Məhkəmə qərarları › İş №e-2(002)-1957/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1957/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1957/2024 28.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi» tələbinə dair ilk iddiası; Cavabdeh2 İddiaçı ASC-yə və Cavabdeh1 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 KE/36925/89/1 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 22.264,6 manat əsas borc, 1.949,5 manat faiz, 277,77 manat cərimə olmaqla, cəmi 24.491,87 manat pul vəsaitinin və ödənilmiş 164 manat dövlət rüsumunun tutulması; yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin Cavabdeh2 məxsus olan Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan əmlakda yaşayan şəxslərin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 KE/36925/89/1 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 22.264,6 manat əsas borc, 1.949,5 manat faiz, 277,77 manat cərimə olmaqla, cəmi 24.491,87 manat pul vəsaitinin və ödənilmiş 164 manat dövlət rüsumunun tutulması; yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin Cavabdeh2 məxsus olan Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 İddiaçı ASC-yə və Cavabdeh1 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli L007/2022/1 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli L007/2022/1 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış xx.xx.2022-ci il tarixli KE/36925/89/1 saylı kredit sazişinə əsasən 36 ay müddətinə, illik 18 faiz olmaqla 27.300 manat kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri Qaradağ rayonu ünvan 1 Cavabdeh2 ilə bank arasında xx.xx.2022-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülük ********** qeydiyyat nömrəli, xx.xx.2022-cu il tarixli çıxarışla reyestrdə qeydə alınmışdır. Lakin kredit alan Cavabdeh1 ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, bank tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Kredit alanla aralarında imzalanmış kredit müqaviləsinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə öz vəzifəsini lazımınca icra etmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Nəticədə xx.xx.2024-cü il tarixə cavabdehin KE/36925/89/1 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 22.264,6 manat əsas borc, 1.949,5 manat faiz, 277,77 manat cərimə borcu yaranmışdır. Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 2022-ci ildə bankdan kreditə pul götürmək istəmişdir. Lakin bank bu kreditin təminatı üçün hər hansı bir daşınmaz əmlakın girov qoyulmasını ondan tələb etmişdir. Ona görə də, Cavabdeh1 onun mülkiyyətində olan Bakı şəhəri ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini rəsmiyyət xatirinə banka girov qoymasına razılıq verməsini xahiş etmişdir. Cavabdeh1 həmçinin bu kreditə görə onun heç bir probleminin olmayacağını və heç bir məsuliyyət daşımayacağını demişdir. Həmçinin əgər hər hansı problem yaranarsa, bunun ona heç bir aidiyyəti olmayacağını və bank qarşısında olan öhdəliyini də özü tərəfindən tam şəkildə icra edəcəyini nəzərinə çatdırmışdır. O da, Cavabdeh1 inanaraq bu ipoteka müqaviləsinin rəsmiləşdirilməsinə icazə vermişdir. Lakin o, nə Cavabdeh1, nə də bank qarşısında hər hansı bir öhdəlik götürmədən, yalnız rəsmiyyət xatirinə bu müqavilənin bağlanmasına razılıq verdiyini bildirmişdir. Bundan sonra onunla İddiaçı ASC arasında xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Lakin bu yaxınlarda məhkəmə tərəfindən ona məhkəmə bildirişi göndərilmiş və yalnız bundan sonra onun xəbəri olmuşdur ki, Cavabdeh1 İddiaçı ASC-dən götürdüyü krediti vaxtında ödəməmiş və buna görə də, bank tərəfindən həm Cavabdeh1, həm də ona qarşı məhkəməyə iddia ərizəsi verilmişdir. O, bundan sonra aldandığını başa düşərək, Cavabdeh1 bu öhdəliyin yerinə yetirilməsini və onun evinin girovdan azad edilməsini tələb etmişdir. Lakin işin hallarından da görünür ki, Cavabdeh1 həm onu, həm də bankı aldadaraq bu pulu götürmüş, lakin üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bunun nəticəsində isə o, həm maddi, həm də mənəvi əziyyət çəkir. Qeyd edir ki, onunla bank arasında bağlanmış ipoteka müqaviləsi də yalnız rəsmiyyət xatirinə bağlanmış əqddir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil öncəki məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi X1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC (Azneft filialı) arasında 09 fevral 2022-ci il tarixli L007/2022/1 saylı kredit limitinin ayrılması haqqında müqavilə bağlanmışdır. Sonradan həmin kredit limitinin ayrılması haqqında müqavilə əsasında Cavabdeh1 ilə İddiaçı ASC (Azneft filialı) arasında 16 dekabr 2022-ci il tarixli KE/36925/89/1 saylı kredit sazişi bağlanmışdır. Kredit sazişinə əsasən bank tərəfindən kredit alana 36 ay müddətinə illik 18 % dərəcəsi ilə 27.300 manat məbləğində kredit verilmişdir. 16 dekabr 2022-ci il tarixli **********379 saylı və **********350 saylı ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh1 hesabına 17.495,62 manat və 9.803,38 manat olmaqla, cəmi 27.299 manat pul vəsaiti ödənilmişdir. 10 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 22.264,6 manat əsas borc, 1.949,5 manat faiz, 277,77 manat cərimə olmaqla, cəmi 24.491,87 manat borcunun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 03 dekabr 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan yolü küçəsi 25 saylı evin 8 saylı mənzili Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 09 fevral 2022-ci il tarixli L007/2022/1 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan yolu küçəsi 25 saylı evin 8 saylı mənzili kredit alan Cavabdeh1 bank qarşısında olan kredit öhdəliyinin icrasının təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmeti 35.000 manat həddində qiymətləndirilmişdir. İpoteka müqaviləsi Bakı şəhəri 12 saylı notariat ofisində qanunla müəyyən edilmiş qaydada təsdiq edilmişdir. 10 fevral 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan yolü küçəsi 25 saylı evin 8 saylı mənzilinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzilin İddiaçı ASC-nin xeyrinə yüklü edilməsi qeyd olunmuşdur. Məhkəmə vurğulayır ki, mülki işə obyektiv, tam, ədalətli baxılması üçün, iş üzrə zərurət yarandığından Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(002)-1957/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, qiymətləndirmənin aparılması "xxxx" MMC-yə həvalə edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 27 sentyabr 2024-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə 112/BOB/24 nömrəli rəyindən görünür ki, ipoteka predmeti olan mənzilin orta likvid dəyəri 45.000 manat təşkil edir. Qiymətləndirmə xərci 300 manat təşkil etmişdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və ipoteka qoyanı xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 164 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli KE/36925/89/1 saylı kredit müqaviləsi üzrə 22.264,6 manat əsas borc, 1.949,5 manat faiz, 277,77 manat cərimə olmaqla, cəmi 24.491,87 manat pul vəsaiti və ödənilmiş 164 manat dövlət rüsumu Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalı; tutma Cavabdeh2 məxsus olan Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan yolu küçəsi 25 saylı evin 8 saylı mənzilinə yönəldilməli; həmin mənzilin ilkin satış qiyməti 45.000 manat müəyyən edilməli; mənzil açıq hərracda satılmalı; satışdan əldə olunmuş vəsait Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsinə yönəldilməli; mənzilin satışından əldə olunan vəsait hesabına cavabdehin iddiaçı qarşısında öhdəlikləri icra edildikdən sonra qalan məbləğ cavabdehə qaytarılmalıdır. 300 manat qiymətləndirmə xərci Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Qeyd edilməlidir ki, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına cavabdehin iddiaçı qarşısında öhdəlikləri icra edildikdən sonra qalan məbləğin cavabdehə qaytarılmasına dair göstərişin qətnamədə yer alması, digər sözlə ifadə etdikdə məhkəmə tərəfindən qətnamənin icra qaydasının müəyyən edilməsi zəruridir. Çünki, ipoteka predmetinin satışından əldə ediləcək vəsaitin borcun ödənilməsindən sonra artıq qalacaq hissəsinin müqəddəratına müvafiq hüquqi qiymət verilməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir. Bu səbəbdən, Azərbaycan Respublikası MPM-nin 220.6-cı maddəsinin tələbləri baxımından yuxarıda qeyd olunan göstəriş qətnamənin nəticə hissəsində yer almalıdır və bu, qətnamənin icrası üçün məqsədəuyğun olmaqla, iddia tələblərindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddia ərizəsində həmin iddianın əsası kimi istinad edilənlər ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə əsas və səbəb ola bilməz. Qarşılıqlı iddia üzrə iddiaçı yetkin şəxsdir, ipoteka müqaviləsi bağlanarkən ona qeyd olunan müqavilənin mahiyyəti, doğurduğu hüquqi nəticələr izah edilmiş, o, müqavilə ilə tanış olaraq həmin müqaviləni imzalamış, mənzilini ipoteka ilə yüklü etmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə mübahisələndirilən ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün qanuni əsas yoxdur. Müqavilənin etibarsız hesab edilməsinin qanuni əsasları Mülki Məcəllənin müvafiq maddi hüquq normalarında öz əksini tapmışdır. Hazırkı iş üzrə qeyd olunan əsaslar müəyyən edilmir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış və təsdiq olunmuşdur. Bu səbəbdən, qarşılıqlı iddia təmin edilə bilməz. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi» tələbinə dair ilk iddiası təmin edilsin. xx.xx.2022-ci il tarixli KE/36925/89/1 saylı kredit müqaviləsi üzrə 22.264,6 manat əsas borc, 1.949,5 manat faiz, 277,77 manat cərimə olmaqla, cəmi 24.491,87 manat pul vəsaiti və ödənilmiş 164 manat dövlət rüsumu Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh2 məxsus olan Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan yolu küçəsi 25 saylı evin 8 saylı mənzilinə yönəldilsin. Həmin mənzilin ilkin satış qiyməti 45.000 manat müəyyən edilsin. Mənzil açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsinə yönəldilsin. Mənzilin satışından əldə olunan vəsait hesabına cavabdehin iddiaçı qarşısında öhdəlikləri icra edildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. 300 manat qiymətləndirmə xərci Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilsin. Cavabdeh2 İddiaçı ASC-yə və Cavabdeh1 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar