Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1997/2023 24.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı ASC-in Cavabdeh qarşı əsassız varlanma tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Cavabdeh İddiaçı ASC-yə məxsus plastic kart istifadəçisidir.
2. Cavabdeh məxsus Ödəniş kartı üzrə xx.xx.2022-xx.xx.2023-cü il dövrünü əhatə edən hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh məxsus ödəniş kartında qeyd edilən dövr üzrə məxaric olunub – ilkin tarixə qalıq 512.05 manat olmaqla, xx.xx.2023-cü il tarixinə son qalıq 5748.53 manat təşkil etmişdir.
3. 02.06.2023-cü il tarixli bildiriş vərəqəsinin surətindən görünür ki, borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam şəkildə beş gün müddətinə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddia tələbi
4. İddiaçı ASC-in Cavabdeh qarşı əsassız varlanma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 5748,53 manat pul vəsaitinin və 77,49 manat dövlət rüsumunun Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) 25.7-21.9.2022 tarixləri aralığında nağdsız ödəniş əməliyyatları icra etmişdir (çıxarış əlavə edilir). Nəticədə Cavabdeh banka cəmi 5748,53 (beş min yeddi yüz qırx səkkiz manat 53 qəpik) ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
6. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 135.2, 1091.2, 6.1.8, 14.2.7-ci maddələrinə istinad etmişdir.
7. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
8. İddiaçı ASC tərəfindən məhkəməyə elektron ərizə ünvanlanaraq məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.
9. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi
10. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
11. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
12. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
13. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
14. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
17. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
18. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
19. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
20. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
21. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
22. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
23. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
b) Əsaslandırma
25. İddia əsaslıdır.
26. İşin halları bundan ibarətdir ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı bankın texniki səhvinə görə cavabdehin ödəniş kartına yüklənmiş artıq məbləğin, yəni banka aid vəsaitin cavabdeh tərəfindən əsassız mənimsənildiyini qeyd edərək həmin məbləğin geri qaytarılmasını tələb edir.
27. Məhkəmə ilkin olaraq sübutetmə yükünə qiymət verərək qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırkı halda sübutetmə yükü iddiaçınn üzərinə düşür.
28. İddiaçı tələbin əsaslılığını sübut etmək üçün hesabdan çıxarış məlumatlarını təqdim etmişdir. Cavabdeh məxsus ödəniş kartına dair xx.xx.2022-xx.xx.2023-cü il dövrünü əhatə edən hesabdan çıxarış məlumatlarından aydın olur ki xx.xx.2022-ci il tarixə hesab üzrə ilkin qalıq məbləği 512,05 manat təşkil etmişdir. xx.xx.2022-xx.xx.2023-cü il dövr üzrə məxaric –6360,58 manat, mədaxil 100 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçının artıq istifadə etdiyi məbləğ xx.xx.2023-cü ilə 1595.07 manat təşkil etmiş (6360,58-100=6260,58) və həmin tarixə qalıq borc 512,05 manat da nəzərə alındıqda ümumilikdə, 5748,53 manat banka məxsus artıq pul vəsaiti xərcləndiyi aydın olur.
29. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlanma halı baş verdiyindən iddiaçı Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən məhrum olduqlarının qaytarılmasını tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanma üçün şərtlər ondan ibarətdir ki, 1) borclu əmlak əldə etsin 2) həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin 3) bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın.
30. Cavabdehin 5748.53 manat əldə etməsi yuxarıda qeyd edildiyi kimi sübuta yetirilmişdir. Əldə edilən pul vəsaiti əmlak xarakterlidir və həmin əmlak iddiaçının hesabına əldə edilmişdir. İddiaçının həmin pul vəsaitini cavabdehə verməsinin məqsədi avtomobil əldə etmək olmuş, cavabdeh tərəfindən bu gözlənti qarşılanmamışdır. Nəticədə, cavabdehin varlanması iddiaçının hesabına baş verdiyi üçün Mülki Məcəllənin 1092.1-ci maddəsindən irəli gələn tələbin şərtləri mövcuddur, odur ki, cavabdeh tərəfindən həmin məbləğin qaytarılması barədə iddiaçının tələbi əsaslıdır.
32. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
34. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
35. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə xərcləri
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 77.49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğundan, ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə
38. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia təmin edilməli, Cavabdeh borclu olduğu 5748.53 manat məbləğində əsas borc və 77.49 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-i xeyrinə ödənilməlidir.
39. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 5748.53 manat məbləğində əsas borc və 77.49 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-in xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova