Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2014/2024 29.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, 60 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, 60 saylı mənzil xx.xx.2015-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mülkiyyətindədir. İddiaçı cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-91/2023 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, xx.xx.2024-cü il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verillmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən, cavabdeh iddiaçıya məxsus olan mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Halbuki, tərəflər arasında münasibətlər cavabdehin xəyanəti səbəbindən nikahın pozulmasından xeyli əvvəl pozulmuş, cavabdeh 16 iyun 2022-ci il tarixdən iddiaçıya məxsus mənzili tərk edərək atası evinə getmiş və iki ildən çoxdur ki, orada yaşayır. Cavabdehin formal olaraq iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması iddiaçının öz əmlakına dair sərəncam və digər hüquqlarını məhdudlaşdırır, həmçinin iddiaçı cavabdehin əvəzinə əlavə kommunal xərclər ödəyir ki, bu hal iddiaçıya maddi zərər vurur. Cavabdehin mənzillə hər hansı bağlılığı yoxdur. Bundan əlavə, AR DİN Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 48-3/2-2942 saylı məktubdan da görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1990-cı il təvəllüdlü İddiaçı və xx.xx.1999-cu il təvəllüdlü Əliyeva X9 RPİ-nin 38-ci PB-də 03/23 sıra sayı altında “münaqişəli ailə” kimi qeydiyyata alınmışdır. Cavabdeh və onun atası tərəfindən iddiaçının özü və yaxın qohumları barəsində əsassız olaraq çoxsaylı şikayətlər verilmiş, bununla bağlı dəfələrlə cinayət işinin başlanması rədd edilmişdir, buna baxmayaraq şikayətlər davam etdirilir. Tərəflərin arasında mövcud münasibətlərin gərginliyi onların birgə yaşamasını istisna edir. Tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2017-ci ildən, yəni tərəflər arasında nikah bağlandıqdan sonra yarandığından, hazırkı mübahisəyə 2009-cu ilin okyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin normalara əsasən cavabdehin mənzildən istifadə hüququ saxlanmadığından, iddia tələbi təmin edilməlidir. Cavabdehin tərəfin etirazında qeyd etdiyi hallarla bağlı bildirmək istəyir ki, mənzilə köçürülmə barədə qətnamə qəbul edilərkən tərəflər arasında boşanma barədə qətnamə qanuni qüvvəyə minməmişdi, ona görə də həmin qətnamədə qeyd edilmişdir ki, nikah pozulandan sonra istifadə hüququna xitamla bağlı məhkəməyə müraciət oluna bilər. Həmçinin, cavabdehin iddiaçıya qarşı ziyan tələbi barədə iddiası rədd edilmiş, zöhrəvi xəstəliyin kimin tərəfindən keçdiyi müəyyən edilməmişdir. Cavabdeh tərəfin hazırki yaşayış yerində çətinliklər barədə deyilənlər də həqiqətə uyğun deyildir. Belə ki, cavabdehin atasının Sahil qəsəbəsində hazırki fərdi yaşayış evindən başqa mənzili, iki mağazası, həmçinin yaşayış evinin yanında oğluna məxsus ayrıca fərdi yaşayış evi vardır, ona görə də cavabdehin yaşayış yeri ilə bağlı heç bir çətinlik yoxdur. Digər tərəfdən, məhkəməyə təqdim edilən polis orqanlarının qərarları, diskdə əks olunan video materiallar tərəflər rasında münasibətlərin olduqca gərgin olduğunu təsdiq edir, bu vəziyyətdə cavabdehin iddiaçıya məxsus mənzilə köçürülməsi gələcəkdə faciə yaşanmasına gətirib çıxaracaqdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə İddiaçı ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X14 adında bir övladları olmuşdur. Tərəflər ailə qurduqları vaxtdan cəmi bir neçə ay əvvəl alınmış, iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, 60 saylı mənzildə qeydiyyatda olmaqla yaşamışlar. Nikah bağlandığı vaxtdan tərəflər arasında narazılıqlar olsa da, uşağın xatirinə və valideynlərinin tövsiyəsi ilə cavabdeh ailənin qorunub saxlanmasına çalışmışdır. Lakin heç bir səbəb göstərilmədən cavabdehə uşağı ilə birgə həmin mənzildə yaşamasına iddiaçı və onun yaxın qohumları tərəfindən maneələr yaradılmışdır. Cavabdeh əsassız olaraq xəyanətdə ittiham edilmiş, 16 iyun 2022-ci ildən isə mənzili tərk etmək məcburiyyətində qalmışdır. Uzun məhkəmə çəkişmələrindən sonra nikahları pozulmuş, cavabdehin azyaşlı uşağı ilə birgə mübahisəli mənzilə köçürülməsi qət edilmiş, müvafiq qətnamə qanuni qüvvəsini almışdır. Lakin iddiaçı bu günədək icra hərəkətlərindən yayınmış, axtarışa verilmişdir. Bundan əlavə, cavabdeh 2017-ci ildən fasiləsiz olaraq həmin mənzildə yaşamış, övladı da orada doğulmuşdur, cavabdehə məxsus olan məişət əşyaları həmin mənzildədir. Cavabdehin hazırda mənzil şəraiti isə bərbad vəziyyətdədir. Belə ki, cavabdehin özü və azyaşlı övladı iddiaçı tərəfindən yoluxdurulmuş xəstəlikdən əziyyət çəkdikləri halda, hazırda on iki nəfərlə birgə yaşamaq məcburiyyətində qalmışdır. İddiaçı mənzilə görə yaxın qohumlarına borc qaytarmalı olduğunu deyərək, birgə nikah dövründə cavabdehə hər hansı maddi kömək göstərməmiş, cavabdehin bütün maddi ehtiyaclarını öz valideynləri ödəmişdir. Cavabdehin və uşağının yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Cavabdeh ailə qurduğu üçün yarımçıq qoyduğu təhsilinə yenidən davam edir, lakin iddiaçı tərəfindən yoluxucu xəstəliyə yoluxdurulmuşdur. Hazırda cavabdehin və övladının bütün müalicə xərclərini valideynləri qarşılayır. Cavabdehə kirayə haqqı ödəmək və cavabdehi yaşayış yeri ilə təmin etmək onun valideynlərinin imkanı xaricindədir. Buna görə də cavabdehin təhsili bitənə, özünün və övladının xəstəliyi sağalana və yaşayış yeri ilə təmin edilənədək, ümumiyyətlə uşağın 18 yaşı tamam olanadək cavabdehin yaşayış hüququ saxlanılmalıdır. İddiaçı tərəfin cavabdehin və ailəsinin yaşayış imkanı barədə bildirdikləri isə həqiqətə uyğun deyildir. Belə ki, cavabdehin atası çıxarışla adına olan mənzili qohumuna satmış, lakin çıxarış hələlik öz adında qalmışdır. Cavabdehin atasının üç övladı vardır, cavabdehin bir qardaşı ailəsi ilə birgə kirayə ev tutub getmiş, birlikdə yaşadıqları digər qardaşı da onun xəstəliyi səbəbindən ailəsi ilə birgə kirayə ev tutmaq istəməkdədir. Tərəflər 2017-ci ildə rəsmi nikaha daxil olduqdan sonra həmin mənzildə 16 iyun 2022-ci ilədək yaşayıb birgə təsərrüfat aparmışlar, aralarında etibarlı ailə münasibətləri mövcud olduğu üçün cavabdeh mənzildən istifadə hüququ əldə etmişdir. Bundan başqa, qeyd etmək istəyir ki, cavabdeh polis orqanlarına əsasən iddiaçının qardaşından və qohumlarından şikayət etmişdir, ona görə də tərəflər birlikdə yaşayarsa faciə yaşanacağı barədə iddiaçı tərəfin dedikləri əsassızdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi, yaxud cavabdehin istifadə hüququnun uşaqları 18 yaşına çatanadək saxlanması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, Sahil qəsəbəsində anadan olmuşdur, iddiaçı onun tanışıdır, cavabdehi və ailəsini də tanıyır. İddiaçının qardaşından eşitmişdir ki, tərəflər yola getmirlər, buna görə də ayrılmışlar. Cavabdeh hazırda atası evində yaşayır. Cavabdehin atasının qəsəbədə iki mağazası var, həmçinin hazırda yaşadığı fərdi yaşayış evindən başqa doqquzmərtəbəli binada da mənzili var. Cavabdehin bir qardaşı ailəsi ilə birgə çoxdan başqa ünvanda yerləşən evində yaşayır, digər qardaşının isə atasının evinin yanında ayrıca yaşayış evi vardır. Cavabdehin atasının və qardaşının evləri, həmçinin cavabdehin mağazaları fotoşəkillərdə əks olunmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X13 ifadə verərək bildirdi ki, cavabdeh onun bacısı qızıdır. Cavabdeh uşağı ilə birlikdə hazırda atası evində yaşayır. Cavabdeh və uşağı xəstə olduğundan qardaşının ailəsində söz-söhbət yaranmış, həmin qardaşı ailəsi ilə birlikdə başqa yerə köçmüşdür. Lakin digər qardaşı ailəsi ilə birlikdə ata evində yaşamağa davam edir. Cavabdehin atasının həyətində yaşayış evindən başqa toyuq damı kimi bir tikili var, başqa ev yoxdur. Cavabdehin atasının Sahil qəsəbəsində ayrıca ikiotaqlı mənzilinin olduğunu bilir, lakin onun satılıb-satılmaması barədə məlumatı yoxdur. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1990-cu il təvəllüdlü İddiaçı və xx.xx.1999-cu il təvəllüdlü Əliyeva X9 RPİ-nin 38-ci PB-də 03/23 sıra sayı altında “münaqişəli ailə” kimi qeydiyyata alınmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, 60 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə ondan başqa Cavabdeh, X14 qeydiyyatdadır. İş materiallarında olan AZ-İ seriyalı, 484231 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 15 fevral 2024-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 2252 nömrəli reyestr kitabının 209561 nömrəli vərəqində xx.xx.2015-ci il tarixində qeydiyyat aparılmışdır. İş materialarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsində 1812 saylı akt qeydi ilə bağlanmış nikahin pozulması, xx.xx.2018-ci il təvəllüdlü X7 ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yanında və himayəsində saxlanılması, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-303/2024 saylı qərarının surətindən görünür ki, Cavabdeh kassasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini dəyişdirmədən saxlayan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(103)-2703/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qətnamədə həmçinin qeyd olunmuşdur ki, tərəflərin ikisinin də hazırda “sifilis” xəstəliyinin daşıyıcısı olduğu müəyyən edilmiş, lakin xəstəliyin tərəflərin hansı birindən digərinə keçməsini müəyyənləşdirmək mümkün olmamış, bu səbəbdən ziyan tələbi barədə qarşılıqlı iddia təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-138/2024 saylı qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2023-cü il tarixli, 2(103)-4374/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədə qeyd olunmuşdur ki, işə baxılarkən nikahın pozulması barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmədiyindən (yuxarı instansiya məhkəməsinin icraatında olduğundan), tərəflər arasında nikah xitam verilməmiş hesab olunaraq, mənzilə köçürülmə tələbi təmin edilməlidir. Həmçinin, Kollegiya qeyd etmişdir ki, tərəflər arasında ailə münasibətlərinə xitam verildikdə, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yeni əsasla məhkəməyə müraciət edilə bilər. İş materiallarında olan Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, X8 ünvan 3 ünvanında ailə tərkibi ilə birgə qeydiyyatsız yaşayır. İş materiallarında olan AZ-İV seriyalı, 099706 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, Əliyev Hüseynin atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Qaradağ rayon MKTB 119 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, qonşuların aktına əsasən, Cavabdeh 2022-ci ilin iyun ayından Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, 60 saylı mənzildə yaşamır. İş materiallarında olan X4 və X5 notarial qaydada təsdiq edilmiş ərizələrinin surətindən görünür ki, ünvan 4 ünvanında yaşayan sakinləri yaxından tanıyırlar. Cavabdeh 2022-ci ilin iyun ayından həmin ünvanda yaşamır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədlinin xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərarının surətindən görünür ki, borclu xx.xx.1990-cu il təvəllüdlü İddiaçı barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Azər Vəliyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, vətəndaş Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərardan həmçinin görünür ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, evlilik zamanı əri İddiaçı, qaynı, baldızı tərəfindən mütəmadi olaraq ölümlə hədələnmiş, fiziki və mənəvi zorakılığa məruz qalmış, azyaşlı övladının əlindən alınacağı barədə təhdid edilmiş, diktə etdikləri sözləri deməyə məcbur edilərək səs qeydləri aparılmışdır. İş materiallarında olan 2(103)-2703/2023 saylı mülki iş üzrə tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” X16 259/KES saylı ekspert rəyinin surətindən görünür ki, Cavabdeh adına 1 nömrəli X6 verilmiş xx.xx.2022-ci il tarixli 453 saylı tibbi arayışdan görünür ki, o, xx.xx.2022-ci il tarixdə dispanserdə müayinədən keçmiş və ona "erkən gizli sifilis" diaqnozu təyin edilmişdir. Xəstəliyin hansı birindən digərinə keçməsi barədə fikir söylənilməsi mümkün olmadı. İş materiallarında olan olan 2(103)-2703/2023 saylı mülki iş üzrə tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” X16 259.1/KES saylı ekspert rəyinin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə "Yasamal Hospital"da aparılmış laborator müayinə zamanı onda anti-treponema pallidumun nəticəsi pozitiv olmuş, yəni hazırda "sifilis" xəstəliyinin daşıyıcı olduğu müəyyən edilmişdir. Xəstəliyin hansı birindən digərinə keçməsi barədə fikir söylənilməsi mümkün olmadı. İş materiallarında olan Qaradağ rayon MKTB 119 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 56 saylı evin 41 saylı mənzili X1 adınadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev prospektində istifadədə olan 0.0375 ha torpaq sahəsində yerləşən 56 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 5-ci mərtəbəsində 48.15 kv.m ümumi, 30.15 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 41 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 275 nömrəli reyestr kitabının 26477 nömrəli vərəqində xx.xx.2007-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon Polis İdarəsi 38ci Polis Bölməsi tərəfindən X3 və Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, X1 və Cavabdeh şikayət ərizəsi əsasında toplanmış təhqiqat materialı üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surəti onlara göndərilmiş, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüququ izah olunmuşdur. İş materiallarında olan Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı Fariz İbrahimovun materialın aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Sahil qəsəbəsi, 5-ci massiv, fərdi evdə yaşayan X8 ərizə ilə müraciət edərək, nəvəsi xx.xx.2018-ci il təvəllüdlü Hüseynə atası İddiaçı tərəfindən bıçaqla xəsarət yetirilməsini qeyd edərək Rəşadın cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş, toplanmış HK-1/563 nömrəli materialın aidiyyəti üzrə Qaradağ RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, keçmiş həyat yoldaşı Cavabdeh ilə xəyanətə görə boşanmışdır. Firuzə və ailəsi xx.xx.2022-ci il tarixdən davamlı olaraq indiyədək polisə və prokurorluğa müraciət edərək onu müxtəlif böhtanlarla şərləyir, tutduracaqları, başını kəsəcəkləri, onu və ailə üzvlərini öldürəcəkləri ilə hədələyirlər. Uşaqla görüş zamanı uşağın gözü qarşısında onu təhqir edir, vurur, söyüş söyərək provokasiyaya çəkməyə çalışırlar. Belə adamla bir yerdə yaşaması mümkün deyildir. İş materiallarına əlavə edilmiş diskin tədqiqi zamanı müəyyən edilmişdir ki, diskdə olan videoyazılarda iddiaçı ilə cavabdehin atası arasında azyaşlı uşağın yanında münaqişə yaranmış, təhqiramiz və təhdidedici ifadələr işlədilmişdir. İş materaillarına həmçinin fotoşəkillər əlavə edilmiş, məhkəmə baxışı zamanı tədqiq edilmişdir. Beləliklə, mülki iş üzrə sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, 60 saylı mənzil xx.xx.2015-ci ildən iddiaçının mülkiyyətindədir. Tərəflər arasında nikah xx.xx.2017-ci il tarixdə bağlanmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 15 fevral 2024-cü il tarixində qeydiyyat aparılmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixdən mübahisəli mənzildə yaşamadığı və həmin tarixdən eyni qəsəbədə yerləşən, öz atasına məxsus fərdi yaşayış evində yaşadığı tərəflər arasında mübahisə doğurmur. Məhkəmə, mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 29.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə, yuxarıda sadalanan hüquq normalarının tələblərini rəhbər tutaraq, tərəflərin dəlillərinə mülki iş üzrə sübutlara əsasən hüquqi qiymət verərək qeyd edir ki, yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə xitam verildiyindən, cavabdehin keçmiş ailə üzvü kimi həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmamalıdır. Cavabdeh tərəfin hazırda yaşayış hüququnu təmin edə bilməməsi barədə dəlilləri isə mülki iş üzrə sübutlarla və tərəflər arasında mübahisə doğurmayan faktlarla (o cümlədən, cavabdehin xx.xx.2022-ci il tarixdən atasına məxsus fərdi yaşayış evində yaşaması, cavabdeh tərəfin izahatına əsasən birgə nikah dövründə də maddi təminatının öz valideynləri tərəfindən qarşılanması, şahidlərin ifadələri, 119 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surəti, fotoşəkillər, cavabdehin xəstəliyinə görə iddiaçının məsuliyyət daşımaması barədə qüvvədə olan məhkəmə aktları ilə) təkzib olunur. Məhkəmə, həmçinin qeyd edir ki, mənzilə köçürülmə barədə qətnamə həmin işə baxılarkən tərəflərin nikahına xitam verilməməsinə əsaslanmış, qətnamədə tərəflər arasında ailə münasibətlərinə xitam verildikdən sonra Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yeni əsasla məhkəməyə müraciət edilə biləcəyi izah edilmişdir. Bundan əlavə, məhkəmə iclasında tədqiq olunan digər sübutlara (o cümlədən, cinayət işinin başlanmasının rədd edilməsi, materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərarlara, tərəflərin ərazi üzrə polis bölməsində “münaqişəli ailə” kimi qeydə alınmasına dair məktuba, tədqiq edilən videoyazı materiallarına) əsasən, məhkəmə müəyyən edir ki, tərəflər arasında mövcud münaqişəli vəziyyət və münasibətlərin gərginliyi, cavabdehin mübahisəli yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasını, müvafiq hüquq normasının məqsədləri və tərəflərin təhlükəsiz yaşamaq hüquqları baxımından mümkünsüz edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması barədə məhkəmənin gəldiyi nəticə qanuni və ədalətlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2015-ci il tarixli Qərardadında qeyd olunur ki, məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasını müəyyən edərkən işin faktiki halları araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş hallarının araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq diqər halları nəzərə almalıdır. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar). Eyni zamanda, cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 5 saylı evin 60 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-2014/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2014/2024
29.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver