Məhkəmə qərarları › İş №e-2(002)-1795/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1795/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1795/2024 16.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Tascan Kutbettinə qarşı borcun alınması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Tascan Kutbettin arasında xx.xx.2021-ci il tarixli 050HKEF21003674 nömrəli “Bank hesabı (Fiziki şəxsin cari hesabı), fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti, debet kartın verilməsi və istifadəsi haqqında qarışıq müqaviləsi bağlanılmışdır.

2. Bank tərəfindən borcluya ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə Ziraat Bank Azərbaycan ASC-də mövcud olan AZ98TCZB**********18933002 (kart:**********6600) saylı hesabında 305.70 AZN borc məbləği yaranmışdır. Sistemdə olan texniki xəta səbəbindən xx.xx.2022-ci tarixli əməliyyatları xx.xx.2023 tarixində hesabına geri qaytarılmış xx.xx.2023-xx.xx.2023 tarix aralığında isə həmin vəsaitdən istifadə etmişdir. xx.xx.2023 tarixində səhvən hesabına geri qaytarılmış vəsaitlərə bank tərəfindən düzəliş edilmişdir, lakin vəsaiti istifadə olunduğundan hesabında borc məbləği yaranmışdır. Yuxarıda qeyd olunanlara və aşağıda istinad edilən xx.xx.2021-ci il tarixli "Bank hesabı (fiziki şəxsin cari hesabı), fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti, debet kartın verilməsi və istifadəsi haqqında qarışıq müqavilə No 030HİKEF21003674" müqaviləsinin aşağıda qeyd olunan bəndinə əsasən hesabında yaramış borc məbləğini 5 iş günü ərzində ödəməyi ondan tələb olunur. 305.70 AZN borc ödənilmədiyi təqdirdə, borcun tərəfindən ödənilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi bildirilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 05/407/di №-li məktubuna əsasən, Türkiyə Respublikası vətəndaşı, xx.xx.1986-cı il təvəllüdlü Kutbettin Tascan sonuncu dəfə Bakı şəhəri, Qaradağ rayonu, Salyan yolu 11 (İpək Yolunun qarşısı) ünvanına qeydiyyata alınmışdır. İddia tələbi

4. İddiaçı Ziraat Bank Azərbaycan» ASC cavabdeh Tascan Kutbettinna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Tascan Kutbettindən 305.7 AZN məbləğində vəsaitin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Tascan Kutbettin arasında xx.xx.2021-ci il tarixində, 050HKEF21003674 nömrəli “Bank hesabı (Fiziki şəxsin cari hesabı), fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti, debet kartın verilməsi və istifadəsi haqqında qarışıq müqaviləsi (bundan sonra “Müqavilə”) imzalanmışdır. “Müqavilə”yə əsasən, Bank cavabdehə ******* nömrəli kod təyin edərək və həmin koda bağlı AZN valyutalı Bank hesabı açmışdır. Bundan sonra cavabdeh Bank tərəfindən ona verilmiş “Kart” vasitəsi ilə hesab üzrə əməliyyat aparmışdır. Cavabdeh ona açılmış AZ98TCZB**********18922002 nömrəli bank hesabına bağlı 6600 (son 4 rəqəmi) nömrəli kart vasitəsi üzrə ona məxsus olmayan və texniki səbəblərdən hesabına qayıtmış vəsaitdən istifadə etmiş, nəticədə 305.70 AZN həcmində Banka borcu yaranmışdır. Belə ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində aparılmış əməliyyat üzrə vəsaitlər sistemdə olan texniki xəta səbəbi ilə xx.xx.2023-cü il tarixində cavabdehin hesabına geri qayıtmışdır. Cavabdeh isə bilə-bilə ona məxsus olmayan vəsaitdən xx.xx.2023-xx.xx.2023-cü il tarixlər aralığında istifadə etmişdir. xx.xx.2023-cü il tarixində səhvən hesaba geri qaytarılmış vəsaitlərə Bank tərəfindən düzəliş edilmişdir. Cavabdeh artıq həmin vəsaitdən istifadə etdiyindən hesab üzrə avtomatik borc yaranmışdır. Bu borcun yaranma səbəbləri barədə cavabdehə rəsmi qaydada xx.xx.2023-cü il tarixində bildiriş göndərilmiş və həmin vəsaitin Banka ödənilməsi tələb olunmuşdur. Lakin, cavabdeh borcu ödəməkdən yayınmışdır. Nəticədə cavabdeh bilərəkdən ona məxsus olmayan vəsaiti xərcləmiş və əsassız varlanmışdır (cavabdehin qeyd olunan əməliyyatları iddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışda öz əksini tapmışdır). Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

6. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 386.1, 439.4, 1091.1, 1092, 1095-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

7. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etmiş, cavabdehin kart hesabına texniki xəta üzündən pulun geri qaytarıldığını və cavabdehində bu puldan istifadə etdiyini bildirərək iddianın təmin edilməsini xahiş etmişdir.

8. Cavabdehə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

9. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

10. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

11. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

12. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

13. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

14. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

15. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

16. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

17. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

18. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. 439.1-ci maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.

22. 439.2-ci maddəsinə əsasən, xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar.

23. 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

24. 440.2-ci maddəsinə görə, məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir.

25. 443.0-cı maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda.

26. 443.0.8-ci maddəsinə əsasən, iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəldikdə. b) Əsaslandırma

27. İddia əsaslıdır.

28. Belə ki, cavabdeh Tascan Kutbettin İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı bankın texniki səhvinə görə cavabdehin ödəniş kartına yüklənmiş artıq məbləğin, yəni banka aid vəsaitin cavabdeh tərəfindən əsassız mənimsənildiyini qeyd edərək həmin məbləğin geri qaytarılmasını tələb edir.

29. İş materiallarına əlavə edilmiş xx.xx.2022-xx.xx.2023-cü il dövrünü əhatə edən hesabdan çıxarışdan görünür ki, texniki xəta səbəbilə xx.xx.2023-cü il tarixdə cavabdehin hesabına əvvəl istifadə olunmuş vəsait geri qaytarılmışdır. Cavabdeh yenidən həmin vəsaitdən istifadə etmiş, nəticədə əsassız varlanma halı üzrə 305,70 manat ödənilməli məbləği yaranmışdır.

30. Göründüyü kimi, cavabdehin 305.7 manat öhdəliyinin yaranması sübuta yetirilmişdir. Nəticədə, cavabdehin varlanması iddiaçının hesabına baş verdiyi üçün Mülki Məcəllənin 1092.1-ci maddəsindən irəli gələn tələbin şərtləri mövcuddur, odur ki, cavabdeh tərəfindən həmin məbləğin qaytarılması barədə iddiaçının tələbi əsaslıdır.

31. Bununla yanaşı, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Tascan Kutbettindən əsassız varlanma üzrə yaranmış 305.7 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.

33. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh Tascan Kutbettindən əsassız varlanma üzrə yaranmış 305.7 manat pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar