Məhkəmə qərarları › İş №e-2(002)-211/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-211/2024

16.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-211/2024 16.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, Cavabdeh vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M. Seyidov küçəsi 5 saylı evin 87 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən 5 nömrəli evin 87 saylı mənzili tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh həmin ünvanda pasport qeydiyyatında olsa da, iki ildən artıqdır ki, həmin ünvanda yaşamır. Onun mənzildə qeydiyyatı formal xarakter daşıyır, onun mənzillə bütün bağlılığı itirilib. Cavabdehin mənzildə pasport qeydiyyatında qalması iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, iddiaçı cavabdehin razılığı olmadan mənzil üzərində hüquqlarını tam həyata keçirə bilmir, mənzillə bağlı sərəncam vermək hüquqları məhdudlaşır. Cavabdeh daimi olaraq mənzili tərk edib gedib, onun mənzilə geri dönmək fikri yoxdur, bunun üçün hər hansı cəhdlər etməyib və mənzillə olan bağlılığını tam itirib. Şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq, başqa yerdə yaşaması, lakin iddiaçıya məxsus olan mənzildə pasport qeydiyyatında olması onun dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Cavabdeh mənzildə formal olaraq qeydiyyatda qaldığından, iddiaçı onun əvəzinə kommunal xidmətlərə görə xərc çəkir, eyni zamanda bu vəziyyət mülkiyyətçi kimi iddiaçının hüquqlarının müstəqil surətdə həyata keçirilməsini məhdudlaşdırır. Bundan əlavə, cavabdehin daşınmaz əmlakın dövlət reyestrindən hər hansı hüququ qeydə alınmayıb, həmin mənzildə iddiaçı ilə birlikdə yaşamır, buna görə də onun hüquqi vəziyyəti Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyil. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək, məhkəmə baxışının onun və iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş edərək, əlavə etmişdir ki, bütün sübutlar təqdim edilmiş, cavabdeh iki ildən çoxdur ki, mübahisə predmeti olan mənzildə yaşamır,mənzillə ilə bütün bağlılığını itirmiş və hazırda kirayədə yaşamaqla, müvafiq mənzilə köçməsi üçün hər hansı bir cəhdlər etməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahatında qeyd etmişdir ki, ev iddiaçının adınadır, cavabdeh iddiaçının həyat yoldaşının dayısıdır. Cavabdeh iddiaçının yaxın qohumu deyil.Cavabdeh hazırki evdə formal qeydiyyatdadır və başqa ünvanda kirayədə yaşayır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh vəkili Nümayəndə məhkəmə iclasında izahatında qeyd edir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-227/2019 saylı 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh müvafiq mənzilə köçürülmüşdür..Həmin vaxt aralarında belə razılaşırlar ki, həmin evin otaqlarından birini cavabehə ayırsınlar və xəstə olduğundan ona xidmət göstərsinlər. Sonradan bir müddət pulu aldıqları üçün cavabehi həmin evdə saxlayıblar. Daha sonralar isə cavabdehə ayrı yerdən kirayə tutublar, 2-3 ay cavabdehin kirayə haqqını iddiaçıgil ödəmiş olsa da, sonradan imtina ediblər. Beləliklə, cavabdeh xəstədir, onun müvafiq ünvanda qeydiyyatda qalması iddiaçı üçün heç bir problem yaratmır və bu səbəbdən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki, iddianı qəbul etmir, rədd edilməsini xahiş edir, onu həmin evdən məcburi çıxardıblar. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahidlər X6, X2 və X1 ifadələrində qeyd etmişdirlər ki, onlar iddiaçının qonşularıdırlar, Cavabdeh əvvəllər müvafiq ünvanda yaşayıb, lakin son 2-3 ildir ki, onu həmin ünvanda görməyiblər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş və lazımı qaydada təsdiq edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrinın çıxarışından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən 5 nömrəli evin 87 saylı mənzil İddiaçı adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmaqla mülkiyyətindədir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən 5 nömrəli evin 87 saylı mənzil ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Qaradağ Rayonun Mənzil-Kommunal Təsərrüfat Birliyinin 119 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli 1189 saylı arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən 5 nömrəli evin 87 saylı mənzil ünvanında qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş qonşuları X6, X4 və X8 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən 5 nömrəli evin 87 saylı mənzil ünvanında iki ildən çoxdur ki, yaşamır. İş materiallarına əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 2(002)-227/2019 saylı 24 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki,iddiaçı Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, 87 saylı mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 2(002)-227/2019 saylı 24 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 119 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 332 saylı arayışa əsasən, Cavabdeh ünvan 2 ünvanında xx.xx.2016-cı il tarixdən daimi qeydiyyatdadır. Tətbiq edilən hüquq normaları: Göründüyü kimi, tərəflər arasında mövcud mübahisənin predmeti qismində yaşayış sahəsindən istifadə hüququ ilə bağlı hüquq münasibətləri təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2011-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə mübahisə ilə bağlı ilk növbədə onu qeyd edir ki, şəxsin başqasının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsinin qanunvericilikdə iki halı nəzərdə tutulmuşdur: 1) Şəxsin, mənzilin mülkiyyətçisinin ailə üzvü olması; 2) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüquqları olan digər şəxs kimi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində isə qanunvericilik ailə üzvlərinin dairəsini müəyyən etmiş və bura - əri, arvadı, valideynləri, uşaqları aid etmişdir. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin- müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehin ona məxsus mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.Öz iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh uzun müddətdir ki, müvafiq ünvanda yaşamır və həmin şəxs onun ailə üzvi deyil, qanunvericiliklə cavabdehin ona məxsus mənzildən istifadə etmək hüququ onun mülkiyyət hüquqlarını pozur. Cavabdeh isə onun həmin mənzilə köçürülməsini nəzərdə tutan Qaradağ Rayon Məhkəməsinin 2(002)-227/2019 saylı 24 yanvar 2019-cu il tarixli qətnaməsinə istinad edərək iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı ilk əvvəl qeyd edir ki, tərəflərin məhkəmə iclaslarındakı izahatlarından və iş materiallarından göründüyü kimi, cavabdeh müvafiq ünvanda xx.xx.2016-cı il tarixdən daimi qeydiyyatdadır. Cavabdehin mübahisə predmeti olan mənzillə bağlı münasibətləri 2000-ci il sentyabrın 1-dən sonra yarandığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddəsinin normaları əsasında həll edilməlidir. Həmçinin,məhkəmə mübahisə ilə bağlı onu da qeyd edir ki, şəxsin başqasının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsinin qanunvericilikdə iki halı nəzərdə tutulmuşdur: 1) Şəxsin, mənzilin mülkiyyətçisinin ailə üzvü olması; 2) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüquqları olan digər şəxs kimi. Belə ki, yuxarıda sadalalanan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, hazırki mülki işdə cavabdeh iddiaçının yaxın ailə üzvü,yəni cavabdeh ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər dairəsinə aid deyil, həmçinin tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən hər hansı bir razılaşma olmamışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarını, mübahisəli evin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmasını, hal-hazırda cavabdehin uzun müddət həmin ünvanda yaşamadığını, həmçinin tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən hər hansı bir razılaşma olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya məxsus evdən istifadə hüquqlarının itirilmiş hesab edilməlidir. Həmçinin məhkəmə əlavə edir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)- 227/2019 saylı 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin müvafiq ünvana yalnız köçürülməsi nəzərdə tutulmuşdur, hansı ki, həmin vaxtı iddiaçı özü iddianın təmin edilməsinə, yəni cavabdehin onun mənzilinə köçürülməsinə razı olmuşdu, yəni iddianı etiraf etmişdir. Lakin həmin qətnamə ilə cavabdehin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M. Seyidov küçəsi 5 saylı evin 87 saylı mənzilindən istifadə hüquqları tanınmamışdır. Yəni hazırda cavabdehin uzun müddət başqa ünvanda yaşamadığından (cavabdeh özü dəbu halı məhkəmə iclasında etiraf etmişdir), eyni zamanda mübahisə predmeti olan mənzilə köçürülməsinə hər hansı cəhdlərin etdiyini və yaxud onun iddiaçı tərəfindən məcburi olaraq həmin evdən çıxarıldığını sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, hazırda cavabdehin iddia tələbinə olan etirazı əsasızdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M. Seyidov küçəsi 5 saylı evin 87 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Nəticə hissəsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M. Seyidov küçəsi 5 saylı evin 87 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar