024-cü il tarixdə həftənin şənbə günündə yazılmışdır. Sonralar cavabdeh şirkətin əməkdaşları tərəfindən ərizənin tarixində düzəliş edilməklə, 02 fevrala dəyişdirilmişdir. Bu halı məhkəmə xətşünaslıq ekspertizası təstiq edə bilər. Əmrin hazırlanması və imzalanması qeyri- iş gününə təsadüf edir .02 fevral düzəlişini gördükdən və dərk etdikdən sonra isə bu əhəmiyyətli məqamı ərizəsinin başlıq hissəsinə əlavə etmək qərarına gəlmişdir. Həmçinin bildirmək istəyir ki, işdən çıxarılması əmri ona kserosurət şəklində və möhürsüz təqdim edilmişdir. Həmin əmrdə barəsində əmr verən şəxsin ata adı da qeyd edilməmişdir. Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbi ilə ata adı mütləq qeyd edilməlidir. O, BP ilə işləyən şirkətin mütəxəssisi kimi təklif əsasında cavabdeh şirkətdə işə qəbul edilmişdir. Halbuki əvvəlki işdə daha yüksək maaş alırdı. O, işlədiyi dövrdə dəfələrlə təriflərə layiq görülmüşdür. Nümunəvi işçi kimi onu qiymətləndirmişlər. Halbuki sonradan bilmişdir ki, 7 nəfərlik kollektiv şöbədə qruplaşma var və qruplaşmanın üzvü olmayan şəxslərə qarşı qarayaxma işlər aparılmaqla, hər dəfə imkan yarandığı təqdirdə «qruplaşma üzvü olmayan digər şəxslər» işdən müxtəlif bəhanələrlə kənarlaşdırılır. Necə ki, 2021-ci ildə (Gülnarə x.), 2022-ci ildə (Elnur), eləcə də 2024-cü il tarixdə «digər şəxs» kimi onun da işdən azad olmasına nail olmuşlar. O, işlədiyi dövr ərzində rəhbərlik tərəfindən bir dəfə də olsun intizam tənbehi almamışdır, əmək intizamı pozuntusuna yol verməmişdir, tərəfindən əmək fəaliyyətinin icrası zamanı heç bir qeyri-etik davranışa yol verilməmişdir, öz vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir və əmək fəaliyyətini layiqincə icra etmişdir. İşlədiyi zaman şirkət hesabına onu Hindistana ezam etmişlər. Orada da yüksək nailiyyətləri ilə bağlı onunla əlaqədar tədbir keçirilmiş və onun oradakı işçilərə köməkliyi yüksək qiymətləndirilmiş və Hindistandan menecerlərinə yazmış olduğu mesaja cavab olaraq menecer də onun əməyini yazılı şəkildə müsbət qiymətləndirmişdir. İşlədiyi zaman ona edilən etimad və tərifnamə maaş artımı ilə bildirilmişdir. Belə ki, maksimum 20 faiz maaş artımı mümkünlüyü zamanı, onun maaşı ortalama 2023-cü ilin iyul ayında 19 faiz artımla verilmişdir. Bu da faydalı, yaxşı, lazımlı işçi olduğunun sübutu kimi qəbul edilməlidir. Bundan başqa menecer (Denis Manquşov) tərəfindən 2023-cü ilin sonlarında yaxşı nəticələri ilə əlaqədar 2024-cü ilin əvvəlində növbəti maaş artımı ilə mükafatlandırılacağına söz verilmişdir. Bu hadisələr ardı ilə son iş günlərində onun vəzifəsinin daha yuxarı vəzifə ilə əvəz ediləcəyi söz-söhbətləri də aparılmışdır. Hesab edir ki, bu uğurları 1-2 əməkdaş tərəfindən həzm edilməmiş və ona qarşı planın yaranmasına səbəb olmuşdur. Sonra da onun tam sərbəst iş ahəngini pozmadan fəaliyyətini davam etdirdiyi zaman, ona qarşı bu cür «tələ» qurulmuşdur. Hadisələrin axınını yada saldıqca necə sadəlövhcəsinə bu şəxslərə inanmasının peşmançılığını çəkir. İşlədiyi müddət ərzində dəfələrlə bəzi otaq yoldaşlarının kobud əmək mühafizəsi və intizam qaydalarını pozduqlarının şahidi olmuşdur. Bundan başqa, bəzilərində işə qarşı biganəlik hiss etmişdir. Qruplarının WhatsApp yazışmasının mövcud olması onun dedikərini təsdiq edə bilər. Belə ki, işlədiyi zaman mütəmadi həmin yazışmalarda işdə baş verən hadisələr, müəyyən göstərişlər, əmrlər, məsləhətlər məhz bu yazışmalarda hər bir əməkdaşa çatdırılmışdır. Məhz həmin yazışmalar vasitəsilə də o, iş zamanı şahidi olduğu çatışmamazlıqlar və digər görünən problemləri, onun tərəfindən aşkar edilən pozuntuları qrup üzvlərinə bildirmişdir. Belə səhlənkarlıqların təkrar olunmamasını hətta konkret şəxslərə məsləhət görmüşdür. Kobud pozuntulara misal olaraq iş otağında səhlənkarlıq nəticəsində yaranan alov tüstülənməni misal çəkə bilər ki, nəticədə şirkətə külli miqdarda zərər dəyə bilərdi. Lakin həmin zərər ört-basdır edilmiş və heç kimə bundan ötrü cəza təyin ediməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, bu kobud səhv barədə məlumatı o, özündən subordinasiya qaydasında böyük vəzifəliyə Arifəyə bildirmişdir (Arifə koordinator olaraq öz növbəsində məlumatı HR-kadrlar mütəxəssisinə və menecerə bildirməli idi). Lakin hadisə ört-basdır edilir. Arifə növbəti dəfə əməkdaşları Turalı (rəfiqəsinin yoldaşını) müdafiə etməklə, Turalın törətdiyi kobud səhvi rəhbərlikdən gizlətmişdir. O da, belə olmalı kimi öz işini görməyə davam etmişdir. O, Turalın onların 7 nəfərlik komandalarının bir üzvü olduğundan cəzalandırılmasını arzulamamışdır. Sadəcə səhvi buraxan əməkdaşdan (Turaldan) və otaq yoldaşlarından bir daha belə səhvlərin təkrarlanmamasını xahiş etmişdir. Belə ki, belə səhvlər nəticəsində hamısına zərər dəyəcəyini anlamışdır. Bundan başqa iş yerində istifadə etdikləri cihazlarla kobudcasına rəftar nəticəsində ələtlərin tez zamanda yararsız hala düşməsi barədə otaq yoldaşlarına məlumat vermişdir. Məqsədi belə hərəkətlərin təkrarlanmaması olmuşdur. Bu söhbətlər otaqlarından kənara çıxmamış və heç kim intizam qaydasında cəzalandırılmamışdır. Otaq, iş yoldaşı kimi münasibətlərin belə olmalı olduğunu düşünmüşdür. Onun ağlına gəlməzdi ki, onun diqqətli olması kimlərisə qıcıqlandıra, ona qarşı ehtiyat və nifrət hissi yarada bilər. Nəticə etibarı ilə onun əmək vəzifələrinə və ümumi iş şəraitinə qarşı sayıqlılığı bəzi əməkdaşların qrup olaraq ona qarşı plan qurmasına, onun danlanmasına və işdən azad olmasına səbəb olacaqdır. İşdən azad edilməsinə də səbəb (onların sözlərinə əsasən -buraxdığı kobud səhv) gördüyü işin - qüsurlu iş kimi qiymətləndirilməsi olmuşdur. Halbuki onun gördüyü işin davamı digər əməkdaş tərəfindən davam etdirilməli idi. Hətta işin səhv olduğu təqdirdə, işin təkrar görülməsi üçün digər - onunla eyni vəzifədə olan əməkdaş təkrar «Test» qoymalı olduğu halda qoymamışdır. Sadə izahla dedikdə: o, öz işini (testini) qoyur. Həmin işin nəticəsini gözləmək üçün 1 sutka vaxt lazımdır. O, növbəsi bitdiyi üçün evə gedir. Digər əməkdaşlar test nəticəsinin «səhv» olduğu qənaətinə gəlirlər. Testin nəticəsini zibil qutusuna atırlar. Testin nəticəsi həqiqətən səhv gedirsə onu zibil qutusuna atmaq səlahiyətlərinə malikdirlər, amma bu halda onlar təkrar test nümunəsi qoymalı idilər ki, o, növbəti iş vaxtında onun nəticələri barədə məlumatı (sistemə əlavə etsin) yuxarı injenerə verə bilsin. Həmçinin testin nəticəsi səhv olduğu təqdirdə özləri də müvafiq məlumatı menecerə bildirməyə borclu idilər. Lakin məsuliyyətsiz əməkdaşlar tərəfindən təkrar qoyulmayan test numunəsi olmadığından və tərəflərindən menecer məlumatlandırılmadığından onun işə çıxdığı zaman tələsik test nəticəsinin əldə edilməsi injener tərəfindən ondan tələb edilir. Bunun üçün hətta test nümunəsinin zibil qutusundan götürülərək təkrar yoxlanmaya qoyulması ona tapşırılır. 7 nəfərlik kollektivlərindən bir nəfər Arifə adlı işçi (hazırda koordinator) injener vəzifəsinə təyin edilməli idi. Arifə injener təyin edilərdisə bu zaman o da Arifənin vəzifəsinə qalxmalı idi. Lakin Arifə öz vəzifəsinə Turalın gətirilməsini istəyirdi. Tural onun yaxın rəfiqəsinin yoldaşı idi. Həm də Turalın işə götürülməsinə o nail olmuşdu. Arifə Turalin hər dəfə iş zamanı buraxdığı ciddi nöqsanlara göz yummuş, lakin Tural yenə ciddi və bağışlanılmaz səhvlərə yol verməyə davam etmişdir. Turalın səhvi nəticəsində 100.000 dollar dəyərində cihazın az qala sıradan çıxması və laboratoriyada yanğına səbəb olan hal başda olmaqla, bir sıra digər hərəkətləri təqsirsiz və cəzasız qalmışdır. Dəfələrlə onun tərəfindən Arifəyə verilən məlumatlar (intizamsızlıq və məsuliyyətsiz hərəkətlər barədə) sonuncu tərəfindən ört-basdır edilmişdir. Halbuki adi halda belə səhvlərə görə işçinin işdən kənarlaşdırlması tam normal qəbul edilərdi. Onunla eyni vəzifə daşıyan Nailə (iş yerində Arifənin yaxın rəfiqəsi) elementar nizam qaydalarını pozmaqla saat 18:00 evə getməli olduğu halda 14:00-da işdən çıxmağı, axşam növbəsi olduğu zaman 22:00-də evə getməli olduğu halda 19:00-da evə getməyi adət etmiş və bu iş yerlərində adı hal kimi qəbul edilirdi. Ana olmasına görə ona Arifə tərəfindən qeyri-rəsmi və qanunsuz icazə verilmiş, yuxarı rəhbərlikdən bu intizamsızlıq gizlədilmişdir. Bildirmək istəyir ki, onun tərəfindən də bu hal digər şəxslərlə heç zaman müzakirə edilməmişdir! Halbuki Nailənin işçi kimi birbaşa vəzifəsi ilə onun görməli olduğu işlər eynidir və Nailənin işdən tez getməsi onun işinin artmasına səbəb olurdu. Məsələn Nailə test aparatında test nümunələrinin qoyulması işini hər dəfə müxtəlif bəhanələrlə etməmiş, bu işin məsuliyyəti altına girmək istəməmiş və artıq belə olmalıdı kimi bu işin görülməsi hər dəfə ona həvalə edilmiş və nəticələr də ondan tələb edilmişdir. Bu halı adı hal kimi qəbul etmişdir ki, iş yoldaşları ilə münasibəti korlanmasın. Sonuncu test nümunəsinin düzgün aparılmaması iddiasında Nailə də danlanılmalı idi. Nailənin də məsuliyyəti müzakirə edilməli idi. Nailə də onun kimi sonuncu test üzrə nəticəyə məsuliyyət daşımalı idi. Amma təəssüf ki, sonuncu iş üzrə nəticənin məsuliyyəti onun üzərinə atılır və yalnız ondan sorğu edilir. İclasın nəticəsinin nə ilə yekunlaşacağını güman etsəydi, gizli video yazı və ya səs yazısı aparardı. İclasda onun vəzifə artımınım müzakirəsini, maaş yüksəlişini, ən pis halda yeni tələblərin qoyulacağını eşidəcəyini gözləyirdi. Məhz qeyd etdikləri səbəbindən sonuncu iclasda onunla yanaşı Arifə və Nailə də iştirak edirdilər. Sonuncular ondan əvvəl iclas otağına gəlmişdilər. Onların rəhbərlik nümayəndələrinə nə dediklərini bilmir. Ancaq onu bilir ki, onların məruzələri ilə (baş vermiş hadisədən özlərinin günahsız çıxmaları üçün) o, işdən kənarlaşdırılmışdır. Qabaqcadan razılaşdırılmış ləkə yaxma, şişirdilmiş ittihamları nəticəsində, həmçinin onların hədəqorxuları sayəsində iradəsi əleyhinə, çaşdırıcı ifadələrlə psixologiyasını müvəqqəti olsa da pozmağa nail olmuşlar və «öz xahişi ilə» işdən azad olması barədə ərizənin yazılmasına müvəffəq olmuşlar. Əmindir ki, iclasın belə tərzdə keçirilməsində də onların təşəbbüsü olmuşdur. 7, 8, 9, 10, 11-ci bəndlərdə sadaladığı əməllərlə əlaqədar «pis və məsuliyyətsiz» əməkdaş kimi onu qaralamaqla, üzərinə ağır ittihamlar atılmışdır. Halbuki onun sonuncu görməli olduğu iş üzrə göstərişi vəzifəcə ondan yuxarıda olan injener (mühəndis) əmr etmişdir. Onun injenerin əmrindən çıxmaq səlahiyyəti yox idi və hətta injenerin əmrindən çıxacağı təqdirdə tabesizlik, itaətsizlik göstərməkdə onu günahlandıracaqdılar. Nəticə olaraq nəinki böyük və ya orta, hətta kiçik «faciəyə» səbəb olmayan hərəkəti etdiyinə görə iclas adı ilə toplantı keçirmişlər. Bu toplantı zamanı da onu hazır yazdıqları ərizəyə imza etməyə məcbur etmişlər. Hətta iclas zamanı onun təqsiri olmadığını eşitdikləri zaman bunu təkzib etmək üçün çağırdıqları mühəndisləri belə onun dediklərini etiraf etmiş, ona göstərişlərin özü tərəfindən edildiyini bildirmiş və onun göstərişlərdən kənara çıxmadığını iclas iştirakçılarına bildirmişdir. İclas zamanı digər əməkdaşların nəyə görə təkrar test nümunəsini qoymadıqları halı araşdırılmır. Birtərəfli ittiham yalnız ona qarşı yönəldilir. İclas zamanı ona artıq əmrinin hazır olduğunu bildirmişlər. Sadəcə seçim imkanı yaradaraq: «ya ərizə yazmaqla könüllü işdən azad olacaqsan, ya da əmrini verib səni bir daha işləmək imkanından məhrum edəcəyik». Ona təqdim etdikləri «işdən könüllü şəkildə azad edilməsi xahişi barədə» hazır çap edilmiş yazılı vərəq verilmiş və həmin vərəq tərəfindən imzalandığı, həmçinin dedikləri tarixi qoyduğu anda dərhal əlindən alınmış və bundan az müddət sonra müvafiq «işdən azad olunması barədə» k-10 saylı, xx.xx.2024-cü il tarixli əmrin möhürlənməmiş surəti ona təqdim edilmişdir. Əmrdə «03 fevral 2024-cü il tarixdən işdən azad olması» qeyd edilmişdir (detallara sonradan fikir vermişdir). Ona dərhal əmək kitabçası və əmr verilməklə (artıq əvvəldən onların hazır olması şübhə yaratmadı - çünki çox az vaxt ərzində ona təqdim edilmişdir), ona işdə qalmaması, evə getməli olduğu bildirilərək, onu təxminən saat 12:00də işdən qovmuşlar. Həmin anda ona özünə məxsus (və ailəsini əhatə edən) sığorta kartının da artıq deaktiv olduğunu bildirmişlər. Onun otağında olan şəxsi əşyalarının (kreslo və s.) menecerin nəzarəti ilə götürməsinə və maşına yükləməsinə şərait yaratmışlar. İdarəyə giriş kartını Əlindən almışlar. O, işdən məcburi («könüllü») qovulduğu zaman (idarənin binasını tərk etdikdən sonra) mobil telefonu vasitəsilə dərhal ən yuxarı rəhbərə (və həmin məktubun surətini - ondan vəzifəcə daha aşağı, amma onların rəhbərlikdən yuxarı olan rəhbərlərə) baş verən hallar, imzaladığı ərizəsinə etirazı barədə yazılı məlumat yazmış və göndərmişdir. Baş verənləri tam ətraflı yazmadığından çox da vaxtı getməmişdir. Bu məlumatı göndərən kimi ona TEAMS proqramı vasitəsi ilə əks zəng edilmiş və o, zəngə cavab vermək istədiyi anda - onun bütün proqram təminatlarına, o cümlədən TEAMS əlaqələndirici proqramına, Outlook mail proqramına BLOK qoyulmuş və ən başdakı rəhbərliklə bağlantıları baş tutmamışdır. Hesab edir ki, o, göndərdiyi elektron yazı rəhbərlik tərəfindən nə olduğunun aydınlaşdırılması üçün onların kadrlara (HR əməkdaşına) göndərildiyindən, kadrlar əməkdaşı tələm-tələsik İT mütəxəssisinə bütün əlaqəlandirici proqramların bloklandırılmasını tapşırmışdır. O, 02 fevral 2024-cü il tarixdə sığorta imtiyazının qaldığını yoxlamaq üçün, həmçinin işdə olmadığından fürsət kimi istifadə üçün sığorta hesabına uşağına peyvənd etdirmək istəmiş, lakin «Atəşkəs» sığorta ilə telefon bağlantısında onun sığorta kartının bağlandığı ona bildirilmişdir. 02 fevral günü işdə olduğu zaman və işdən sonra evə gəldikdə əhvalı pisləşmiş, bununla çox sarsıntı keçirmişdir. Gün ərzində baş verənləri yadına saldıqca şok halında duruxub qalmışdır. Ərizəni yazmağa necə nail olduqlarını yada salmağa çalışmışdır. Onun psixologiyasının pozulmasına səbəb olan gərgin anlar 6 fevral gündüz vaxtlarına qədər davam etmişdir. Yuxarı rəhbərliyə məlumat göndərdiyindəm işinə bərpa ediləcəyini ümid edirdi. Həmçinin "xxxx" şifahi danışıqlar apardığı Şirkətin HR (kadrlar) mütəxəssisi ona narahat olmamasını, haqq-hesab edilməyənə qədər yaxşı işçi olduğu səbəbindən işə bərpa olunması üçün şansının olduğunu, bu vaxt ərzində heç bir tədbir görməyinə ehtiyac olmadığını (daha doğrusu məsləhət görmədiyini) bildirmişdir. Gözləntilərinin əksi olaraq 06 fevral 2024-cü il tarixdə saat 12:31-də son haqq-hesab onun hesabına göndərilmişdir. İşdən kənarlaşdırlmasından 3 gün sonra ona aid son haqq-hesab vəsaiti ödənilmişdir (Bu hal ilə də bağlı əmək müfəttişliyinə məlumat vermişdir). Tədbirləri fayda vermədiyindən o, 06 fevral 2024-cü il tarixdə işə bərpa olunması və yazdığı ərizəni geri götürməsi barədə iş yerinə, həmçinin əmək müfəttişliyinə təcili poçtla məlumat vermişdir. İşdə olan nöqsanlar barədə məlumatlı idi. Onun işdən çıxarılmasına səbəb olan test nəticələrinin qiymətləndirilməsi üçün istifadə edilən test qurğusunun özü daim nasaz vəziyyətdə olmuşdur. Belə ki, onun temperatur göstəricisi heç zaman işləməmişdir. Bütün test nümunələri otaq temperaturu şəraitində aparılıb ki, bu da nəticələrin təxmini hesablama üsulu ilə yazılmasının sübutudur. Yəni ümumilikdə götürüldükdə test aparılma qaydası əvvəldən səhv olub. Bununla da, onun guya tam dəqiq məlumatları sistemə əlavə etməməsi səbəbi ilə işdə kobud səhvə yol verməsi iddiası qərəzli idi. 2021-ci il tarixdə işdən çıxarılan və sonra məhkəmə yolu ilə işə bərpa edilən Gülnarə ilə dostluğu bəzi əməkdaşları qıcıqlandırırdı. Bunu o, sonradan bilmişdir. İlk əvvəl onun yol yoldaşı kimi (həmçinin köməklik üçün) Gülnarəni işdən sonra maşını ilə Sanqaçaldan şəhərə gətirməsinə münasibət olaraq ehtiyatlı olması bildirilmişdir. Ona demişlər ki, guya Gülnarə «iş verən, böhtançı, qorxulu adamdı». Hətta Gülnarənin qanuni yolla (iş yerində ştatın ixtisarı adı ilə) işdən azad edəcəklərini belə ondan gizlətməmişdilər. Son hadisədən sonra onun ətraflı soraqlaşması nəticəsində məlum olmuşdur ki, Gülnarə 2021-ci il tarixdə özünə qarşı edilən haqsızlığa göz yummamış və məhkəmə yolu ilə vəzifəsinə bərpa edilmiş, hətta bununla bağlı təzminat belə almışdır. Gülnarənin məhkəmə qətnaməsində qeyd etdikləri hallar iş yerində baş verən özbaşınalıqların güzgüsüdür. İş yerində HR (kadrlar mütəxəssisi) işləyən Vüsalə Ələkbərova və Arifə əlbirdirlər. Belə ki, Vüsalə Arifənin sayəsində HR vəzifəsinə işə qəbul edilmişdir. O səbəbə görə də Vüsalə Arifənin dediklərinə birmənalı əməl edir. Sonuncu iclas zamanı HR də Arifənin məsləhəti ilə ona qarşı çıxış etmişdir. İclasdan sonra da sənədləri ona təqdim edildikdə və onun artıq etiraz niyyətini görən HR, ona səbrli olmasını, 3-5 gün gözləməsini, işə bərpa edilmə şansının çox olduğunu və bununla əlaqədar heç bir tədbir görməməsini ona məsləhət görmüşdür. Bu şirkətdə onun işdən azad edilməsindən əvvəl də digər işçilərlə bağlı analoji hallar baş vermişdir. Ondan əvvəl bir xanım işçiyə qarşı analoji hal baş vermişdir. Sadəcə ya onların basqıları zəif olduğundan və ya xanımın psixikasının daha davamlı olması səbəbindən xanımı əmrlə işdən azad etmişlər. Sonradan ədalət məhkəməsinin qətnaməsi ilə işə bərpa edilmişdir. Daha sonra artıq profesionallaşmış «kollektiv» tərəfindən Elnur adlı əməkdaşları 2022-ci il tarixdə şər və böhtan atılmaqla işdən azad edilmişdir. Elnurun vəzifəsinə Arifə qəbul edilmişdir. Həmin əməkdaş da onun kimi «könüllü» ərizə yazmaqla işdən xaric edilmişdir. Lakin həmin əməkdaşın işə bərpa ilə bağlı iddiasının olmaması cavabdehin əməkdaşlarında belə hərəkətlərin cəzasız qalması fikri yaratmış və təkrar belə qanunsuz və təhdid dolu hərəkətlərlə onun işdən azad olmasına nail olmuşlar. Belə ki, onun üzərində dayanaraq, onunla cinayət əməli görmüş adam kimi rəftar etmiş, ona hər tərəfdən təsir dolu ifadələr, təzyiqlər yağdırmış, şantaj dolu ifadələrlə onun könüllü şəkildə ərizə yazmayacağı təqdirdə onun ən yaxşı halda əmrlə işdən azad edəcəklərini və elə əmr verəcəkləri təqdirdə heç bir idarə-təşkilat tərəfindən işə qəbul edilməyəcəyini bildirmişlər. Hətta ona təzyiq edənlər içərisində «barəndə cinayət işi açdıracağıq» sözlərini də ona eşitdirmişlər. Qısa zaman ərzində ona edilən bu haqsız basqılar nəticəsində yeganə çıxış yolu kimi ərizə yazmaqla canını onlardan qurtarması düşüncəsi yaranmış və nəticədə sonuncuların həmin iclasa arxayıncasına gətirdikləri və mətni hazır olan «işdən könüllü azad olması» barədə ərizəni sadəcə imzalamışdır. Hətta mətnində nə yazılmasını oxumaq imkanı belə olmamışdır. Bütün əvvəlki işdənçıxarılma hadisələri barədə sonradan o, məlumat aldıqda, aldandığını, təhdidə tabe olaraq razılaşmamalı olduğunu anlamış və hazırki mübahisəni qaldırmağa məcbur olmuşdur. Digər işçilərin ona münasibətdə hansı üstünlüklərinin olmasını anlamır. Nəyə görə digər işçilərin kobud səhvləri ört basdır edilir, bəlkə də müəyyən ləvazimatların təkrar alışı kiminsə marağına xidmət edir və həmin kimlərsə onun sayıqlı olmasından ehtiyyatlanaraq onun arzuedilməyən işçi kateqoriyasına aid edilməsinə nail olmuşlar. Bu əlbəttə ki, onun sonradan təxəyyülündə formalaşan qənaətlərdən biridir. Ümid edir ki, bu belə deyil. Onun peşəkarlıq səviyyəsi göz önündə olmuş, lakin rəsmi qaydada bu qiymətləndirilməmişdir. Bu hər dəfə şifahi formada elan edilmişdir. Fikirləşmişdir ki, müsbət hallar onun vəzifəsində irəliləyişinə səbəb olacaq. İşəgötürən tərəfindən hər hansı ciddi yoxlama aparılmamış, onun dedikləri faktlara söykəndiyi halda qəbul edilməmiş, hətta yuxarı rəhbərliyə 02 fevral tarixində etdiyi şikayət dolu yazıları blok edilmiş, onun yuxarı rəhbərliyə yazı imkanları tam olaraq məhdudlaşdırılmışdır. Həmçinin 02 fevral 2024-cü il tarixli əmrin belə tez qəbul edilməsinə hansı zəruriliyin olması sual yaradır. Bir daha xatırladır ki, uzun müddət analoji vəzifədə əmək fəaliyyəti olub. Cavabdeh şirkətdə çalışdığı dönəmdə o, hər zaman öz əmək funksiyalarını dəqiq bir şəkildə yerinə yetirmiş, daxili intizam qaydalarına əməl etmişdir. Bu dönəmdə əmək fəaliyyəti ilə bağlı heç bir intizam və ya inzibati məsuliyyətə cəlb olunmamışdır. Bu hal özü-özlüyündə onun nümunəvi işçi olmasının göstəricisidir. O, ailəlidir, himayəsində 3 azyaşlı uşaq var. Ən kiçik övladının 9 ayı var. Onun ipoteka krediti mövcuddur. Bundan başqa işdən aldığı maaşa arxalanaraq əlavə «Azərbaycan Beynəlxalq Bankı»ndan (bağ evinin təmiri üçün 20.000 manat) kredit də götürmüşdür. Nəqliyyat vasitəsini də iş yerinin məvacibinə arxalanaraq yeniləyərək, lizinq yolu ilə yeni 56.000 manatlıq (ilkin ödəniş 28.000 olmaqla) bahalı avtomobil əldə etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, lizinqlə götürdüyü avtomobili artıq satışa qoymuşdur ki, həm qalan lizing borcunu bağlasın, həm də, qalıq vəsaitlə müəyyən qədər digər krediti üzrə ödənişlər etsin. Hazırda kreditlərinin ödənişlərində çətinlik çəkir. Yubanmaları var. Halbuki işlədiyi zaman kredit ödənişlərində problemi olmayıb. Ailə başçısı kimi ailəsinin gözündən düşmək istəmir. Bu günkü gündə onun üçün işə bərpa edilməsi çox vacibdir. Belə ki, uzun müddət BP tabeliyindəki şirkətlərdə işlədiyindən, onlar üzrə mütəxəssis olduğundam və son hadisələrdən sonra onun BP tabeliyindəki şirkətlərdə işləmək şansı heçə endirilib. Yəni qeyri-rəsmi olaraq onu işdən azad edən əməkdaşlardan necə işçi olması sorğulandıqda, barəsində mənfi rəy bildiriləcəyinə əmindir. Bu günkü gündə yeni lizinqdə olan maşını ilə yanaşı, bağ evini də satışa çıxarmışdır. Səbəb avtomobilinin satılmaması və mövcud kredit ödənişləri üzrə faiz və cərimə məbləğlərinin artmasıdır. Sadalanan maddi asılılığa malik şəxsin iş yerindən könüllü şəkildə ərizə yazmaqla ayrılması absurd səsləndiyi kimi, cəfəngiyyatdır. İnsan nə qədər məsuliyyətsiz və ailəsinə qarşı vicdansız ola bilər ki, sadalanan hallar ola-ola iş yerindən könüllü çıxsın. Bu şirkətdə dəfələrlə işdən məcburi çıxarılma halları olmuşdur. Bəzi hallarda onun kimi «könüllü ərizə yazdırmaq» şansları olub. Bəlkə də, Azərbaycanda başqa belə 2-ci xarici şirkət yoxdur ki, bu qədər əmək mübahisələri olsun, əməkdaşların hüquqları məcburi və zorakı yolla pozulsun. Qısa araşdırma nəticəsində cavabdehin bəzi əməkdaşlarının əmək mübahisələri ilə əlaqədar (pozulmuş hüquqlarının bərpası ilə bağlı) Ali Məhkəmə tərəfindən qəbul edilən 3 məhkəmə aktını aşkarlamışdır. Onlarda şirkət daxili baş verən xoşağəlməz hallar qeyd edilmişdir. Hələ onun əldə edə bilmədiyi nə qədər bu şirkətlə əlaqəli məhkəmə qərarlarının olmasını ancaq təxmin etmək olar. 16 fevral 2021-ci il tarixli qərarda açıq-aşkar şəkildə iddiaçı tərəfindən şirkət daxili pozuntu halları qeyd edilir. Onun bu mübahisəsi üzrə həmin əməkdaşın izahatını şahid ifadəsi kimi də qəbul etmək olar (qeyd edilən qərarda bəzi ifadə və faktların altından qırmızı qələmlə xətt çəkmişdir). O, cavabdeh şirkətlə mübahisənin məhkəmədən kənar həllinə cəhd etmişdir. O, mübahisənin mediasiya vasitəsilə tənzimlənməsinə səy göstərmişdir, lakin cavabdeh şirkətin onu tanıyan nümayəndəsi mediasiya sessiyalarında iştirak etməyib, onların əvəzində onun necə işçi olduğunu bilməyən, işə yalnız hüquqi cəhətdən qiymət verə bilən vəkilləri iştirak etmişdir. O, mediasiyaya müraciət etdikdə yegənə niyyəti cavabdehlə qarşılıqlı anlaşma şəraiti yaratmaq və barışıq əldə etməklə işə bərpa edilməsi olub. O, işdən azad edildikdən sonra yerinə vakant yer işçi axtarışına başlamışlar. Halbuki onun özünü işə bərpa edə bilərdilər. O, yuxarıda sadalağı hallardan başqa, hüquqi əsasları da bu ərizədə qeyd etmişdir. Lakin bütün bu göstərdiklərindən savayı bir halı da nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 69-cu maddəsində işçinin könüllü ərizə yazdığı dövrdən etibarən 1 ay xəbərdarlıq müddətində işə bərpa edilməyi mümkün hal hesab edilib. Cavabdeh deyəcək ki, ərizədə tarix göstərilməsəydi 1 aylıq müddət tətbiq edilməli idi. Onun işdən çıxma müddətini «könüllü» yazmasını nəzərə aldıqda belə, ərizəni yazdığı vaxtla (03 fevral - 02 fevral düzəlişi) işdən çıxarılma anını qeyd etdiyi müddət aralığında (03 fevral) yuxarı rəhbərliyə etdiyi yazılı elektron müraciəti, xəbərdarlıq müddətində ərizəsinin geri götürülməsi kimi qiymətləndirilməlidir. O, müddət ərzində yeni işçi də işə götürülməmişdir (qanunvericiliyin tələbi: işçi xəbərdarlıq müddəti bitənədək, istədiyi vaxt ərizəsini geri götürə bilər və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verilə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun). İşçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi onun iradəsinin könüllü ifadəsinin nəticəsi olmalıdır. Lakin hazırki halda «könüllü ərizə yazılması» işçinin iradə ifadəsini kölğələmək niyyəti daşıyıb. Halbuki qanunla işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddi hüquq normaları təfsir edilən zaman qanunun güddüyü məqsədə uyğun şərh verilməlidir. Qanun (Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndi) işçinin ərizəsinin könüllü yazıb-yazmadığını ətraflı araşdırılmalı olduğunu və iradəsinə zidd yazılma halı aşkarlanarsa, bu pozuntunun qadağan olunduğunu bildirir. Hazırki ərizəsində pozuntuya işarə verən və bu halları əks etdirən kifayət qədər əsaslar mövcuddu. Yetər ki, onları görmək istəyi olsun. Yekunda bildirmək istəyir ki, cavabdehin tərtib etdiyi əmr tam qanunsuz, əsassız olmaqla, ona münasibətdə işçilər tərəfindən qərəzli olaraq təşkil olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatı ilə razı olduğunu bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının iddiası əsassız tələblərdən ibarətdir. Hər bir tərəf öz tələblərinin əsasını sübut etməlidir. İddiaçı öz ərizəsi ilə işdən çıxmışdır. İşdən çıxma proseduru qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. O, ərizəni təzyiq altında yazdığını iddia etmişdir. Lakin bununla bağlı heç bir sübut təqdim etməmişdir. Yeganə sübut şahidin dindirilməsi ilə bağlı olmuşdur, lakin şahid də hər-hansı bir təzyiqin olmadığını qeyd etmişdir. İddiaçının ona davamlı olaraq 4 saatdan çox təzyiqin olması dəlili isə özü-özlüyündə inandıcı deyil. Adam bu situasiyanı heç təsəvvür edə bilmir. Göründüyü kimi, iddia tələblərinin heç bir əsası yoxdur. Məhkəmədən qeyd olunanların nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, iddiaçını tanıyır. İddiaçı onlarda iki ildir işləyir. İddiaçının işdən çıxma ərizəsi ofis şəraitində yazılmışdır. İddiaçının işdən çıxması ilə bağlı məsələ iclas şəraitində müzakirə olunmuşdur. İclas işçilərin davamiyyəti ilə bağlı olmuşdur. İclas təxminən 1 saat çəkmişdir. İclasda işdən çıxmaq ərizəsini şəxsən iddiaçı özü yazmışdır. Ofisdə işçinin işdən çıxması barədə ərizə nümunələri var. İclas vaxtı iddiaçıya hər hansı təzyiq göstərilməyib. Ərizənin tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. İşçi əmrlə tanış olmalıdır. Həmin otaqda kamera var və əlbəttə ki səs yazıları gündəlik yazılır. Ərizəyə heç kim tərəfindən düzəliş olunmamışdır. O, insan resursları şöbəsində işləyir. Arifə isə laborant işləyir. İddiaçıya iclasda yalnız onun səhvi özü şəxsən boynuna aldığını bildirmişdir. İlk öncə iddiaçı səhv olmadığını dediyinə görə, onlar mühəndis dəvət etmişlər. İddiaçı 3 uşağı olduğuna görə güzəşt olunmasını deməmişdir. İddiaçının ərizəsinə qarşı inamsızlıq olduğuna görə ərizəyə müsbət cavab verməmişlər. İddiaçı işdən çıxma barədə ərizə verdikdə işdən çıxmasının səbəbini deməmişdir. Sadəcə işdən çıxmaq istədiyini bildirmişdir. Onun tərəfindən iddiaçının işdən çıxmasına görə hər hansı təzyiq olmamışdır. Əmr hazır olan kimi həmin gün iddiaçıya təqdim olunmuşdur. Onlarda işçinin işdən çıxması barədə hazır formalar olduğundan həmin ərizə nümunəsini iddiaçıya təqdim etmişlər. Ərizə nümunəsi iddiaçının təqdim etdiyi ərizədən yarım saat sonra təqdim olunmuşdur. İddia ərizəsindən görünür ki, iddiaçı işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğunu, bu səbəbdən Bakı 10 saylı Mediasiya təşkilatına müraciət etdiyini, mübahisə məhkəmədən kənar qaydada həll edilmədiyindən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı Bakı 10 saylı Mediasiya təşkilatına müraciət etmiş, tərəflər (iddiaçı və cavabdehin nümayəndəsi) ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin proses davam etdirilə bilməmişdir. Bu səbəbdən, Mediasiya təşkilatı tərəfindən 14 mart 2024-cü il tarixdə MŞB/10/2024-00128 saylı (ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə) arayış verilmişdir. 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. İddiaçı tərəfindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına (Xəzər ərazisi üzrə vitse prezidenti Qrem Teylora) ünvanlanan ərizədən görünür ki, İddiaçı onunla əmək müqaviləsinə 03 fevral 2024-cü il tarixdən öz xahişi ilə xitam verilməsini xahiş etmişdir Ərizədə yazılma tarixi 02 fevral 2024-cü il tarixi qeyd olunmuşdur. Ərizənin yazılma tarixindəki “02” rəqəmi aydın yazılmamışdır . İddiaçı bildirir ki, o, ərizənin tarixini 03 fevral 2024-cü il kimi yazmışdır, lakin cavabdeh sonradan 3 rəqəmini 2 rəqəminə dəyişdirilmişdir. Məhkəmə ərizənin tarixindəki anlaşılmazlıq məsələsini hərtərəfli araşdıraraq müəyyən etmişdir ki, ərizənin verilmə tarixi və işəgötürən tərəfindən qəbul edilməsi tarixi faktiki olaraq 02 fevral 2024-cü ildə olmuşdur. Belə ki, iddiaçı məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, ərizənin verilməsi 02 fevral 2024-cü il tarixə təsadüf etmişdir. Cavabdehin nümayəndəsi də bu faktı təsdiq edərək bildirmişdir ki, ərizə faktiki olaraq 02 fevral 2024-cü il tarixdə təqdim olunmuşdur. Məhkəmə qeyd edilən halı hərtərəfli araşdırmaq üçün ərizəçinin digər, 06 fevral 2024-cü il tarixli ərizəsini və işəgötürənin əmək müqaviləsinə xitam verilməsi barədə K-10 saylı əmrini araşdırmışdır. İddiaçı 06 fevral 2024-cü il tarixli ərizəsində əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsi barədə verdiyi ərizənin tarixini 02 fevral 2024-cü il tarixi kimi göstərmişdir. Bundan başqa, işəgötürənin 02 fevral 2024-cü il tarixli K-10 saylı əmrindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 03 fevral 2024-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən xitam verilmiş, həmin əmr dərc olunaraq imzalanmış və möhürlənmiş, iddiaçı həmin əmrlə tanış edilmiş və 02 fevral 2024-cü il tarixdəcə iddiaçıya təqdim olunmuşdur. İddiaçı əmrin surətini 02 fevral 2024-cü il tarixdə almasına dair müvafiq qeyd aparmış və ərizəni imzalamışdır. Yuxarıda qeyd olunan halların məcmusundan aydın olur ki, iddiaçı tərəfindən işdən çıxma barədə ərizə faktiki olaraq 02 fevral 2024-cü il tarixdə təqdim edilmiş və işəgötürən tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini başlıca olaraq onunla əsaslandırmışdır ki, təzyiq altında işdən azad edilmə barədə ərizə yazmışdır, sonradan həmin ərizənin etibarsız hesab edilməsinə dair cavabdehə 06 fevral 2024-cü il tarixdə rəsmi şəkildə ərizə göndərsə də, həmin ərizə nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14. 2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı təzyiq altında işdən azad edilməsinə dair məhkəməyə mötəbər sübut əqdim etməmişdir. Məhkəmə iclasında araşdırma aparılan zaman da iddiaçının qeyd etdiklərinin lehinə olan hər hansı təsdiqedici hallar aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçı işəgötürənə ərizə yazaraq işdən azad olunma tarixini qeyd etməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İşəgötürən həmin ərizəni nəzərə alaraq, işçi ilə bağlanmış əmək müqaviləsinə ərizədə qeyd edilən tarixdə xitam vermişdir. İşin faktiki hallarından göründüyü kimi, işəgötürən tərəfindən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Əmək qanunvericiliyinin (69-cu maddəsinin) tələbləri pozulmamışdır. İşəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə orta aylıq əmək haqqının hesablanmaqla, ona kompensasiya şəklində ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə orta aylıq əmək haqqının hesablanmaqla, ona kompensasiya şəklində ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-1572/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1572/2024
23.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver