Məhkəmə qərarları › İş №e-2(002)-1769/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1769/2024

25.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1769/2024 25.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X15 oğlunun katibliyi, İddiaçıların vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı1 ilə X14 arasında xx.xx.2004-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar (Bakı şəhəri Nizami rayonu VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2004-ci il tarixli, AZ-İ 109782 nömrəli nikah haqqında şəhadətnamə).

2. Bakı şəhəri Qaradağ Rayon VVADQ şöbəsinin AZ-İ 076544 nömrəli xx.xx.2007-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, İddiaçı1 ilə X14 arasında nikah xx.xx.2007-ci ildə pozulmuşdur.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 (ümumi sahəsi 60.51 m2) xüsusi mülkiyyət formasında X11 adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır.

4. Azərbaycan Respublikası Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 124528 №-li xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X17 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 Saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-1052 №-li Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X11 vərəsələri: İddiaçı1 (oğlu) və İddiaçı2 (qızı) şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası ƏMDK-in yanında DƏDRX Hüquqların Dövlət qeydiyyaatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2012-ci il tarixdə X12 verilmiş **********14-05101-093020 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60.51 kv.m yaşayış sahəsi 47.5 kv.m, yardımçı sahəsi 13.01 kv.m olan 3 otaqlı mənzildən ibarətdir.

6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 (ümumi sahəsi 63.81 m2) xüsusi mülkiyyət əsasında ½ hissədə İddiaçı2, ½ hissədə İddiaçı1 adına xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-33952/2024 nömrəli məktubuna əsasən, qeyd olunan mənzil ilkin olaraq xx.xx.1990-ci il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 8 saylı DNK-ın xx.xx.2012-ci il tarixli 2V-2-569 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən mənzil X11 adına qeydiyyatdan keçmişdir. 3 saylı Bakı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli 2V-1052 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən mənzilin ½ hissəsi X3 və ½ hissəsi X5 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-cü il tarixli **********14-05101-093020 №-li Texniki Pasportdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi, ev 20b, mənzil 12 saylı mənzil 4-cü mərtəbədə yerləşməklı, 3 otaqdan ibarətdir, ümumi sahəsi 63.81 m2, yaşayış sahəsi 47.5 m2 təşkil edir.

9. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə Qeydiyyat haqqında ******* nömrəli arayış əsasən, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatındadır.

10. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli 284 nömrəli arayışa əsasən, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır, lakin yaşamır. İddia tələbi

11. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçını vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil hüquqlarını müdafiə etdiyi İddiaçılar İddiaçı2 və İddiaçı1 ümumi paylı mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli AR Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı2 verilmiş yaşayış yeri haqqında arayışa əsasən, ünvan 1 ünvanında İddiaçı2, X18, X4, İddiaçı1, Cavabdeh, X9, X8 qeydiyyatdadır. Qeydiyyatda olan Cavabdeh İddiaçı1 keçmiş arvadıdır. İddiaçı1 və Cavabdeharasında olan nikaha 19 oktyabr 2007-ci il tarixində xitam verilmişdir və həmin tarixdən Cavabdeh anası X2 mülkiyyətində olan Bəkir Çobanzadə küçəsi,ev 41, m. 107 ünvanında yerləşən mənzildə yaşayır. Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli arayışa əsasən, Yafarova X10 qəsəbəsi, D.Bünyadzadə küçəsi,ev 20b, mənzil 12 ünvanında qeydiyyatda olsa da, orada yaşamır. “Şəxsin ərazidə yaşamaması barədə” Aktla 4 qonşu - Mejenskaya İrina, Əhmədova Bənövşə, Məmmədova Tünzalə, Raneşkina İrina imzaları ilə təsdiq etmişdir ki, Cavabdeh və övladları uzun müddətdir ki - 2007-2008-ci ildən bəri həmin ərazidə görünmürlər. Cavabdeh 17 ildən çoxdur ki, həmin mənzildə yaşamır və onun qeydiyyatı formal xarakter daşıyır. Onun həmin mənzildə qeydiyyatda olması İddiaçı2 və İddiaçı1 mülkiyyətçilər kimi sərəncam vermək hüququnu həyata keçirmələrinə mane olur. Bundan başqa həmin şəxsin mənzildə qeydiyyatda olmasıəlavə kommunal xərclərin yaranmasına səbəb olur. 11 mart 2024-cü il tarixində Cavabdeh olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması ilə əlaqədar Qaradağ Rayon Polis İdarəsinə tərəfindən müraciət edilmişdir. Qaradağ Rayon Polis İdarəsi tərəfindən 19 mart 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh İddiaçının ərizəsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə zidd olduğu üçün mümkün deyildir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

14. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2-ci maddələrinə, istinad etmişdir.

15. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçıların vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və bildirdi ki, Rəhimcan ilə Nailə ərarvad olmuş, onların nikahı pozulmuşdur. Cavabdeh qaynatasının evinə köçməklə 2004-cü ildə evə qeydiyyata düşüb və 2 il orada yaşamışdır. Hazırda həmin mənzildə qeydiyyatda qalması iddiaçıların mülkiyyət hüququnu pozur.

17. Cavabdehə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

18. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. İ və İİ. hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası:

20. 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının 27 iyul 2001-ci il Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı:

21. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

22. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

23. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

24. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

26. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

27. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

32. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

33. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

35. İddia əsaslıdır.

36. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ilkin olaraq xx.xx.1990-ci il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. Daha sonra qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında xx.xx.2012-ci il tarixdə iddiaçıların atası Tahir Yafarovun mənzil üzərində mülkiyyət hüququ qeydə alınmışdır. Tahir Yafarovun vəfatından sonra xx.xx.2021-ci il tarixdən sözügedən mənzil onun övladlarının (hazırkı iş üzrə iddiaçılar) paylı mülkiyyətindədir.

37. Cavabdeh 2004-cü il tarixdə İddiaçı1la rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və 2007-ci ildən nikahları pozulmuşdur. İddiaçıların bildirdiklərinə əsasən, cavabdeh həmin mənzilə 2004-cü ildə köçmüş, lakin 2 ildən sonra köçüb getmişdir.

38. Göründüyü kimi, cavabdeh mənzilə köçdüyü tarixdə həmin mənzilin mülkiyyətçisi Əbdül Yafarov olmuş, həmin vaxt qüvvədə olan qanunun tələbinə əsasən, mülkiyyətçi ilə Cavabdeh arasında hər hansı yazılı, notarial müqavilə bağlanmamışdır.

39. Məhkəmə göstərilənləri və cavabdehin mənzildə uzun müddət yaşamamasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olmaqla, cavabdehin mənzildə istifadə hüququ itirilmiş hesab edilməlidir.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

41. Digər tərəfdən, cavabdehin iddiaçıya məxsus mənzildə faktiki yaşamadan qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Məhkəmə xərcləri

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

43. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 20b saylı evin 12 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar