Məhkəmə qərarları › İş №e-2(002)-1602/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1602/2023

20.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1602/2023 20.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh azyaşlı övladları 07 iyul 2016-cı il təvəllüdlü X2 və 22 oktyabr 2018-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, 4E saylı binanın 38 saylı mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, 4E saylı binanın 38 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzildə o ailə üzvləri ilə birlikdə yaşayır. Onun oğlu X1 ilə Cavabdeh 10 oktyabr 2015-ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurublar. Birgə nikahdan 17 iyul 2016-cı il təvəllüdlü X2 və 22 oktyabr 2018-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Cavabdeh hazırda azyaşlı övladları ilə birlikdə ona məxsus olan mənzildə yaşayır. O, həmin ünvana pasport qeydiyyatına alınmayıb, qeydiyyatsız olaraq orada yaşayır. Cavabdehlə onun oğlu arasında ailə münasibətləri pisləşdiyindən oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə nikahın pozulmasına dair iddia ərizəsi ilə müraciət edib. Hazırda həmin iddiaya hakim Ayaz Məmmədovun sədrliyi ilə baxılır. Qeyd edir ki, cavabdeh mənzildə birgə yaşayış qaydalarına əməl etmir, yersiz mübahisələr yaradır, münaqişəyə meylli insandır. O, iddiaçının həmin mənzildə rahat yaşamasına mane olur. O cavabdehin təqsiri üzündən öz mənzilində rahat şəkildə yaşaya bilmir. Dəfərlərlə cavabdehə mənzildən çıxmasını tələb etsə də, cavabdeh tələblərinə məhəl qoymur və könüllü olaraq mənzildən çıxmaqdan imtina edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi MH seriyalı, 060230 saylı Qeydiyyat Vəsiqəsinin sürətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, 4E saylı binanın 38 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə qonşular tərəfindən tərtib olunmuş aktdan görünür ki, Cavabdeh həqiqətən də Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, 4E saylı binanın 38 saylı mənzilində qeydiyyatsız olaraq yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə 2007-ci il tarixli qərarında X7 Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara uyğun olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. 1 saylı Protokolun 1-ci maddəsinin tələbi ondan ibarətdir ki, mülkiyyət hüqüqundan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanunsuz sayılmalıdır. Məhkəmənin hüquqi mövqeyinə görə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunililik tələbinə cavab versin və əsassız olmasın. Konvensiyadakı “qanun” və “qanuni” anlayışları mahiyyətcə daxili qanunvericiliyə istinad edir və qanunun keyfiyyətini bildirir və daxili qanunvericiliyin qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir”. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb olmadığından ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh azyaşlı övladları 07 iyul 2016-cı il təvəllüdlü X2 və 22 oktyabr 2018-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, 4E saylı binanın 38 saylı mənzilindən çıxarılsın İddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar