Məhkəmə qərarları › İş №e-2(002)-1954/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1954/2024

26.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1954/2024 26.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X24 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X6, X7, X10, Cavabdeh2 və Cavabdeh3 qarşı, (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 8 saylı Notariat ofisi) «mirasdan payın müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 964 nömrəli sərəncamına əsasən, Qobustan TNİ-nin rəhbərliyinin və həmkarlar komitəsinin birgə iclasının qərarını, Ə.Mizəyeva Lökbatan qəs. keçid 1595.ş ev 15 mənzil 76, blok 4, mər 5, üç otaqlı sahəsi 40,11 m2 olan mənzilin 4 nəfər ailə tərkibinə verilməsi qərara alınmışdır. Orderə daxil edilsinlər: X15 (özü), X3 (yoldaşı), Cavabdeh2 Əbdül oğlu (oğlu); Cavabdeh3 Əbdül oğlu (oğlu). X1 THİ-in çilingəri, 9 nəfər ailə tərkibi ilə Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 10, mənzil 17-də yaşayır və qeydiyyatdadır.

2. Qaradağ rayonu X23 icraiyyə komitəsinin xx.xx.1993-cü il tarixli 017472 saylı orderinə əsasən, vt. X4 istifadəsinə 4 nəfərdən ibarət olan ailəsi ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595 məhəllə, ev 15, mənzil 76, 4 blok, 5 mərtəbə 3 otaqdan ibarət 40.11 kv.metr yaşayış sahəsi verilmişdir. Ailənin tərkibi: Cavabdeh2-özü, Mirzəyeva C.H.-yoldaşı, Cavabdeh2Ə-oğlu və Mirzəyev C.Ə.-oğlu.

3. X15 ilə X11 xx.xx.2000-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar (Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, Vİİ-ЖГ 394838 nömrəli nikah haqqında şəhadətnamə).

4. X15 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir (AZ-İİ 368141 seriyalı, ölüm haqqında şəhadətnamə).

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 8 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 397№-li məktubuna əsasən, xx.xx.2023-cü il tarixdə ölmüş X5 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 57/2024 nömrəli vərəsəlik işi açılmışdır. Onların xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən X8 məxsus əmlakla bağlı vərəsələr arasında mübahisə olduğu üçün və miras qalmış əmlakın notariat qaydasında deyil məhkəmə qaydasında bölünməsini nəzərə alaraq vərəsələr arasında əmlakın bölünməsi ilə əlaqədar müvafiq məhkəməyə müraciət etdikdən sonra təkrar notariat ofisinə müracit edilməlidir. İddia tələbi

5. İddiaçı cavabdehlər Cavabdeh1, X16, X17 və X20, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 oktyabr 2023-cü il tarixdə vəfat etmiş əri X8 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, keçid 1595, ev 15, mənzil 76-ya dair vərəsəlik hüququnun tanınaraq, vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o İddiaçı mərhum X15 ilə 04 mart 2000ci ildə rəsmi qaydada evlənmişdir. X2 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Birgə nikahdan onların öladı olmamışdır. Lakin, mərhum əri Əbdül Mirzəyevin əvvəlki nikahından onun xx.xx.1964-cü il təvəllüdlü X21 (İlham Mirzəyev xx.xx.2023-cü il tarixdə ölmüşdür), xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh3 Əbdül oğlu və xx xxxx 1966-cı il təvəllüdlü Cavabdeh2 Əbdül oğlu doğulmuşdur. Bakı şəhəri Qaradağ rayon İcra hakimiyyəti Başçısının 964 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncama əsasən mərhum əri X9 Lökbətan qəsəbəsi, keçid 1595, ev 15, mənzil 76, blok 4, mər.5 üç otaqlı sahəsi 40.11 kv.m olan mənzil 4 nəfər ailə tərkibinə verilməsi təsdiq edilmişdir. Buna görə də, həmin mənzilə dair Əbdül Ağalarovun adına 017472 saylı 17 avqust 1993-cü il tarixli order verilmişdir. X15 xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra miras qalmış əmlakla bağlı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət etdi və buna görə də 57/2024 nömrəli vərəsəlik işi açıldı. Lakin, həmin notariat ofisinin 397 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə X8 məxsus əmlakla bağlı vərəsələr arasında mübahisə olduğu üçün və miras qalmış əmlakın notariat qaydasında deyil məhkəmə qaydasında bölünməsini nəzərə alaraq vərəsələr arasında əmlakın bölünməsi ilə əlaqədar müvafiq məhkəməyə müraciət etdikdən sonra təkrar notariat ofisinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bunun əsasında da hazırda bu iddia ərizəsilə məhkəməyə tərəfimdən müraciət edilir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər.

7. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1145, 1159.1, 1159.1.1-ci maddələrinə istinad etmişdir.

8. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçı X13 xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Cavabdehlər Əbülfəz və Samir həyat yoldaşı Mirzəyev Abdulun əvvəlki nikahından doğulmuş oğulları, digər cavabdehlər isə mərhum ərinin birinci nikahından doğulmuş və vəfat etmiş oğlu İlhamın arvadı və uşaqlarıdır. Miras əmlak mənzildən ibarətdir. Vərəsələrdən Qənirə onunla razılığa gəlmir. O deyir ki, “səninlə razı deyiləm, evin sənin mülkiyyətinə keçməsi barədə sənədi imzalamayacam”.

10. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. İddiaçı 2000-ci ildə cavabdehlərin atası X15 ilə evlənib. Tərəflər vərəsəlik payının müəyyən edilməsi üçün notariat ofisinə getsələr də, razılığa gələ bilmədiklərinə görə vərəsəlik payları müəyyən edilə bilmir. Evin orderi olmasına münasibətdə hesab edir ki, Avropa Məhkəməsinin də mövqeyinə əsasən orderli mənzil mülkiyyət hesab edilir və bu səbəbdən, həmin mənzil mərhum Əbdül Mirzəyevin miras əmlakın kütləsinə daxil edilməlidir. Orderin olması evə mülkiyyət hüququnun olmasını təsdiq edir, həm də order mülkiyyət sənədi sayılır. Orderdə iddiaçının və Cavabdeh1 adı yoxdur. Evə dair orderdə iddiaçının adı olmadığına və cavabdehlər evin iddiaçının mülkiyyətinə keçməsinə razı olmadıqlarına görə ev iddiaçının adına özəlləşdirilə bilmir. İddiaçı hazırda mübahisəli evdə yaşayır. Evin özəlləşdirilməsi və evdə miras paylarının müəyyənləşdirilməsi tərəflər müvafiq dövlət orqanlarına müraciət etsələr də, dövlət orqanları müvafiq məhkəmə qətnaməsi olmadan bunu edə bilməyəcəklərini bildirdilər. Burada ilk olaraq tərəflərin miras payı müəyyən edilməli, evin çıxarışında tərəflərin payı qeyd edilməlidir. Tərəflər bir-birinə inanmadıqlarına görə evin onlardan birinin adına özəlləşdirilməsinə razı olmurlar. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. Cavabdeh3 məhkəmə iclasında iştirak edərək bildirdi ki, iddia tələbini qəbul edir. İddiaçı atasının ikinci həyat yoldaşıdır, atası ilə uzun illər birlikdə yaşayıb. Atası vəfat etdikdən sonra evə köçdü. Hazırda iddiaçı, o və həyat yoldaşı evdə yaşaylar. Onların iddiaçı ilə aralarında olan tək problem evdə payın müəyyən edilməsidir. İddiaçı evin onun adına özəlləşdirilməsini istədi, Qənirə isə buna razı olmadı. Evin dörd paya bölünərək vərəsələrin paylarının müəyyən edilməsini xahiş edirəm. Cavabdeh yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

12. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edərək bildirdi ki, ev üzrə vərəsələrin payının tanınmasına razıdır. Evi satılığa qoymaq istəyirlər, sadəcə atalarının vəfatının ildönümünü gözləyirlər. Cavabdeh yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

13. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Günay Mirzəyeva, Röya Mirzəyeva, Aynur Mirzəyeva məhkəmə iclaslarını iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxış iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

14. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 8 saylı Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə çüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

15. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir.

16. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1 Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Əsaslandırma

19. İddia əsassızdır.

20. İşin faktiki halları bundan ibarətdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1595, ev 15, 76 nömrəli mənzil Qaradağ rayonu X23 icraiyyə komitəsinin xx.xx.1993-cü il tarixli 017472 saylı orderinə əsasən, X4 istifadəsinə verilmişdir (Ailənin tərkibi: X15-özü, X3-yoldaşı, Cavabdeh2 Əbdül oğlu-oğlu, Cavabdeh3 Əbülfəz oğlu-oğlu).

21. İddiaçı Əbdül Mirzəyevin ikinci həyat yoldaşıdır, aralarında nikah xx.xx.2000-ci il tarixdə bağlanmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Əbdül Mirzəyevin birinci nikahdan olan övladları, Cavabdeh1, Günay Mirzəyeva, Röya Mirzəyeva, Aynur Mirzəyeva isə birinci nikahdan olan övladı İlham Mirzəyevin arvadı və övladlarıdır. X18 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.

22. İddiaçı qeyd edilən mənzil üzrə vərəsəlik hüququnun tanınaraq, vərəsəlik payının müəyyən edilməsini tələb edir.

23. Belə ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin, vəsiyyətnamə üzrə isə məcburi paya malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (imtina olunması və s.). Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə müvafiq olaraq, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.

26. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına müəyyən edilmiş Siyahıya əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

28. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilin Əbdül Mirzəyevin mülkiyyətində olan əmlak hesab edilməsinə dair sənədlər mövcud olmadığından həmin mənzil miras aktivinə daxil olan əmlak kimi qiymətləndirilə bilməz. Belə ki, həmin mənzil dövlət mənzil fonduna aid olmaqla, X4 və ailə üzvlərinin yaşamaları üçün və özəlləşdirilməmişdir.

29. “Dövlət mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin qanunun 5-ci maddəsinə görə, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

30. Məhkəmə onu da qeyd edir ki, mübahisə predmeti olan mənzilə dair orderdə ailə üzvü qismində cavabdehlər Cavabdeh2 Əbdül oğlu və Cavabdeh3 Əbdül oğlunun adları olduğundan, onların mənzilin həmin şəxslərdən birinin və yaxud bütün ailə üzvlərinin ümumi mülkiyyətinə verilməsinə dair müraciət etmək hüquqları, iddiaçıya münasibətdə isə kirayəçinin ailə üzvünün malik olduğu hüquqların realizə imkanları mövcuddur.

31. Göstərilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1595, ev 15, mənzil 76 mərhum X5 miras aktivinin kütləsinə daxil olmadığından iddia təmin edilməməlidir. Nəticə

32. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X16, X19, X20, Cavabdeh2 və Cavabdeh3 qarşı «miras payın müəyyən edilməsi» barədə iddia tələbi təmin edilməməlidir.

33. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, X16, X19, X20, Cavabdeh2 və Cavabdeh3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 8 saylı Notariat ofisi) 23 oktyabr 2023-cü il tarixdə vəfat etmiş əri X8 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, keçid 1595, ev 15, mənzil 76-ya dair vərəsəlik hüququnun tanınaraq vərəsəlik payının müəyyən edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar